Dünya çempionatının oyunlarında azarkeşlər Azərbaycan və Türkiyənin bayraqlarını dalğalandırıblar

1913

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı dünən başa çatmışdır. Rusiya mətbuatının verdiyi məlumatlara görə bu müddət ərzində ölkəni 3 milyondan artıq turist ziyarət edib. Onların böyük əksəriyyətini, təbii ki, azarkeşlər ordusu təşkil edir.

Qeyd edək ki, Azərbaycandan da yüzlərlə azarkeş mundialın oyunlarını izləmək üçün Rusiyaya yollanıblar. Misalçün dünya çempionatının 1/8 və 1/4  final mərhələsinin Braziliya-Meksika və Braziliya-Belçika  matçlarında onlarla azərbaycanlı futbol azarkeşi iştirak edib.

Qarşılaşmaları izləmək üçün azərbaycanlı futbolsevərlər Sumqayıtdan Samaraya gəliblər. Onları yerli Azərbaycan diasporu qarşılayıb və birlikdə stadiona gediblər. Soydaşlarımız oyundan əvvəl Braziliya və Meksika komandalarının fanatları ilə şəkil çəkdiriblər.

Azarkeşlər stadionda Azərbaycan və Türkiyənin milli bayraqlarını qaldırıblar.

Daha sonra həmyerlilərimiz Kazan şəhərinə yollanaraq Braziliya- Belçika matçını canlı izləyiblər.

Sumqayıtlı həmkarımız, “Məslək” qəzetinin redaktoru  Ucal Qasımov təəssüratlarını bölüşüb: ” Oyunlar gözəl, stadiondakı ab-hava möhtəşəm idi. Böyük futbol həvəskarı kimi, deyə bilərəm ki, Rusiyanın gözəl iki şəhəri- Samara və Kazanı ziyarət etmək, buradakı soydaşlarımızla ünsiyyətdə olmaq üstəlik də dünya çempionatının oyunlarını canlı izləmək xoşbəxtlikdir”.

Samara Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Şirvan Kərimov isə fikrini belə ifadə edib: “Bütün dünyadan, xüsusilə doğma Azərbaycanımızdan futbolsevərləri qəbul etmək bizim üçün şərəfdir. Biz tarixi Vətənimizdə keçirilən bütün idman tədbirlərini diqqətlə izləyirik. İki ildən sonra Bakı futbol üzrə Avropa çempionatının oyunlarını qəbul edəndə biz mütləq gəlib Azərbaycanı dəstəkləyəcəyik”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər