Bakıda 5-6 min manat ödəyib gecəni çöldə qalırlar - 165 min gənci birləşdirən "ƏYLƏNCƏ"

2110

Bu dəfə də uzun illərdir müzakirə edilməsinə baxmayaraq, hələ də həllini tapmamış problemlərdən birinə toxunduq. Azərbaycanda təhsilin inkişafına diqqət ilbəil artırılsa da, bu bəzi problemlərin həlli üçün kifayət olmayıb.

İndi ölkədə yataqxanası olan çox az sayda universitetlər var ki, onların da bütün tələbələri qalacaq yerlə təmin etməsi qeyri-mümkündür. Nəzərə alaq ki, indi bizdə yataqxana dedikdə, Danimarka, Fransa, Türkiyə kimi ölkələrdəkindən fərqli olaraq, köhnə, boz, tozlu binadan, suvaqları uçmuş, boyaları solmuş, sınıq-sökük mebəllərin olduğu otaqlardan söz açmış oluruq.

Təbii ki, belə şəraitdə idman, istirahət zalları, kitabxana, mətbəx və geniş hamam otağından, daimi isti sudan danışmağa belə dəyməz. Bütün bunlar həm öz tələbələrimizdə, həm də xaricdən Azərbaycan universitetlərində təhsil almaq üçün müraciət edən əcnəbilərdə tərəddüd yaradır. Çıxış yolu olaraq tələbələr universitetlərə yaxın ərazilərdəki binalara üz tutaraq, kirayə ev axtarırlar. Kirayə evlərin qiyməti isə hər kəsə bəlli olduğundan, yerli və əcnəbi tələbələr çarəsiz vəziyyətdə qalırlar. Tələbələr bilmirlər ki, yüksək təhsil haqqını ödəsinlər, yoxsa kirayə pulunu…

Bir müddət əvvəl universitetlərin şəhərin mərkəzindən kənara köçürüləcəyi və tələbələr üçün yataqxanaların tikiləcəyi ilə bağlı məlumatlar yayılsa da, heç bir nəticə olmadı. Azərbaycandan fərqli olaraq isə digər ölkələrdə universitetlərin mövcud tələbə sayına görə yataqxanaları var. Onlar üçün burada bütün zəruri şərait yaradılıb. Bəs görəsən Azərbaycanda tələbələrin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün yataqxanaların tikintisinə nə zaman başlanılacaq? Yataqxanaların olmaması ölkəyə əcnəbi tələbələrin gəlişinə necə təsir göstərir?

Publika.az bu suallara cavab tapmağa çalışıb.

Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı isə düşünür ki, yataqxana bir universitetin prestiji üçün olduqca ciddi faktordur:

“Təəssüflər olsun ki, bu gün bəzi universitetlər öz imiclərini qoruyub saxlamaq istəmirlər. İstəsələr bu istiqamətdə ciddi tədbirlər görə bilərlər. Bu baxımdan təhsil keyfiyyəti ilə yanaşı, tələbələrin həyat şəraitini yaxşılaşdırmaq da önəmlidir. Tələbənin yerləşdirilməsi üçün zəruri ola biləcək platformada lazımı avadanlıqlarla təchiz edilmiş heç olmasa, 1000 nəfərlik bina tikilsə, yaxşı olardı. Nəzərə alsaq ki, ölkədə kirayə bazarında qiymətlər yüksəkdir. Bu yerli və əcnəbi tələbələr üçün çətinlik yaradır. Sovet dövründə bütün universitetlərə yataqxana binaları verilirdi. Mən özüm tələbə vaxtı BDU-nun tələbə yataqxanasında qalmışam. Amma çox səs-küylü olduğu üçün uzun müddət yaşaya bilməyib ayrılmışdım. Bu məsələnin 2 həll yolu olduğunu düşünürəm. Birincisi odur ki, universitetlər ya yataqxana binası inşa etsinlər. Əgər buna vəsait ayıra bilmirlərsə, hər hansı tikinti şirkətlərindən biri ilə müqavilə imzalayıb yataqxana platformasında binanın tikilməsi üçün müraciət edə bilərlər. İş adamları bu istiqamətdə bina tikib, öz şərtlərini elan edə bilərlər. Universitet rəhbərliyi isə bu şərtlər əsasında həmin binaları müqaviləli şəkildə tələbələri üçün yaşayış yerinə çevirməlidirlər. Söhbət 4 divardan getmir. İnsan öz evində rahat yaşaması üçün hansı zəruri işləri görürsə, burada da tələbələr üçün ən azı o cür şərait yaradılmalıdır ki, onlar rahat şəkildə öz təhsillərinə zaman ayıra bilsinlər. Düşünürəm ki, bu gün universitetlərin bu istiqamətdə marağı yoxdur. Olanlar isə təşəbbüs göstərsələr də, sonuna qədər məsələni həll etməyə çalışmadıqları üçün nəticə əldə edə bilməyiblər”.

Milli Məclisin üzvü Fazil Mustafa bildirdi ki, tələbələrin yataqxana probleminin həlli üçün ciddi təşəbbüslər olmadığı müddətcə heç bir müsbət nəticə əldə olunmayacaq:

“Bu problemin həll olunması üçün birmənalı şəkildə ölkədə bir qrup iş adamlarına zəruri şərait yaradılmalıdır. Tikilən hündürmərtəbəli binaların bir neçəsinin yataqxana profilli olması üçün universitetlərlə razılıq əldə olunmalıdır. Müəyyən vəsait hesabına tikilən binanın təxminən 3 mərtəbəsi tələbə yataqxanası kimi nəzərdə tutulsa, digər mərtəbələr isə normal qaydalara uyğun tikilib sakinlərin istifadəsinə verilə bilər. Belə olan halda həm iş adamı tikdiyi binada mənzilləri satışa çıxarmaqla qoyduğu sərmayəsini çıxaracaq, həm də universitetlərlə müqavilə əsasında tələbələrin təhsil haqlarından toplanan vəsaitin müəyyən miqdarı müqabilində problemi aradan qaldıra biləcək. Bilirsiz bu gün Gəncədə Aqrar Universitetin modern yataqxana kompleksi var, amma Bakıda bir çox universitetin heç belə yataqxana kompleksi yoxdur. Biz bu gün insan kapitalından danışırıq, lakin tələbələrin təhsil haqlarını deyil, təqaüdünü azaldırıq. Onların yataqxana problemini həll etməyə isə ümumiyyətlə çalışmırıq. Təəssüflə qeyd etməliyəm ki, bu sahədə biz həddindən artıq gecikmişik. Dünyada, ölkəmizdə təhsilin çatdığı səviyyəyə baxdıqda, bizim yataqxana problemini hələ indi-indi düşünməyə başlamağımız məyusedici haldır. Bundan sonra tikilməyə başlasa belə ciddi nəticə əldə ediləcəyi şübhə doğurur”.

Millət vəkili bu prosesin yerli və əcnəbi tələbələrə ciddi ziyan vurduğunu da diqqətə çatdırdı:

“Bu gün universitetlərin də bazası o qədər güclü deyil ki, özlərinə kampuslar qursunlar. Universitetlər elmi işlərdən, patentlərdən pul qazanmaq yerinə, tələbədən qazanc əldə etməyə üstünlük verirlər. Elmi kəşflər, patentlər minimum səviyyədədir. Təhsil üzərindən bu qazanc ideologiyası götürülməlidir. Tələbələrin maddi durumu da ürəkaçan deyil. Paytaxtda kirayə evlərin qiyməti onların büdcəsinə uyğun gəlmir. Bu isə onların sosial problemlərini həll etməyə böyük maneə yaradır. Tələbə bilmir təhsil alsın, yoxsa təhsildən imtina etsin. Əcnəbi tələbələr universitetlərin yataqxana probleminə görə, ölkəmizdə təhsil almaqdan imtina edirlər. Yerli tələbələr isə universitetlərin yüksək qiymətlərindən, kirayə xərclərindən qorxaraq, ali təhsildən imtina edirlər.

Bu təbii ki, ölkədə təhsil səviyyəsinə, cəmiyyətin inkişafına da ciddi zərbədir. Ölkədə ərazi var, lakin səmərəli şəkildə istifadə etmək istəyən yoxdur. Onu da qeyd edim ki, bizim vətəndaşlar universitetlərə diplom verən zavod kimi baxır. Universitetlər təhsil sahəsi deyil, biznes sahəsinə çevrilmək üzrədir. Bu zehniyyəti ortadan qaldırmaq lazımdır ki,universitet dəyərə minsin. Bakı Dövlət Universitetinin) ən böyük avantajlarından biri yataqxana məsələsi idi. Tələbələrin əksəriyyəti yataqxanası olduğu üçün buranı seçirdi. Amma bu gün həmin imkanlar məhduddur. Mən hər zaman demişəm, tələbələrin təhsil və yataqxana problemləri təcili həll olunması gərəkən məsələlər içərisindədir. Xüsusilə Azərbaycan Tibb Universiteti acınacaqlı vəziyyətdədir. Burada normal tələbə yetişdirəcək potensial artıq qalmayıb. Tələbələrin Türkiyədə 1-2 il rezidentura keçməsi vacib şərtlərdən birinə çevrilib”.

Çox uzağa getmədən qardaş ölkə Türkiyədə tələbə yataqxanalarının, kampusların vəziyyəti ilə maraqlandıq. Məslən, Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk tələbə kampusunun sahəsi 90 min kvadrat metrdir. Tələbələrin ixtiyarına verilən kampusda onların şəraitini rahatlaşdırmaq məqsədilə inzibati bina, xüsusi xidmət, kafe, idman zalı, kitabxana, yataqxana, camaşırxana, istirahət otaqları və s. mövcuddur.

Burada təhlükəsizlik məqsədilə xüsusi kart sistemi tətbiq edilir ki, əraziyə kənar şəxslər daxil ola bilməsin. Binada tək və üç nəfərlik otaqların hər birində tualet, hamam, kiçik soyuducu, yazı stolu və qarderob var. Tələbələr üçün yataqxana 5 blokdan ibarətdir. Hər blokda isə 711 tələbənin məskunlaşması üçün şərait yaradılıb. 1000 nəfərlik yeməkxana, 600 nəfərlik konfrans salonu, 270 nəfərlik idman zalı da tələbələrin istifadəsindədir.

Bundan başqa, bənzər və daha yaxşı tələbə yataqxanalarının olduğu ölkələrdən biri də Danimarka (Kopenhagen) və Fransanın Savanna İncəsənət və Dizayn Kolleci (SCAD) hesab olunur. Bu yataqxanalarda tələbələr minimum ödəniş hesabına maksimum şəraitlə təmin olunurlar.

Türkiyədən Azərbaycana oxumaq üçün gələn tələbələr də mövcud vəziyyətdən şikayət edirlər. 2012-2017-ci tədris illərində Azərbaycanın Memarlıq və İnşaat Universitetində Mühəndislik ixtisası üzrə təhsil alan tələbələrdən biri deyir ki, universitetdə sənədləri təsdiqlədikdək sonra 3 gün qalmağa ev tapa bilməyib:

“Biz 4 nəfər gəlmişdik. Daha əvvəl Azərbaycanda olmamışdıq. Sənədlərimizi təsdiq etdikdən sonra universitetin yataqxanası olmadığı üçün 3 gün çöldə qaldıq. Əslində məsələ maddi tərəfdə deyildi. Ev sahibləri bizim əcnəbi olduğumuzu deyərək güvənmədiklərini və evlərini bizə kirayə vermək istəmədiklərini dedilər. Kirayə ev verənlər isə azərbaycanlı tələbələrlə müqayisədə bizə eyni şəraitdə olan evləri 2 qat baha qiymətə verirdilər. Məsələn siz 300 manata ev tapa bilərsiz, amma biz 500 manatdan aşağı 2 otaqlı ev tapa bilmirdik. Üstəlik evi itirməmək üçün yay aylarının ödənişini alırdılar və endirim etmirdilər. Evdən hər il çıxdıqdan sonra yeni ev axtaran zaman da eyni problemləri yaşayırdıq. Təhsil sistemi mükəmməl olmasa da, pis də deyildi. Türkiyədən fərqli olaraq tələbələrə yataqxana verilməməsi bizə maddi problemlər yaşadırdı. Üstəlik Azərbaycanda əcnəbi tələbələrin işləməsinə də icazə olmadığı üçün aylıq xərclərimiz çox olurdu. Bu səbəbdən ikinci dəfə burada təhsil almaq istəmərəm. Türkiyədə ən azından tələbə yataqxanaları var. Ödənişli olsa da, bu qədər baha deyil”.

Təhsil üzrə ekspert Etibar Əliyev isə bildirdi ki, biz yataqxanaların modernləşməsi prosesinə hələ 90-cı illərdən başlamalıydıq:

“Biz bu məsələdə olduqca gec qalmışıq. Lakin buna baxmayaraq, bu gün universitet və kolleclər bu problemi həll etmək üçün kifayət qədər büdcə formalaşdıra bilər. Bu problem heç vaxt gündəmdən düşmür. Bu universitetin xarakteristikasına daxil olan başlıca amildir. Universitetlərin hər biri Bakıda yerləşdiyi üçün burada kampusların qurulmasından danışmaq real deyil. Çünki, bu mümkün olmaz. Ancaq tələbələrin sosiallaşması, həyat səviyyəsinin yaxşılaşdırılması üçün tələbə yataqxanalarının bərpa edilməsi vacibdir. Eyni zamanda, bu iş sistemləşdirilməlidir. Təhsilin ilk illərində yataqxanada qalan tələbələr bir neçə ildən sonra özlərindən sonra gələn tələbələrə şərait yaratmaq məqsədilə müəyyən addımlar da atmalıdırlar. Bu istiqamətdə qurumlar layihələr gerçəkləşdirməlidir. Sovet dövründə ölkəyə gələn xarici tələbələrlə indiki tələbələrin sayı bir deyil. Universitetdə əcnəbi tələbənin ilk sualı yataqxananın olub-olmamasıdır. Haqlı olaraq yerli və əcnəbi tələbələr yataqxanaların olmamasından əziyyət çəkdiklərini deyirlər. Mən onlarla razıyam. Kirayə ödədikləri 300-500 manatı onlar daha səmərəli işlərə, təhsil səviyyələrinin inkişafına, müxtəlif kurslara, dərnəklərə, seminarlara xərcləyə, kitablar ala bilərlər”.

E.Əliyev bildirdi ki, bütün dünyada tələbələr yalnız bir kampus içərisində oxuyur, yaşayır, istirahət edirlər:

“Bu isə onların təhsil səviyyəsinə böyük töhfədir. Bu gün universitetlərin 80-85 faizi ödənişlidir. Ödənişləri də xatırlatmağıma gərək yoxdur, çünki bu vəsaitlərin bir qisminə normal şəraitli yataqxanalar tikmək olardı. Bir tərəfdən də tikinti şirkətlərinin humanist addımlar atmasını da gözləmək olar. Dünya ölkələrində bu cür təcrübələr var. Yataqxana platformasında bina tikilir və hər hansı bir universitetin istifadəsinə verilir. Bu çox gözəl təşəbbüsdür. Onsuz da paytaxtda çoxsaylı binalar var ki, bu gün orada mənzillərin çoxu hələ də satılmayıb. Düşünüəm ki, bu cür çağırışlara da ehtiyac var”.

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, Azərbaycanda mövcud olan 54 universitetdə təhsil alan 165 min tələbə universitetlərin yataqxanasının olmamasından maddi və mənəvi əziyyət çəkir:

“İlk növbədə universitetlərin təhsil səviyyəsi gəlsə də, hər bir ali təhsil müəssisəi qəbul etdiyi tələbə sayına görə, onların mənzillə təmin olunmasını nəzərə almalıdır. Birinci ona görə ki, paytaxtda kirayə bazarı olduqca bahadır və tələbələrin təhlükəsizliyi təmin olunmayıb. Dəfələrlə universitetə qəbul olan tələbələrin kifayət qədər uzaq məsafələrdə qalmasından dolayı yaşanan bədbəxt hadisələrin şahidi olmuşuq. Məsələn, Bakı-Sumqayıt yolunda tələbələri daşıyan avtobusun qəzaya düşməsi, gənclərin dəhşətli şəkildə həlak olması da bu səbəbdən yaşanıb, deyə bilərik. Əgər onlar Sumqayıtdakı universitetin müvafiq yataqxanasında qalsaydılar, bəlkə də bu hadisə yaşanmazdı. Bundan başqa, universitetlərin bu gün özlərini təmin etmələri tələbələrdən asılıdır. Bütün ali təhsil müəsisələri tələbələrə canlı pul kimi baxır və illik 3-5 min təhsil haqqı ödəyən tələbələrin ayda 300-500 manat da kirayə pulu ödəməsinə göz yumurlar. Bundan başqa, kirayədə qalan tələbələrin çoxu ya hansısa ailə ilə birlikdə qalır, ya da çox yararsız şəraitdə yaşayır. Bu isə onların təhsil səviyyəsinə mənfi təsir göstərir. Bu problem təhsil səviyyəsinin aşağı düşməsinə, gənclərin imkansızlıqdan təhsildən imtina etmələrinə, eləcə də əcnəbi tələbələrin Azərbaycan Universitetlərini seçmələrinə əngəl olur”.

Ekspert qeyd etdi ki, universitet bu məsələni həll etmək üçün tikinti şirkətləri ilə də müqavilə bağlaya bilər:

“Bilirsiz, tələbə yataqxanalarının olmaması bir dərd, olanların da yararsız şəraiti ayrı bir dərddir. Türkiyə və Gürcüstanla müqayisədə çox acınacaqlı vəziyyətdəyik. Sovet dövründə universitetlərin kampusları var idi. Ancaq sonradan burada məcburi köçkünlərin yerləşdirilməsi sistemi məhv etdi. Bu gün isə digər ölkələrlə müqayisədə biz bu sistemi bərpa edə bilmirik. Türkiyədə universitet öz tələbəsinə şərait yaratmaq üçün çalışır. 3 min manat təhsil haqqı alırsa, tələbəyə deyir ki, sənin yataqxana xərclərin də bunun içərisində hesablanır. Bu gün Azərbaycan Universitetləri tələbələrə xidmət göstərmək istəmir. Bakıda, Sumqayıtda, Abşeron ərazisində tikintisi davam etdirilən 700-dən çox hündürmərtəbəli binalar var. Əgər universitetlər müəyyən vəsait ayırıb tələbə yataqxanası inşa edə bilmirlərsə, həmin vəsaitdən bir qədər daha az məbləğ hesabına o yaşayış binalarının bir neçə mərtəbəsini alaraq tələbələri burada yerləşdirə bilərlər. Eyni zamanda, universitetlərin paytaxtdan ətraf ərizilərə köçürülməsi problemi də yenidən gündəmə gətirilsə, yaxşı olardı. İllərdir müzakirə edilən məsələyə ciddi çıxış yolu axtarmaq lazımdır. Çünki bu gün yalnız Polis Akademiyasının, ADA-nın, Fövqaladə Hallar Nazirliyinin Akademiyasının tələbə yataqxanası normal səviyyədə fəaliyyət göstərir”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər