Beyin Mərkəzlərinin Inkişafı Necə Olmalıdır? – İsmayıl Kərimov

629

Azərbaycanda beyin mərkəzlərinin inkişafı necə olmalıdır? Bu suala vacabı Ankara Hacı Bayram Vəlu Universitetinin doktorantı, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin “İdarəçilik məsələləri üzrə Araşdırmalar” Departamentinin rəhbəri İsmayıl Kərimov cavab verməyə çalışacaq.

İstənilən ölkənin sosial-iqtisadi inkişafı onun strateji hədəflərinin olub olmaması ilə bağlıdır. Strateji hədəfi müəyyənləşdirmək isə mövcud vəziyyətin təhlili, gələcəkdəki imkanlar və təhlükələrin düzgün hesablanmasından asılıdır. Bu mənada proqnozlaşdırma, Tədqiqat və İnkişaf Etdirmə (Research and Development) xərclərinə daha çox bağlıdır. Tədqiqatlar göstərir ki, ölkələrin inkişaf səviyyəsi ilə tədqiqatlara ayrılan xərclər arasında pozitiv bir əlaqə mövcuddur.
Bazar iqtisadiyyatı şəraitində bütün sahələrdə olduğu kimi beyin mərkəzlərinin də inkişafı həmin sahədəki bazarın həcminin genişliyindən və tələbatdan asılıdır. Tədqiqat bazarının həcmi isə ölkədəki rəqabətlilik mühitindən asılıdır. Günümüzdəki rəqabət mühitini şərtləndirən amillər arasında informasiya təhlili, gələcəyi proqnozlaşdırma mühüm yer tutur. Bununla yanaşı ümumilikdə bütün ölkələr üçün beyin mərkəzlərinin inkişafı üçün üç əsas universal şərt vacibdir.
Birincisi problemi inkar etməmək və bunu statistik göstəricilərə düzgün fokuslamaq: Tədqiqat hər zaman hansısa problemin qiymətləndirilməsinə vəya bu problemləri yaradan səbəblərin müəyyənləşdirilməsinə əsaslanır. Problem bütövlükdə inkar edildiyi və ya miqyası təhrif edildiyi zaman tədqiqat üçün heç bir səbəb qalmır.
İfadə azadlığı və alternativ fikirləri ifadə edən alternativ media kanallarının mövcudluğu: Bu şərt ictimai rəyin formalaşmasında da ən vacib şərt olduğu üçün tədqiqat nəticələrinin ictimai müzakirəsi üçün fikir və akademik azadlıq vacib şərtdir.
Peşəkar tədqiqatçı qruplarının formalaşması: Təhsil sisteminin, xüsusi ilə ali təhsilin sadəcə bilik üzərində deyil, bacarıqlar, vərdişlər və yaradıcılıq qabiliyyəti üzərində qurulması vacibdir. Universitetlər sadəcə tədris mərkəzi deyil, eyni zamanda tədqiqatları ilə də ön plana çıxmalı, tədqiqat metodları öyrədilməli, bakalavrdan sonrakı təhsil pillələri tədqiqat bacarıqlarının yüksəlişi üzərində qurulmalıdır.

Ölkəmizdəki beyin mərkəzlərinin inkişaf etməməsinin əsas səbəblərindən biri istər özəl sektor, istərsə də dövlət qurumlarının öz sahələrində tədqiqat işlərinə əhəmiyyət verməməsidir. Bunun əsas səbəblərindən biri rəqabət mühitinin zəif olmasıyla bağlıdır. Eyni zamanda dövlət idarəçiliyində yeni paradiqmaların tətbiq edilməməsi də beyin mərkəzləri sahəsinə tələbatı azaldır və bu baxımdan dövlət idarəçiliyində yeni paradiqmaların gətirilməsi çox vacibdir. Yeni dövlət idarəçiliyi anlayışında qurumların iş prinsipi nəticə yönümlü olup, strateji hədəflərə malik olmalıdır. Strateji hədəflərin hazırlanmasında tədqiqat və inkişaf etdirmə işlərini artıracaq. Baxmayaraq ki, ölkəmizdə dövlət büdcəsindən maliyyələşən iki əsas beyin mərkəzi olsa da bu mərkəzlərin daha effektiv və daha düzgün nəticələr verməsi, nəticələrin siyasi iqtidar maraqları ilə uyğunlaşdırılıb uyğunlaşdırılmaması və rəqabət mühitində işləməsindən çox asılıdır. Bəzi təcrübələr onu göstərir ki, xüsusi ilə daxili tədqiqatlarda (xüsusi xidmət orqanlarının araşdırma mərkəzləri istisna olmaqla) dövlət büdcəsindən birbaşa maliyyələşən beyin mərkəzlərinin tədqiqatları özünü doğrultmur. Xüsusi ilə ictimai rəyin öyrənilməsində respondentlərin bu mərkəzlərin dövlət büdcəsi tərəfindən maliyyələşməsini bildiyi zaman tədqiq edilən mövzuya real münasibət bildirməkdən çəkinmə riskləri artacaq. Bu baxımdan siyasi iqtidardan müstəqil, tərəfsiz, peşəkar və tədqiqatın etika qaydalarına riayət edən, azad rəqabətə söykənən və bazar iqtisadiyyatı şəraitində tədqiqat şirkətlərin qurulması daha etibarlı tədqiqat nəticələri təqdim etməsi baxımından ən yaxşı alternativ yol hesab edilir. Şübhəsiz bütün tədqiqat mərkəzlərinin dayanıqlı fəaliyyəti onun maliyyə vəziyyətinə bağlıdır. Maliyyə dayanıqlılığı isə tədqiqat sahəsində bazarın həcminin artması ilə əlaqəlidir.
Ölkəmizdə belə bir modeldə beyin mərkəzlərinin inkişafı üçün aşağıdaki istiqamətdə işlərin görülməsi çox vacibdir:

1. Statistika standartlarının və əlçatımlılığın inkişaf etdirilməsi: Çox təəssüf ki, ölkəmizdə xüsusi ilə iqtisadi statistikada təsnifatlaşdırmalar və göstəricilər daha düzgün göstərilməli, kategoriyalar daha çox artırılmalıdır. Məsələn iqtisadiyyatda mühüm olan gəlir bərabərsizliyini müəyyən edən GİNİ indeksi təqdim olunmur. Yəni ümumilikdə statistika sahəsində ciddi islahata ehtiyac var.

2. Bütün dövlət qurumlarında strateji planlama hazırlama öhdəliyi məcburi olmalıdır: Strateji planlama tədqiqat ehtiyaclarını artıracaq və belə olan halda qurumlara ayrılan vəsaitlərdən bəlli bir cüzi hissəsi məcburi qaydada tədqiqat xərclərinə yönəlməlidir: Bununla da beyin mərkəzlərinin maliyyə dayanıqlılığı üçün əlavə mənbələr yaranır.

3. Ölkə daxili tədqiqatlar (xüsusi xidmət orqanlarının tədqiqatları istisna olmaqla) üçün dövlət büdcəsi hesabına ayrı bir mərkəz qurulmamalıdır: Dövlət büdcəsi hesabına qurulan beyin mərkəzinin ictimai rəyin öyrənilməsində tərəfsizliyinə respondentlər tərəfindən müəyyən şübhə yaratma ehtimalı daha yüksəkdir. Ona görə də dövlət büdcəsi hesabına qurulan beyin mərkəzinin yerinə özəl təşəbbüslərlə qurulmuş beyin mərkəzləri yaratmaqla rəqabət mühiti formalaşdırmaq lazımdır. Bununla da dövlət və özəl qurumları tədqiqat sifarişlərini və tələbatlarını bu qurumların vasitəsi ilə ödənişli əsaslarla qarşılaya bilər. Bu sistemin əsas üstünlüyü budur ki, hər quruma tədqiqatlar üçün ayrılan vəsait bu qurumların tədqiqat tələbatlarını və prioritetlərini daha məqsədyönlü müəyyənləşdirməsinə imkan yaradacaq və qurumların bu sahədə seçim etmək imkanı geniş olacaq. Şübhhəsiz ki, dövlət qurumlarıyla özəl beyin mərkəzləri arasındakı belə formatdakı əməkdaşlığın tənzimləmələrə ciddi ehtiyacı var. İlkin növbədə bu tənzimləmələr ictimai vəsaitin daha effektiv xərclənməsi üçün tender şərtləri açıq və aydın göstərilməli, tenderdəki müsabiqənin qiymətləndirilməsində əsas meyarlar- beyin mərkəzlərin təcrübəsi, tədqiqatı aparacaq işçi qrupun peşəkarlığı və təcrübəsi, habelə tədqiqat üçün təklif edilən büdcə və bənzəri meyarlar baxımından obyektiv göstəricilərlə ölçülməlidir. Dövlət qurumları və beyin mərkəzləri arasındakı əməkdaşlıqda ən vacib məsələ isə müqavilə bağlanarkən tədqiqatınn etik qaydaları (gizlilik, korporativ maraqların qorunması) və bu qaydaların pozulması ilə bağlı sanksiyalar öz əksini tapmalıdır. Bu cür əməkdaşlığın digər bir əhəmiyyəti bəzi qərarların alınmasında ictimai rəyi və beyin mərkəzlərinin fikirlərini nəzərə alınmasıdır. Son dövrdə taksi xidmətlərinin tənzimlənməsi ilə bağlı cəhdlərdə ictimai rəyin qınağını gördükdə, qərarın qəbulundan öncə ictimai rəy və beyin mərkəzlərinin fikirlərinin öyrənilməsinin vacib olduğunu görə bilərik.

4. Ali təhsil müəssisələrində islahatlar: Ali təhsil müəssisələri publik hüquqi şəxslər statusunda olub muxtariyyət verilməli, sadəcə tədris mərkəzi deyil eyni zamanda tədqiqatlar aparmaq funksiyasını da həyata keçirməli, magistratura və doktorantura təhsilinin konsepsiyasında yanaşmalar dəyişməli, dərslərin tədrisində tədqiqat yükü artırılmalıdır.

“Planet” Hüquq-Analitik İnformasiya E-Daycesti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər