Bizim Vaqif İbrahim

1509

O, 60-cı illərin ən istedadlı imzalarından biriydi. İxtisasca mühəndis olsa da ömrünü ədəbiyyata-poeziyaya bağladı. Bu bağ onun istedadıydı, sözə sevgisiydi və ayrıla bilmədi. Bu günə qədər bir şair yaşayır poeziyada. Jurnalist kimi əmək fəaliyyətinə başladı. Fərqliliyi, zəhməti onu tez tanıtdı. Sevildi, seçildi O – Vaqif İbrahim.

1945-ci ildə Şəkidə anadan olmuşdu. Yaşasaydı, bu il 70 yaşı olardı. Və bu illər ərzində nələr etməzdi, nələr…Həm də təkcə özü üçün yox, onlarla, yüzlərlə başqaları üçün. Qəribəydi, xəbəri olmadan kiminsə şeirlərini qəzetə, jurnala verər, tərtib etdiyi topluya salardı. Yazı makinası o vaxt hər kəsdə yox idi. Onunsa varıydı iş otağında. Gənclərin şeirlərini çox vaxt özü yığardı. Şeirlərində Vaxt mövzusu xüsusi yer tutur.

Onunçün Vaxt çox qiymətliydi, hər dəqiqə qiymətliydi. Və o başqalarına verdiyi vaxtı daha qiymətli bilirdi.

Beləydi Vaqif İbrahim.

İllər boyu xatırlamışam, düşünmüşəm, niyə bu qədər sadə, bu qədər ürəkli ola bilib? Niyə? Sadəcə bir qənaətə gəlmək olar: Özünə, öz dünyasına, öz şəxsiyyətinə, istedadına güvənliydi. Özünə arxayın idi. Ona görə çətinə düşənə, söz demək istəyənə asanlıqla yol verirdi. Çox hörmətliydi. Gənclər də, yaşlı nəsil də sevərdi onu. Kimsəni “istedadsızdı” deyə qaralamazdı, kimsənin qabağına “məni keçər” deyə daş qoymazdı. Çünki hamının özünə güvənməsini istəyirdi. O, 80-cilərin yaddaşında belə qalıb: xeyirxah, səmimi, sadə, işıq dolu, həmişə əlindən tutmağa hazır olan bir insan, gözəl şair kimi. O- Vaqif İbrahim.

Onun haqqında düşünürdüm həmişə. Bu ilsə kitab hazırlamaq keçdi ürəyimdən, V. İbrahimin şeirlərindən, bir də onunla bağlı xatirələrdən. Əlaqəm olanları, olmayanları axtardım-tapdım.Hamı sevindi. Şeirləri olanlar da vardı onun xatirəsinə. Xatirə yazanlar da oldu. Çox “sevinib” yazmayanlar da, mətbuatda çıxış edənlər də. “Təki mövzu Vaqif İbrahim olsun” dedim.

Təki unutmasınlar, kimsə yaddaşlarının qapısını döyüb onu xatırlatmasın. Vaqif İbrahimin bircə şəklini də tapmadım vikipediyada, AYB-nin yazıçı və şairləri arasında adına da rast gəlmədim. Öyrəndim ki, bu illər ərzində latınca “Qəlbim torpaqda da döyünəcəkdir” adlı bircə kitabı çıxıb: İbrahim İlyaslı və Eldar Elmanoğlunun təşəbbüsü ilə Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin dəstəyiylə çap olunub: Sağ olsunlar min dəfə. Bir də Sabir Sarvanın hazırladığı poeziya almanaxında onun da imzası vardı.

Bu arada internetdə Əyyub Qiyasın “Sumqayıt ədəbi mühiti” haqda yazısına rast gəldim. Yazı maraqlıydı.

Bir fikir lap ağrıtdı məni: 2005-də Vaqif İbrahimin 60 illiyi idi. Nə səbəbdənsə bu yubiley sükutla keçdi.

“Bütün başqa yubileyləri kimi” -düşündüm. Və istəmədim bu yubileyi də tamam səssiz-səmirsiz keçsin.

Kamalə ABİYEVA

Vaqif İbrahimin şeir akademiyası

Mənim oxu yaddaşımda Platonun neçə min il əvvəlki fəlsəfə akademiyası birinci, Asif Atanın fəlsəfə, Vaqif İbrahimin şeir akademiyası sonuncudur. Mənə Vaqif İbrahim haqqında xatirə yazmaq, qoltuq cibimdəki  kimliyimi təqdim etmək kimi bir şeydir.

Biz səksənincilər onun “şinelindən” çıxmışdıq, ona  bənzəməyə çalışardıq (“amandır adımıza,ünvanımıza pis bir söz deyilməsin…”) Müəllimimiz, əzizimiz Vaqif İbrahim yaradıcılıqda hamını bənzərsiz olmağa səsləyərdi, şerin əlifbasından ta ən incə sirlərinə qədər aşkarlamağa, öyrətməyə çalışardı. Ancaq onun özü davranışlarıyla, şəxsiyyətiylə, ləyaqətiylə bir məktəb idi. Baxışı, oturuşu, duruşu, abrı, həyası, təmənnasız böyük zəhmətlər bahasına başa gələn fəaliyyəti bir nümunə idi. Abır -həya, ədalət, ləyaqət nüfuzlu mənbədən təlqin olunurdu. Elə ona görə də səksənincilər istisna olunmaqla , təəssüf ki istər bizdən əvvəlki nəsillər, istərsə sonrakı yazarlarımızın arasında təhqiramiz, ziyalılara yaraşmayan ifadələrlə dolu mübahisələr, vuruşmalar hələ də davam edir. Bir daha ucadan təkrar edirəm: Vaqif İbrahimin şeir akademiyasını bitirən yüzdən çox şair-yazıçının qırx ildən çox zaman kəsiyində etik normaları pozan şifahi və ya yazılı münaqişəsi olmayıb.

İyirminci əsrdə, Azərbaycan adlı məmləkətdə  milli mütləq əxlaq sahibi olan bir filosof var idi: VAQİF İBRAHİM. O, sözdən çox, mənadan, mahiyyətdən yaranmışdı. O, özü nümunə idi: Yüz şairlik, yazıçılıq iddiasında olan gəncin gözünün önündə podiumda olan nümunə. Əxlaq min illərin təkindən gələn, uca dağın bağrından süzülüb çıxan dumduru bulaq kimi, nüfuzlu ucalıqdan təlqin olunurdu…

Bilirəm ki, bu kitabda Vaqif İbrahimin şeir akademiyasındakı fərqli tədris  metodlarından dostlarım-onun tələbələri yazacaqlar. Az söz onun şakəri idi. Böyük mətnləri qısaldar, yaxşı mənada kəsib-doğrayardı. Öz ömrünü də…

Gedişi qəfil oldu…

O gün (bizdən yaşlı müəllimimiz, indi  xeyli cavan ) əziz Vaqif İbrahimi Sumqayıt məzarlığında canından artıq sevdiyi torpağa tapşırırdıq. 29 oktyabr 1983-cü il. Ancaq bu günün səhəri başqa bir əhvaldaydım.

Səhər ayılıb birbaşa qəzet köşkünə getdim. ”K.Pravda”dan gözlədiyim xoş  xəbəri oxudum. Həmin gün mən SSRİ-nin elm sahəsində gənc alimlər üçün ən böyük mükafata layiq görülmüşdüm . Sevincimin həddi -hüdudu yox idi. Evə döndüm, qəzeti ilk dəfə anama göstərdim… 15 dəq. sonra səhv etmirəmsə, Maşallah  Məftun zəng edib, o bəd xəbəri dedi. Sevinc  və kədər bir-birinə qarışmışdı. Utandığımdan həmin gün daha heç kimə heç nə demədim, geyinib evdən çıxdım.

Vaqifi Sumqayıtda torpağa tapşıranda böyük izdihamda birdən balaca boyu bir az da balacalaşmış, Vaqif kimi aramızdan tez gedəcək  Allahverdi  Məmmədli gözlərimə sataşdı. Çiyinlərində dünyanın yükü, dodaqlarında Vaqifə (və əslində həm də özünə) həsr etdiyi vida şeiri:

Səni anan çəkdi, ananı torpaq,
Doyurdun gözünü bu ac yolların.
Sən ömür-gün adlı bir pöhrə yarpaq,
Qopdun budağından ağac qolların.

P.S. 29 oktyabr 1983-cü ildə elm sahəsində layiq görüldüyüm o böyük mükafat gəldiyi günün havası kimi mənə çoxlu dostlar və düşmənlər qazandırdı (Özüm istəmədən ömrümün neçə-neçə qiymətli ili o xəbis insanlarla mübarizəyə həsr olundu). Hə, bir də yadıma düşdü ki, Vaqifin  hələ sağlığında, bəzi xəbislər orda-burda deyirdilər ki, görən bu sürətlə hara gedir o ?!.

Gedənlər qayıtmazlar. O getdi ölümsüz həyatına…

Paşa QƏLBİNUR                                                      

Yenə də poeziyanı sevdirir

(Vicdan borcumuz)

Mən 70-80-ci illərin ədəbi nəslinə mənsubam.O illərdə ədəbiyyata gələn hər bir qələm sahibinin borcu var Vaqif İbrahim qarşısında. V. İbrahim işıqlı bir ziyalı, işıqlı bir şair, işıqlı bir insan kimi keçir taleyimdən. O əsl ziyalı, əsl insan, əsl şair idi. Yaradıcılığına baxanda şeirlərində bir həzinlik, məhzunluq  hiss edirsən.

Adama elə gəlir ki, Vaqif İbrahim öz taleyini qabaqcadan görürdü. O özünəməxsus şair idi, onun poetik deyimində xalq ruhu da, yenilikçi nəfəsi də var. Əli Kərim dəsti-xətti, üslubu onun üçün çox doğma idi. Onlar dost idilər. Əli Kərimli günlərini, Sumqayıtlı günlərini yanğıyla xatırlayırdı; “Əli Kərim çox yaşamadı deyirdi. Amma özü də çox yaşamadı.

Onunla bağlı ancaq çox xoş, ürəyimdə qalan duyğularım var. Elə diqqətlə,qayğıyla yanaşırdı hər kəsə.Təvazökarlıqdan uzaq kimi görünsə də inandığı yazarlardan biri idim. Ondan çox keyfiyyətlər öyrənirdik: sevgi, qayğı, sözə dəyər vermək. Maraqlı görüşlər keçirirdi: B. Vahabzadə, Məmməd Araz, Rəsul Rza, Mirvari Dilbazi, Tofiq Mahmud, Məmməd Aslan, Nəbi Xəzri, Nəriman Həsənzadə, Hüseyn Arif, Əzizə Cəfərzadə, Ələviyyə Babayeva və b. Birlik üzvlərinin şeir və hekayələr toplusunu hazırlayardı: “Bahar çiçəkləri”. Bu toplunun çapdan çıxması əsl bayram olurdu bizimçün.

Vaqif İbrahim ədəbi mühitdə öz ədəbi mühitini yaratmışdı-Vaqif İbrahim mühitiydi bu. Respublika Ədəbi gəncliyinin mühitiydi. Ordakı gənclərin pərvazlanmasında onun çox böyük zəhməti vardı. Hamının çap olunmasına, kitablarının çıxmasına, televiziya, radio verilişlərində çıxış etməsinə çalışırdı.O vaxt biz ondan kiçik idik. Amma o özünü bizimlə həmyaşıd kimi, ata, qardaş kimi aparırdı. Doğma idi.İllər keçib.Biz indi ondan xeyli yaşlıyıq. O  elə indi elə cavan, işıqlı,enerjili Vaqif olaraq qalıb.Ölümünə indi də inanmıram.

Mənə elə gəlir ki, O, Azərbaycanın gözəl güşəsində-Şəkidədi. Elə bilirəm indi də bizi görür, uğurlarımıza sevinir, dərdimizə şərik olur. Yenə də ədəbiyyatı-poeziyanı sevdirir.

Məhərrəm QASIMLI

Ruhun var olsun, Vaqif!

Onda 80-ci illər idi. Mən də hərbi xidməti başa vurub məmləkətə qayıtmışdım. Yazıya, sözə marağım olduğundan ədəbi mühiti böyük həvəslə izləyirdim. Və günlərin birində mərhum Nüsrət Kəsəmənlinin tövsiyəsiylə rəhmətlik Vaqif İbrahimin rəhbərlik etdiyi respublika komsomolunun nəzdində fəaliyyət göstərən gənc yazarların ədəbi birliyinin toplantısına qatıldım.

İmzalarını mətbuatdan tanıdığım bir çox nasir və şairlərlə məhz burda görüşdüm. Bu mənim onlarla ilk təmasım idi. Onda da Vaqif İbrahimi yaxından tanıdım. Onun nə qədər səmimi, sadə olduğunu görüb inandım ki, demə ad-sanın, şöhrətin dəyişmədiyi adamlar da var. Dəyişənlər o ad-sana, şöhrətə layiq olmayanlardır. Həmin o illərdə Qardaşxanı, Kamalə xanımı, Paşa Qəlbinuru, Maşallah Məftunu və bir çoxlarını tanımaq mənə nəsib oldu.

İndi o anları xatırlamaq, Vaqif İbrahim itgisini yaddaşda təxələmək məni xeyli kövrəldir. Sadəcə onunla təsəlli tapıram ki, Vaqif dərnəyinin şinelindən çıxanlar onu bu gün də yaşadır, sabah da yaşadacaq.Əslində yaşamaq haqqını o özü qazanıb. Mən sadəcə onun ruhu qarşısında baş əyirəm.

Əbülfət  MƏDƏTOĞLU

Vaqif İbrahimin şeirləri

Cavabdehəm

Ömrüm qürub eləyən
Minlərin, milyonların
Ömrünün davamıdır.
Bu şərəfli bir ömrə
Dünyada cavabdehəm.
Adım,
Mənə ən yaxın
bir insanın adıdır,
Bu ada cavabdehəm…
Özümə cavabdehəm.
Ömrümdən düşüb qalan
İzimə cavabdehəm…
Narahatam hər zaman.
Ömrümün üfüqündən boylanan
Qara gözlü, gülər üzlü
Bir qıza cavabdehəm.
O yadıma düşəndə
Qəlbim sərinlik içir…
İnsanam, bəli, insan!
Bu dünyanın taleyi
Gəlib əlimdən keçir…
Buna görə dünyaya
Bəli, mən cavabdehəm.
Bəşərin sabahına
İndidən cavabdehəm.
Düşünürəm anbaan:
Taleyim də özümə
əgər tapşırılmasa,
Özümü insan sana
bilərəm nə haqla mən?
İnsanam, əsl İnsan!
Dünyanın taleyinə
Cavabdeh olmaqla mən!!!
1961

Sənsiz  darıxmışam

Şəhər evlərinə sığışmıram  mən,
Beton divarları, de, necə sevim?
Çoxdandır yanına yığışmıram mən,
Bağışla sən məni, ay ata evim.

Yoruldun sən mənə “gəl”, “gəl” deməkdən,
Tükəndi söhbətin, qurudu arxın.
Arxamca boylanıb yol gözləməkdən,
Gözün nurdan düşdü,
söndü çırağın…
Gəlir uşaqlığım, gəlir yadına,
Necə oxşayardım çəmən telini.
Səsləyib yoruldun,
saldın yanına
Bacandan yüksələn tüstü əlini.

Bilirəm, əlini məndən üzərək
Küsüb oturmusan daş üstündə sən.
Məni görən kimi, sandım  uşaqtək
Sevincdən üstümə yüyürəcəksən…

Sənsiz darıxmışam, darıxmışam mən,
Hasarın boyuma sanki biçilib.
Mən qoyub getdiyim o ev deyilsən,
Bir az sınıxmısan,
Boyun kiçilib…

Üfürüb sobanı nəfəsimlə mən,
Çoxdan oxşamıram tüstü telini.
Odunlar istidən bişən, ləhləyən,
İt kimi çıxartmır alov dilini.

Qəlbimdə həmişə doğmadır yerin,
Səninlə könlümə bir qürur gəlib.
Silinib toz basmış pəncərələrin,
Elə bil gözünə işıq, nur gəlib.

Dəyişib səmtini zaman da sanki,
Salıb öz yolunu indi yanından.
Bacadan yüksələn tüstü deyil ki,
Çəkdiyin həsrətdi çıxır canından.

Səni  düşünürəm

Gecə…
səni düşünürəm,
gecəm – əzib,
ovcumda sıxdığım kağız kimi
əzik, qırışıq…
Küçəyə- pəncərəmdən,
ürəyimə
uzaq -uzaq  xatirələrdən
düşür işıq…

Ana və körpə

Beşik yelkənli qayıq,
Doğma ev-ilk limanı.
Anadır bu qayığın,
Özülü, kapitanı.

Həyat ağacı

Həyat nəhəng,
Qocaman ağacdır,
bizik barı.
Qəbirlər bu ağacın
xəzan vurmuş-tökülmüş
sapsarı yarpaqları.

İçərişəhər

Axşamüstü
daş hasarlar arasında iri gözdür.
Daş kipriklər arasında
parıldayan qara gözdür.

Yaşamaq eşqi

Qəbristanlıq…
Sinif otağı kimi sakit.
Elə bil kimsə sual verib,
dinc qoymayıb dilini:
-Kim yaşamaq istəyir?
Hamı əlini qaldırıb,
başdaşına dönmüş əlini…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər