Dünən “teatrlar açılsın” deyib dad döyənlər: Sumqayıt teatrında vəziyyət necədir?

721
Düz il yarımdan sonra – oktyabr ayının 1-dən etibarən COVID-19 pandemiyasına görə qoyulan xüsusi karantin qaydalarının ən çox təsir etdiyi sahələrdən biri – teatrların fəaliyyəti bərpa edildi. Teatrların açılmasına ümumi tutumun 50 faizdən çox olmaması şərtilə icazə verildi. Tamaşaya baxmaqdan zövq almaq istəyən vətəndaşın isə mütləq şəkildə COVID-19 pasportu və ya COVID-19 infeksiyası əleyhinə peyvəndə əks göstəriş sertifikatı olmalıdır.
Dünənə qədər “teatrlar açılsın” deyib dad döyənlər – aktyor və tamaşaçılarımız, görəsən, qadağa götürüləndən sonra istəklərini hansı səviyyədə gerçəkləşdirə bilirlər? Aktyorlar formadadırlarmı? Tamaşaçıların teatr şövqü necədir? Teatrlara gələn varmı? Yoxsa elə hər şey sosial şəbəkələrdə özünü teatr fədaisi göstərmək üçün idi?
Sumqayitxeber.com xəbər verir ki, “Kaspi” qəzetinin əməkdaşları mövzu ilə bağlı araşdırma aparıblar.
Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov deyir ki, formadan düşməmək üçün bütün pandemiya dövrünü boş oturmadıq. İmkan və şərait düşdükcə pandemiya qaydalarına uyğun şəkildə, sosial məsafə saxlamaqla məşqləri davam etdirdik:

Dünən “teatrlar açılsın” deyib dad döyənlər: Sumqayıt teatrında vəziyyət necədir?

“Nə ruhdan düşdük, nə formadan. Oktyabrın 16-da Sumqayıt Dövlət Dram Teatrında yeni mövsümün açılışı oldu. Teatrlar bağlanmamışdan planlaşdırdığımız tamaşanı – “Uşaqlıq” tamaşasını səhnəyə qoyduq. Qeyd edim ki, bu tamaşanı 2020-ci ilin martın 15-də ictimai baxışa vermişdik. Və elə həmin gündən də pandemiya elan olundu, təəssüf ki, tamaşa qaldı. Pandemiya dövründə ara-sıra görüşlərimizin nəticəsi idi ki, tamaşa cəmi 3-4 məşqdən sonra artıq səhnə üçün tam hazır oldu. Və biz heç bir çətinlik olmadan teatrı açıq elan etdik.
Yenilik kimi bu dəfə tamaşaçıları da səhnəyə dəvət etdik. Yəni aktyorlar tamaşaçıların iki addımlığında oynayırdılar. Bu, bir qədər çətin olsa da, çox maraqlı alındı. Yəni çalışdıq ki, formatda bir yenilik, bir dəyişiklik edək. Qoy onlar da səhnənin ab-havasını duya bilsinlər. Məncə, çox maraqlı da alındı. Tamaşaçıların mənəvi aclığı da dərhal hiss olunurdu. Və məni ən çox sevindirən bu oldu ki, nəzərdə tutulmuş saydan daha çox tamaşaçı axını gördük. Hətta yer olmadığına görə məyus olub gedənlər də çox oldu. Biz onları digər tamaşalarımıza gəlməyə dəvət etdik. İnanın ki, aktyorların da, tamaşaçıların da səhnə üçün darıxdıqları aşkar hiss olunurdu”.
Rejissor bildirdi ki, 44 günlük müharibənin şanlı zəfərinə həsr olunmuş “Missiya” adlı tamaşa da hazırlayıblar: “Noyabrın 6-da onu da səhnəyə qoyduq. Qazilərimizi, müharibə iştirakçılarını dəvət etdik.  Əsər 1992-ci ildə Şuşada şəhid olan ata, 2021-ci ildə Şuşa fatehi olan oğuldan bəhs edən qəhrəmanlıq dramıdır. Və çox pozitiv ruhludur. Düşünürəm ki, çox gözəl də tamaşa alınıb. Bundan başqa, hər gün 3-4 məşq gedir, əvvəlki repertuarımız yenilənir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər