Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuraları yaradılır – FƏRMAN

202

Prezident İlham Əliyev “Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında fərman” imzalayıb.

Fərmanda qeyd olunur ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmada şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə qərara alınır:

1. Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuraları yaradılsın.

2. “Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki:

3.1. “dövlətə məxsus olan hüquqi şəxs” dedikdə:

3.1.1. paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyəti, məhdud məsuliyyətli cəmiyyət və digər təşkilati-hüquqi formada fəaliyyət göstərən kommersiya hüquqi şəxsi;

3.1.2. dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsi və publik hüquqi şəxs nəzərdə tutulur;

3.2. bu Fərmanın 1-ci hissəsi dövlətə məxsus olan hüquqi şəxslərin özlərinin, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki hüquqi şəxslərə şamil edilmir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası bu Fərmandan irəli gələn məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər