Bir həyat hekayəsi – TANINMIŞ VƏKİLDƏN TƏSİRLİ HEKAYƏ

5930

Pomidor-xiyar (Bu bir həyat hekayəsidir)

Leylanın gözlərindən yuxu tökülürdü. Tez-tez gözlərini ovuşdurur, yuxuya qalib gəlmək istəyirdi. Tərslikdən evdə hər kəs oyaq idi, babası yenə də bir torba məhkəmə sənədlərini qonaq otağındakı masanın üstünə səpələyib bir-bir oxuyur, hərdən dodağının altında nəsə deyinirdi. O, hələ də bugünkü məhkəmə prosesinin təsiri altında idi. Nənəsi mətbəxdəki kiçik ölçülü televizorda seriala baxır, anası isə, öz otağında elmi iş yazırdı. Evdə insan sükutu vardı.

Hamı yatandan sonra gizlincə soyuducunu açdı, əvvəlcə iki ədəd xiyar iki ədəd də pomidor götürdü, sonra nə fikirləşdisə, xiyarlardan birini qaytarıb yerinə qoydu. Tez otağına qayıdıb məktəbli çantasını açdı, götürdüyü tərəvəzləri çantasına yerləşdirib yerinə uzandı.

Leylanın ata-anası ayrılmışdılar, boşanmadan sonra Leyla anası ilə, qardaşı Vasif isə, atası ilə qalırdı. Yaxşı ki, qardaşı ilə eyni məktəbdə oxuyurdular, yoxsa onsuz darıxardı. Bəs necə, axı qardaş arxa-dayaqdır. Həm də Leyladan iki sinif yuxarı oxuyurdu. Srağa gün “a” sinfinin oğlanları Leylagilin sinfinə söz atanda qardaşı onları yaxşıca əzişdirmişdi.

Valideynlərinin ayrılması Leylaya pis təsir etsə də hər gün atasının evə sərxoş gəlib dava-dalaş salmasından canı qurtarmışdı. Bircə bu məhkəmə prosesləri də başa çatsaydı. Sonuncu məhkəmə prosesində olanlar Leylanın atasına qarşı son sevgi duyğusunu öldürsə də yenə ona acıyırdı. Elə hey özünə sual edirdi, görəsən atam doğru deyir? Axı birgə yaşadıqları dövrdə atasının qazancı pis deyildi.

Sonuncu dərs bitəndən sonra birbaşa idman zalına gəldi, bilirdi ki, qardaşıgilin sinfinin hələ bir dərsi də var. Qardaşını idman zalında idi, birazdan onların idman dərsi başlayacaqdı. Tez qardaşını çağırıb çantasından çıxardığı xiyar-pomidoru ona tərəf uzatdı. Vasif təəccüblə bacısının üzünə baxdı:
– “Bu nədir, ay qız, dəli olmusan?”
– “Götür bunları dərsdən sonra yeyərsən”.
– “Leyla, sənə nə olub, qızdırman var deyəsən, pomidor-xiyarı neynirəm mən?”
– “Ye da, səninçün gətirmişəm, nübardır. Axı sən hələ təzə pomidor-xiyar yeməmisən?!”
– “Sənin şurupların düşüb deyəsən, niyə yeməmişəm, atam hər gün alır”.
– “Doğrudan?” Leylanın gözlərində heyrət dolu sevinc vardı.
“Bəs dünən atam…” Qəfil səslənən zəngin səsi Leylanın hönkürtüsünə qarışdı. Gətirdiyi pomidor-xiyarı küncə qoyulmuş sınıq partanın üstünə atıb ağlaya-ağlaya gözdən itdi.

Vasif hələ də nə baş verdiyini anlamırdı. Sinif yoldaşları onu çağırmasaydılar, yerində heykəl kimi donub qalacaqdı. Bacısını gətirdiyi tərəvəzləri çantasına qoyub, soyunub-geyinmə otağına qaçdı.

Lift yenə də işləmirdi. Leyla altıncı mərtəbəyə çıxıb qapının zəngi basdı. “Qızım, sənə nə olub, niyə ağlayırsan?” Qapını açan anası təlaşla soruşdu. “Vasifgil də pomidor-xiyar alırmışlar” deyib anasını qucaqladı. Bir müddət nə baş verdiyini anlamayan anası dünənki məhkəmə prosesini xatırladı, alimentin azaldılması barədə iddia qaldırmış keçmiş ərinin hakimə dediyi sözlər yadına düşdü: “Möhtərəm hakim, görün nə vaxtdır ki, pomidor-xiyar çıxıb, amma mən hələ də evimə bir kilo pomidor-xiyar ala bilməmişəm, 160 manat alimenti ödəməyə gücüm çatmır, xahiş edirəm alimentin məbləğini 80 manat edin”.

Görünür, məhkəmə zalında gedən söhbətləri qızı çöldə eşidibmiş.

Anar Qasımlı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər