D vitamini koronavirusdan qoruyur? – Azərbaycanlı alim AÇIQLADI

558

D vitamininin koronavirus xəstəliyinin müalicəsində istifadəsinin effektliyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

AlmaniyaAzərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev “Report”a müsahibəsində D vitamininin istifadəsi zamanı xüsusi diqqət edilməli məqamları açıqlayıb.

O xatırladıb ki, hazırda koronavirusun əleyhinə birbaşa dərman preparatının və peyvəndin mövcud olmadığına görə immunitetin gücləndirilməsi zərurəti yaranır: “Bu səbəbdən bəzən insanlara müalicə metodu kimi immuniteti gücləndirən dərmanlar və hətta müxtəlif vitaminlər tövsiyə olunur. Bəzi elmi tədqiqatlarda hələ soyuqdəymə kimi qiymətləndirilən xəstəliklərin illik sayının D vitaminin qəbulundan sonra aşağı düşdüyünün şahidi oluruq. Amma təbii ki, bu hal xüsusilə D vitamini çatışmazlığından ciddi əziyyət çəkənlərdə rast gəlinib. Buna görə də D vitamini çatışmazlığı olmayan şəxslərə bu vitaminin ümumiyyətlə qidaya əlavə olaraq qəbulu da tövsiyə olunmur”.

Azərbaycanlı alim bildirib ki, yüngül vitamin D çatışmazlığı normal Günəş şüaları altında qaldıqdan və düzgün qidalanmadan sonra da normaya düşə bilər: “Vitamin D çatışmazlığı olmayan insanlar isə onun əlavə qəbulundan faydalanmırlar, əksinə bunun orqanizmə mənfi təsirləri ilə rastlaşa bilərlər. Vitamin D çatışmazlığından əziyyət çəkən insanların əksəriyyəti, adətən, yaşlı və xüsusi qayğıya ehtiyacı olan, eyni zamanda xroniki xəstəliyi olan yaşlı insanlardır. Onların da gündəlik Günəş şüası alması çox çətin olur və bu səbəbdən onlarda D vitaminin qəbulu məsləhət olunandır”.

“Konkret olaraq isə COVID-19 barədə deyə bilərik ki, artıq bir neçə ciddi risk faktorları elmə məlum olsa da, vitamin çatışmazlığı bu risk faktorları içərisinə hələ ki, daxil deyil. Təbii ki, risk faktorlarına malik olan xəstələr içərisində vitamin D çatışmazlığı olan xəstələr ola bilər, amma elmi olaraq artıq sübut edilib ki, bu çatışmazlıq birbaşa xəstəliyin ağır keçməsinə və ya ölümə səbəb olan faktor deyil. Eyni zamanda, elmi olaraq təsdiq edilib ki, vitamin D-nin uşaqlarda da ağciyərin iltihabı zamanı heç bir köməyi yoxdur”, N.Abdullayev bildirib.

Tibb elmləri doktoru hesab edir ki, ev şəraitində müalicə alan xəstələrin müalicəsində sadaladıqları nəzərə alınmalıdır: “Məhz bu elmi faktlar nəzərə alınmalı və xəstələrin müalicəsində effektli nəticənin əldə olunması üçün bu kimi məsələlərə riayət olunmalıdır. Ola bilər ki, bəzi ölkələrdə günəşli günlərin sayının çox az olmağına görə xəstələrə vitamin D qəbulu məsləhət görülsün. Amma bu, o demək deyil ki, sözügedən vitamin insanları COVID-19 xəstəliyindən qoruyur və ya günəşli günlərlə bol olan Azərbaycanda da tətbiq edilə bilər. Çünki həkimlər yaxşı bilirlər ki, hipervitaminoz D, yəni D vitamininin çoxluğu onun azlığından təhlükəli ola bilər. Bu da çox ağır nəticələr verə bilər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər