Bakı-Sumqayıt yolu təmirə dayansa, nəqliyyatı nə gözləyir? – Ekspert alternativləri açıqlayır

362

Bakı-Sumqayıt yolunda nəqliyyat vasitələrinin yaratdığı sıxlığı aradan qadırmaq üçün ən kiçik tədbirlərin görülməsi belə hərəkəti tamam iflic edə bilər. 2014-cü ildən yarımçıq qalan Bakı dairəvi yol layihəsi üzərindən tikintilərin davam etdirilməsi bu gün üçün daha real alternativdir.

Bunu Oxu.Az-a nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Onun sözərinə görə, bu istiqamətdə mümkün ola biləcək iki alerativ variant mövcuddur:

“Bu gün Bakı-Sumqayıt istiqamətində görüləcək ən kiçik tədbir belə yolu iflic edə bilər. Paytaxtın Abşeron yarımadasında yerləşməsi və qərb hissəsinin dağlıq relyef olması alternativ yolların çəkilməsi imkanlarını məhdudlaşdırıb.

Hava limanı-Mərdəkan-Bilgəh-Kürdəxanı yolunun tamamlanmamış 14.5 km-lik hissəsində tikintilərə davam etmək olar. Təklif edərdim ki, 2014-cü ildə yarımçıq qalan Bakı dairəvi yolu layihəsi üzrə Kürdəxanı qəsəbəsinə qədər uzanan yolun tikinti işləri bərpa etdirilsin.

Kürdəxanı-Fatmayı-Novxanı-“M1” magistralı şəhərə gələn nəqliyyat axınının bir hissəsini şimal istiqamətindən şərq tərəfə yönləndirə bilər. Amma təəssüf ki, maliyyə çatışmazlığı ucbatından lahiyə yarımçıq qalıb.

Layihəyə görə, yol Novxanı, Saray yolunun aşağı istiqamətindən uzanaraq “M1” magistral yoluna (Bakı-Sumqayıt) və oradan da Ceyranbatan gölünün cənub hissəsini keçərək “M4” magistralına (Şamaxıya gedən yol) birləşməli idi. Bu isə həm Şamaxıdan, həm də Sumqayıtdan gələn avtomobillərin “20 Yanvar” dairəsinə girmədən birbaşa hava limanına çıxması üçün alternativ yol ola bilər.

Digər tərəfdən, bu yol Sumqayıtdan və Şamaxıdan nəqliyyat axınına paralel olaraq şəhərə fərqli istiqamətdə giriş imkanı yaradır. Bu yolun bərpa olunması həm də o deməkdir ki, magistralın keçdiyi ərazilərdə Binəqədi şosesi, Binəqədi-Balaxanı yolu, Yeni ümumşəhər və Sabunçu qovşağı həmin yol ilə əlaqələndirilir. Yəni bu, alternativ xətt olaraq çox münasib variantdır.

İkinci variant isə Bakıda Böyük Şorun üzərindən salınan yeni ümumşəhər yolu ilə “Dərnəgül” metrostansiyası istiqamətində olan yolun əlaqələndirilməsidir. Təklif edirəm ki, “Dərnəgül” metrostansiyası ilə Böyük Şor yolunu əlaqələndirən dəmiryolu üzərindən körpü salınsın. Bu körpü vasitəsilə nəqliyyat vasitələri həm Baksol yolu ilə Binəqədi şosesinə, həm də Dərnəgül şosesi ilə yeni ümumşəhər yoluna çıxış əldə etmiş olacaq”.

R.Ağamirzəyev ictimai nəqliyyatla bağlı yeni layihələrə ehtiyac olduğunu deyib:

“Qeyd edim ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarının istifadəyə verilməsi sakinlərin gediş-gəlişini bir qədər də olsa, asanlaşdırıb. Lakin onların intervalı bir qədər azaldılmalıdır. Bundan əlavə, Sumqayıt şəhər sakinlərinin Dəmiryol vağzalına daha rahat gəlməsi üçün avtobusların sayı artırılmalıdır.

ADY rəhbərliyi öz çıxışında qarşıdakı illərdə elektrik qatarlarının sürətinin artırılacağını vurğulayıb. Ümumiyyətlə, Sumqayıt yolunun tıxacdan qurtulması üçün bir variant kimi mövcud dəmiryolu şəbəkəsindən istifadə edərək, yeni istiqamətlərdə dəmiryol xətlərinin inşası sıxlığın aradan qaldırlmasına təkan verə bilər.

Abşeron Gənclər Şəhərciyi-Masazır-Binəqədi-Dərnəgül-28 May marşrutu üzrə elektrik qatarı buraxmaqla, sıxlığa ciddi təsir etmək və hərəkəti asanlaşdırmaq olar.

Onu da qeyd edim ki, dünyanın ən çox tıxac problemi yaşayan 20 ölkəsi arasında Azərbaycanın adı yoxdur. Bu, o deməkdir ki, ölkədə nəqliyyat vasitələri o qədər də çox deyil və yaranan sıxlıq problemini həll etmək mümkündür. Bizdə, sadəcə, ya sürücü mədəniyyəti kifayət qədər deyil, ya da süni maneələr nəqliyyatın hərəkətini pozur.

Yaxşı olar ki, digər ölkələrdəki kimi, şəhərin girişində parkinq yerləri yaradılsın. Şəhərə çoxsaylı şəxsi avtomobillərin girişinin qismən məhdudlaşdırılması süni sıxlığın qarşısını almağa kömək edə bilər. Paralel olaraq ictimai nəqliyyat o qədər yüksək səviyyədə fəaliyyət göstərməlidir ki, insanlar şəxsi avtomillərdən qismən imtina etsinlər.

Bakı yarımadada yerləşdiyi üçün onu digər dünya şəhərləri və onların yol infrastrukturu ilə müqayisə etmək doğru olmaz. Bizdə dairəvi yollar yoxdur, küçə-yol şəbəkəsi məhduddur. Yeni yol salınması da uzun məsələdir. Bizdə şəhərin şimalı ilə cənubunu birləşdirən yalnız bir prospekt mövcuddur. O da Azadlıq prospektidir ki, Binəqədi şosesindən müəyyən yerə qədər ikitərəfli, yarıdan sonra isə birtərəfli olaraq bulvar ərazisinə qədər uzanır.

Bu cür ikinci yolun olmaması, paytaxt küçələrində sürücülərin rahat hərəkətinin məhdudlaşmasına səbəb olur. Yeni küçə-yol şəbəkələrinin salınması və bir-biri ilə əlaəqləndirilməsi nəqliyyat vasitələrinin sıxlıq yaratmadan sərbəst hərəkətinin tənzimlənməsinə faydalı ola bilər”.

Xatırladaq ki, ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Sumqayıt yolunda tez-tez baş verən tıxaclarla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova tapşırıq verib.

Prezident İlham Əliyev sərnişinlərin bir hissəsinin elektrik qatarlarından istifadə etməsini də nəzərə alaraq, vətəndaşların mənzil başına daha rahat şəkildə çatması üçün Bakı-Sumqayıt yolunda qeydə alınan tıxacları aradan qaldırmaq məqsədilə yolu genişləndirmək üçün texniki imkanları dəyərləndirib, layihə hazırlanmasını tapşırıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər