Emin Hacıyev: “Təkcə döyüş cəbhəsində deyil, informasiya savaşında da gənclərin rolu danılmazdır”

1222

sumqayitxeber.com Milli Məclisin deputatı Emin Hacıyevin yap.org.az saytına verdiyi müsahibəni təqdim edir.

-Emin müəllim, məlumdur ki, Ümummilli Liderimiz Heydər Əliyevin Sərəncamı ilə hər il 2 fevral tarixi ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Sizcə, Gənclər Gününün təsis edilməsinin Azərbaycan gəncliyinin inkişafı baxımından əhəmiyyəti nədən ibarətdir?

-Hər bir dövlətin inkişafı baxımından  insan resursları dayaqlarının möhkəm qurulması prioritet hədəflərdən hesab olunur. Gənclərin stimullaşdırılması, onların bilik və bacarıqlarının düzgün istiqamətləndirilməsi məhz ölkənin güclü gələcəyinə xidmət edən amillərdəndir. Ümummilli Lider Heydər Əliyevin müdrik idarəçilik fəaliyyətində dövlətçilik siyasətinin hərtərəfli inkişafının təminatı olan gənc nəsil daim diqqətdə saxlanıldı. Onların peşə bacarıqlarının yönləndirilməsi, dəstəklənməsi, əmək bazarında fəaliyyət imkanlarının genişləndirilməsi, gənclik mühitində sağlam düşüncə və təfəkkürün formalaşdırılması inkişaf planlarının əsas öhdəliklərinə çevrildi.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral 1996-cı ildə Azərbaycan Gənclərinin Forumu keçirilməsi Azərbaycan gəncləri üçün böyük ümid və motivasiya oldu.  Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Təbii ki, bu çağırış, gənclərə qarşı etimad onların dövlət qarşısında məsuliyyətini artırdı, gənclərin birliyinin möhkəmləndirilməsinə, təşkilatlanmasına təkan verdi.

-Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq dastanı yazdı. Bu barədə fikirlərinizi bilmək istərdik…

-Əlbəttə, biz ilk növbədə Ali Baş Komandanın siyasi gücünə arxalandıq və xalq olaraq dəmir yumruq kimi birləşdik. Cənab Prezidentimiz də xalqına, ölkə gəncliyinin qüdrətinə inanaraq Zəfər savaşına yola çıxdı. Müqəddəs şəhidlərimizin, qazilərimizin, hərbi qulluqçularımızın böyük əksəriyyəti məhz gənclərdir. Bəlkə də, ölkə tarixində ilk dəfə hər sahədə həmrəyliyimizin, gücümüzün şahidi olduq. Təkcə döyüş cəbhəsində deyil, informasiya savaşında da gənclərin rolu danılmazdır. İstər sosial şəbəkələr üzərindən, istərsə də xarici KİV-lərin məlumatlandırılması baxımından bu mübarizədə bütün cəbhələrdə vuruşduq, deyə bilərəm. Əlbəttə, müharibə gənclərimizi daha da müdrikləşdirdi, onların vətəndaş məsuliyyətini artırdı, həyata baxışlarını dəyişdi. Bu tarixi qələbəni qorumaq, bu zəfərdə payı olan şəhidlərimizin xatirəsini həmişə ehtiramla yad etmək, qazilərimizə, hərbi qulluqçularımıza qayğı, diqqət göstərmək hər bir vətəndaşımız, hər bir gəncimiz üçün əsas insanlıq borcudur.  Allah şəhidlərimizə rəhmət eləsin!

– Azərbaycanda gəncliyin inkişafı ilə bağlı həyata keçirilən layihələrin önəmi barədə nə deyə bilərsiniz?

-Təməli Ümummilli Lider tərəfindən qoyulan gənclər siyasəti bu gün də uğurla davam etdirilir. Bildiyiniz kimi, Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə davamlı olaraq “Azərbaycan gəncliyi” dövlət proqramları uğurla həyata keçirilir.  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi gənclərimizi stimullaşdırır.

Eyni zamanda, I Avropa Oyunları, Formula -1 Bakı Qran Prisi və 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi gənclər arasında könüllülük hərəkatını da genişləndirdi. Bununla yanaşı, son illər Bakıda və regionlarda istifadəyə verilən “Gənclər ev”ləri bölgə gənclərinin də diqqətdən kənar qalmaması, onların sosial fəaliyyətlərə cəlb edilməsi, asudə vaxtının səmərəli təşkili baxımından əhəmiyyətli dövlət dəstəyidir. Bu məqamda hazırda davam edən “Yüksəliş” müsabiqəsini də qeyd etmək istərdim. Müsabiqə cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Hazırda müsabiqədə iştirakını davam etdirənlərin əksəriyyəti gənclərdir. Təbii ki, ümumilikdə gəncləri əhatə edən, adı çəkilən bütün dövlət layihələri gənclərin təhsili, məşğulluğu və sahibkarlığın inkişafına, onların rifahının yaxşılaşdırılmasına xidmət edir.

-Sizcə, gənclərimiz beynəlxalq müstəvidə ölkəmizi hansı səviyyədə təmsil edir?

-Əlbəttə ki, bayaq qeyd etdiyim layihələrin də önəmli təsiri sayəsində yetişən, fərdi istedad və bacarıqları ilə böyük nailiyyətlər əldə etmiş gənclərin elə ölkəmizdə də, xaricdə də uğurlarına tez-tez şahid oluruq.  Xarici ölkələrin nüfuzlu şirkətlərində çalışan, səhiyyə, təhsil sahəsində fəaliyyət göstərən xeyli sayda uğurlu gənclərimiz var.

Yenə də xatırladım ki, biz onların çoxunun fəaliyyətini, dəstəyini Vətən müharibəsi dönəmində də gördük. Onların böyük əksəriyyəti yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün əlindən gələni etdi. Təbii ki, harada yaşayırıqsa yaşayaq, biz azərbaycanlı olduğumuzu, vətənin bizə həmişə ehtiyacı olduğunu unutmamalıyıq.

Sonda gənclərimizi 2 fevral Gənclər Günü münasibətilə təbrik edirəm, fəaliyyətlərində uğurlar arzulayıram!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər