"Əxlaqsız qadını, bar qızını oynadığıma görə utanmıram" - aktrisa Rəhimə Qüdrətova (VİDEOMÜSAHİBƏ)

7829

BAKU.WS-in budəfəki müsahibi “Xəzər TV”də yayımlanan “Ay yay yay” serialında Nuray obrazını canlandıran gənc aktrisa Rəhimə Qüdrətovadır.

-Zəhmət olmasa özünüzü təqdim edin…

-Gənc aktrisalardan biri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin builki məzunu, Firəngiz Mütəllimovanın tələbəsi və s. Hərdən demək olar “dəniz qızı”, hərdən də dənizdə insanı boğan dalğalar.

-İncəsənət Universitetində kurs rəhbəriniz xalq artisti Firəngiz Mütəllimova olub. Onun kimi bir sənətkardan nələri öyrəndiniz və dərslərdən ən yaddaqalanı hansı olub?

-Firəngiz xanımdan çox şeylər öyrəndim və bu günə kimi də onunla münasibətim davam edir. Müəllim-tələbə münasibətindən daha çox ana-bala münasibəti kimi. Bu gün ən xırda bir şeydə Firəngiz xanımdan məsləhət alıram. Bilirəm ki, o, mənə düzgün yolu göstərəcək. Firəngiz xanım ən birinci növbədə bizə kamera önündə, səhnədə özümüz olmağı, səmimi olmağı öyrədib. Bir də bizə sağlam rəqabət öyrədib. Deyir ki, çalışmayın bir-birinizin paxıllığını çəkəsiniz, həmişə çalışın ki, düzgün yolla, heç kimin haqqına girmədən irəli gedə biləsiniz. Bu rol sənindirsə, onsuz da sənindir.


-Düzü, mən sizi yenicə yayımlanan “Ay yay yay” serialından tanıdım. Diqqətimi cəlb edən aktrisalardan biri məhz elə siz oldunuz. Bu seriala necə dəvət aldınız?

– Bu seriala məni Ramin müəllim (rejissor Ramin Hacıyev – red.) dəvət etdi, “Instagram”da yazmışdı. “Instagram”a çox baxan deyiləm. Tam təsadüfən girdim, gözlərimə inanmadım. Dərhal Firəngiz xanıma yığdım. O dedi ki, zəng et, danış, mənə xəbər et. Onda da hələ “De, sən öl?!”ün qalası baş tutmamışdı. Ramin bəyə zəng etdim, görüşdük, danışdıq, sonra o, “De, sən öl?!”ü izlədi, bir-birimizi tapdıq, seçdik və serialımıza başladıq.


 Serialı izləməyən tamaşaçılar üçün obrazını haqqında nə danışa bilərsiniz?

– Nuray haqqında çox danışmaq istəmirəm, çünki bilirsiniz ki, serial sirləri var. Nuray həm Rəhiməyə bir az yaxındır, həm də Rəhimədən bir az uzaqdır. Məsələn, Nuray ailəsinin sözündən çıxmır, atasına çox bağlıdır. Mamanın qulağından iraq, mən də eləyəm. Nuray həqiqətən tamaşaçılar üçün çox maraqlıdır, çünki Nuray bəlkə də çox xanımların cəsarəti çatmayan bir şeyi edəcək.

İzləyicilərim “Instagram”da, “Facebook”da yazıb soruşur ki, “Nə olacaq, Nurayın başına nə gələcək, maması ilə nə edəcək?”. O qədər inanıblar ki, hətta yazırlar ki, “Podruqanıza inanmayın, siz Turala İnstaqramdan, votsapdan yazın”.

– Yaratdığınız Nuray obrazı varlı oğlanları sevmir…

– Rəhimənin özü də elədir. Nə qədər pulu da olsa, əgər bir insan özünü apara bilmirsə, o insanla nəinki bir ömür, bir neçə dəqiqə də keçməz mənim üçün. Pul çox şeydir, razıyam, amma hər şey deyil.


– Serialdakı obrazınıza həyatdakı ananınızın münasibəti…

– Serialdakı anam məni döyəndə həyatdakı anam çox sevinir. Deyir: “Yaxşı olur, mənim hayfımı çıxırsan”, amma belə mamam da çox bəyənir. O oyunu, o ana-bala münasibətini, hər şeyi, çünki insanlara təsir edir. O, artıq mənə xoş olur.

– Çox vaxt gənc aktrisalar bir qədər uğur qazanan kimi “ulduz xəstəliyi”nə tutulurlar…

– Yox, tutulmamışam, fikrim də yoxdur. Əziyyətlə gəlmişəm, haradan gəldiyimi unutmamışam, gələndə yanımda olanlar İnşallah bundan sonra da həmişə yanımda olacaqlar. Təbii ki, yanımda qalmağa layiq olanlar. İnsan gəldiyi yeri yaddan çıxartmamalıdır.


– Özünə hörmət qoyan aktrisa hansı roldan imtina edər?

– Məncə, elə bir fikir yoxdur. Mən aktrisayamsa və əgər mənə gələn rolda özümü görürəmsə, o rolu oynamağı bacaracağamsa, səhnəyə, kamera qarşısına çıxıb özümü rəzil etməyəcəyəmsə, o istedadım varsa, mən onu oynamalıyam. Çox-çox üzr istəyirəm, mən tamaşaçılarımız boyu səhnədə əxlaqsız qadını da, tarixi obrazlar da, bar qızını da oynamışam və bundan heç utanmıram.

Bizdə belə bir şey var ki, aktrisa çıxıb səhnədə əxlaqsız qadını oyna bilməz. İnandırım sizi ki, o rolu oynamaq daha çətindir, çünki o qədər onların həyatlarının arxasında görünməyən məqamlar var. Bizdə, incəsənətdə belə bir söz var ki, aktyor, aktrisa bir rolu götürəndə gərək roddomdan götürsün. Bilsin ki, bu obraz uşaqlığından bu günə kimi nələr yaşayıb bura gəlib. Rol açılmalıdır ki, sənə rahat olsun.

Ona görə də “özünə hörmət edən aktrisa” söhbəti düzgün deyil. Bu, efirdir, sən bunu oynayırsan, sən bu deyilsən. Mən bu gün əxlaqsız birini oynayıramsa, o demək deyil ki, Rəhimə elədir. Bu, mənim rolumdur, oynamalıyam. Aktyor, aktrisa hər rolun öhtəsindən gəlməyi bacarmalıdır, əgər istedadı varsa.

– Bir aktrisa kimi hansı şərtləriniz, kaprizləriniz var?

– Şərtlərim, kaprizlərim yoxdur. Ümumiyyətlə, setə gəlirəmsə, ən birinci hörmət gözləyirəm. Hamı hamını sevmək məcburiyyətində deyil. Elə insanlar var ki, mən onları sevmirəm, yəni hərəkətindən, özünü aparmağından xoşum gəlmir, amma hörmət edirəm. Başqa böyük bir kaprizim yoxdur.


– Adınızı “Google” axtarış sisteminə daxil edəndə daha çox cəsarətli geyimlərinizlə bağlı xəbərlərə rast gəldim. Açıq-saçıq geyinməyinizdə məqsəd nədir?

– Birincisi, mən heç bir sayta demirəm ki, bunu götürüb yazın. Adi şəkil paylaşıram, yazırlar ki, yazmaq istəyirik, deyirəm ki, buyurun götürün. Nə xoşdur ki, yazanda orada sənətimlə bağlı da nələrisə qeyd edirlər: Firəngiz Mütəllimovanın tələbəsi, filan filmin, serialın aktrisası, karyerasından söz elətdirməyi bacaran…

Mən bu gün o geyimləri sevdiyim üçün geyinirəm, amma serialda məni o geyimdə görə bilmərsiniz. Mən onu şəxsi həyatda Rəhimə kimi geyinirəm, efirə aparmıram. Bu, mənim şəxsi həyatda şəxsi seçimimdir. Nə vaxta qədər ürəyim onu istəsə, geyinəcəyəm. Bu, o demək deyil ki, o geyimlə efirə çıxıram.

Rasim Balayev müsahibəsində çox gözəl bir söz işlətdi ki, “Efirə hər adamı çıxartmaq olmaz, efirə nümunəvi adamlar çıxmalıdır”. Serialın, efirin – hər yerin öz geyimi var. Şəxsi həyat isə mənimdir. Açıq geyinirəm, hara gedirəm, haradan otururam – bunun heç kimə aidiyyatı yoxdur. Bu gün mən o geyimləri istədiyim üçün geyinirəm, nə özümü təsdiqləmək, nə kiməsə etiraz, nə də diqqət çəkmək üçün yox. Rəhimə istəsə, 5 il sonra da bunu geyinəcək, istəməsə, axşam geyinməyəcək, bu, mənim istəyimə bağlıdır.

Sözüm loru çıxacaq, amma mən çox şit dekolte geyinmirəm. Məsələn, əgər sinədə dekolte varsa, mümkün qədər çalışıram ki, ayaqlar bağlı olsun, çünki şit olanda gözü yorur. Bir yer açıq olanda daha gözəl görünür və göz oxşayır. Özüm də sevirəm ki, xanım gözəl geyinsin, dekolte geyinsin, təbii ki, yaraşırsa. Hər şeyin ifrat dərəcəsini sevmirəm, hər şeyi dərəcəsində xoşlayıram.


– Zəngin bir aktrisa olsaydınız, hansı sosial layihəni həyata keçirərdiniz?

– Ata-ana qayğısından məhrum olmuş uşaqlar üçün. Bütün zəngin insanlar yığışsa, bir insana ata-ana qayğısını verə bilməz. Mən atamı itirmişəm, ona görə bilirəm. Nə qədər də olsa, insan həmişə valideynini axtarır. Təbii ki, yerini tutmayacaq, amma əlimdən nə gəlirsə, etməyə çalışardım.

– Təsəvvür edin ki, xoş münasibətdə olmadığınız bir sənət yoldaşınız sizinlə tədbirlərin birində üz-üzə gəlir və bilmədən sizin ayağınızı tapdalayır. Sizin reaksiyanız…

– Tapdaladı, baxıram üzünə ki, səhv etmisən, səhvini bilsin. Cəmiyyət arasında olan söhbətləri sevmirəm. İkiliyə düşsək, təbii ki, iradımı bildirərəm ki, düzgün etmədin. 3-cü adamın yanında deyilən söz mənlik deyil, çünki boş-boş söhbətləri sevmirəm. Fikir vermisinizsə, mən həmişə qalmaqaldan qaçmışam. Hər kəsə dərəcəsində hörmət etməyi bacarıram, heç kimlə də qalmaqala girmək kimi fikrim yoxdur, Allah da qismət etməsin. Qulaqlarımı elə şeylərə bağlamışam. Hər kəsin öz yolu var, hərəyə yolunda uğurlar.

– Bu sənətdən başqa gəlir mənbəyiniz varmı?

– Yox, yoxdur. Mən model deyiləm, əsl sənətim aktrisadır. Olur ki, model kimi çağırlar, təbii ki, hər yerə getmirəm. İnşallah gələcəkdə planımda var. Xəyallarımda bir-iki şey var ki, onları quracağam. Bərbad səsim var. Düzdür, şükürlər olsun ki, danışıqda qüsurum yoxdur, amma oxumağa heç səsim yoxdur. Oxumağı çox sevirəm, amma evdə tək olanda. Heç kim eşitməsin, camaata niyə pislik edim ki.


– Tək olanda daha çox hansı mahnını oxuyursunuz?

– Tək olanda daha çox depressiyaya meyilli oluram, özlüyümdə səhnələr qururam. Nostalji mahnıları daha çox sevirəm.

 İntihara cəhd etmisiniz?

– Dediyim kimi, atamı itirmişəm. Uşaqlıda elə bilirdim ki, çoxlu getsəm atama çatacağam. Məzarlıqda olanda başımı aldatmaq üçün göstərirdilər ki, orada bina var və bütün ölülər oradadır. Mən də elə bilirdim ki, oraya getsəm çatacağam. Olub ki, oraya getmək istəmişəm və bir dəfə itmişəm. Bu, intihar deyil, sadəcə ona çatmaq istəmişəm.

– Eşq haqqında nə düşünürsünüz?

– Məncə, eşq, sevgi hər insana qismət olmayacaq qədər böyük bir duyğudur. Böyük bir sevgi yaşamamışam, yəni xəyalımdakı sevgini, amma bilirəm ki, yaşayacağam. Təbii ki, desəm həyatımda heç kim olmayıb, bu, inandırıcı gəlməz. Olub, amma o sevgini hələ yaşamamışam.

Aktrisa Rəhimə Qüdrətova və BAKU.WS-in müxbiri Hüseyn Məmmədsalahov

 Rəhimə Qüdrətovanın gələcək həyat yoldaşı olacaq şəxs hansı keyfiyyətlərə malik olmalıdır?

– Rəhimə dəyişir həyatında. Bu Rəhimə gedir, tamam başqa bir insan gəlir. Çox qısqancam, amma ölərəm bildirmərəm. Axıra qədər gedənlərdənəm, yəni o insan mənimdirsə mənimdir. “Sənət, yoxsa mən?” desə, məncə, sənətsiz də yarım olaram, sevdiyim insansız da. Yarım insan da heç kimə lazım deyil.

– Ümumiyyətlə, gələcək həyat yoldaşınızın hansı xüsusiyyətləri olmalıdır?

– Gələcək həyat yoldaşım çox səbrli insan olmalıdır, yemək bişirməyi bilməlidir ki, ac qalmayaq. Bir də ki, bir az mənə dözməlidir. Başqa bir xüsusiyyəti olmasa da olar, hamısını özüm düzəldəcəyəm. Bu üçü olmalıdır.

– Formada qalmaq üçün xanımlara məsləhət verə biləcəyiniz xüsusi reseptiniz varmı?

– Səhhətimlə əlaqədar bir az kökəlmişəm, amma belədə yeməyimə fikir verirəm. Arada fitneslə məşğul oluram, çox yürüyürəm, başqa heç nə. Bir də özüm-özümü çərrədirəm.

– Və gələcək planlarınız…

– Aktrisa adınının öhdəsindən gəlmək. Əgər hər şey planlarımdakı kimi getsə, xaricdə də öz işimlə tanınmaq istəyirəm.

Hüseyn Məmmədsalahov
FOTO/VİDEO: Elvino Photography
BAKU.WS

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər