Beynəlxalq forumun iştirakçıları Sumqayıt texnoparkında oldular

2142

Bakıda keçirilən  “Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış” mövzusunda Dünya İqtisadi Forumunun  (Davos Forumu) iştirakçıları aprelin 7-də Sumqayıtda olmuşlar.

Gənc sahibkarlar, alimlər, beynəlxalq təşkilatların nümayəndələri, Cənubi Qafqaz və Mərkəzi Asiyadan olan tələbələr  iri istehsalat kompleksi – Sumqayıt texnoparkı (STP) ilə tanış olmuşlar.

Qonaqları səmimi qarşılayaraq  müəssisənin icraçı direktoru Sahib Musayev bildirmişdir ki, Azərbaycanda qeyri-neft sektorunun   inkişafını  strateji məsələ elan edən  Prezident İlham Əliyev   ölkədə texnoparkların yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Texnoparklar  regional innovasiya zonasının formalaşdırılması layihəsi çərçivəsində qurulacaqdır. Sumqayıt texnoparkının yaradılması Azərbaycanın sənaye sektorunda iri infrastruktur layihələrinin həyata keçirilməsinə istiqamətlənmişdir.

STP-nin inzibati binasında müəssisənin təqdimatı olmuşdur. Bildirilmişdir ki, qısa müddətdə 250 hektarlıq ərazidə Cənubi Qafqazda unikal müasir texnopark yaradılmışdır. Artıq burada 13 zavod müvəffəqiyyətlə işləyir, il ərzində daha üç müəssisə açılacaqdır. Sumqayıt texnoparkı bütövlükdə özündə  ixracat    məhsulları istehsal edən 30 zavod və sexi birləşdirəcəkdir.

Texnopark – regionda bənzəri olmayan,  istehsalın müxtəlif növləri üzrə ixtisaslaşmış zavodlar kompleksidir. Kabel, elektron avadanlığı, dəqiq mexanika, presləmə, alüminium və mis çubuqlar, günəş kollektorları istehsalı, polimer məmulatlar,  texniki qazlar, sink  zavodlarının fəaliyyəti haqqında qonaqlara müfəssəl məlumat  verilmişdir. Bildirilmişdir ki, burada Fransa, Almaniya, Yaponiya, İsveç və digər ölkələrdən məşhur istehsalçıların avadanlığı quraşdırılmışdır.  Texnoparkda olunan xammalın keyfiyyətinə xüsusi diqqət yetirilir.

Qonaqlar öyrənmişlər ki, parkda istifadə  edilən texnologiya nəinki Azərbaycan üçün, hətta bütün region üçün yenilik hesab olunur. Məsələn,  bəzi  alternativ enerji mənbələri qurğularının MDB ölkələrində analoqları yoxdur.  Qeyd olunmuşdur ki, 2012-ci ildə STP  iki beynəlxalq İSO standartı almışdır ki, bu da texnoparkın məhsullarının dünya bazarına çıxmasına imkan yaratmışdır. Texnoloji parkın məhsulları Almaniya, Rusiya, Gürcüstan və Özbəkistanda beynəlxalq sərgilərdə nümayiş etdirilmişdir.

Sonra qonaqlar texnoparkın ərazisinə avtobus gəzintisinə çıxmışlar. Onlar parkın bir sıra işlək müəssisələrində olmuş və parkdan xoş təəssüratlarla ayrılmışlar.

AzərTAc

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər