Əhməd Cavadın oğlu ailə faciəsindən yazır: “Anama isinişə bilmirdim…”

2098
Azərbaycanın istiqlal şairi Əhməd Cavad həbs olunanda sonbeşiyi Yılmaz yaşyarımlıq idi. Şairin həbsindən çox keçmir ki, sevgili qadını Şükriyyəni də aparmaq üçün qapı döyülür. Südəmər Yılmazı Şükriyyə xanımın qucağından güclə ayırırlar. Ata Bayıl türməsində (öldürülüb), ana Qazaxıstanda sürgündə… İllər keçəcəkdi və Yılmaz ailəsinin başına gələn müsibəti qələmə alacaqdı. Bu yazı “Ədəbiyyat qəzeti”nin 1993-cü il 5 mart sayında çap olunub. Milli Kitabxananın arxivində Əhməd Cavad və Şükriyyə xanımla bağlı xeyli dəyərli materiallar var. Onların içində ən dəyərlilərindən biri Yılmaz Axundzadənin məhz bu yazısıdır. İstəmədim bu yazı saralmış qəzet səhifəsində gözdən-könüldəın uzaq qalsın.
Kim idi Yılmaz Axundazə?
Dosye: Axundzadə Yılmaz Cavad oğlu 1935-ci ildə Bakıda anadan olub. 1964-1967-ci illərdə Bakı şəhər Nərimanov rayon prokurorluğunda müstəntiq işləyib, 1967-1971-ci illərdə isə Azərbaycan Respublikası prokurorluğunda xüsusi tapşırıqlar üzrə köməkçi vəzifəsində çalışıb. 1985-1992-ci illərdə Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsini icra edib, 1992-ci ildən 2001-ci ilin 26 dekabradək Respublika Prokurorunun xüsusi işlər üzrə köməkçisi və sonralar şöbə rəisi vəzifələrində işləyib. Yılmaz Axundzadə dəfələrlə SSRİ və Azərbaycan prokurorluğunun yüksək mükafatları ilə təltif olunub. 1990-1995-ci illərdə Milli Məclisinin deputatı seçilib. 2006-cı ildə vəfat edib.
Cavid Zeynallı
 
Atam gedəndən sonra
Mən Əhməd Cavadın sonbeşiyiyəm. Uşaqlıqdan indiyə qədər atamla bağlı başıma gələnləri “Atam Əhməd Cavadla bağlı xatirələrim” adlı bir kitabda yazmışam, “Gənclik” nəşriyyatı tərəfindən çap olunacaqdır. Əlli ilə yaxındır ki, bütün həyatımla, o cümlədən təhsilim, işim, əmək fəaliyyətimlə yanaşı, atamla əlaqədar saysız əhvalatlar və hadisələr yaddaşımda qalmışdır. Onları bu və ya digər dərəcədə bu kitabda əks etdirməyə çalışmışam. Həmin kitabdan bir neçə səhifəni oxuculara təqdim edirəm.
…Desəm ki, mən ata üzü görməmişəm, atamın səsini, özündən sözünü eşitməmişəm, məni qınamayın. Ancaq bilmişəm ki, Əhməd Cavad adlı atam olub. Məni qucağına aldığı, üzümdən-gözümdən öpdüyü yadıma gəlmir. İlk dəfə bu adı doğma anam (doğma ana deməyimin səbəbi var) Şükriyyə xanım səkkiz illiyə həbs olunub, sürgünə gedəndən (anam 1937-ci il oktyabrın 14-də həbs olunmuşdur, atamın qətlindən bircə gün sonra. Bunu sonralar öyrənmişəm.  – Y. A.) sonra mənə Seyfəli kəndində analıq edən Anaxanım anamdan eşitmişəm. Nə gözəl sözlərdir “Ana” və “Xanım” adları, sözləri. Doğrudan da o qadın həm ana idi, həm də xanım. Uşağın yadından heç nə çıxmır.
Müharibə illəri idi. Camaat yarıac, yarıtox yaşayırdı, bir təhər dolanırdı. Qıtlıq, aclıq baş alıb gedirdi. Özünün dediyinə və qonşuların şahidliyinə (Sonralar bunu mənə çox adam demişdi) görə məni kürəyinə bağlayıb biçilmiş taxıl zəmilərindən başaq yığmağa gedərmiş. Bir qədər böyüyəndən sonra 1943-1944-cü illərdə mən də onunla birlikdə başaq toplayırdım. Evdə kirkirəyə qoyub topladığımız dəni döyərdim, əzərdim. Diri qalanları hədik bişirər, ya da qovurğa qovurardıq. Yarımdiri yarma kimi qalanları sulu xəşil, yarma xəşili edərdik. Ələkdən keçənləri isə fətir, yuxa kimi sacın üstünə sərərdik, bişəndən sonra ləzzətlə yeyərdik.
Həmişə ürəyimdən keçərdi ki: “Niyə hamısının atası və anası var, mənim isə təkcə anam var?”. (Əsl anam uzaqlardan dustaq idi. Mənim ondan xəbərim yox idi). Bu sualı məni çox düşündürərdi…
Bir gün yenə başaq yığmağa gedəcəkdik. Kövşəni biçilmiş zəmidə kiçik sünbül kökləri ayağıma batar, ayaqlarımın altı qızıl qan olardı. Ona görə də Anaxanım axşamdan yun corablarımın altına yola atılmış maşın təkərlərinin birindən rezin parçaları kəsib yamamışdı. Həmin axşam bir neçə dəfə o corabları geyinib-soyunmuşdum. Ayağıma rahat idi. Sevinirdim ki, daha ayaqlarıma tikan, sünbül kötükləri batmayacaq. O mehriban qadınla birgə yenə zəmilərə gedirdik. Evimizdən o biçin yerinə bir neçə kilometr məsafə var idi. Ona görə də obaşdan yola çıxmışdıq ki, səhər tezdən, gün hələ çıxmamış ora çataq. Yol boyu ana-bala şirin-şirin ordan-burdan, keçmişdən-gələcəkdən söhbət edirdik. Anam mənə deyirdi ki, müharibə tez qurtaracaq, qardaşlarım cəbhədən qayıdıb gələcəklər…
Mən çoxdan ürəyimdə qövr eləyən sualı ona verdim. O elə bil ki, uzun illər bu sualı gözləyirmiş, onun intizarında imiş. Məni diqqətlə süzdü, başımı sığalladı və birdən-birə hönkürtü ilə ağlamağa başladı. Ona bu sualı verməyimə peşman oldum. Haçandan-haçana o özünə gəldi. Gözlərinin yaşını sildi. Yaxındakı arxdan su axırdı. Əl-üzünü yudu və dedi:
– Sənin atan var. Atanın adı Əhməd Cavaddır. O da başqaları kimi əsgərliyə gedib. Müharibə qurtarandan sonra qayıdacaq. Səni çox istəyirdi. Həmişə “Mənim Yılmaz balam, Ay balam, Ulduz balam” deyib, atıb tutardı. Heç yadında qalmayıb? O gələnə kimi sən də böyük oğlan olacaqsan.
  Sonra yenə yolumuza düzəldik. Sanki mənə ikinci qanad verildi. İndiyə qədər birqanadlı idim. (Əslində heç bir qanadım da yox imiş, anam dustaqxanada işgəncələrə məruz qalır, atam isə atam isə çoxdan qətlə yetirilibmiş. Bunları sonradan bildim, necə deyərlər: “Sındı qol qanadım, yadıma düşdü). Ata fərəhi, ata eşqi, ata əzəməti axıb bahar suları kimi ürəyimə doldu. Yolumuz Şəmkir çayının üstündəki körpüdən keçirdi. Anaxanım anam mənə o çayın tən ortasında olan enli, geniş çayı yarı bölən, bu iki qolun arasında adaya bənzər bir sahəni göstərib dedi:
– Bu sizin ata-baba mülkünüzdür. Əhməd Cavad burada sənin üçün gözəl bir ev tikdirəcək. Evinizin sağından və solundan çaylar axacaqdır. Sizin evin pilləkənləri düz o çaylara qədər enəcək, hər gün səhər-səhər orada əl-üzünüzü yuyacaqsınız. Axşamlar isə o çaylar sizə layla çalacaq ki, yuxunuz şirin olsun. Bu Şəmkirin Gülüstanıdır, Əhməd Cavad Gülüstanı, sonra da olacaq Yılmaz Cavad Gülüstanı! Sən o Gülüstanda gül-çiçək əkəcəksən, bağ salacaqsan. Bu çay boyu xurma ağacları ucaldacaqsan. Bura qonaqlarınız gələcək. Atanızın dostları-tanışları təşrif gətirəcəklər. Onlar sizə şeirlər, nəğmələr oxuyacaqlar. Axı sənin atan şairdir. O Şəmkir haqqında, Gəncə haqqında, Azərbaycan haqqında şeirlər qoşub. Sən də onlar öyrənəcəksən. Bu qadında olan fantaziyanı, ağılı, uzaqgörənliyi indi də düşünəndə məni heyrət bürüyür. Onun tərbiyəsi, işgüzarlığı, zəhmətsevərliyi həmişə mənim üçün örnək olub. Atamı sadə sözlərlə, qısa, yığcam şəkildə gözümdə dağ kimi ucaldırdı. Onun bu sözləri məni yeni bir aləmə, yeni bir dünyaya aparırdı. Öz-özümə yavaşca pıçıldayırdım:
– Mənim də Əhməd Cavad adında atam var. Atam Əhməd Cavad həm də şairdir. O, Şəmkir haqqında, Gəncə haqqında, Azərbaycan haqqında şeirlər qoşub. Bəs hanı o şeirlər? Axı niyə bizim dərs kitablarımıza düşməyib? Müharibə qurtaran kimi atam cəbhədən qayıdacaq, o şeirləri mənə öyrədəcək, mən məktəbdə müəllimlərimin, uşaqların yanında onları oxuyacağam. Görən nə vaxt olacaq o günlər?
Mən Əhməd Cavad adını səkkiz-doqquz yaşlarımda, atamın Əhməd Cavad olduğunu ilk dəfə Şəmkir çayının üstündə olan körpüdə eşitdim və həmişəlik yadımda qaldı: Əhməd Cavad!
Məktəbə getdiyim ilk günlər idi. Hamı kimi mən də sevinirdim. Sinifimizdə cəmi 20 uşaq, 11 parta vardı. Bu partalarda uşaqların hamısı iki-iki otururdu, bir parta boş qalmışdı. Dəcəllik edən uşaqları müəlliməmiz həmin boş qalmış partada oturdur, bu yolla onları cəzalandırırdı. Mən sədrin oğlu ilə otururdum və onunla çox yaxşı dost idim. Dərslərimizin hazırlanmasında birlikdə çalışırdıq. O vaxt pionerlərə həsr olunmuş bu şeiri hamımız əzbər bilirdik.
Bağçamızda ötən quşam,
Güllər ilə boy atmışam.
Yaz gecəsi mahnı deyib,
Bülbülləri oyatmışam.
     Düzü etiraf etməliyəm ki, kənddə bir adam da – istər böyük olsun, istər uşaq olsun, xətrimə dəyməmişdi. Hətta rayon miqyasında məni müxtəlif adamlar tanıyır, mənə mənəvi kömək edir, ruhumu oxşyırdı. Şamxorda uzun illər Maarif Şöbəsinin müdiri işləmiş Xəlil Həsənli, Mirhəbib, Adil Ələkbərov, Çaparlı Qasım, Könüllüdə kolxoz sədri Hüseynqulu  – biz ona Hüseynqulu dayı deyirdik – və başqaları həmişə kefimi soruşurdular. Məğrur böyüyürdüm. Ancaq atam-anam və qardaşlarım yanımda olmadığına görə daxilən sıxıntı keçirirdim. Qardaşları əsgərlikdən gələndə sevincimin həddi-hüdudu yox idi. Hamı bizi qardaşlarımla birgə qonaq çağırır, qurban kəsirdi. “Əhməd Cavadın oğulları gəlib”, deyirdilər.
Bəzən hiss edirdim ki, Anaxanım anam atam haqqında mənə dediyi xoş sözlər üçün peşmançılıq çəkirdi. Sanki deyilən söz onu qorxutmuşdu. Bəlkə də fikirləşərdi ki, onu da anam Şükriyyə kimi sürgün edələr. Lakin o təmkinini saxlayırdı. O özü yanıma gəldi, bir xeyli məni oxşadı, üzümdən-gözümdən öpdü, başımı sığalladı və dedi:
– Sənin atan dünyada birinci kişidir, o Şəmkirin, Azərbaycanın böyük oğludur.
O vaxtlar heç kim, o cümlədən Anaxanım anam da atamın qətlə yetirilməsini bilmirdi. Düşünürdü ki, tutulub, haçansa buraxılacaqdır. Mənə dediyi “Atan əsgər gedib, müharibə qurtarandan sonra qayıdıb gələcək” sözlərini inana-inana söyləmişdi, özü də bilmədən “müqəddəs yalan” danışmışdı.
– Sən heç nəyə fikir vermə, ancaq dərslərinə fikir ver, oxu, gələcəyini təmin edə biləsən…
Kəndin adamları, yaşlı kişilər, qadınlar məni yolda bəzən saxlayır, üzümdən öpür, “Sən Əhməd Cavadın yadigarısan” deyirdilər. Məktəbdə və yolda Paşa müəllim, Məmmədəli müəllim, Molla Oruc və başqaları mənə çox həssaslıqla yanaşırdılar. Kefimi soruşur, ehtiyacımızla maraqlanırdılar. Onlar mənə “Atanın dostlarıyıq” deyirdilər, mənəvi kömək edirdilər.
Üç il sonra anam həbsxanadan qayıtdı. Onu qardaşım Aydın evə gətirib gəlmişdi. Bir müddət doğma anama isinişə bilmirdim. Tez-tez qaçıb Anaxanım anamın, Məleykənin yanına gedirdim. Özümü burada daha xoşbəxt, daha rahat hiss edirdim. Anam bu hərəkətimə görə xiffət çəkirdi. Axı ondan mən yaşyarımında ayrılmışdım. Artıq on bir yaşa keçmişdim. Anamla ikinci görüşümüz səkkiz il bir neçə ay çəkmişdi. İnana bilmirdim ki, həqiqətən mənim doğma anam Şükriyyə xanımdır. Şair yaxşı deyib ki: “Şübhədir əhli-hikmətin babası!”.
Mən də şübhələnmişdim. Məni o qədər aldatmışdılar ki, indi doğru-düzgün sözlərə də inanmırdım. Anaxanım anam ha deyirdi ki, ay bala mən sənin qıraqdan tutma ananam. İnan kimdir ki? Bütün uşaqlığım, xatirələrim onunla bağlı idi. O mənə öz uşaqlarından yaxşı baxmışdı. Bir az da ərkəsöyün böyütmüşdü. Ağlıma da gəlməzdi ki, o mənim doğma anam deyil. Heç unuda bilmirəm. Toyumda gözlərim onu, ancaq onu axtarırdı. Məni bir dəli ağlamaq tutmuşdu. Axı niyə bir qədər də yaşayıb mənim bu xoşbəxt günümü görmədi? Elə hey deyərdi ki, sənə həkim qız alacam. Bu gün onun arzusunu yerinə yetirirdim. Ancaq özü olmadan. Gözlərimdə səyriyən göz yaşlarımı saxlaya bilmirdim.
Az qala doğma anamla Anaxanım anamı əldən-dildən salmışdım. Daha bilmirdim ki, anamı aparmağa gələn TDK-nın əməkdaşlarının yanında onun qucağından qopmurdum, iki əlimlə anamı yanaqlarından yapışıb buraxmırdım. Onun gözəl üzünün dərisini dırnaqlarımla çəkib qoparmışdım. Zorla məni anamın qucağından alıb nənəmin – atamın anası Yaxşıxanıma veriblərmiş. Üstündən 50 il keçməsinə baxmayaraq, mənim dırnaqlarımla anamın üzündən qopartdığım yerlərin qara xal kimi izləri bu gün də durur. Zamanın küləkləri, selləri, suları onları yuyub apara bilməmişdi. Onlar “qara keçmişin qara günləri”ni yada salır. Qara günlərin nişanəsi də qara olar. Hələ qara günlərin ömrümüzdən, günümüzdən aralanıb keçməsinə çox qalırdı. Artıq məktəbdə 3-cü, 4-cü siniflərdə oxuyurdum. Bir gün qardaşım Aydın məni Bakıya aparmışdı. Semaşka xəstəxanasında bir qohumumuza baş çəkdikdən sonra üzüaşağı Voladarski fabrikinə sarı gedirdik. Birdən Aydın ayaq saxladı, bu fabrikin binasına baxdı xəyala daldı. Həmişə deyən , gülən, şən bir adam olan qardaşım qara şüyüt kimi qaralmışdı. Bir azdan sonra o dedi:
– Yılmaz, bilirsən bura haradı? Bilirsənmi, atamızı “xalq düşməni” çıxarandan sonra bizi də səni də tutdular. (O, “bizi deyəndə bütün ailəmizi nəzərdə tuturdu. Mən o vaxt çox kiçik idim, südəmər idim, yaşyarımında) onda burada yetim uşaqlar üçün – “Detdom “deyilən bir uşaq evi vardı. Səni gətirib bu “Detdom”da olan uşaqlara qatmışdılar. Biz böyük idik, az-çox ağlımız kəsirdi. Sənin isə heç dilin də açılmamışdı, ayaqların yer tutmurdu. Orada olan adamların çoxunun ata-anasını tutub onlara “xalq düşməni” adı verir, türməyə basır, uşaqlarını isə “yetimlər evi”nə məcburi təhvil verirdilər. Bizim əvvəllər Kommunist küçəsində (indiki İstiqlal küçəsi) gözəl mənzilimiz var idi. Filarmoniya ilə üzbəüz olan binada olurduq. Sonra bizi 30-cu illərdə Gəncəyə köçməyə məcbur etdilər. Sən hələ doğulmamışdın. Sonra yenə Bakıya qayıtdıq. 4-5 ildən sonra bizə Qız qalasının yanında Böyük qala küçəsində yeni mənzil verdilər. Sən həmin evdə doğulmusan. Üstündən heç iki il keçməmiş səni anamızın qucağından ayırıb gətirib bu yetim uşaqların yaşadığı “Detdom”a verdilər. Nənəm Yaxşıxanım səni gəlib buradan tapıb çıxardı və yanına apardı. Bilirsənmi, noldu? O gün elə nənəmin pensiyasını kəsdilər. Allah nənəmizi də bizə çox gördü. O öz oğlu Əhməd Cavadın ölümünü yuxuda görmüşdü. Dözə bilməyib o da oğlunun arxasınca getdi. Ananı balasından neçə yaşında olmasına baxmayaraq ayırmaqdan dünyada dəhşətli şey yoxdur. Yaxşı ki, o vaxtlar ağlın kəsmirdi. Yoxsa tab gətirə bilməzdin. Allah Anaxanım arvada qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun. Məleykə anamızdan isə tanrı öz xoşbəxtliyini əsirgəməsin. Nənəmizdən sonra onlar sinəsini qabağa verib səni öz doğma uşaqlarına qatıb böyütdülər. Yoxsa kim bilir başın nələr çəkəcəkdi. Qardaş, sənin lap körpəlikdən həyat yolun Bakıda NKVD zirzəmisindən başlayıb. Atamızın üstündən “Xalq düşməni” adı götürülənə qədər bizə gün olmayacaq. Təqib, təzyiq, təhqirlərə dözməli olacağıq. Sən yaxşı oxuyub mütləq “Yurfak”a daxil olmalısan ki, günahsız atamızımn üstündən ləkələri təmizləyəsən. Bunun üçün mütləq hüquqşünas olmaq lazımdır.
  Mən qardaşımın bu sözlərini sırğa edib qulaqlarımdan asdım. Oxuduğum kənd məktəbində dərslərimə daha yaxşı fikir verməyə başladım, gecə-gündüz hüquq fakültəsinə girmək üçün çalışdım. Gecə gec yatır, səhər hamıdan erkən qalxıb axşam öyrəndiklərimi təkrarlayırdım.
Belə bir gün gəlib çatdı. Orta məktəbi uğurla bitirdim. Sənədlərimi Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə vermək istədim. Sənədlərimi nəzərdən keçirən qəbul komissiyası məni universitetdə fəaliyyət göstərən xüsusi şöbəyə göndərdi. Orada mənə gözündə eynək olan, çalsaç bir kişi əməlli-başlı “dərs” keçdi, “hüquqlarımı” başa salmağa çalışdı və sonra qəti şəkildə dedi ki, sənə “Yurfak”da oxumaq qəti qadağandır, humanitar elmlərlə məşğul ola bilməzsən. Dəqiq elmlər olan ali məktəbdə oxumağa icazə verdilər. Bir də dedilər, yadından çıxarma ki, “xalq düşməni”nin oğlusan.
Kor-peşman anama qoşulub ikimiz də doyunca ağladıq. Qardaşlarım dedilər ki, nə olursa-olsun, ali təhsil almalısan ki, bir parça çörəyin olsun. Ürəyim sınmışdı. Birtəhər məni dilə tutdular, qəbulun sonuncu günü sənədlərimi könülsüz Neft və Kimya İnstitutuna verdim. Məktəbi yaxşı qurtarmışdım. Bütün fənləri əzbər bilirdim. İmtahanlardan yaxşı qiymətlər aldım və seçdiyim fakültəyə daxil oldum.
Stalin öləndən sonra sükut buzu yavaş-yavaş əriyirdi. 1955-ci ildə atama bəraət verdilər. O gündən oxuduğum ali məktəbə getmədim. Arada iki il itirəcəyimi bilirdim. Arzuma çatmağa çalışırdım. Həmin ilin dekabr ayından iyul ayına qədər evdə oturub hüquq fakültəsinə girmək üçün imtahana düşən fənləri təkrarlayırdım. O vaxtlar indiki kimi deyildi. Bildiyimiz kimi indi 3-4 imtahan verib hüquq fakültəsinə girmək olur. Onda isə qəbul üçün 6-7 fəndən imtahan vermək tələb olunurdu. Bunlar məni qorxutmurdu. Çünki 5-6-cı sinifdən bu fənlərə daha artıq diqqət yetirir, fikir verirdim. Nəhayət bu arzuma çatdım. Elə bil ki, instituta təzəcə daxil olmur, onu bitirirdim. Uçmağa qanadlarım yox idi, fərəhimdən yerə-göyə sığmırdım. Mən düşünürdüm ki, atam Əhməd Cavadın nahaqdan tapdanmış hüquqlarını qanuni yollarla bərpa edəcəyəm, onun günahsız həbs edilməsinin, repressiyaya məruz qalmasını sübuta yetirəcəyəm…(sim-sim.az)
Yılmaz Axundzadə

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər