Dığalar qabağa gedir, siz üstünüzü bərk örtün, xəstələnərsiniz, ev uşaqları

1068

Səhv etmirəmsə, 2011-ci il idi. Makedoniya millisi yoxlama görüşü üçün Bakıda qonaq idi. Yaxşı yadımdadır, AFFA-nın Azərbaycan futboluna “bəxş etdiyi” “Dalğa Arena”da rəqibə 0:1 hesabıyla uduzduq. Qolu da o zaman “İnter”in şərəfini qoruyan Qoran Pandev vurmuşdu. O vaxtı Foqts və futbolçular yenə ənənəvi bəhanələr gətirərək, məğlubiyyətə don geyindirmişdilər. Halbuki, bizimlə oyundan sonra ermənilər də makedonlarla oynamışdı və maraq üçün həmin oyunun fraqmentlərini də izləmilşdim. Əslində qolları izləyən dost-tanış düşmənlərimizin rəqibi necə məyus etməsindən danışmışdılar. Özüm də gözümlə görəndən sonra reallığı növbəti dəfə qəbul etdim. Ermənilər bizim “Dalğa Arena”da bacarmadığımız Makedoniya millisini yıxıb sürüdülər. Həmin vaxt bu haqda bir yazı yazmışdım və bizim evdə oturub 5 manatla kifayətlənən, altına bahalı maşın qoyub özünü futbolçu sayan, xaricdə oynamaqdan qorxan oyunçuluramıza heç olmasa, Mxitaryanın qolunu izləməyi məsləhət görmüşdüm. Düzü, inanmıram ki, o qolu izlədikdən sonra da bizimkilərin simasında xəcalət hiss olsun amma yenə də məsləhət idi də vermişdim.

Ondan sonra “Xəcalət hissi olmayanlara, xəcalət dərsi” başlılıq bir yazı da yazmışdım. Orada yenə eyni mövzuya toxunmuşdum və hətta Donetskdə “Şaxtoy”un matçını izləyərkən tribunalara toplaşan 55 min azarkeşin erməni Mixtaryanın qolunu necə ayaq üstü alqışladığını, mənim isə utandığımdan başımı aşağı saldığımı qeyd etmişdim. Bugün bizi o erməni dığalarının yanında başıaşağı eləyən sizlərsiniz ey 5 manata görə hər şeyə tüpürüb isti evdə yorğanı qucaqlayan mənim Azərbaycan millimin oyunçuları. Bəli, futbolçu ifadəsini bilərəkdən yazmadım çünki siz futbolçu yox, elə oyunçusunuz. Futboldan başqa bütün oyunlardan çıxmağı bacaran oyunçular.

Nə isə, sözüm onda deyil. Niyə yenidən bu mövzuya qayıtdığımı da açıqlamaq istəyirəm. Ötən gün eşidirəm ki, daha bir erməni dığası Yuri Movsesiyan 7, 5 milyon dollar qarşılığında “Kuban”dan Moskva “Spartak”ına keçdi. Necə deyərlər, Mixtaryanların arxası gəlir. Bəzən bizim bəzi ağzıgöyçəklər deyir ki, ermənilər ona görə Avropaya gedir ki, Ermənistan çempionatının səviyyəsi çox aşağıdır, erməni klublarının maddi durumu çox aşağıdır, Ermənistan futbolunda pul yoxdur filan və ona görə də ermənilər ölkə xaricinə can atırlar. Gözünüzün içinə kimi yalan danışırsınız. Mixtaryan “Şaxtyor”a Donetskin başqa təmsilçisi olan “Metallurq”dan gəlmişdi. “Metallurq”da oynayanlar acından ölür? Hələ siz gedin görüm “Metallurq” kimi komandaya düşə bilirsiniz? Yaxud, “Kuban” zəif klubdur? Əgər ermənilər pul üçün xaricə qaçırlarsa onda Mixtaryan “Metallurq”dan, Movsevsiyan isə “Kuban”dan qırağa çıxmazdı da. Amma biri bugün “Şaxtyor”un, aparıcı futbolçusudur, digəri isə Rusiya nəhəngi “Spartak”a böyük ümidlərlə transfer olunub. Deməli, heç də hər şey siz düşündüyünüz kimi deyil. Ermənilər sizdən fərqli pulu yox, karyeranı düşünür. Erməni mənim düşmənimdir, 20 faiz torpağımıişğal edib, ömrümün sonuna qədər də düşənim olaraq qalacaq. Amma bugün nə qədər acı olsa da biz bu reallıqları qəbul etməliyik.

Yuxarıda haqqında bəhs etdiyim yazılarımın üstündən artıq iki vaxt keçib. Dediyim kimi, Avropanın güclü çempionatlarında oynayan dığaların sayı günü-gündən artır. Bəs bizdə nə dəyişib? Heç nə. Yenə elə köhnə hamam, köhnə tas. Kamran Ağayev əvvəl deyirdi ki, 25 yaşım olsun mütləq ölkə xaricinə çıxacam. Artıq 27 yaşı var hələ də oturub burda lülə qurudur ki, “Neftçi”yə keçim “Bakı”ya keçim yoxsa “Qəbələ”yə. Amma adamın üstündə ALLAH var Movsesiyan “Kuban”da öz üzərində işləyib “Spartak”da oynayacaq səviyyəyə çatana kimi, Kamran da burda boş oturmayıb, yaxşı meyxana demək öyrənib.

Rauf Əliyev hərrac açıb qiymətini qaldırır axırda da ya “Xəzər Lənkəran”a, ya “Bakı”ya ya da “Qəbələ”yə keçib yenə gününü Azərbaycanda keçirəcək. Ruslan Abışovun “Rubin”ə keçəcəyini gözləsək də sonda məlum olub heç onun da heç hara getmək fikri yoxdur və hətta Birləşmiş Ərəb Əmirliyindən mesaj da göndərib ki, “niyə jurnalistlər məni “Rubin”ə göndərir, xəbərləri oxuyub təəssüfləndim axı, mən heç hara getmirəm “Xəzər Lənkəran”ın oyunçusuyam”. Başqa kimi deyim e, Vüqar Nadirov deyir ki, “Qarabağ” mənim üçün “Barselona”dır burdan ayrıla bilmərəm. Vaqif Cavadov da “Voqla!”dan qaçdı gəldi ki, xeyir ola, Vüqar “Qarabağ”da oynaya bilir, mən yox? Rəşad Sadıqov, Mahir Şükürov artıq 30-u keçdi və yəqin ki, legioner həyatı onlar üçün bağlandı.

Amit Quluzadə heç Türkiyənin birinci liqasında da möhkəmlənə bilmədi indi gəlib “Qəbələ”nin qapısında yatıb ki, bəlkə Ramiz Məmmədovun ürəyinə insaf gələ, onu komandaya götürə. Cavid Hüseynov da Türkiyə birinci liqasından çalışıb Super Liqa klublarından birinə keçmək əvəzinə hər gün ordan ultimatum göndərir ki, Azərbaycanda ilinə 180 min verən klub tapın qayıdım gəlim Azərbaycana. Elə “Dənizlispor”da oynayan Rail Məlikov da onun kimi, himə bəndir ki, qaça gələ Azərbaycana.

Sual verirəm sizə ay azərbaycanlı futbolçular, niyə axı ermənilər gedib Avropada oynaya bilir, bütün çətinliklərə qatlaşır, amma siz yox? Bahalı maşınlarda şəhərə çıxıb “risovkalıq” etmək, barda “qız tutmaq” kimi çürük təfəkkürlə siz elə maksimum Azərbaycan çempionu olacaqsınız. Hələ utanmadan çıxıb “çalışacağıq növbəti oyunda azarkeşlərimizi sevindirək” deyirlər.

Bilmirəm, bununla özlərini ələ salırlar , ya bizi, amma yuxarıda Movsesiyanın transfer qiymətini elə belə qeyd etmədim. 7, 5 milyon dollar bilirsiniz nə deməkdir? Sizin, yəni Azərbaycan millisinin bütün üzvlərinin qiymətindən iki dəfə çoxdur. Belə çıxır ki, sizin futbolçu kimi dəyəriniz bir erməni dığasının yarısına da dəymir. Sizin yerinizə biz utanırıq. Heç olmasa,bir az da siz utanın. Əgər utanan sifətiniz varsa.

 Anar Xanlarov , sportinfo.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər