Bizimkilər: Telefonçu, dərzi, saç ustası, çörəkçi, tütünçü və nəhayət Radio Antenn-101FM-in aparıcısı - FOTOLAR +

537

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış – “jurnalist ordusu”nu tanıtmağa hesablanıb… Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq… Beləliklə…

“Bizimkilər”in növbəti qonağı Radio Antenn-101FM-in aparıcısı Əzizə İsmayılovadır.

“Qərar verilmişdi – oxuyacam, vəssalam!”

Əzizə İsmayılova özü haqqında söhbətə belə giriş vermək istədi:

“Maraqlı bir tərcümeyi-halım var.  1974-cü il noyabr ayının 5-də Oğuz rayonunda anadan olmuşam. Ailəmizdə 5 uşağıq, birincisi mənəm. Orta təhsilimi Oğuz rayonundakı 2 nömrəli orta məktəbdə almışam. Ədəbiyyatı sevdiyim üçün filoloq olmaq arzusunda idim. Məktəbi bitirdiyim il indiki BDU-nin Filologiya fakültəsinə sənəd versəm də, “Azərbaycan tarixi” imtahanında Topçubaşovu tanımadığım üçün  “kəsilmişəm”.  Bizə məktəbdə bu barədə dərs keçilməmişdi və “Azərbaycan tarixi” dərsliyində XI Qızıl Orduya həsr olunan paraqrafda Cümhuriyyətlə bağlı təxminən bu məzmunda bircə cümlə vardı “1918-ci ildə Azərbaycanda M.Ə.Rəsulzadənin başçılığı ilə “Azərbaycan Demokratik Respublikası” qurulmuşdu”. Başqa nə ad, nə də soyad olmadığı üçün, Topçubaşov soyadı ilə bağlı suala çatanda, bircə cümlə “Tanımıram” dedim (o vaxt imtahan şifahi idi) və üç imtahanı uğurla verməmə rəğmən, mən “kəsilmiş oldum”.

Sonra tale elə gətirdi ki, növbəti illərdə Bakıya gəlməyə imkan olmadı. Ailə vəziyyəti ilə əlaqədar işləməli oldum – telefonçu, dərzi, saç ustası, çörəkçi, tütünçü və s.və ilaxır…

1999-cu ilin may ayında gecə növbəsindən dönərkən qonşuluqdakı ədəbiyyat müəlliminin yanından gülə-gülə çıxan qızları görüncə, necə oldusa, içimdən “nə olursa-olsun təhsil alacam”  hökmü verildi. Qərarım hamı üçün o qədər gözlənilməz oldu ki, ciddiyə belə almadılar – 9 ildən sonra, özü də cəmi 2 aya nə qəbul, “yəqin gecələr işləməkdən başına hava gəlib” dedi dostlarım, hətta gülənlər də oldu. Artıq kimin nə dediyini eşitmirdim. Qərar verilmişdi – oxuyacam, vəssalam. Sonda gülən daha ürəkdən gülür-deyiminə kökləmişdim özümü”.


“O an ya dünya yerində durdu….”

Müsahibimiz bundan sonra  düz 2 ay işdən sonrakı bütün gecələrini, iş arası fasilələrini kitablara həsr edib:

“Seçimim bu dəfə də BDU-nun Filologiya fakültəsi oldu. Amma bu dəfə də cəmi 4 ballıq kəsirlə kənarda qaldım. Nə olursa olsun, oxumalıydım, həm də ödənişsiz. Ailəmizin imkanları sıfırın altında idi.  Qəbul ola biləcəyimə nə ətrafımda, nə evdə kimsə inanırdı. Çünki hazırlaşmaqla yanaşı, hər növbədə biri olmaqla, iki işdə paralel çalışmaq məcburiyyətindəydim. Qulağım eşidə-eşidə “40-ında öyrənən gorunda çalar” deyib, zarafat adıyla tənə edənlər də oldu.

Düz bir il “gücləndirilmiş rejimdə” olan həyatımı “daha da gücləndirilmiş rejimə” alışdırdım – həm işlədim, həm hazırlaşdım. Sağ olsunlar,  “Ədəbiyyat” və “Tarix” fənlərindən müəllimlər təmənnasız kömək etdilər. Onlara da maraqlı idi, 10 ildən sonra, bu qədər qaça-qov həyat yaşayan biri ali məktəbi necə qazanacaq.

Və 2000-ci ildə o möhtəşəm uğura ilk imzamı atdım – xəbər gəldi ki, Bakı Slavyan Universitetinin “Regionşünaslıq və tərcümə” fakültəsinə daxil olmuşam. O an ya dünya yerində durdu, ya da mənim üçün istiqamətini dəyişdi. O anda olan sevinci paylaşa bilsəydim, dünyanın yarısı xoşbəxt olardı, amma heç kimi tapa bilmədim…

Bu sevinc də sentyabrın 1-nə kimi dünya boyda idi. Sentyabrın 1-də,  ilk dərs günü universitetin akt zalında xəbərim oldu ki, “Tərcümə” ixtisasına daxil olduğum üçün (rus-Azərbaycan), sən demə, dərslərimiz rus dilində olacaq. Mən də orta təhsili ana dilində almışam. Rus dilində höccəliyə-höccəliyə zorla oxuyuram.

Daha bir məşəqqət də burdan başladı. Necə oxuyacam, birdən bacarmasam, ya alınmasa?… suallarına heç bir cavab tapa bilməsəm də, “bacarmayacam” sözünü də özümə yaxın buraxmırdım. Sevinc yenidən geri döndü, bu dəfə həmişəlik… Bu dəfə də bacardım”.


“Mən isə “elm adamı” olmayacaqdım heç vaxt”

Əzizə İsmayılova deyir ki, özünü şanslı tələbələrdən hesab edir:

“Rektorumuz Kamal Abdullayev, dekanımız Seyfəl Həsənovun sayəsində bütün çətinliklərin öhdəsindən gələ bildim. Bəxtimdən həmişə müəllimlərdən dərs aldım ki, onların dərs müddəti  90 dəqiqələrdə itib-batmadı, bu gün də davam edir, davam edir, davam edir…

O dərəcədə qatlaşdım ki, hər şeyə 2004-də bakalavr, 2006-da magistratura pilləsini “Qırmızı diplom”la bitirdim. Magistraturanın 1-ci kursunda respublikada ilk dəfə mən tələbə ola-ola fakültəmizin “tərbiyə işləri üzrə dekan müavini” təyin olundum.  2006-cı ildə aspirantura həyatım başladı. Artıq hər şey axarına düşürdü. Həm oxuyurdum, həm də universitetimizdə müxtəlif vəzifələrə təyin olunurdum.

2009-cu ildə isə aspiranturanı “əla” qiymətlərlə bitirsəm də “müdafiə etməkdən” imtina etdim. Düşündüm ki, elmi ad almaq, elmi davam etdirmək, elmə xidmət etmək üçündür. Mən isə “elm adamı” olmayacaqdım heç vaxt. Bu gün də peşman deyiləm-ən doğru seçimi etdiyimdən əminəm çünki”.

Yanlış düşən bir telefon zəngi…

Radioaparıcının  jurnalistikaya gəlişi sırf təsadüf olub:

“Yanlış düşən bir telefon zəngi, özüm də bilmədən, həyatımın axınını 100 faiz başqa istiqamətə yönləndirdi. Bir də ayıldım ki, artıq bu aləmdəyəm. Qısa deyim: Aspiranturanın 2-ci kursunda idim. Yataqxanada qalırdım. Günlərin birində nəyəsə bərk əsəbləşdiyim üçün dərsdən qaçmışdım. Çox maraqlıdır ki, bərk əsəbi olduğum yadımdadır, niyə əsəbi olduğum isə yox. Evə gəldiyim bir neçə dəqiqə olardı ki, ev telefonu çaldı, açmadım. Bir də çaldı, yenə açmadım. Bir neçə dəqiqə keçmiş yenə çalanda açdım. Bir kişi səsi idi. “Bura Arxiv İdarəsidir?- deyə bir sual verdi.  “Xeyr, səhv düşmüsünüz” dedim, yenə nəsə soruşdu, yadımda deyil, dəstəyi asdım. Birazdan yenə zəng gəldi-həmin səs. Söhbətə hardan, necə başladığımız da yadımda deyil, bir də ayıldım ki, dedi ki, “biz sizinlə əməkdaşlıq edə bilərik. Filan ünvana gələ bilərsiniz?”.

Getdim. Məlum oldu ki, o vaxtkı ANS şirkətlər qrupunun ofisindəyəm. ANS ÇM-ə xəbər aparıcısı lazım imiş, səs axtarırmışlar. Bir saata qədər müxtəlif suallar ətrafında söhbət etdilər.  Əlimə bir kağız verib göndərdilər radioya səs yoxlanışına.

Hər şey də elə ordan başlandı. O yoxlama- bu yoxlama, oldum bu sahənin adamı. 1 il qədər ANS ÇM-də çalışdım, sonra gəldim Radio Antenn 101FM-ə, indiyə kimi də burda çalışıram. Əvvəl ancaq “Xəbərlər”i aparırdım, indi həm də veriliş aparıcısıyam”.



““Xəbərlər”siz  təsəvvür etmirəm özümü”

Ə.İsmayılova  jurnalistikada ilk addımını  Bakı Slavyan Universitetində  atıb:

“Universitetimizin “Tələbə dünyası” deyə bir qəzeti çıxırdı. 2-ci kursdan o qəzetdə yazılarım çıxırdı. Fərqli yazırdım, deyilənə görə.  Satirik yazılarım daha çox idi. Kamal müəllim də bir neçə dəfə razı olduğuna ehyam vurmuşdu, iclasların birində “bu qızın qələmi var” demişdi. Sonra həmin qəzetdə “ədəbi işçi” işlədim. Respublika qəzetlərində 1-2 yazım da çıxmışdı o zaman. Sonrakı fəaliyyətim isə radio üzərindən davam etdi və etməkdədir”.

Müsahibimiz deyir ki,  hazırda həyatı  yenə də “qaça-qov rejimi”ndə davam edir:

“Həyatımın ritmi artıq belədir – hər səhər saat 8-dən 10-a kimi “Meqapolis”, saat 11-dən 13-ə kimi isə “Başbaşa” verilişlərini aparıram. Biri ancaq informasiya, xəbər musiqi, digəri dinləyici ilə interaktiv söhbət və təbii ki, hər saatın tamamında da “Xəbərlər” öz yerində. Maraqlıdır ki, “Xəbərlər”siz  təsəvvür etmirəm özümü. “Xəbərlər” olmasa, elə bilərəm nəsə çatmır”.

“Həyatda heç vaxt elə də böyük iddialarım olmayıb”

Həmkarımız jurnalistika ilə bağlı arzularından da söz açıb:

“Bugünkü jurnalistikaya qiymət verə biləcək haqqı özümə tanımadığım üçün qənaətbəxş olub-olmadığını demək mənə düşməz.  Ümumi baxışım isə belədir ki, zaman nəyi tələb edirsə, bazarda da elə odur. Hərənin bir missiyası, bir xətti var, hər kəs də onu yerinə yetirməyə çalışır. Kim düz gedir, kim səhv gedir, onu zaman göstərəcək.

Əslində həyatda heç vaxt elə də böyük iddialarım olmayıb. Ətrafımda saysız hesabsız jurnalist tanışlarım, dostlarım var. Bütün həmkarlarıma sayğım sonsuzdur. İşin yükünü çiyninə alanda bilirsən ki, asan deyil bu yükü çəkmək. Sadəcə, müşahidəmə əsasən bir fikir yaranıb məndə, düşünürəm ki, hansısa mətbu orqanda sadəcə jurnalist işləmək başqadır, əsl jurnalist olmaq və jurnalist kimi qəbul olunmaq isə tam başqa.  Jurnalistika ilə bağlı reallaşdırmaq istəyim bircə arzum var – insanların inamını itirməmək və işimə heç vaxt məsuliyyətsiz yanaşmamaq. Qalan hər şey zamanla yoluna düşəcək və qazanılacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər