Cəmiyyətin bəlası- qadın zorakılığı və insan alveri

1783

Haqqımızı unutmadığımız kimi, ağlımızı da unutmayaq.

qadinZorAzərbaycanda çox problemli bir sahə olan insan hüquqları, xüsusilə də qadın hüquları və onların pozulması geniş vüsət alıb. Hüquqların müdafiəsinin təşkilindən çox hüquqi maarifləndirməyə ehtiyacın olduğu bir dönəmi yaşayır cəmiyyətimiz. Qeyd edim ki, məişət zorakılığı, qadın hüquqlarının pozulması, gender bərabərsizliyi, erkən nigahlar, cinsi ayrıseçkilik, seksual təcavüz kimi ifadələr son zamanlar sosial həyatımızda çox işlənir.  Statistik məlumatlara görə bütün dünyada qadınların 60 faizi öz ailələri tərəfindən zorakılığa məruz qalırlar.  Amma yəqin ki, Azərbaycanda heç bir zaman ailədə zorakılığın real miqyası tam aydın olmayacaq. Oxumaqdan məhrum edilən qızlar, zorlanan həyat yoldaşları milli mentalitetimizə uyğun olaraq statistik göstəricilərimizdə tam əks oluna bilməyəcək. Tədqiqatlar göstərir ki, ailədaxili zorakılıqların 22 faizi valideyn-övlad arasında baş verir. Məsələn bir valideynin qız övladını oxumağa buraxmaması da öz növbəsində zorakılığın bir forması olaraq fərdin hüquqlarının pozulmasıdır. Ölkənin cənubunda və şimalında ailələr evin qız övladlarını oxumaq hüququndan məhrum edir və bunu tamamilə normal hal hesab edirlər.

Hər il Azərbaycanda yaşları 17-43 arasında olan 100 qadın döyülməkdən ya şikəst olur, ya da dünyalarını dəyişirlər.  Azərbaycanda həlak olan qadınların 73%-i ərləri və ya qanunsuz nigahda olduqları kişilər tərəfindən öldürülüb. Hər il 4 minə yaxın qadın isə evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün zərbələrə tuş  gəlir. Qadınların 28%-i ərləri tərəfindən mütəmadi olaraq döyülür. Ölkədəki ailələrin 40%-dən isə ər heç olmasa bir dəfə arvadını döyüb. Təəssüf ki, Azərbaycanda qadınların döyülməsi ilə bağlı kişilərin 52%-i hesab edir ki, «qadın döyülürsə, deməli, buna layiq nəsə edib». Qadınların 24%-i də bu yaramaz düşüncəni paylaşır. Yeniyetmə qızların 17%-i mütəmadı depressiyalara mübtəla olur. Həmin qızların 3%-i nə zamansa intihar edə biləcəyini istisna etməyib. Tədqiqatlar onu da göstərir ki, hər 6 azərbaycanlı qadından biri əri tərəfindən döyülür. Döyülən qadınların 45%-i ərinin «hücum»larına məruz qaldığı vaxt ya hamilə, ya da azyaşlı  uşaq anası olub. Qadınların 90% ya öz valideynlərinin, ya da qohumlarının arasında yaşanan «ailə haqq-hesab»larının şahidi olublar. Azərbaycanlı qadınların 36%-i onlara nə zamansa əl qaldırmış ərlərinə bu və digər formada haqq qazandırırlar. Məişət zəminində baş verən münaqişələrin  36,5 %-i  sosial problemlərin təsirindəndir. Məişət zəminində baş verən cinayətlərin 60%-i uşaq və yeniyetmələrin gözü qarşısında törədilir. Bu isə sonradan  uşaqların  fiziki və psixi inkişafına mənfi təsir göstərir. Onu da qeyd edək ki, ailədə zorakılıq cinayətlərinin analizi göstərir ki, cinayətkarların 68,5%-i  zorakılığın hökm sürdüyü ailələrdə böyümüşlər. Fiziki zorakılıqla üzləşən qadınların 20 % ümumiyyətlə bu barədə heç bir zaman heç kəsə danışmır, məlumat vermirlər. Aldıqları xəsarətlərin nəticələrinə baxmayaraq qadınların çox az bir qismi rəsmi surətdə səhiyyə, polis orqanlarına və ya fərdi surətdə səlahiyyətli şəxslərə, dostlarına və ailə üzvlərinə yardım üçün müraciət edirlər.

Bunları nəzərə alsaq görərik ki, Azərbaycanda əyalət zonalarda hüquq marifçiliyinə, pozulan haqların müdafiəsinə, insanların Konstitusion haqlarının təbliğinə daha çox zərurət var. Və bu sistemli formada təşkil olunmalıdır. Nəzərə alsaq ki, baş verən cinayətlərin 20 faizi qısqanclıq zəminində olub, onda bu işə psixoloqların cəlb olunması da vacib şərtdir.

AL-VERİN qurbanına çevrilmişlər

Dünyada silah alverindən sonra ikinci ən geniş yayılmış, ən çox gəlir gətirən sahə insan alveri hesab olunur.  Dünya ölkələri üzrə insan alverinin qurbanlarının sayı 27 milyon nəfərə yaxındır.

İnsan alveri Adəm övladlarının gizlində-aşkarda törətdikləri növbənöv cinayətlərin bəlkə də ən üzdə olanıdır. İqtisadi çətinlik, işsizlik və digər səbəblərdən xüsusilə qadınlar şou-biznesdə rəqqasəlik, menecerlik və mehmanxanalarda xidmətçilik və s. kimi işlər təklif olunur. Çox vaxt sərhəddi keçmək, məntəqəyə çatdırılma, və digər xərclər bu üzdəniraq “işverənlər” tərəfindən ödənilməklə onlarla müqavilə imzalanır. Ancaq ümumiyyətlə insanları tora salmağın aşağıdakı yolları var.

İşədüzəltmə firmaları;

Moda agentliyi;

Nikah agentliyi;

Turizm agentliyi;

İnternet vasitəsilə iş, təhsil almaq və nikah haqqında elanlar;

Qəzet, küçə və televiziya elanları;

Tanışlar, qohumlar, qonşular və s.

Xarici agentliklər tərəfindən təkliflər, əvvəlcədən hazırlanmış adamlar tərəfindən həyata keçirilir.

İnsanları tora salmaq üçün əsasən bu fəndlərdən istifadə olunur.

*Gözəl həyat haqqında əhvalatlar;

*Bütün maliyyə problemlərinə son qoyulması ilə bağlı vədlər;

*Yüksək əmək haqqı ilə bağlı vədlər;

* Karyerada yüksəlmə vədləri;

Bütün yuxarıda sadalananlar vasitəsilə onlar öz “qurbanlarını” özlərindən asılı vəziyyətə salırlar. Xarici dövlətə gəlmiş, yerli dili bilməyən qadınlar öz borcunu ödəmək üçün xüsusi ev və agentliklərdə əxlaqsızlığa vadar edilir və bunu etmədikdə daha ağır formada zorakılığa məruz qalırlar.

Qadın alverində həyata keçirilən üsul və vasitələr mütəmadi olaraq, əməliyyat keçirən şəxslər və təşkilatlar tərəfindən dəyişdirilir ki, bir tərəfdən həmin problemlə mübarizə aparmaq çətin olsun, digər tərəfdən də daha çox gəlir gətirmək mümkün olsun.

Bu bəlanın qurbanına çevrilmiş insanlar aldadıldıqlarını başa düşdükdən geri qayıtmaq haqqında düşünürlər, bunu isə həyata keçirmək mümkün olmur. Onların sənədləri, pulları əllərindən alınır başqa ölkədə onlar yerli dili bilmir və onları çox vaxt qapalı yerdə saxlayırlar ki, heç kimlə əlaqə saxlaya bilməsinlər və təbii ki qaçdıqları halda yaxın qohumlarını öldürəcəkləri ilə hədələyir və onlara amansız işgəncələr verirlər. Hətta onları günlərcə ac saxlayır, narkotik maddələr qəbul etməyə məcbur edir və döyürlər.

Bu sahənin qurbanları dünyanın istənilən ölkəsində var. Bu ölkələr arasında Azərbaycan da istisna deyil. Müasir dövr köləliyi olan insan alverinin tranzit ölkəsi olduğu kimi, həm də kişi, qadın və uşaqların cinsi istismarı, onların məcburi əməyə cəlb edilmələri üçün mənbədir. Qadınlar Azərbaycandan daha çox Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə aparılır. Bundan başqa, həm qadınları, həm də kişiləri seksual istismar üçün və məcburi işçi qüvvəsi kimi İran, Pakistan və Hindistana da göndərirlər.  Daha dəhşətli faktlar uşaqlarla bağlıdır. Azərbaycandan onları cinsi istismar məqsədilə Türkiyəyə, işçi qüvvəsi kimi isə Rusiyaya göndərirlər.

Qeyd edim ki, istər ölkədaxili, istərsə də beynəlxalq qanunvericiliydə insan alveri cinayət kimi qiymətləndirilir və qadağan edilir.

Ümumiyyətlə, məişət zorakılığı və trafikinq (insan alveri) bir-biri ilə əlaqəlidir. Əgər biz trafikinqin səbəblərini, köklərini axtarsaq, ailəsində zorakılıq və digər ciddi problemlər olan qadınların bu yola sürükləndiyinin şahidi olarıq. Və onlar təkcə insan alverinin qurbanı deyil, eyni zamanda ailədaxili zorakılıqdan əziyyət çəkən qadınlardır. Qadınlar həyat yoldaşları tərəfindən müntəzəm olaraq döyülürlər, təhqirə məruz qalırlar. Qadınlarla bərabər kişilər də trafikinqlə rastlaşırlar. Belə ki, onların istismarı əmək xarakterli olur. İnsan alverinin qurbanı olan kişilər isə bu barədə susurlar.

İnsan alveri ölkə ərazisində geniş yayılıb. Bununla ilə bağlı faktların daha çox rast gəlindiyi bölgələr isə əsasən Gəncə, Əli Bayramlı, Mingəçevir, Xaçmaz və cənub bölgəsidir.

Qurbanlar əsasən Pakistan, İran, Birləşmiş Ərəb Əmirlikləri və s. Şərq ölkələrinə aparılırlar.   Trafikörlərin (insan alverçilərinin) məhz bu marşrutları seçməsi əsasən xərclərlə bağlıdır. Belə ki, onlar qurbanların mənzil başına çatdırılması üçün mümkün qədər ucuz variantları seçməyə çalışırlar.

Aparılan müşahidələr və təcrübə  göstərir ki, trafikinqlə əsasən qadınlar məşğul olur. Bi faktı nəzərinizə çatdırım: “Azərbaycanın qərb rayonlarından birindən olan gənc qız qonşularının tövsiyəsi ilə bacısı ilə birgə Türkiyəyə işləməyə gedir. Sonradan bacıları İraqa qul kimi satırlar. Orada bəlli olur ki, bu kənddə MBD-nin digər ölkələrindən olan qızlar da qul kimi işlədilir. Əsirlikdəki qızlardan biri imkan tapıb zəng vuraraq düşdükləri durumu əlaqədar orqanlara çatdırır və onlar azad edilirlər. Vətənə qayıdan qızlar isə ailələri tərəfindən qəbul edilmir. Hər kəs baş vermiş hadisədə onları günahkar hesab edir. Bu da həmin bacıların cəmiyyətə inteqrasiyasına, eləcə də insanlara yenidən etibar etməsinə mane olur”.

İnsan alveri ilə məhz qadınların məşğul olmasına gəlincə, bu, ilk növbədə qadınlara daha çox güvənmə ilə bağlıdır. Bu sahə ilə məşğul olan qadınla çarəsiz, ailədə baş verənlərdən təngə gəlmiş qadınlarla daha tez ünsiyyətə girə, onları daha tez inandıra bilirlər. Məsələn, rayonlarda bu tipli cinayətlə məhz qadınlar məşğul olurlar. Digər tərəfdən bu qadınlar yad deyil, qonşular, tanışlar, bəzi hallarda isə qohumlar olur.

P.S. Hər gün biz öz ətrafımızda nə qədər çətinliklər içində yaşayan ailələr görürük və yanından sakitcə ötüb keçirik. Bu yerdə hər birimiz ayaq saxlayıb düşünməliyik.  Çünki qadın anadır, sevgi və şəfqət abidəsidir. Zərif görünüşünün altında gizlətdiyi bu iki güc ona həm həyat yoldaşının sevgi və etimadını qazanmaq, həm də övladları ilə bir yerdə xoşbəxt bir yuva qurmaq üçün kifayətdir. Yetər ki, haqqımızı unutmadığımız kimi, ağlımızı da unutmayaq.

RAMİL ZEYNALLI

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər