"Ən çox icra etdiyim əməliyyatlar endoskopik beyin əməliyyatlarıdır" - NEYROCƏRRAH TURAL RƏHİMLİ

6690

2655Sizə tanınmış neyrocərrah Tural Rəhimlinin Fins.az-a müsahibəsini təqdim edirik: 
– Tural bəy, öncə Fins.az-ın oxucularına özünüz barədə məlumat verin.
– 1982-ci Bakıda doğulmuşam. 2005-ci ildə Tibb Universitetini bitirmişəm. Daha sonra Türkiyədə uzmanlıq təhsili almışam. 6 illik təhsildən sonra Bakıya qayıtmışam. 4 ildən çoxdur ki, Azərbaycanda işləyirəm.
– Azərbaycanda tibbi təhsilin səviyyəsini necə qiymətləndirirsiniz? Yalnız Azərbaycanda təhsil almaqla yüksək bacarıqlara yiyələnmək olarmı?
– Bu biraz fərdi xarakter daşıyır. Çünki, Azərbaycanda təhsil alıb Türkiyədə, Avropada işləyən həmkarlarımız var. Universiteti burada bitiriblər, xaricdə də kifayət qədər uğurlu fəaliyyət göstərirlər. Amma bununla yanaşı, Azərbaycanda tibbi təhsilin səviyyəsi heç də qənaətbəxş deyil. Çünki təcrübə keçilən xəstəxanaların maddi-texniki bazası çox zəifdir. Nəzəri təhsil alan tələbənin biliklərini təcrübədə tətbiq etməyi çətin məsələdir. Son illərdə Tibb Universitetinin 2 təhsil korpusu fəaliyyətə başlayıb. Lakin bu bazalarda da vəziyyət qənaətbəxş deyil.

– Niyə beyin cərrahiyyəsi üzrə kadrlar çətin tapılır?
– Çünki beyin cərrahı olmaq istəyən adam çox olmur. Çətin sahədir, ona görə də çox adam bu sahədən qaçır. Bu sahəni seçənlərin də çoxu uğurlu olmur. Bu kəmiyyət baxımından belədir. Azərbaycanda Neyrocərrahiyyə İnstitutu fəaliyyət göstərir. Lakin orada müasir beyin cərrahiyyəsindən uzaqdır. Çox hallarda orada işləyən həkimləri də qınamaq olmur. Çünki, o tibb müəssisəsinin texniki bazası yetərsizdir. Beyin cərrahiyyəsi profilində fəaliyyət göstərən xəstəxananın hər əməliyyat otağına bir mikroskop verilməlidir, orada isə cəmi bir mikroskop var. Bu sadə bir örnəkdir. Buna baxmayaraq, Azərbaycanda fərd olaraq bacarıqlı neyrocərrahlar da var.
– Tibbin ən çətin sahəsində çalışmağın hansı özəllikləri var?
– Məncə, asan və ya çətin peşə yoxdur. Sadəcə məsuliyyət məsələsi birində az, birində çoxdur. Həkimlik ümumiyyətlə, çox çətin peşədir. Çünki bacarıqlara yiyələnmək üçün uzun bir yol qətt edirsən. Beyin cərrahiyyəsi isə, son dərəcə diqqətli olmağı tələb edən sahədir. Bu sahəni həm də ona görə seçmək istəmirlər ki, işin bir tərəfində ölümlə mübarizə var. Dünyada beyin cərrahiyyəsini 2 növ insanlar seçir. Ya çox bacarıqlı, eqosu kifayət qədər yüksək, gözü zirvələrdə olan, qarşısında məqsədi olan insan olur. Ya da heçnə bacarmayan insanlar olur, əlindən heç bir iş gəlməyən insanlar. (Çünki beyin cərrahiyyəsini seçənlər az olduğundan, həmin ixtisasda boş yerlər çox olur.) Bir formada gününü keçirib, dövlətdən maaş alan insanlar olur. Onların heç bir uğuru da olmur, çünki gördüklər iş yoxdur. Onların yalnız diplomu olur.

 

– Tibb elmi inkişaf etdikcə, açıq əməliyyatlardan çox az istifadə olunur. Siz əməliyyatları necə həyata keçirirsiz?
– Mənim ən çox icra etdiyim əməliyyatlar endoskopik beyin əməliyyatlarıdır. Bir də epilepsiya cərrahiyyəsi ilə məşğul oluram. Azərbaycana gəldiyim vaxtda da, indi də epilepsiya cərrahiyəsi ilə məşğul olan kimsə yox idi. Son bir neçə ildə biz Epilepsiya Klubu təşkil etmişik. Buna bütün dünyadan olan həmkarlarımız dəstək verirlər. Biz hər ay toplanırıq. Bu xəstəliklə bağlı həm həmkarlarımızla təcrüblərimizi bölüşür, həmdə əməliyyat olacaq xəstələri müzakirə edirik. Bu sahədə ciddi maarifləndirici içlər görmüşük. Epilepsiya çox böyük bir bəladır. 10 minlərlə epilepsiya xəstəsi olan insan var. Bunların böyük bir kütləsi əməliyyata namizəddir. Lakin bizim cəmiyyət bundan bixəbər idi. Azərbaycanda gələndə burada endoskopik beyin şişlərini əməliyyat edən həkimlər var idi. Çox geniş yayılmamışdı, amma bir neçə nəfər bunu edirdi. Lakin biz bu spektrı daha da genişləndirdik. Daha çox və daha böyük endoskopik əməliyyatlar etdik. Hal-hazırda Azərbaycanda da, dünyanın bir çox yerlərində də endoskopik mümkün olan əməliyyatları, bir sıra köhnə təfəkkürlü həkimlər açıq əməliyyat olunmasını tövsiyə edirlər. Bəzən xəstələri tənbeh edirlər ki, endoskopik əməliyyat etdirməyin. Təbabət bu qədər inkişaf etmişkən, bizim yerlərdə sürünməyimiz doğru olmaz.
– Bildiyim qədər sizin elmi işiniz də epilepsiya xəstəliyi ilə bağlı olub. Bu xəstəliyin tam sağalması mümkündür?
– Bizim epilepsiya əməliyyatı etdiyimiz insanların 95 faizi tam sağalıb. Bu xəstəlik olan insanların sosial həyatı olmur, ailə, iş həyatı olmur. Çünki onlarda tez-tez qıcolmalar baş verir. Onlar həyatlarında hər şeyi epilepsiyaya görə planlalayırlar. Gün ərzində 3-4 dəfə qıcolması olan adam bir neçə dərman qəbul edir. Daim qorxu ilə yaşayır, ailə qursam hamilə qala bilərəmmi, ya köməksiz yerdə qıcolma baş verərsə, nə edəcəm, kimi suallar, bu insanları sosial həyatdan uzaqlaşdırır. Biz əməliyyatla insanları bu bəladan xilas edirik, cəmiyyətə sağlam bir insan qazandırırıq.

– Əməliyyatdan bir müddət keçəndən sonra epilepsiyanın yenidən qayıtmaq ehtimalı var?
– Çox az da olsa, belə bir ehtimal var. Araşdırmalar göstərir ki, bəzi xəstələrdə bir müddət keçəndən sonra qıcolmalar olur. Belə hal olsa belə, əvvəlki halından az olur.
– Beyin şişlərini və digər beyin xəstəliklərini erkən müalicə etmədikdə, həkimə gec müraciət etdikdə həmin insanların sağalmaq şansı varmı?
– İnsan ümumiyyətlə, tənbəl varlıqdır. Bu bütün cəmiyyətlərdə belədir. Azərbaycanda belə hallar əsasən rayonlardan gələn insanlarda rast gəlinir. Bunun pis tərəfi isə odur ki, hər zaman istənilən nəticəni əldə etmək olmur. Biz də bir bəndəyik, bu işi professional şəkildə həyata keçirən bir bəndəyik. Hər şey Allahın əlindədir. Gecikən müraciətlər olanda 9-nu xilas etsək də, 1-ni xilas edə bilmirik. O xilas edə bilmədiyimiz insanlara görə, bizə düşmən gözündə baxırlar. Lakin zamanında doğru həkimə müraciət edilsəydi, hər şey fərqli ola bilərdi.
– Əməliyyatdan sonra özünüzü necə hiss edirsiz?
– Bəzən ara-sıra düşünürəm ki, nə qədər böyük bir iş görmüşəm. Bir insanı ölümün caynağından alıb həyata qaytarmış olursan. Öz üzərində düşünürəm ki, bir insan mənə bunu bəxş etsəydi nə qədər minnətdar olardım. Amma bu o qədər adi hal alır ki, biz artıq bu düşüncələrdən uzaqlaşırıq.
– Elə bir əməliyyatınız olubmu ki, illər keçsə də, onu unutmazsız?
– Bu işə yeni başlayanda olurdu. Ağır əməliyyatlar yaddaşımda qalırdı. Amma zaman keçdikcə o qədər oldu ki, elə əməliyyatlar hansısa barədə ayrıca düşünə bilmirəm. Hər gün bir neçə beyini əməliyyat edirəm. Mənim yanıma gələnlərin əksəriyyəti də ağır xəstələr olur. Elə xəstələr olur ki, onu əməliyyat etməyə heç bir neyrocərrah risk etmir, lakin mən bunu edirəm və uğurlu da alınır.
– Beyin əməliyyatları nə qədər vaxt aparır?
– Mənim etdiyim ən uzun beyin cərrahiyyəsi 12-13 saat davam edib. Bu vaxt xəstəyə görə, şişin xarakterinə görə dəyişir. Amma normal bir beyin əməliyyatı 3-5 saat çəkir.

Müəllif: Cəfər Talıb

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər