Dünyanı bürümüş koronavirus dedi-qoduları SARIMSAQ YEMƏKDƏN TUTMUŞ İSTİ SU İÇMƏYƏ QƏDƏR…

394

Koronavirus epidemiyası planetimizin daha çox yerinə yayıldıqca, ondan necə qorunmaqla bağlı məsləhətlərin də sayı artır. Ancaq onların heç də hamısı mütəxəssis rəyinə əsaslanmır və heç bir faydası yoxdur.

Bəs, mütəxəssislər nə deyir?

1. Sarımsaq

Sosial şəbəkə istifadəçilərinin çoxu virusa yoluxmanı önləmək üçün sarımsaq yeməyi məsləhət görür.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da antimikrob xüsusiyyətinə malik olan bu bitkini sağlam qida olaraq məsləhət görür, ancaq onun koronavirusdan müdafiə xüsusiyyətiylə bağlı hər hansı dəlil yoxdur.

Özü-özlüyündə sarımsaq təhlükəli deyil, bir şərtlə ki, ondan müalicə məqsədilə istifadə edənlər həkimlərin tövsiyyələrinə əməl etsinlər.

Ancaq sarımsağı, o cümlədən, digər “ənənəvi” profilaktika metodlarını tibbi müalicədən üstün tutmaq, ixtisaslaşmış mütəxəssislərin məsləhətlərinə əməl etməmək sağlamlıq üçün təhlükəli ola bilər. Meyvə və tərəvəzlər sağlamlıq üçün faydalı olsalar da, yeni virusa yoluxmanın qarşısını almaqda acizdirlər.

Sarımsaqdan hədsiz istifadə problemlər yarada bilər. Məsələn, “The South China Morning Post” nəşri yazır ki, 1,5 kq sarımsaq yemiş qadının boğazında iltihab əmələ gəlib və onu xəstəxanaya yerləşdirməli olublar.

2. “Sehrli əlavələr”

Məşhur “YouTube” blogeri Cordan Sazer iddia edir ki, “möcüzəli mineral əlavə” (MMS – “miracle mineral supplement”) koronavirusun qarşısını alır.

Bu əlavənin tərkibində xlor dioksidi var. Sazer və bir neçə başqa məşhur bloger “möcüzəli vasitəni” koronavirus epidemiyasından əvvəl də reklam ediblər. Hələ yanvar ayında Sazer özünün “Twitter” hesabında yazıb ki, “Xlor dioksidi (MMS) xərçəng hüceyrələrini məhv etmək üçün effektli vasitədir və o, koronavirusa yoluxmanın da qarşısını ala bilər”.

Ancaq ABŞ-ın Ərzaq Məhsuları və Dərmanlara Nəzarət İdarəsi (FDA) hələ ötən il xəbərdarlıq etmişdi ki, xlor dioksidinin təhlükəsizliyi və səmərəliliyi təsdiq olunmayıb – ondan istifadə ürəkbulanma, işləmə-qusma və orqanizmin böyük miqdarda su itkisiylə nəticələnə bilər. Bunu digər ölkələrin nəzarət xidmətləri də təsdiqləyiblər.

3. Əldəqayırma əl kremi

Dünyanın hər yerində insanlar əl üçün dezinfeksiya vasitələri almağa başlayıblar. Mağazaların çoxunda dezinfeksiyaedici gel qalmayıb, onu evdə hazırlamaq qaydası isə internetdə ən populyar mövzuya çevrilib.

Ancaq əldəqayırma gellərin çoxu insan dərisi üçün təhlükəlidir. Mağaza gelinin tərkibində həm spirt (60-70), həm də yumşaldıcı vasitələr olur, kustar üsulla gel hazırlayanlarsa məhlula heç də həmişə yumşaldıcı əlavə etmirlər.

Bəzi reseptlərdə alkoqollu içkilərdən istifadə etmək tövsiyə edilir, ancaq ən tünd içkilərdə belə spirtin miqdarı 60%-dən çox olmur.

BBC Rusiya xidmətinin elmi məsələlər üzrə müxbiri Nikolay Voronin ev şəraitində hazırlanan antiseptiklər üçün tündlüyü 60 və daha çox dərəcə olan spirtlərdən istifadə etməyi məsləhət görür.

4. Kolloidial gümüş

Amerikalı televiziya vaizi Cim Beykerin verilişlərindən birində qonaqlardan biri koronavirusdan qorunmaq üçün kolloidial gümüşdən istifadə etməyi məsləhət görüb. Deyib ki, tərkibində çox xırda gümüş hissəcikliləri olan məhlul 12 saat ərzində koronavirusun bəzi növlərini məhv edir. Ancaq o etiraf edib ki, bunun “Covid-19” üçün də keçərli olub-olmadığını bilmir.

Maye gümüşün koronavirusla mübarizədə effektli ola biləcəyi xəbəri də sosial şəbəkələrdə geniş yayılılb, xüsusilə də ənənəvi tibbə şübhəylə yanaşan qruplar arasında.

Bu müalicə üsulunun tərəfdarları hesab edirlər ki, maye gümüş müxtəlif xəstəlikləri müalicə edə, antiseptik rolunu oynaya və immun sistemini möhkəmləndirə bilər. Ancaq ABŞ hökuməti xəbərdarlıq edib ki, kolloidial gümüşün faydaları təsdiq olunmayıb, ondan istifadə ciddi fəsadlar törədə bilər, məsələn, böyrəklərin fəaliyyətinin pozulmasına, qıcolmalara və arqaliyaya (dərinin rənginin birdəfəlik dəyişməsinə) gətirib çıxara bilər.

Tibb mütəxəssisləri deyirlər ki, dəmir və sinkdən fərqli olaraq gümüş insan orqanizmində heç bir funksiyaya malik deyil.

Hazırda “Facebook” kolloidial gümüşün faydalarıyla bağlı bəzi statusları “dəqiq olmayan informasiya” xəbərdarlığıyla müşayət edir.

5. Hər 15 dəqiqədən bir su içmək

“Facebook”-da yayılan bir xəbərə görə, hansısa “yapon həkim” virusu ağız boşluğundan yumaq üçün hər 15 dəqiqədən bir su içməyi məsləhət görür.

Tibb işçiləri bu məsləhətə şübhəylə yanaşırlar: virus orqanizmə nəfəs yolları vasitəsiylə daxil olur, ancaq hətta kiminsə ağzına düşmüş olsa belə, su içməklə ondan qurtulmaq mümkün deyil. Hərçənd su içmək ümumən faydalıdır.

6. İsti su içmək, isti vanna qəbul etmək, dondurma yeməmək

UNİSEF-ə aid olduğu iddia edilən, geniş yayılmış daha bir xəbərə görə, koronavirusdan qorunmaq üçün isti su içmək, tez-tez günəş şüaları və isti vanna qəbul etmək lazımdır.

“İnternetdə belə bir informasiya dolaşır ki, guya UNİSEF koronavirusun yayılmasına mane olan üsul kimi dondurmadan və digər soyuq qidalardan uzaq durmağı məsləhət görür.

Bu, əlbəttə ki, tamamilə yalandır. Biz yay aylarında virusun insan orqanizmindən kənarda məhv olduğunu bilirik, ancaq yüksək temperaturun koronavirusa necə təsir etdiyini bilmirik” – təşkilatın nümayəndəsi Şarlotta Qornitska belə deyir.

Londonun gigiyena və tropik təbabət məktəbinin professoru Salli Blumfild deyir ki, isti su və ya günəş vannalarının qəbulu koronavirusdan qorumur, virus orqanizmə daxil olandan sonra onunla ancaq orqanizm özü mübarizə apara bilər. Həm də bədən səthinin isinməsi bədən temperaturunu artırmır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər