Evimizdəki ikiağızlı qılınc

778

Bir üzü xeyrə, bir üzü şərə kəsir

Ailə qanunlarımız ayaqlar altına atılır. İffət, ismət, ləyaqət anlayışı gərəksiz bir şey kimi bir tərəfə tullanır. Xəbərləri izləyirsən, məşhur müğənninin və ya idmançının şəxsi həyatından danışırlar. Ən çox da kiminlə oturub-durmasından, gecəni harada, necə keçirməsindən bəhs edirlər.

Biz namusun müqəddəsliyinə inanmış bir nəslin davamçılarıyıq. Ancaq bu gün namus məsələsi bu şou-xəbərlərlə qiymətdən salınır, böyüyən nəsillərə əxlaqsızlıq, ləyaqətsizlik təlqin olunur.

Xalqları bir-birindən fərqləndirən əsas cəhətlərdən biri də onun əxlaq normaları, inancı, ailə-məişət münasibətləridir. Bu mənada biz sürətlə kökümüzdən ayrılırıq, soyumuza ögeyləşirik, təqlidçiliyə üz tuturuq.

Övladınız tanınmış sənətçilərə, idmançılara həsəd aparır, onlar kimi olmaq istəyir. İstəyir ki, onlar kimi varlı olsun, bahalı avtomobillərdə gəzsin. Bu bir həqiqətdir ki, ölkəmizdə ən varlı peşə sahibləri elə sənətçilərdir. Hər birinin villası, təmtəraqlı mənzilləri, ən bahalı avtomobilləri… Təbii ki, sizin uşağınız da onun kimi olmaq istəyir. Həm də görür ki, səhərdən axşama qədər əlləşən valideyn ailəsini güc-bəla ilə dolandırdığı halda, bir müğənni toyda, şənlikdə fonoqramla dünyanın pulunu qazanır.

Bu gün Avropada bir futbolçunun bir komandadan digərinə keçməsi üçün 50 milyon, 100 milyon dollar pul xərclənir. Əlbəttə, bu həqiqət sizin övladınızın düşüncələrindən də yan keçmir. İndiki gəncliyi xarakterizə edən əsas cəhət az zəhmət çəkmək və çox qazanmaqdır. Bu da, heç şübhəsiz, gördüklərinin təsiri ilə meydana çıxır.

İstəsək də, övladın televiziya ilə əlaqəsini kəsə bilmərik və bəlkə buna heç ehtiyac da yoxdur. Ancaq hamı diqqət yetirsin və öyrənsin ki, onun övladı ən çox hansı proqramlara meyil edir. Telekanallarda hamı öz istəyinə uyğun proqramlar, verilişlər tapa bilər. Orada elmi-kütləvi verilişlər də var, səyahət proqramları da, ov mənzərələri də, musiqi verilişləri də, şou-proqramlar da. Çalışmaq lazımdır ki, övladınız televiziyanın əsiri olmasın. Baxanda da faydalı proqramlara baxsın. Elə şeylərə tamaşa etsin ki, müsbət mənada bir şey götürə bilsin.

Bəli, texnologiyanın bugünkü inkişaf mərhələsində istər televiziya olsun, istər internet, istərsə də mətbuat, hər biri ikiağızlı qılınc kimidir: bir üzü xeyrə, bir üzü şərə kəsir. Yəni televiziya bir şey öyrədə bilirsə, uşağın əxlaqını korlaya da bilir. İndi özünüz seçin. Həm də elə edin ki, sonradan peşman olmayasınız.

zaman.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər