Dünya xalqımızın əzmini, ordumuzun qətiyyətini gördü

583

27 sentyabr 2020-ci il… O gün Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim mübarizəsinə qalxdı. O gün Silahlı Qüvvələrimiz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs döyüşə başladı.

Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutuldu.

27 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv oldu.

04, 05, 08, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 26 nəfər həlak oldu, 175 nəfər yaralandı, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.

Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak oldu, 112 nəfər yaralandı, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.

Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak oldu, 454 mülki vətəndaş yaralandı, ümumilikdə 12292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəydi, 1018 fermer təsərrüfatıüzrə zərər faktı aşkar edildi.

Ordumuzun Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın

9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayo­nun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.

Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Şuşanın azad edilməsi müharibədə ermənilərin məğlubiyyətini tanımasına səbəb olan həlledici bir döyüş oldu. Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə Bəyanat qəbul etdilər. Azərbaycan Vətən müharibəsini Qələbə ilə bitirdi.

Nəhayət, Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 illik işğala son qoyuldu, ərazilərimiz azad edildi.

2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi və orada Şuşa şəhərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalından azad olunduğunu elan etdi. Noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir yaşayış məntəqəsini və 8 strateji yüksəkliyi işğaldan azad etdi. Beləliklə, döyüşəməliyyatları zamanı azad edilmiş yaşayış məntəqələrinin sayı 300-əçatdı.

Bəli, qədim yurd yerimiz Şuşanın xilası ilə tam qələbəmizə yol açıldı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircəəmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduq­larını döyüşdə sübuta yetirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə qürurumuzu özümüzə qaytardı.

Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli Sərəncamları ilə sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü, noyabrın 8-i Zəfər Günü kimi təsis edildi.

Cənab Prezident bu 44 gündə həm hərbi, həm siyasi, həm diplomatik, həm informasiya, həm də təbliğat cəbhəsində mübarizə apardı, öz dövlətinin və xalqının maraqlarını ləyaqətlə qorudu və təmin etdi. Həmişə inamlı, cəsarətli danışdı, bir dəfə də olsun təmkinini pozmadı, yüksək intellekt, dərin bilik və diplomatik peşəkarlıq nümayiş etdirdi. Azərbaycanı bir daha dünyaya tanıtdı, hər kəsə dəöz yerini göstərdi. Cənab Prezidentin qələbə müjdəli çıxışları xalqı və ordunu ruhlandırdı, inamını artırdı, birliyini möhkəmləndirdi.

“Azərbaycan dünyaya günəş kimi doğacaq!”, söyləyərək bəşəriyyətə səslənən dahi Heydər Əliyev ölkəmizin xoşbəxt gələcəyinə inanır və yaxın gələcəkdəərazi bütövlüyümüzün bərpa olunacağına böyük ümid bəsləyirdi. Ona görə də nəticə etibarı ilə Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər bu gün ulu öndərin vəsiyyətinə ləyaqətlə əməl etmiş cənab İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev ideologiyasina söykənir.

Şanlı tariximizin unudulmaz səhifəsi olan 8 noyabr günündə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətini xatırlatmaq istərdik. Xalqımıza Şuşanın işğaldan azad edilməsi müjdəsini verən cənab Prezident dedi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında başəydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri xalqımızın televiziyanı sevinc göz yaşları ilə izləməsi oldu.

Zəfərin qazanılması nəticə etibarı ilə Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü, milli və konseptual siyasətinin nəticəsidir. Azərbaycan və Türkiyə prezidentlərinin qardaşlıq münasibətləri isə iki ölkənin bir-birinə dəstəyini gücləndirdi. Türkiyənin siyasi cəhətdən Azərbaycanı dəstəkləməsi müharibənin gedişatına mühüm təsir göstərdi. Prezident İlham Əliyevin Türkiyə telekanallarına verdiyi tarixi müsahibələr Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynadı. Dövlətimizin başçısıöz çıxışlarında Türkiyənin qardaşlıq dəstəyini daim xüsusi qeyd edir. Prezident İlham Əliyevin Pakistanla qurduğu siyasi əlaqələr bu qardaş dövlətin də siyasi dəstəyinin güclü olmasına gətirib çıxardı. Ölkəmizin xarici siyasətindəki uğurlu istiqamətlərdən biri də Qoşulmama Hərəkatı təşkilatının işində fəal iştirakı, bu təşkilata üzv ölkələrlə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasıdır. Beləliklə, Vətən müharibəsi zamanı bu ölkələrin göstərdiyi prinsipial mövqe sayəsində BMT Təhlükəsizlik Şurası tərəfindən ölkəmizin maraqlarına zidd bir qərar qəbul edilməsinin qarşısı alındı.

Ölkə rəhbəri öz çıxışında Qarabağ probleminin danışıqlar yolu ilə həlli mərhələlərindəüzləşdiyi təzyiq və təpkilərə baxmayaraq heç zaman güzəştə getmədiyini bildirmiş və ATƏT-in Minsk qrupunun fəaliyyətinə qiymət vermişdir: “…2003-cü ildə Prezident seçiləndən sonra demişdim ki, artıq nə danışılıb, qalsın kənarda. Mən bunu tanımıram. Sıfırdan başlamalıyıq danışıqlara, sıfırdan. Bütün təzyiqlərə baxmayaraq, buna nail oldum. Məhz bunun nəticəsində Madrid prinsipləri ortalığa çıxdı. Bəli, Madrid prinsipləri bizi tam qane etmirdi. Mən bunu gizlətmirəm. Ancaq Madrid prinsiplərinin əsasında bizim torpaqlarımızın azad edilməsi nəzərdə tutulurdu. Mən dəfələrlə demişdim ki, heç vaxt ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb, olmayacaq və həyat bunu təsdiqlədi. Mənim o vaxt danışıqların uğurla başa çatmasına inamım var idi. Çünki mən bu vəzifəyə təzə seçilmişdim, hələ böyük siyasətin, riyakarlığın nə dərəcədə geniş vüsət almasından xəbərsiz idim…Sonra anladım ki, bütün bu illər ərzində bizi aldatmağa çalışmışlar. Məsələni həll etmək yox, dondurmaq istəmişdilər. Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar bu torpaqları erməni tapdağının altında daim saxlamaq istəmişdilər…”

Həqiqətən də, cəmi 44 gün davam edən döyüşlər ordumuzun əldə etdiyi tarixi Qələbənin heç də təsadüfi olmadığına, ölkə rəhbərliyinin həyata keçirdiyi inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi olduğuna sübutdur. Bu müddət ərzində Azərbaycanın Silahlı Qüvvələri müasir standartlar səviyyəsinə çıxaraq dünyanın 50 ən güclü orduları sırasına daxil olmasına müvəffəq olub.

Bu qələbə ilə cənab İlham Əliyev Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılacaq sətirlərin müəllifi oldu və öz adını da tarixəəbədi yazdı.

Ali Baş Komandanın ən sadiq silahdaşı olan respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq birliyəçatdırılması ilə bağlı vətənpərvər çağırışları hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etdi. Cəbhədə döyüşən igid əsgərlərimizə duaları ilə, yaralılarımıza, həlak olan günahsız dinc insanlarımızın ağrı-acısına şərik olaraq bir ana, bacı kimi doğma və qayğılı münasibəti ilə Birinci vitse-prezident xalqımıza təsəlli oldu.

Qürurvericidir ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində ikinci Qarabağ müharibəsindəki əməliyyatlarımız təhlil olunur, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr “Dəmir yumruq” əməliyyatının bütün incəliklərini öyrənirlər, öz ordularını Azərbaycanda tətbiq edilən müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər.

Beləliklə, cənab İlham Əliyevin dövlətin sükanı arxasında durduğu son illər ərzində ölkəmizin hərtərəfli islahatlar kursu ilə sürətli inkişafı, daim yüksələn beynəlxalq nüfuzu, ikinci Qarabağ müharibəsində böyük Qələbəni təmin edən ordu quruculuğu istiqamətində əldə olunmuş uğurlar, xalq-iqtidar həmrəyliyi, ordu-vətəndaş birliyi bugünkü Azərbaycanı səciyyələndirən tarixi nailiyyətlərdir.

İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər.

Eyni zamanda, xalqımız yüksək səviyyədə birlik nümayiş etdirdi. Necə deyərlər “el bir olsa dağ oynadar yerindən”. Ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımız, bütövlükdə isə xalqımızın həmrəyliyi nəticəsində qələbəçaldıq. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli vəəbədi Azərbaycan torpaqları olmuşdur, “Dəmir Yumruq” əməliyyatı göstərdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Bu gün Azərbaycan özünəməxsus quruculuq kursu ilə müasir şəhərsalma üsulları olan “ağıllışəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edir. Dədə-baba yurdunu sıfırdan inşa edir. Əsas məsələ ondan ibarətdir ki, bu işdə Azərbaycana heç kim dəstək olmur, dövlətimiz bütün bu işləri öz maddi imkanları hesabına görür. Bu çətinliyə bir başqa çətinlik dəəlavə olunur. Bu da Ermənistanın ərazilərimizdə basdırdığı çoxsaylı minalardır. Bu da azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında haqq və tarixi ədalət uğrunda aparılan mübarzədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Bu müharibədə vətənpərvər oğullarımız misilsiz qəhrəmanlıq göstərdilər, döyüşlər zamanı şəhidlərimiz, yaralananlarımız oldu. Belə ki, 2907 nəfər şəhidlik zirvəsinə ucaldı, 7 nəfər itkin düşdü, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsəşəhid statusu verildi.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək mərdlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş silahlı qüvvələrin hərbi qulluqçuları müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olundular.

Yeni təsis olunmuş – “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər”, “Qarabağ”, “Vətənə xidmətə görə” 1, 2 və 3-cü dərəcəli, “Rəşadət”, “Azərbaycan Bayrağı” ordenləri, habelə “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” kimi medallar Vətən müharibəsi iştirakçılarına və ya ölümündən sonra onların yaxınlarına təqdim edildi.

Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mərdlik göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Bu baxımdan, Sumqayıt şəhərində dəşəhid ailələri və müharibə iştirakçılarının qayğıları ilə müntəzəm olaraq maraqlanılır, onlarla fərdi görüşlər keçirilir və sosial qayğıları ilə yaxından tanış olunur, onlara xüsusi diqqət göstərilir.

Fərəh hissi keçiririk ki, İkinci Qarabağ müharibəsində qarış-qarış, kənd-kənd işğaldan azad edilən doğma Azərbaycan torpaqlarımızda uzun illərdən sonra yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, Azərbaycan Ordusunun, xalqımızın şücaəti  ilə qazanılan Zəfər tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

Vətən, torpaq yolunda canlarından keçən şəhidlərin əziz xatirəsi isəürəklərimizdə daim yaşayacaq!

Təranə Rəcəbli,

Sumqayıt Tibb Mərkəzi PHŞ-nin Direktor müavini, Sumqayıt

Perinatal Mərrkəzin rəhbəri, Əməkdar həkim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər