Gələcəyə inam, insanlara həyat bəxş edən, ağrı və ümidsizliyə meydan oxuyan şəhər…

2070

Səhiyyə sistemi və onun mövcud durumun hər bir fərdi, onun həyat və sağlamlığını əhatə etdiyi, bu baxımdan da sosial statusundan, maddi durumundan, peşə və məşğuliyyətindən asılı olmayaraq, hər kəsi düşündürən bir məsələ olduğu şübhəsizdir.  Odur ki, ölkəmizin ən böyük şəhərlərindən biri olan, noyabr ayında özünün 70 illiyini qeyd edəcək Sumqayıtda səhiyyə sisteminin vəziyyəti yalnız bu şəhərdə yaşayanlar üçün deyil, gənclər şəhərinin qonşuluğunda yerləşən kənd və qəsəbələrdə məskunlaşan minlərlə insan üçün də həyati əhəmiyyət kəsb edir.

Modern binalar, ideal təmir və  səhiyyə sisteminə bəxş edilən “yeni nəfəs”

Moderator.az olaraq qeyd edək ki, son üç ildə çoxsaylı yeniliklərə şahid olan Sumqayıt səhiyyəsi üçün xarakterik olan göstəricilərdən ən başlıcası xəstəxana binalarının modernləşdirilməsi, ideal şəkildə təmir edilməsi ilə bağlıdır. Cəmi üç il bundan öncə təmirə ehtiyacı olduğu hər halından bəlli olan xəstəxana binaları bu gün tamamilə yeni, müasir görkəmi ilə insanları heyrətləndirməkdə, onlara estetik zövq bəxş etməkdədir. Müasir tələblər səviyyəsində yenidən qurulan bu xəstəxanlara misal olaraq 1 nömrəli doğum evini, 1 və 2 nömrəli qadın məsləhətxanalarını, 1 və 4 nömrəli şəhər poliklinikalarını göstərmək olar.

Bundan başqa, Sumqaytıdakı uşaq xəstəxanasının infeksion xəstəliklər şöbəsi də yüksək səviyyədə təmir edilib. 2 nömrəli uşaq poliklinikası, 3 nömrəli şəhər xəstəxanasının poliklinikası, onkoloji xəstəxana, eləcə də vərəm xəstəxanası  beynəlxalq standartlar səviyyəsində təmir edilən tibb müəssisələri sırasındadır.

Təmir-abadlıq prosesi şəhərdəki digər xəstəxanalardan da yan keçməmişdir. Belə ki, 1 nömrəli uşaq, 2 və 4 nömrəli şəhər xəstəxanaları, oftalmoloji xəstəxanada cari təmir işləri aparılmış, bu tibb ocaqlarının daha səmərəli fəaliyyəti üçün yeni imkanlar yardılmışdır. Hansı ki, bütün bu irimiqyaslı təmir-abadlıq işləri şəhər səhiyyə sisteminə sözün həqiqi mənasında yeni nəfəs bəxş etməklə onun daha səmərəli fəaliyyətinə stimul vermişdir.

Yüksək ixtisaslı tibbi personal, Qərb texnologiyası və vətəndaş məmnunluğu…

Sumqayıt səhiyyə sistemi üçün xarakterik olan xüsusiyyətlərdən biri də şəhərdəki tibb müəssiələrinin yüksək ixtisaslı həkim heyəti və müasir tibbi avadanlıqlarla təmin edilməsidir. Qərb ölkələrindən alınan və ən son tibbi texnologiya hesab edilən bu avadanlıqlar xəstələrin dəqiq müayinə və diaqnostikasının aparılmasına, onların müalicəsinin doğru şəkildə gerçəkləşməsinə kömək edir. Şəhərdəki bir sıra xəstəxanalarla yanaşı, 1 və 2 nömrəli doğum evlərinin reanimasiya şöbələri də müasir avadanlıqlarla təmin olunub. Bütövlükdə müasir rentgen və ultrasəs müayinə aparatları, eləcə də süni tənəffüz və digər aparatların alınması, modern tibbi texnologiyadan istifadənin incəliklərinə bələd olan tibbi personalın yetişdirilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir.

Bu gün Sumqayıtdakı tibb müəssisələrində kifayət qədər mürəkkəb cərrahiyyə əməliyyatları müvəffəqiyyətlə aparılır ki, bu da yalnız şəhər sakinlərinin deyil, yaxın ərazilərdə məskunlaşan insanların da Sumqayıtdakı səhiyyə ocaqlarına müraciət etməsinə səbəb olur. Tibb müəssisələrinə ağrı və üzüntü ilə daxil olan, bəzi hallarda gələcəyə inamlarını itirən insanlar bu müəssisələri həyat eşqi və böyük nikbinlik hissi ilə tərk edir.

Uşaq ölümlərinə qarşı mübarizə və heyrət doğuran nəticə

Sumqayıt səhiyyə sisteminin son illər əldə etdiyi ən böyük uğurlardan biri də ana və uşaq sahəsində, xüsusilə də uşaq ölümlərinə qarşı mübarizə sahəsində əldə etdiyi uğurlardır. “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması” Dövlət Proqramında bununla bağlı nəzərdə tutulan yeniliklərin tətbiqi, bu sahəyə diqqətin artırılması uşaq ölümlərinə qarşı mübarizədə ciddi uğurlar əldə etməyə imkan verib. Hamilə qadınlarda patalogiyaların vaxtında aşkarlanması və uğurlu müalicəsi məlum sahədə vəziyyəti ciddi şəkildə yaxşılaşmasına səbəb olub.

2018-ci ildən etibarən Sumqayıtdakı 1 nömrəli doğum evi III səviyyəli Perinatal Mərkəz kimi fəaliyyət göstərir ki, bu da aşağı çəki ilə doğulan uşaqların yaşamı uğrunda daha səmərəli mübarizə aparmağa imkan verir. Məhz bütün bu işlərin nəticəsidir ki, Sumqayıtda uşaq və ana ölümü ən minimal səviyyəyə çatmışdır. Son illərin statistikasının təhlili də bunu söyləməyə imkan verir.

Epidemiyalara son və icbari dispanserizasiya siyasəti!

Peyvəndlərin vaxtı-vaxtında aparılması, infeksion xəstəliklərə qarşı mübarizənin gücləndirilməsi də Sumqayıt səhiyyəsinin çoxsaylı uğurları sırasındadır. Görülən işlərin nəticəsidir ki, Sumqayıtda epidemiya xəstəlikləri yoxdur. Bundan başqa, hər il fevralın 12-dən mayın 12-nə kimi Sumqayıtda əhalinin tibbi profilaktik müayinəsi aparılır.

Hər il təxminən 230-240 min nəfərə qədər şəxs müayinəyə cəlb edilir ki, bu da insanların səhhətindəki problemlərin vaxtında aşkarlanmasına, onların xəstəliyin erkən dövrlərində müalicə prosesinə cəlb edilməsinə imkan verir. Uşaqların icbari dispanserizasiyası isə il boyu həyata keçirilir. Bu isə gənc nəslin daha sağlam böyüməsini, onların səhhətindəki problemlərin vaxtında aşkarlanması və aradan qaldırılmasını təmin edir.

Səkinə Sadıxova: “Cənab prezidentin ölkə səhiyyəsinə qayğısı Sumqayıtın timsalında aydın görsənir”

Sumqayıt şəhər səhiyyə şöbəsinin müdir əvəzi Səkinə Sadıxovanın sözlərinə görə, son illər Sumqayıt səhiyyəsində baş verən mühüm yeniliklər prezident İlham Əliyevin ölkə səhiyyəsinə olan qayğı və diqqətinin təzahürü hesab edilə bilər:

“Son illər Sumqayıtın səhiyyə sistemində baş verən inqilabi dəyişiklər, bu sahədə həyata keçirilən böyük quruculuq işləri, səhiyyə xidmətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi cənab prezidentin səhiyyəmizdə olan qayğısından, bu sahənin inkişafına göstərdiyi diqqətdən xəbər verir. Cənab prezidentin ölkə səhiyyəsinə qayğısı Sumqayıtın timsalında aydın görsənir. Sumqayıt şəhərindəki tibbi müəssisələrinin əsaslı təmiri, onların müasir tibbi avadanlıqlarla təmin edilməsi məhz ölkə başçısının səhiyyəmizə göstərdiyi qayğının nəticəsidir. Onu da qeyd edim ki, ölkə başçısının 2019-cu il 11 fevral tarixli sərəncamı ilə 2 saylı Sumqayıt şəhər xəstəxanasının yenidən tikilməsi məqsədi ilə Səhiyyə Nazirliyinə ilkin olaraq 5 milyon manat məbləğində vəsait ayrılıb. Nəzərinizə çatdırım ki, 2 saylı şəhər xəstəxanası çoxprofilli xəstəxanadır və onun əsaslı təmiri Sumqayıt səhiyyəsinin imkanlarının daha da artmasını təmin edəcəkdir”.

 “Şəhər sakinlərinin sağlamlığının qorunması icra başçısının daim diqqət mərkəzindədir”

S.Sadıxova Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun da bu sahəni daim diqqət mərkəzində saxladığını vurğuladı:

“Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov da şəhər səhiyyə sisteminin inkişafına daim dəstək verir, şəhərdəki xəstəxanaların səsmərəli fəaliyyətinin təmin edilməsi, şəhər sakinlərinə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində mütəmadi addımlar atır. Şəhər sakinlərinin sağlamlığının qorunması icra başçısının daim diqqət mərkəzindədir. Təkcə onu demək kifayətdir ki, məhz icra başçısının göstərişi ilə Sumqayıt şəhərinin ucqarlarında yaşayan sakinlərin il boyu müayinəsi həyata keçirilir. Şəhərdəki tibbi müəssisələrin qayğı və problemləri ilə mütəmadi surətdə maraqlanan icra başçısı, bu problemlərin çevik şəkildə həllini təmin edir, onların xidmət səviyyəsinin yüksəldilməsi üçün bütün fürsətlərin optimal şəkildə dəyərləndirilməsini həyata keçirir. Bütün şəhər ərazisini əhatə edən yaşıllaşdırma və abadlıq-quruculuq işləri çərçivəsində şəhərdəki xəstəxanaların ətrafında yaşıllıqların salınması, gül, kol və ağacların əkilməsi, onların estetik görünüşünün yaxşılaşdırılması da hörmətli icra başçısının bu sahədə həyata keçirdiyi mühüm addımlardan biridir.

İnanıram ki, özünün 70 illiyinə hazırlaşan doğma şəhərimizdə səhiyyə sisteminin inkişafı istiqamətində bundan sonra da ciddi yeniliklər həyata keçiriləcək və bu gün olduğu kimi gələcəkdə də şəhər sakinləri Sumqayıt səhiyyəsinin imkanlarındn tam bir məmnunluqla faydalanacaqdır”.

Göründüyü kimi, Sumqayıt səhiyyəsi qısa müddət əzində böyük müvəffəqiyyətlər əldə etmiş, ciddi inkişaf və  tərəqqiyə nail olmuşdur. Şəhərin səhiyyə sistemindəki bütün bu yeniliklərin fonunda Sumqayıtın mövcud statusunu bir cümlə ilə aşağıdakı kimi də xarakterizə etmək mümkündür: Gələcəyə inam, insanlara həyat bəxş edən, ağrı və ümidsizliyə meydan oxuyan şəhər…

Seymur ƏLİYEV

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər