Ermənistan işğal altındakı Laçında Suriyadan qaçan ermənilərə ev tikir

825
Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmanı davam etdirir.

 

APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistanın işğalı altında olan Azərbaycanın Laçın rayonunda Suriyadan gəlmiş erməni ailələri üçün nəzərdə tutulmuş çoxmənzilli yaşayış binalarının və fərdi evlərin tikintisinə başlanılıb. Separatçı rejimin rayon üzrə “icra başçısı” David Davtyan bildirib ki, ilk mənzilləri artıq bu ilin aprelin ortalarında sakinlərə təhvil verməyi planlaşdırılır.
David Davtyan əlavə edib ki, hazırda Laçın rayonunda Suriyadan qaçqın düşmüş 105 nəfərdən ibarət 29 erməni ailəsi məskunlaşıb. Onun sözlərinə görə, mənzillər tikilənədək Suriyadan gəlmiş ailələr müvəqqəti olaraq Laçın şəhərindəki yataqxanada yerləşdirilib.

Separatçı rejimin nümayəndəsinin sözlərinə görə, Laçın rayonunda həyata keçirilən tikinti işləri Dağlıq Qarabağdakı erməni icması və “Kaşatax” fondu tərəfindən maliyyələşir.

 

Qeyd edək ki, Suriyadan olan ermənilərin işğal olunmuş ərazilərimizdə məskunlaşdırılması Azərbaycanı ciddi narahat edir. APA-nın məlumatına görə, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov fevral ayında açıqlamasında qeyd edib ki, Azərbaycan Suriyadan olan erməni ailələrinin məskunlaşdırılmasına qarşı deyil, Azərbaycanı narahat edən erməni ailələrinin işğal olunmuş ərazilərdə məskunlaşdırılmasıdır: “İnsanların Suriyanı tərk etməsi normaldır, insan həyatını itirmək istəmir.

 

Onların Ermənistanda məskunlaşdırılmasına qarşı da heç bir iddiamız yoxdur. Lakin nədənsə sonradan onları Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məskunlaşdırırlar. Bildiyimiz kimi, Ermənistan əhalisinin 50 faizi ölkəni tərk edib, bu səbəbdən ölkədə çoxlu boş yerlər var. Demoqrafik vəziyyəti yaxşılaşdırmaq məqsədilə bu yerlərdən Suriyadan gəlmiş erməniləri məskunlaşdırmaq üçün istifadə etmək olar. Bununla da suriyalı ermənilər Ermənistanın özündə yaşamaq imkanı əldə etmiş olarlar. Bu nöqteyi-nəzərdən çıxış edərək, Ermənistanın tamamilə başqa məqsəd güddüyünü iddia edirəm”.

 /lent.az/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər