Elvinin P.S.-i

954

      Ziyəddin Məmmədov

IMG_0371 copy copyTürkiyənin Orta Doğu Texniki Universitetinin tələbəsi

İmtahanların çoxluğundan və çətinliyindən son vaxtlar, demək olar,  xəbərləri izləyə bilmirəm. Sadəcə vaxt olan kimi köşə yazıları oxumağa çalışıram. Bu yaxınlarda www.sumqayitxeber.com saytından Elvin Babayevin köşəsini oxudum. Köşənin sonunda belə yazmışdı Elvin qardaşımız: “P.S. i özünüz yazın”. Yazını bəyəndim. Qərara gəldim ki, “Elvinin P.S.i” ni yazım. Oxumayanlar üçün qısa deyim. Elvinin köşəsi “Mən böyüyəndə Aysel olacağam” adlanır və “incəsənətimiz”dən, “inkişafımız”dan bəhs edirdi.

2008-ci il. Ankara şəhəri. Gecə saatları. Universitetdən iki tanış uşaq və mən. İlk dəfə “eurovision”da iştirak etmək “həyəcanı” və ilk dəfədən finala vəsiqə qazanmaq “qüruru” ilə adama 30 lirə (təxminən 20 manat) “atışıb” aldığımız konturla “sənətkarlarımız” qalib gəlsin deyə SMS göndəririk. Sonda ilk onluqda qərarlaşırıq. Böyük dövlətləri ilk dəfə çıxış etməyimizə rəğmən qabaqladığımız üçün sevinc içindəyik (sanki Qarabağı geri verəcəklər burda ilk onluqda olanda). Bir neçə günlük “fəxr”dən sonra peşman oldum buna. Çünki, nə Qarabağı verdilər, nə qaçqınlarımızın üzü güldü, nə də həsəd apardığımız avropalı ölkəmizi yaxşı-yaxşı tanıdı.

Bu gün ölkəmizi layiqincə təmsil etmək eşqi ilə yanan gənclərimizin qarşısında sadəcə iki yol var: İdman və incəsənət. İdman heç də pis seçim deyil. Amma bir ölkədə hamı idmançı ola bilməz axı? Amma bu ölkədə hər kəs sənətkar ola bilər, bilir. Rəşid, Bülbül, Şövkət, Vaqif, İslam, Alim….  sizlərdən üzr istəyirəm. Az öncəki səhvimi düzəldirəm. Bu ölkədə hər kəs manıs ola bilər, bilir. Çünki, buna imkan var – sadəcə buna imkan var. Çünki, təxminən iki ay əvvəl tətildə olanda evdə televizora baxanda köhnə hamamı, köhnə tası gördüm. Hətta “inkişaf etmiş köhnə hamam, köhnə tas”ı gördüm. Əvvəllər “yağ kimi” gedən verilişlərimiz, Türkiyədəki verilişlərdən ilham alıb (yeni “yağ kimi” – “yeməkteyiz” ) indi “saz kimi” gedir. HOST demişkən, “ən düşük verilişlərdə bu gün ən yüksək reytinq”. Ona görə də Elvin, qardaş, bunlardan başqa bir inkişaf gözləmək lazım deyil. Ən azı yaxın bir neçə il ərzində. Çünki, bəlkə mediamızın qış yuxusuna göndərdiyi millətimizi Türkiyə qardaşımız dürtməliyib yuxudan durğuzdu ki: “A millət, Qarabağ sizindi ee mənim deyil. Mən burda erməniyə deyirəm ki, Qarabağı qaytarmasan, Türkiyəyə məftilin o tərəfindən baxa-baxa qalacaqsan, sərhədi açmayacam. Siz gedib həvəslə gözləyirsiniz ki, görək, kimin evi gözəldi, görək, kimin süfrəsi yaxşıdı, görək kim kimə neçə xal verdi”.

 

Ona görə də Elvin, sən hələ çox 6 yaşlı qızlara rast gələcəksən ki, “böyüyəndə kim olmaq istəyirsən?” sualına “mən böyüyəndə Aysel olacağam” desin. Mən isə daha pis hadisənin baş verəcəyindən qorxuram. Eyni suala, eyni cavabı 6 yox, 16 yaşlı gənclərimiz – gələcəyimizi quracaq insanlar versin. Vay onda bizim halımıza. Nə də olsa 6 yaşlı uşağın fikrini dəyişdirə bilərik, amma 16 yaşlı gəncin…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər