“Bank iqtisadiyyatın “şah damarı”dır” – Tahir Mirkişili

218

“İqtisadiyyatda və bank sektorunda həmişə problemli kreditlər məsələsi var və bunun qəbul edilmiş bir həddi mövcuddur. Bu hədd bəzi ölkələrdə 5 faizədəkdir, bəzi ölkələrdə isə 3 faizdir”

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Deputat bildirib ki, Azərbaycanda devalvasiyadan əvvəl problemli kreditlərin ümumi kredit portfelində həcmi, təxminən 5,5-6 faiz həcmində olub. Bu da dünyada qəbul edilən bir normadır. Ümumiyyətlə, belə hesab olunur ki, riskləri nəzərə almaqla, bank sektoru özü bu həddə olan problemli kreditləri sağlamlaşdıra bilir və hətta bu formada riskləri idarə etməyi bacarır:

 “2015-ci ildə Azərbaycanda iki dəfə devalvasiya olub. Bu devalvasiyalardan sonra ölkədə iki mühüm məsələ ortaya çıxıb. Həm xarici valyutada, həm də ümumilikdə manatla götürülən kreditlərin geri qaytarılması ilə bağlı vətəndaşlarda müəyyən çətinlik yaranıb. Ötən dövrdə bu iki istiqamətdə iş aparılıb. Cənab Prezident çıxışlarında hər zaman bank sektoruna ödənilməsində problem olan kreditlərin restrukturizasiyası ilə bağlı çağırışlar edib ki, banklar həm müddətin uzadılması, həm də kredit faizlərinin aşağı salınması ilə bağlı vətəndaşlarla qarşılıqlı razılaşma əldə etsinlər. Bu istiqamətdə bir sıra banklar müəyyən işlər görüb”.

T.Mirkişili xatırladıb ki, dövlət tərəfindən Strateji Yol xəritələri qəbul edilib, sürətli iqtisadi islahatlar həyata keçirilməyə başlayıb: “Yəni devalvasiyanı törədən mənbələrin aradan qaldırılması ilə bağlı çox ciddi işlər görülüb. Azərbaycan hökuməti tamamilə doğru olaraq ilk növbədə bu səbəbləri aradan qaldırmaq üçün tədbirlər görüb və bu, başa çatıb. Artıq 2017-ci ildə Azərbaycan iqtisadiyyatı sabitləşib və 2018-ci ildə ümumi daxili məhsul artım mərhələrinə keçib. 2019-cu ilin ilk 2 ayı göstərdi ki, Azərbaycan iqtisadiyyatı sürətli artım mərhələsinə qədəm qoyub, şəfafflıq, büdcə gəlirləri, vergi sistemində yığılmalar artıb. Bu yığılmalar imkan verdi ki, əvvəllər yaranan çətinliklərin nəticələrinin aradan qaldırılması ilə bağlı addımlar atılsın və ölkə Prezidenti də bununla bağlı Fərman imzaladı.

Ümumilikdə məsələ ilə bağlı parlamentdə də müzakirələr aparılıb, deputatlar tərəfindən bu problemin həlli ilə bağlı dövlətin müəyyən dərəcədə yardım göstərməsi ilə bağlı çağırışlar olub. Amma məhz ölkə Prezidenti tərəfindən verilmiş bu Fərman miqyasına və mexanizmlərinə görə tarixi bir addımdır”.

Deputat əlavə edib ki, 2015-ci ilin fevral devalvasiyasına qədər xarici valyutada kredit götürənlərin strukturuna baxsaq, 10 min dollaradək kredit götürən vətəndaşlar bütövlükdə xarici valyutada kredit götürmüş vətəndaşların 92 faizini təşkil edir: “Bu, o deməkdir ki, kompensasiyanın verilməsi bütövlükdə xarici valyutada kredit götürmüş vətəndaşların 92 faizinə kömək etdi. 17 min manata qədər vaxtı keçmiş kredit borcu olan vətəndaşlar milli valyutada vaxtı keçmiş kredit borcları olan vətəndaşların ümumi sayının 99 faizini təşkil edir. Bu addım bütövlükdə banklarla münasibətdə olan vətəndaşların orta hesabla, təxminən, 95 faizini əhatə edir. Bu, kifayət qədər böyük həcmdir. Dövlət bu addımı atmaqla vətəndaşları bu yükdən azad etdi və bu yükü öz üzərinə götürdü. Artıq vətəndaşlar kreditin ödənilməsi ilə bağlı yeni şərtlərlə müqavilə bağlamalı olacaqlar. Növbəti 5 il ərzində kredit müqavilələri, təxminən ildə 1 faiz şərti ilə bağlanacaq.Ümumilikdə fərman 850 minə yaxın vətəndaşa kömək etməyi nəzərdə tutur.

Digər tərəfdən, bankların sağlamlaşdırılması baxımından dövlətin atdığı addım çox böyük əhəmiyyət kəsb edir. Çünki bank iqtisadiyyatın “şah damarı”dır. Banklarda olan istənilən bir problem sonra bütövlükdə iqtisadiyyata yayılır və bütün sektora təsir edir. Ona görə də bank sektorunun sağlamlaşdırılması bütövlükdə iqtisadiyyat üçün çox vacibdir. Bu addım həm iqtisadiyyatın sağlamlaşdırılması, həm iqtisadiyyatda bank sektorunun effektiv və fəal iştirakının artırılması, həm də vətəndaşın sosial müdafiəsinin qorunması baxımından çox mühümdür”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər