Çörəyin qiyməti dəyişəcəkmi?

1027

Taxılın qiyməti aşağı düşübsə, bəs çörəyin qiymətinin enməsinə nə mane olur? Bir müddət öncə kənd təsərrüfatı naziri İsmət Abbasov ölkədə çörəyin qiymətinin aşağı salınmasının mümkün olduğunu açıqladı. Nazir fikrini onunla arqumentləşdirdi ki, ölkədə istehsal olunan buğdanın qiyməti iki dəfəyə qədər ucuzlaşıb. Artıq bu açıqlamadan iki həftəyə yaxın vaxt keçsə də bazarda heç bir reaksiya hiss olunmadı – çörəyin qiyməti eynən əvvəlki kimi qaldı. Xatırlatmaq yerinə düşər ki, nazir əvvəllər də bu məzmunlu bəyanatlar səsləndirib, lakin bu bəyanatlar həmin vaxtlarda da qiymətlərə təsir edə bilməyib. Bəs taxılın qiymətinin iki dəfəyə qədər ucuzlaşması fonunda çörəyin qiymətinin dəyişməməsi – ucuzlaşmaması nə ilə əlaqədardır? Sumqayıt Çörək Zavodunun direktoru Əlfüqar Qasımov hesab edir ki, çörəyin qiymətinin aşağı düşməməsinin bir sıra obyektiv səbəbləri var. Direktorun sözlərinə görə, bu məsələdə birinci amil unun qiymətidir ki, onun da qiyməti demək olar ki, son aylar ərzində dəyişməyib. “Açığı, yerli taxılın keyfiyyəti o qədər də yüksək deyil. Taxılın yığım və satış mövsümü artıq bitib, unun qiyməti isə dəyişməzdir. Unun qiyməti ona görə düşmür ki, yerli taxıldan istifadə faizi aşağıdır. Məsələn, bizim zavod Rusiyadan alınmış taxıldan hazırlanan undan istifadə edir ” – deyə Ə.Qasımov vurğulayır. Qeyd edək ki, hazırda çörək zavodunun satışa çıxardığı çörəyin qiyməti 35 qəpikdir. Sex çörəklərinin dəyəri isə 30 qəpiyə bərabərdir. Sumqayıtda çörək istehsalı ilə məşğul olan bir neçə sex var. Bu sexlərdə də hesab edirlər ki, çörəyin qiymətinin aşağı düşməməsi məhz unun qiymətinin aşağı salınmaması ilə bağlıdır. Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən çörək sexinin direktoru Həsən Qurbanov deyir ki, dəyirman unu ucuzlaşmalıdır ki, çörəyin qiyməti də düşsün: “Bunun səbəbini un dəyirmanlarından soruşun, çörəyin qiyməti unun qiymətindən asılıdır”. 168 saat

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər