Cihan Özkara: ” İlk dəfə idi ki, Azərbaycan klubuna qarşı oynayırdım”

981
2012/2013 mövsümündən etibarən icarə əsasında “Kayseri Erciyesspor”da çıxış edəcək Azərbaycan millisinin üzvü Cihan Özkara “Sumqayıt”la keçirilmiş yoxlama oyunundan sonra rəsmi saytımıza müsahibə verib.

– “Kayseri Erciyesspor”a keçidin necə baş tutdu?

– Növbəti mövsümü icarə əsasında “Kayseri Erciyesspor”da keçirəcəm. Gənc olduğum üçün daimi oynaya biləcək bir kluba keçməyi düşünürdüm. Bu səbəbdən Kayseri təmsilçisindən təklif aldıqdan sonra düşünmədən qəbul etdim. Qarşıdakı bir il ərzində daha çox təcrübə toplayıb özümü sübut etmək istəyirəm. Açığı, “Sivasspor”da da qala bilərdim, lakin gələcəyi düşündüyüm üçün bu addımı atdım. Bir il ərzində Bank Asiya 1-ci liqada özümü doğruldub yenidən Superliqaya qayıtmaq istəyirəm.

– Bir müddətdən sonra DÇ-2014-ün seçmə mərhələsinin oyunları start götürəcək…

– Bəli, dediyiniz kimi iki aydan sonra DÇ-2014-ün seçmə mərhələ oyunları başlayacaq. Millimiz qarşıdakı görüşlərə ən yaxşı şəkildə hazırlanır. Seçmə mərhələ oyunlarında özümüzü yaxşı tərəfdən göstərib daha çox xallar qazanmalıyıq. Qarşıda bizi Bəhreyn yığması ilə yoxlama oyunu gözləyir. Bu, seçmə mərhələ oyunları öncəsi son sınağımız olacaq. Doğma azarkeşlərimiz qarşısında Bəhreynlə keçiriləcək bu görüşdən mütləq qələbə ilə ayrılacağıq.

– 2:2 hesablı bərabərliklə başa çatan “Kayseri Erciyesspor”- “Sumqayıt” oyunu haqqında nə deyə bilərsən?

– Əvvəlcə qeyd edim ki, “Kayseri Erciyesspor”un təlim-məşq bazasına toplaşan azarkeşlər maraqlı oyuna şahidlik etdi. Qarşılaşma bir az sərt məcrada keçsə də, hər iki komanda meydanda əllərindən gələni etdi. “Sumqayıt”la oyun bizim hazırlıq dövründəki ilk matçımız idi. Bəzi çatışmamazlıqlarımız var, amma tez bir zamanda bunları aradan qaldıracağımıza inanırıq.

– “Sumqayıt” Futbol Klubu haqqında təəssüratların…

– İlk dəfə idi ki, Azərbaycan klubuna qarşı çıxış edirdim. Açığı, “Sumqayıt” Futbol Klubundan bu cür oyun gözləmirdim. Olduqca yaxşı təsir bağışladılar. Heyətin əksəriyyəti gənclərdən təşkil olunub. Orxan Əliyev, Uğur Pamuk kimi futbolçular “Sumqayıt”ı daha üst pillələrə daşıyacaq. Klubunuza qarşıdakı Premyer Liqa oyunlarında uğurlar arzulayıram.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər