Dollar, avro, yoxsa qızıl?

1032

Avropa Birliyi (AB) ölkələrinin borc problemi və ABŞ-ın kredit reytinqinin son 94 ildə ilk dəfə azaldılması bütün dünyada böyük bir panikaya səbəb oldu. İnvestorlar riskli aktivlərdən imtina etməyə başladılar. Sadə insanlar yeni böhran dalğası ilə bağlı xəbərləri təşvişlə izlədilər. İndekslər azaldı, qiymətli kağızlar dəyərini itirdi, dollar ucuzlaşdı, qızıl bahalaşdı. Gözlər bir anda yapon ieninə və isveçrə frankına çevrildi. 3 trilyon dollarlıq valyuta rezervi olan və ABŞ-ın 1.2 trilyon dollar borclu olduğu Çin kəskin eniş-çıxışlar yaşayan avronun dollar qarşısında mümkün bir alternativ kimi stabil gələcəyində maraqlı olduğunu bir daha elan etdi. ABŞ böhrandan “çıxış yolu”nu onun kredit reytinqini “AAA” səviyyəsindən “AA+” səviyyəsinə düşürən Standart & Poor’s barədə daxili (insayder) məlumatı əldə etmək iddiası ilə təhqiqat başlamaqda və faiz dərəcələrinə iki il toxunmamaqda gördü. AB-də isə “avroistiqrazlar”ın (eurobond) buraxılışı, bəzi ölkələrin avrozonadan çıxarılması və “vahid federal büdcə” ilə bağlı debatlar başladı. Düzdür, AB üçün təkliflər də okeanın o tayından gəldi. Ancaq hələlik AB-nin ən böyük iqtisadiyyatına malik olan Almaniya bu təkliflərə isti yanaşmır. Çünki hətta mərkəzləşmiş borclanma alətləri tətbiq edilsə belə yenədə ən böyük risk sahibi Almaniya olacaq. Bu arada Avropa Mərkəzi Bankı yenidən üzv ölkələrdən istiqrazların alışına başlayaraq onlara likvid dəstək verməkdə davam edir.
İndi isə bir qədər bu təlatümlərin səbəbləri barədə. Birincisi nəzərə almaq lazımdır ki, həm ABŞ-da, həm də AB-də iqtisadi artım templərinin daha da səngiyəcəyi ilə bağlı proqnozlar fond birjalarına və valyuta məzənnələrinə neqativ təsir göstərir. Yəni iqtsadi tsikl özü-özlüyündə azalma fazasındadır. 2008-ci ilin maliyyə böhranının fiskal balansa vurduğu yaralar da hələ çox təzədir.
İkincisi, spekulyativ kapitalın ciddi şəkildə nəzarətsizliyi və törəmə maliyyə alətləri dövriyyəsinin getdikcə “şişməsi” hökm sürür. İş o yerə gəlib çatıb ki, fond indeksləri azalanda və hətta şirkətlər defolta uğrayanda belə (“credit default swaps” adlanan törəmə maliyyə aləti vasitəsilə) bundan kimlərsə külli miqdarda pul qazanır. ABŞ-da aparıcı indekslər və səhmlər dəyərdən düşən kimi Warren Buffett kimi maliyyə bazarlarının “qoca qurd”ları sanki bir mərkəzdən siqnal alıblarmış kimi böyük alış əməliyyatları keçirdilər. Eyni ilə həmin spekulyativ kapital valyuta bazarlarında (forex) gündəlik olaraq ən azı 4 trilyon dollardır.
Üçüncüsü, bu günlərdə Yunanıstan və Portuqaliya kimi ölkələrin avrozonadan kənar-laşdırılması ciddi müzakirə edilir. Burada bir məsələ unudulur. Avronun formalaşmasının iqtisadi və hüquqi əsaslarını təsbit edən və hələ 1992-ci ildə təsdiq edilən “Maastrixt meyarları”na əsasən avrozona ölkələrində borc limiti ölkələrin Ümumi Daxili Məhsulunun (ÜDM) 60%-i həddində, büdcə kəsiri isə ÜDM-in 3%-i həddində limitləşdirilməli idi. Yunanıstan başda olmaqla indi avronun gələcəyi üçün ciddi problemlər ortaya çıxaran bir sıra ölkələr bu tələblərə cavab vermədiyi halda nə üçün buna göz yumularaq onlar avrozonaya qəbul edildilər? Burada yenə də, qrup maraqlarından qaynaqlanan sui-istifadə və zəif idarəçilik amilləri önə çıxır.
Fond birjalarında qiymətli kağızlar və aparıcı valyuta cütlükləri dəyərdən düşəndə və qlobal iqtisadi böhran əlamətləri hiss olunanda dünyada enerji daşyıcılarına tələbatın nisbi azalması və spekulyativ kapitalın çəkilməsi səbəbindən neftin qiymətləri də bir qayda olaraq ucuzlaşmağa başlayır. 2011-ci ilin 3-cü rübündə Nyu-York Əmtəə Birjasında 1 barrel xam neftin ortalama qiymətinin 93$ olacağı proqnozlaşdırılır. Avrozonada və ABŞ-da yaşananlar investorların üzünü yenidən qızıla çevirdi və onun qiyməti 1800$-ı keçərək tarixi rekorda imza atıldı.
İndi isə əlində müəyyən qədər pul vəsaiti olan vətəndaşlar və investorlar üçün bəzi məlumatlar və praktik tövsiyyələr:
1) Qısa müddətdə valyuta məzənnələrinin necə dəyişməsindən asılı olmayaraq yığımlarınızı və depozitlərinizi bir valyuta növündə saxlamaqdan uzaq olmaq lazımdır. Əgər yığımlarınız əsasən dollardadırsa bilməlisiniz ki, başına nə gəlsə də, hələlik dolların mövcud miqyasda (buna “valyuta domeni” də deyilir) və etibarlılıqda alternativi olan başqa bir valyuta yoxdur. Buradaca onu qeyd edək ki, miqyas problemi olsa da, etibarlılıq baxımından isveçrə frankı da diqqətə layiqdir.
Azərbaycanda dollar-manat münasibətləri heç də həmişə dünya valyuta bazarlarında baş verənlərə uyğun olaraq dəyişmir. Zatən Mərkəzi Bankın müdaxiləsi və “neft dollarları” manatı baha saxlamağa tam imkan verir. Dollar bir il əvvəlki 0.8038 qəpik səviyyəsindən hal-hazırdaki 0.7865 qəpik həddinə qədər, yəni 2.2% ucuzlaşıb. Dünya valyuta bazarlarında baş verənlərdən asılı olmayaraq bu ucuzlaşma önümüzdəki bir neçə ildə də davam edəcək. Təqribən, 1 dollar üçün 0.75 həddinə qədər. Dolayısı ilə əlinizdəki sərbəst valyuta 1000$ -10.000$ intervalındadırsa onun mühüm bir hissəsini manatda saxlamaq olar. 1000$-dan daha az vəsaiti olanlar isə dollardan “canlarını qurtarmağa” tələsməməlidirlər. Yox əgər vəsaitiniz 10.000$-dan çoxdursa bu halda sizin üçün alternativlər daha çoxdur – daşınmaz əmlakdan tutmuş bu günlərdə dəyərini müvəqqəti itirən xarici şirşətlərin qiymətli kağızlarına qədər…
2) Avro dollar qarşısında zaman-zaman bahalaşsa da, onun problemləri daha ciddidir. Çünki ən azından bir ölkənin deyil, mürəkkəb qarşılıqlı münasibətlərə malik olan dövlətlər birliyinin valyutasıdır. Son bir neçə ayda dollara qarşı həddən artıq dəyişkənlik göstərsə də (“1 avro = 1.40$ – 1.48$” intervalında), avro manata qarşı son bir ildə ən azı 9% bahalaşaraq “1 avro = 1.13 manat” səviyyəsinə yüksəlib. Bu cəlbediciliyinə baxmayaraq avro tam etibarlı valyuta hesab edilməməlidir və onun mümkün dəyişiklikləri dollardan daha kəskin olur. Buna görə də, 1000 avrodan artıq vəsaiti uzun müddət bu valyutada saxlayanlar böyük riskə girdiklərini bilməlidirlər…
3) Qiyməti son dönəm durmadan xeyli bahalaşaraq “iştah qabardan” qızıla pul qoymaq istəyənlər bilməlidirlər ki, bu addım yalnız orta və uzun müddətli dövrdə mənfəətlidir. Bunun da iki səbəbi var: (i) Qızılın dünya bazarında qiyməti adətən hər bir güclü təkandan sonra bir müddət durğunluq və ya müvəqqəti eniş yaşayır. Ehtimal var ki, 1 unsiya (“1 troya unsiyası = 31.1 qram”) qızılın qiyməti hazırki 1700-1800$ həddində hələ bir müddət qalsın və ya tədricən azalma baş versin. Ancaq investorun bir ildən çox gözləmək səbri və imkanı varsa bilinməlidir ki, daşınmaz əmlakda olduğu kimi qızılda da uzunmüddətli dövrdə qiymətlər birmənalı olaraq artır. Burada ciddi itgidən söhbət gedə bilməz. (ii) Siravi vətəndaşlar adətən zinət əşyası formasında qızıl almağa maraqlı olurlar. Halbuki belə olan halda zinət əşyası formasındakı qızılın bir sənət dəyəri də olduğundan baha başa gəlir. Satmaq istədkdə isə adətən Bakıda həmin əşyaları sadəcə qızıl metal kimi doğrayıb bazar dəyərindən qat-qat ucuz alırlar. Buna görə də, işin içindən mənfəətli çıxmaq üçün bir neçə il gözləmək tələb olunur. Bu baxımdan külçə qızıla sərmayə qoymaq daha səmərəlidir (məsələn, Credit Suisse 999.9). Qızıla peşəkarcasına və daha az riskə girərək sərmayə qoymaq istəyənlər dünya bazarlarında qızılın qiymət trendini və qlobal qızıl hasilatının dinamikasını da izləsələr faydalı olar…
Dolayısı ilə “Dollar, avro, yoxsa qızıl?” sualı üzərində baş sındıran investora mənim qısa cavabım belə olardı: “Hər üçü və heç biri”…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər