Elektron hökumət: layihələr, perspektivlər

1188

Texnologiya əsri adlandırılan XXI əsrdə, artıq məlumdur ki, fəaliyyətin bütün sferaları avtomatlaşdırılır. Dövlət strukturlarından tutmuş, Kütləvi İnformasiya Vasitələri, idarə və təşkilatlar, ofislər əsrin tələblərinə müvafiq olaraq, öz iş prinsiplərini dünya standartları  çərçivəsində, cəmiyyətə maksimum faydalı ola biləcək şəkildə qururlar. Bura, başlıca olaraq, yüksək keyfiyyətli xidmət növləri daxildir. Bu isə, yalnız İnformasiya Kommunikasiya Texnologiyaları vasitəsilə həyata keçirilir. Cəmiyyət həyatının bütün sahələri kompyuterləşdirilir və informasiyalaşdırılır. “İnformasiya istehsalı”-iqtisadiyyatın yeni bir sahəsi yaranır. Bütün vətəndaşların texnologiyalara çıxışı təmin edilir, cəmiyyətin informasiya təlabatı ödənir. Təbii ki, dünyanın bir çox inkişaf etmiş ölkəsində start götürmüş bu tendensiya, dünya sivilizasiyasına inteqrasiya etmiş bir ölkə kimi Azərbaycanda da müşahidə olunmaqdadır. Ölkəmizdə də bu sahədə çox ciddi layihələr hazırlanmaqda və həyata keçirilməkdədir. Ən əsası, Azərbaycanda cəmiyyətin inkişafının “informasiyalaşdırma” mərhələsi ilə əlaqədar olaraq, hüquqi baza formalaşdırılmış, bir sıra qanun və sərəncamlar qəbul olunmuşdur. 2002-ci ilin fevral ayında Azərbaycan Respublikası ilə BMT İnkişaf Proqramı (İP) arasında imzalanmış proqram layihəyə müvafiq olaraq hazırlanmış “Azərbaycan Respublikasının inkişafı naminə İKT üzrə Milli strategiya (2003-2012-ci illər)” sı, Azərbaycan Respublikası tərəfindən 17 fevral 2003-cü ildə imzalanmış və qarşıdakı onillik dövr üçün hökumət proqramı statusu almışdır. Bu proqram cəmiyyət həyatının bütün sahələrində İKT-nin tətbiqini nəzərdə tutur.

Ölkədə Elektron imza, Elektron sənəd və Elektron Ticarət qanunlarının qəbulu İKT-nin inkişafında çox mühüm əhəmiyyət kəsb edir. İKT sahəsində gerçəkləşdirilən əhəmiyyətli layihələrdən biri də “Elektron hökumət”in qurulmasıdır. Elektron hökumət hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, bütün idarə və təşkilatların mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə məhz elektron rabitə vasitəsilə müraciət edə bilər.

Dünyanın əksər ölkələrində bu layihə həyata keçirilir. Azərbaycanda “Elektron hökumət” layihəsi “Elektron Azərbaycan” dövlət proqramı çərçivəsində reallaşdırılır. Azərbaycan MDB məkanında “elektron hökumət” layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir. Ölkəmiz “Elektron hökumət haqqında” qanunun qəbul edildiyi ölkələrdən Avstriyanın təcrübəsinin yaxından öyrənilməsində maraqlıdır. Həmçinin, Azərbaycanla Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə telekommunikasiya layihələrin həyata keçirilməsində mühüm addımlar atılır. Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyanın VIII iclasının yekunlarına dair imzalanmış protokolda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Qazaxıstan İnformasiyalaşdırma və Rabitə Agentliyi arasında imzalanmış niyyət protokoluna uyğun olaraq, Siyəzən (Azərbaycan) – Kindərli (Qazaxıstan) sualtı optik-lif kabel magistralının çəkilməsi işlərinin tezləşdirilməsinin vacibliyi qeyd olunur.

Azərbaycan Hökuməti və BMT-nin İnkişaf Proqramı müəyyən hökumət müəssisələrinə və xidmətlərinə yönələn bir sıra başqa elektron idarəetmə layihələrini də reallaşdırır. Bu layihələrə AzNET, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üçün Potensial İmkanların və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması, Dövlət Sosial Müdafiə Fondunun Potensialının Gücləndirilməsi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Potensialının Gücləndirilməsi layihələri daxildir.

Ölkəmizdə elektron hökumət “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Hər bir vətəndaş sorğu yolu ilə istənilən elektron hökumət saytlarından onu maraqlandıran məsələlərə aydınlıq gətirə və ya informasiya əldə edə bilər. İnformasiya sorğusu adətən aşağıdakı üsulla təqdim edilir:

13.1.1 informasiya sahibinin vəzifəli şəxsə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi.

13.1.2 sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı.

İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz operativliyini itirirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

İnformasiya.org saytının keçirdiyi sorğuya əsasən isə, hökumətin informasiya açıqlığı 72,36% vətəndaşı qane etmir. Sorğunun nəticələrinə görə, 15,42% bu sorğuya müsbət, 10,52 % “qismən”, 1,70% “bilmirəm” cavabı verib.

Elektron hökumət sahəsində ölkəmizdə əvvəllər yalnız kommunal xərclərin ödənilməsi sahəsində xidmətlər təklif olunurdu. İndi isə elektron imzanın tətbiqi kimi yeni xidmət növü üzərində işlər gedir.

Bütün bu layihə və tədbirlər yalnız bir məqsəd üçün – dünyanın qabaqcıl ölkələrində olduğu kimi, ölkəmizdə də hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsi və hökumət-vətəndaş əlaqələrinin gücləndirilməsi üçün həyata keçirilir.

Bütün bu məsələlərlə bağlı “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün də münasibətini öyrəndik.

Bildiyimiz kimi, e-hökumət layihəsinin hazırlıq işləri 2008-ci ildə başa çatıb və layihənin 2012-ci ildə tam həyata keçəcəyi planlaşdırılır. Doğrudanmı Azərbaycanda 2012-ci ildə, artıq e-hökumət tam qurulacaq?

Mən buna şübhə edirəm. Düzdür, Azərbaycanda e-hökumət quruculuğu istiqamətində müəyyən addımlar atılıb. Məsələn, 2005-2008-ci illərdə dövlət proqramı vardı. Hesab edirəm ki həmin dövlət proqramında qarşıda duran vəzifələr o qədər də uğurla həyata keçirilmədi. Müəyyən addımlar atıldı, ancaq düşünmürəm ki orada hansısa bir ciddi uğur əldə olundu. Hazırda 2010-2012-ci illəri əhatə edən bir proqram qəbul olunub. Orada da xeyli atılacaq addımlar və həyata keçiriləcək tədbirlər nəzərdə tutulub. Mənim fikrimcə, Azərbaycanda e-hökumət quruculuğu istiqamətində müəyyən ciddi addımlar hələ indi atılmağa başlanıb. Azərbaycanda hazırda cəmi 10-15 ciddi bir dövlət xidməti tapa bilərsiniz ki, o tam elektron formada fəaliyyət göstərir. Əksər xidmətlər yalnız kağız üzərindədir. Hələ də müəyyən dövlət qurumunda növbələrdə durmalısan və s. Ancaq Prezidentin 23 may tarixli sərəncamı var. Həmin sərəncama görə, Mərkəzi İcra Hakimiyyəti orqanları elektron xidmətə keçidlə bağlı prosesləri sürətləndirməlidirlər. Veb saytlarında bu xidmətlərin siyahısını yerləşdirməlidirlər, bununla bağlı qayda-qanun yaratmalıdırlar. Bu sərəncamdan sonra müəyyən bir canlanma hiss olunur. Bu istiqamətdə həm hüquqi-normativ cəhətdən, həm infrastruktur cəhətdən, həm də kadrlar cəhətdən xeyli problemlər qalıb.

-E-hökumət tələblərini ödəməyən qurumlara hər hansı bir cəza və ya xəbərdarlıq üsulu tətbiq edilirmi?

Təəssüf ki, bu hal müşahidə olunmur. Əgər belə olsaydı, bir nəticəsi olardı. Elə dövlət qurumları var ki, e-hökumət quruculuğu sahəsində ciddi uğurlar əldə edib. Məsələn, Vergilər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Daxili İşlər Nazirliyi, Prezident yanında Dövlət Qulluğu Komissiyası, Dövlət Sosial Müdafiə Fondu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və s. Lakin, eyni zamanda, xeyli sayda dövlət qurumu vardır ki, burada vəziyyət çox pisdir. Ən yaxşı ilə ən pis arasında fərq dəhşətli dərəcədə böyükdür. Bu onun göstəricisidir ki, e-hökumət xidməti pis vəziyyətdə olan dövlət qurumlarına biz ictimai qınaq mövqeyindəyik. Müxtəlif kütləvi informasiya vasitələrində bununla bağlı reytinqlər göstərilir, siyahılar dərc olunur və s. İctimai qınaq isə zəif təsir vasitəsidir. Dövlət tərəfindən müəyyən ciddi təpkilər olsa, daha ciddi nəticələr əldə oluna bilər. Mən hiss edirəm ki, prezidentin 23 may tarixli sərəncamından sonra bunun simptomları, bununla bağlı ciddi bir canlanma müşahidə olunur.

-Elektron imza xidməti. Azərbaycanda bu tətbiq olunurmu?

Elektron imzayla bağlı proseslər, artıq yekunlaşıb. Həm dövlət qurumları, həm də vətəndaşlar üçün elektron imzaların yaradılması, verilməsi ilə bağlı infrastruktur yaranıb. Fikrimcə, hal-hazırda bu formalaşma prosesində olduğuna görə, bu müəyyən müddət çəkəcək ki, dövlət qurumları, vətəndaşlar elektron imzaya uyğunlaşsınlar, bundan istifadə etməyə başlasınlar. Hazırda zəruri olan məsələ daha çox maarifçilik istiqamətində olmalıdır. İnsanlar, həmçinin, sahibkarlıq qurumları, dövlət qurumları e-imzanın əhəmiyyəti ilə bağlı maarifləndirilməlidirlər. Burada maarifçilik-informasiya yönündə işlərə ehtiyac var. Hazırda elə e-xidmətlər var ki dövlət qurumları bunu yarımçıq tətbiq edirlər. E-imza olandan sonra, artıq hər hansı bir işdən ötrü dövlət qurumunun ofisinə getməyə ehtiyac olmayacaq. E-imzadan sonra dövlət orqanları bütün xidmətləri vətəndaşa təqdim edəcək. Bu prosesin sürətləndirilməsi çox vacibdir. Ancaq hesab edirəm ki, e-imza xidməti Azərbaycanda 3 ilə qədər ləngidildi.

Hökumət orqanlarının, hökumət-vətəndaşın qarşılıqlı əlaqəsini nəzərdə tutan “pəncərə” sxemi təcrübəsi tətbiq olunurmu?

Bəzi dövlət orqanlarında bu, lokal şəkildə tətbiq olunur. Məsələn, Gömrük sistemində, Vergilər Nazirliyində lokal çərçivədə bu tətbiq olunur. Ümumiyyətlə ölkə miqyasında, hələlik bunun simptomları görünmür. Bunun üçün qurumun mütləq portalı yaradılmalı, bütün xidmətlər ora daxil edilməlidir və ora müraciət edən vətəndaşa da “Filan yerdən arayış gətir” deyilməməlidir. Bununla bağlı ciddi problem var. Yəni ayrı-ayrı hökumət orqanlarının, ayrı-ayrı  nazirliklərin e-portalı yaradılmalıdır. Uzun müddət bununla bağlı müzakirələr gedir. Biz artıq bilirik ki, e-portal layihəsinə böyük yatırımlar qoyulub, on milyon manatlarla pul ayrılıb. Təəssüf ki, ortada elə bir nəticə yoxdur.

Nuranə ABBASOVA

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər