Facebook medianın milyardlarını əlindən alır: Nə etməli? - TƏHLİL

1622
İndi elə bir mətbuat qurumu tapmaq olmaz ki, sosial şəbəkələrdə səhifələri vasitəsilə veb-resurslarına oxucu cəlb etməyə çalışmasın. Yəni sosial şəbəkələr sayta trafik mənbələrindən biridir. Hətta bir çox media strukturları isə auditoriyalarını Facebook, Twitter və ya Vkontakte platformalarında tapırlar. Azərbaycanda Facebook-un ən populyar sosial şəbəkə olması məlumdur. Ona görə də mediamız da burada iştiraka xüsusi önəm verir. Amma oxucu cəlb edilməsi məsələsində artıq Facebook əvvəlki kimi olmayacaq.
Google şirkəti Facebook-u qabaqlayıb
Ötən həftə Mark Zukerberqin oxucuların profillərində xəbərlərin daha az görünməsi ilə bağlı açıqlamasından sonra bununla bağlı ekspert dairələrində geniş müzakirələr başlayıb. Onsuz da, 2016, 2017-ci illərdə edilən dəyişikliklər səbəbindən istifadəçilərin əsas səhifəsində xəbər linkləri az görünürdü, videolara daha çox üstünlük verilirdi. Daha əvvəllər, yəni 2015-ci ildə saytlar əsas trafiki Facebook-dan alırdılar, sonrakı yeri Google tuturdu. Parse.ly sosial media analitik şirkətinin hesabatına görə, əvvəl trafikin 40 faizi Facebok-dan gəlirdisə, 2017-ci ildə bu göstərici 25 faizə enib. Google-dan isə saytlar ötən il 44 faiz keçid əldə edə biliblər. Facebook səhifələrini idarə edənlər yaxşı bilirlər ki, paylaşılan materiallar daimi oxucuların ümumi sayının 5 faizə qədərini əhatə edə bilir. Sözsüz ki, belə olduqda linklər üzrə veb-resurslara keçidlər də az olur.
Mark Zukerberq sonuncu açıqlamalarında qeyd edib ki, indi onun sosial şəbəkəsində insanların bir-birilə ünsiyyətinə daha çox diqqət ayrılacaq. Medianın və digər brendlərin xəbərləri, videoları və paylaşımları az görünəcək. Dəyişklik nəticəsində belə materiallar istifadəçinin xəbər lentinin 4 faizini təşkil edəcək. Yalnız etibarlı mənbələrin məlumatları, daha çox müzakirə edilən xəbərlər yuzerlər üçün görünən olunacaq. Hətta istifadəçilər özləri hansı mənbələrin etibarlı olub olmamasını müəyyən edəcəklər və Facebook da onların istəyi ilə həmin mənbənin materiallarını görünən edəcək. Zukerberq yazır ki, xəbərlərin sayı azalmayacaq, onların sayı daha etibarlı mənbələrdən olan xəbərlərin xeyrinə dəyişəcək.
Milyardları mətbuatın əlindən alan Zukerberq
Bəs bu dəyişkiliklərin məqsədi nədir? Zukerberq deyir ki, istədiyi insanlar arasında ünsiyyətə, yaxınlığa daha çox fikir vermək, onların sadə xəbər istehlakçısı olmamasını təmin etməkdir. Amma Facebook-un milyardlarla dollar gəlir gətirdiyini bildiyimiz halda onun asanlıqla media və biznes materiallarından imtina edəcəyinə inanmaq sadəlövhlük olardı. Çünki Zukerberqə bu qazancı məhz brendlər və media öz materiallarını reklam etməklə gətirir. Həm də Facebook özünün media yayımçısı kimi məqsədini dəfələrlə bəyan edib.
Bu arada bir sıra xəbər agentliklərinin ötən ilin sonlarındakı birgə bəyanatını qeyd etmək yerinə düşərdi. Sosial media ənənəvi medianı sıxışdıracaq kimi proqnozlar indi daha real görünməyə başlayıb. Avropa agentliklərini narahat edən məsələ Facebook və Google-un xəbərləri pulsuz yaymaqla onlara böyük maliyyə itkisi yaratması iddiasıdır. Yəni ənənəvi olaraq xəbər agentlikləri xəbər istehsal edib mətbuata satır və bundan pul qazanır. Mətbuat da bu xəbərlər və müxtəlif materiallar hesabına öz veb-resurslarına reklam cəlb edir. Agentliklər deyirlər ki, indi Facebook və Google xəbər yayımı funksiyasını üzərinə götürməklə şirkətlərdən gələn reklamı öz əlində cəmləşdirir. Mətbuata isə hər il daha az reklam payı düşür. Agentliklər hesab edir ki, sosial media xəbərləri istifadəçilərə pulsuz çatdırmaqla ənənəvi medianın qazanc mənbəyini əlindən alır. Onların qənaətincə, belə getsə, xəbər agentlikləri sərbəst şəkildə informasiya istehsal edə bilməyəcəklər. Agentliklər hər iki internet nəhəngindən xəbər yayımına görə pul ödəmələrini də tələb ediblər. ABŞ mediası da bir müddət əvvəl Facebook-dan narazılıq edərək reklam gəlirlərinin azaldığını bildirmişdi. Əlbəttə, agentliklərin xəbərdən pul qazanaraq öz fəaliyyətini təmin etməsi bir biznes modeli kimi Qərbdə daha çox inkişaf etsə də, postsovet məkanında hələ də özünü doğrulda bilməyib. Bu məsələ özü böyük müzakirə mövzusudur və jurnalistika ilə yanaşı bir çox digər amillərlə bağlıdır.
Facebook-un tələsi…
Görünür, Mark Zukerberq bu narazılıqları da nəzər alıb. O, şirkətini Avropa Şurasının mümkün sanksiyalarından qorumaq üçün xəbərlərə elə də önəm verilməyəcini açıqlayıb. Yəni əsas məqsəd insanlar üçün bir ünsiyyət platforması kimi fəaliyyət göstərməkdir, xəbər xarakterli materiallar isə ikinci dərəcəlidir. Ehtimal etmək olar ki, bu addımla Mark Zukerberq ona qarşı olan iddiaları bir qədər səngitməyə çalışır. Görünür, Mark bununla da bir atəşlə iki dovşan vurmaq niyyətindədir ki, həm narazı medianı sakitləşdirsin, həm də qazancını daha da artırsın. Qazancını isə o, reklamla artıracaq. Şirkətlər və media öz materiallarının xəbər lentində reklamdan daha çox istifadə etməli olacaq. Elə Markın da istəyi budur. Şirkətlərin materiallarının istifadəçilərin xəbər lentində adi qaydada görünməsinin məhdudlaşdırılması bunu reklam vasitəsilə etmək məcburiyyəti yaradır.
Ümumiyyətlə son 2 ildə Facebook istifadəçiləri öz platformasında saxlamaq üçün linklər üzrə keçidlərin sayını azaltmağa yönəlmiş addımlar atdı. İnstant Articles (Ani məqalələr) kimi mobil alət də bunlardan biridir. Rəsmi strategiya ondan ibarət idi ki, mobil telefonlarda saytlar gec açılır, amma İnstant Articles vasitəsilə buna daha az vaxt sərf olunur. Bununla Facebook istifadəçini platformada saxlayaraq kənar veb-resursa keçidinin qarşısını almış olur. Nəzərə alsaq ki, Facebook-a daxil olanların 80 faizdən çoxu mobil qurğulardan istifadə edir, bu, Zukerberq üçün strateji addım idi. Əvəzində Zukerberq mətbuata şirkətlərin reklamını onların belə məqalələrində yerləşdirməyi təklif edirdi. Amma bu məsələ hələ ki reallaşmayıb, yalnız bəzi nəhəng Amerika nəşrlərinə aid olunub. İlk vaxtlar “Ani məqalələr” media üçün maraqlı alət olsa da son statistika bunun trafik cəlb edilməsi baxımından səmərəli olmadığını göstərdi. Nəticədə bu alətdən istifadə edən media qurumları mobil telefonlarda öz saytlarına girişlərin azaldığını görərək ondan imtina edirlər.
Bundan başqa, Mark feyk xəbərlər, klikbeytyönümlü linklər, zəif açılan veb-saytlarla mübarizə adı altında linklərin qarşısını alan yeniləmələr etdi ki, bütün bunlar da saytlara trafikin azalmasına səbəb oldu.
Sosial media nəhənginin rekord gəlirləri
Zukerberqin gəlirləri isə durmadan artır. Facebook-un rəsmi açıqlamalarına görə, 2017-ci ilin 3-cü rübündə onun mənfəəti (4-cü rüb hələ dərc olunmayıb) 2016-cı ilin eyni dövrü ilə müqayisədə rekord həddə – 49 faiz artıb və 10 milyard dollar olub. Bunun da əsas hissəsi reklam gəlirləridir. Zukerberq mətbuat və şirkətlərə keçid trafiki üçün imkanları azaltmaqla reklamdan daha çox gəlir götürür ki, elə son yenilik də həmin strategiyanın davamıdır. Auditoriyanın cəmləndiyi Facebook və ya digər sosial şəbəkələr media üçün vacib platformadır. Ona görə də mətbuat öz xəbərlərini oxuculara çatdıra bilmək üçün reklama müraciət etməli olacaq.
Facebook belə yeniləmələrdən sonra mənfi rəylərin də qarşısını məharətlə alır. Bunu isə müstəqil kimi görünən sosial medianın ekspertləri vasitəsilə edir. Bu lobbiçilər son yenilikləri Zukerberqin insanların mənfi informasiyalardan aldığı psixoloji sarsıntılardan qorumaq istəyi, xəbərçilik sahəsində keyfiyyətin artırılması kimi qələmə verirlər. Belə saytlar kifayət qədərdir və hər gün neçə-neçə bu cür yazılar dərc edilir.
Mətbuat nə etməlidir?
Beləliklə, Facebook-da edilən dəyişikliklər fonunda media oxucularla ünsiyyət strategiyasını dəyişməli olacaq. Bu sosial şəbəkədən saytlara trafik azalması istər-istəməz baş verəcək. Amma buna baxmayaraq, mətbuat mövcud imkanlardan maksimum yararlanmağa çalışmalıdır. Görünür, mətbuat sosial mediada fəallığını saxlamaq üçün daha çox resurs cəlb etmək məcburiyyətində qalacaq: istifadəçilərlə kommunikasiya qurmaq, mövzu trendləri üzrə özəl materiallar hazırlamaq, onların yayılması üçün tematik qruplarda paylaşmaq, imkan daxilində Facebok üçün reklam büdcəsi yaratmaq. Əlbəttə, reklam büdcəsini kommersiya şirkətlərinə xas bir anlayış kimi qəbul etməyi öyrənmişik. Amma sosial medianın mətbuat üçün oxucu mənbəyi olması, Facebook-da mövcud dəyişikliklər reklama da mütəmadi olaraq vəsaitin ayrılmasını qaçılmaz edəcək.
Eyni zamanda digər sosial şəbəkələrə də diqqəti artırmaq lazımdır. Azərbaycanda Facebook trafik cəlb edilməsi baxımından əsas sosial şəbəkədir. Mətbuat Twitter-də də fəallığını artırmalıdır. Düzdür, Azərbaycanda Twitter insanlar arasında Facebook və ya İnstagram qədər çox geniş istifadə olunmur. Bu həm də platformanın mahiyyətinin bir qədər fərqli olması ilə bağlıdır. Buna baxmayaraq, son bir ildə Azərbaycanda Twitter-ə maraq bir qədər artıb. GlobalStat-ın hesabatına görə, 2016-cı ildə Azərbaycanda bu platformadan istifadə 3 faiz idisə, 2017-ci ildə 15 faizə çatıb. YouTube və Vkontakte platformalarının da istifadə həcmi ötən il çoxalıb. Bu resurslar da trafik cəlbi üçün münasibdir. Azərbaycanda populyar daha bir platforma da İnstagram-dır. Amma İnstagram link keçidlərini aktiv təmin etmir.
Son dəyişikliklər bot porfillərin də artmasına səbəb olacaq. Şirkətlər avtomatik yaradılan feyk akkauntlar vasitəsilə öz materiallarını qruplarda, müzakirələrdə paylaşımlar etmək üçün istifadə edəcəklər. Çünki Zukerberq insanlar arasında ünsiyyətin əsas olduğunu önə çəkib. Ona görə də belə “yalançı şəxslərin” dostluğumuza qəbul olmaq istəklərinə tez-tez rast gələcəyik.
Facebook bir biznes modelidir və Mark da hər cür yeniliklərlə ilk növbədə sosial şəbəkəsinin maraqlarına xidmət edən addımlar atacaq. Bu isə çətin ki, medianın xeyrinə olsun.
Elşən Şahbalayev
SMM üzrə mütəxəssis

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər