“Beşbarmaq dağı”ndan əldə olunacaq gəlir hara xərclənəcək? – AÇIQLAMA

266

“Beşbarmaq dağı” ölkənin milli tarixi üçün böyük əhəmiyyət kəsb edir. Hər il bu ərazini on minlərlə yerli və xarici turist ziyarət edir. Dövlət Turizm Agentliyinin həyata keçirdiyi sahə tədqiqatları və müşahidələrindən ortaya çıxan nəticələr göstərir ki, ərazi dini-mənəvi destinasiya olmaqla yanaşı, həm də unikal təbiət abidəsi və təbii irs nümunəsi kimi təkrarolunmaz təbii landşafta malikdir.
Bunu Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, “Beşbarmaq dağı” təbiət abidəsinin ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarix və mədəniyyət abidələri (son tunc, ilk dəmir dövrünə aid yaşayış yeri, Azərbaycan xalqı tərəfindən müqəddəs bilinən Xızırzində piri, ilk orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid Karvansaray qalıqları, müdafiə səddi) mövcuddur.

“Azərbaycanın əsas turizm koridorlarından biri hesab edilən şimal xətti üzrə Bakı və ölkənin şimalında yerləşən digər əsas turizm destinasiyaları (Qalaltı, Quba, Qusar, Şahdağ, Xınalıq və s.) arasında yerləşən Beşbarmaq ərazisi turizm axınının əsas ziyarət mərkəzlərindən biridir. Turistlər tərəfindən maraqla qarşılanan potensial turizm nümayiş obyektləri sırasında olduğunu nəzərə alaraq “Beşbarmaq” ətrafında abidə qoruğunun təşkil edilməsi, müasir turizm infrastrukturunun yaradılması zərurəti yaranıb. Bu infrastrukturun yaradılması “Beşbarmaq dağı” və ətraf ərazilərdə yerləşən tarixi-mədəni irs nümunələri haqqında ictimai maarifləndirmənin artmasına və təbii irs kimi onların təbliğinə, qorunmasına şərait yaradacaq”.

K.Quluzadə bildirib ki, yeni qoruq idarəsi və turizm infrastrukturu turist məmnunluğunu artırmaqla yanaşı yerli əhali, xüsusi ilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün yeni iş yerlərinin açılmasına şərait yaradacaq.

“Qeyd olunan yeni qoruq idarəsinin tərkib hissəsi kimi ziyarətçilərə müxtəlif xidmətlər təklif edəcək, iaşə və əyləncə obyektləri fəaliyyət göstərəcək. Bu da öz növbəsində qanunla müəyyən edilmiş qaydada mövcud resurslardan, xüsusi ilə turizm imkanlarından istifadə edərək gəlir əldə etmək potensialı yaradacaq. Əldə olunan gəlirlər mədəni irsin qorunmasına yönəldiləcək.

Burada nəzərdə tutulur:

-“Beşbarmaq dağı”ndan piyada gəzinti yolları ilə turistlərə ətrafda yerləşən palçıq vulkanlarına və nadir landşafta sahib Xızı rayonuna (Altıağaca) doğru piyada gəzintilər və safari turlarının təklif edilməsi;

-Beşbarmaq ərazisi köçəri quşların müşahidəsi adlı turizm fəaliyyəti üçün dünyada çox nadir hallarda rast gəlinən ərazilərdən biridir. Belə ki, hər il milyonlarla köçəri quş bu ərazidən keçməklə cənuba doğru köç edir. Ona görə də Beşbarmaq ərazisində dünyada populyarlıq qazanan “Quş Müşahidəsi” turizminin inkişaf etdiriməsi;

-“Beşbarmaq dağı” və ətrafı ziyarətçilər tərəfindən müqəddəs hesab edilən bir məkandır və yüz minlərlə şəxs bu ərazini ziyarət edir, qurban kəsir və nəzir verir. Bu mənada Türkiyə, İran, Yaxın Şərq və digər müsəlman ölkələrindən Azərbaycana gələn ziyarətçilər üçün ölkədəki dini turizm potensialının inkişaf etdirilməsi;

– Qayaya dırmanma, atçılıq, hipoterapiya və s. turizm məhsullarının inkişaf etdirilməsi”.

K.Quluzadə bildirib ki, əldə olunan gəlirlər həmin turizm nümayiş obyektinin saxlanılmasına və fəaliyyətinin tənzimlənməsinə yönəldiləcək. “İlk öncə dövlət büdcəsindən ayrılan investisiyalar nəticəsində onlar yenidən qurulacaq və istifadəyə veriləcək. Turizmin inkişafı üçün şərait yaradılandan sonra həmin obyektdə turizm məhsulları yaradılacaq, o əsas turizm marşurutlarına salınacaq və turizm sənayesi nümayəndələri ora cəlb ediləcək. Turizmin inkişafı nəticəsində gəlirlər artacaq və bu gəlirlər dolayısı ilə təbii irsimizin qorunmasına sərf ediləcək”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2020-ci il tarixli Sərəncamına əsasən Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib.
Sərəncama əsasən qoruğun idarə edilməsi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə tapşırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər