Əfran İsmayılov: "Sumqayıt"ın finala yüksəlməsi Ayxan Abbasovun əməyinin nəticəsidir"

1406

“Karyeramda çox finala vəsiqələr görmüşəm. Amma əlbəttə, budəfəki tam fərqli oldu. Bu günü çoxdan gözləyirdim. Çünki çempionat bizim üçün xeyli gərgin keçir”.

Bunu “Report”a açıqlamasında “Sumqayıt” klubunun futbolçusu Əfran İsmayılov “Zirə” ilə səfərdə 3:3 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra deyib. 31 yaşlı yarımmüdafiəçi hazırkı komandasının tarixdə ilk dəfə finala yüksəlməsində baş məşqçi Ayxan Abbasovun böyük əməyinin olduğunu vurğulayıb: “Qış fasiləsindən sonra elə başlamışdıq ki, demək olar hamı bizdən narazı idi. Lakin baş məşqçimiz həmişə komandanı bir yerə yığırdı, bizə özünəinamı qaytararaq onu aşılayırdı ki, bu vəziyyətdən çıxacağıq. Çox baş məşqçiylə işləmişəm, ancaq Abbasov kimisini görməmişəm. Uğur onun başındadır ki, komandanı dağılmağa imkan vermədi. Çox komanda belə uğursuzluqda olsaydı, indi yox idi. Gələnə uduzurduq… İnandırım ki, başqası komandanı belə yığa bilməyəcəkdi. Ancaq Ayxan müəllimin əməyidir ki, komanda finala çıxdı”.

İsmayılov Zirədə 3 qol buraxdıqları ikinci hissədə stres altında oynadıqlarını gizlətməyib: “Bilirsən ki, zədə, yorğunluq var, üstəlik, hesab 3:0-dan 3:3-ə gəlir. Arxayınlaşmaq qətiyyən olmaz. Baş məşqçimiz deyirdi ki, elə bilin hesab 0:0-dır. Fasilədən sonra çətin olacağını anlayırdıq. Həm arxayınlaşma, həm də yorğunluq belə vəziyyətə gətirdi. Sevindiricidir ki, qələbə qazandıq, Yeni klub prezidentimiz var, uğur onun da əməyidir. Təmsilçisini finalda görmək Sumqayıt futbolu üçün böyük hadisədir. Yenə deyirəm: Çox final həyəcanı yaşamışam. Amma məsələn, kapitanımız Vurğun Hüseyov 6 ildir “Sumqayıt”dadır, bir dəfə də finalda oynamayıb. Bu nailiyyət doğrudan da böyük nemətdir. Ən böyük rol isə Ayxan müəllimə məxsusdur”.

“Zirə” hesabı ikinci hissəyə əlavə olunan 6 dəqiqənin 5-cisində bərabərləşdirməyə müvəffəq olub. Bu isə o deməkdir ki, “Sumqayıt” daha bir top buraxsaydı, finaldan kənarda qalacaqdı. İsmayılov həmin həyəcanlı anları belə xatırlayır: “Buraxdığımız 3-cü qoldan dərhal sonra hakimdən həyəcanla soruşdum ki, vaxta nə qədər qaldı. Dedi ki, 40 saniyə. Bir az keçdi, yenə soruşdum. Bu zaman 15 saniyə qaldığını diqqətimə çatdiranda, nisbətən rahat oldum. Həm də Alah bizimlədir. Bu nəticənin gec-tezi vardı. Bu qədər uğursuzluğun bir sonu olmalı idi. Bundan çıxmağın bir yolunu tapmalı idik. Komandada həmişə deyirdim ki, kuboda mübarizəmiz var, heç nə itirməmişik. Finalda udsaq, artıq kubokun qalibi olacağıq”.

İlk finalçının “Qarabağ” olacağı gözlənilsə də, bu, baş verməyib. İsmayılov həlledici qarşılaşmada sabiq komandasının yox, “Qəbələ”nin olmasının fərqinə varmadığını söyləyib: “İnanırsınız, bunun önəmi yox idi ki, “Qarabağ” finaldan kənarda qaldı. Önəmli o idi ki, bu tarixi yazaq. “Sumqayt” ilk dəfə finala çıxır. Zirəyə çoxlu azarkeşimiz gəlmişdi. Onların da dəstəyi qələbəmizdə böyük rol oynadı. Heyətimiz kasaddı, başqaları 10 legionerlə oynayır, biz isə ehtiyat qüvvə baxımından çətinlik çəkirik. Hamımız arzulamışıq ki, finala çıxaq, buna da nail olduq. Çalışacağıq ki, sevinci finala yaxın unudaq, həlledici matça ciddi şəkildə hazırlaşaq”.

Qeyd edək ki, evdə “Zirə” ilə qolsuz heç-heçə edən “Sumqayıt” finala səfər qolları sayəsində yüksəlib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər