Gəncəbasar və Təbrizdə Sumqayıtlı qonaq

1071

Axırıncı dəfə 22 il əvvəl Sxaltubada sanatoriyada olmuşam. “Kiçik Soçi” adlanan Cəbrayılımız da bədnam düşmən nazərətində olduğundan yay istirahətlərimi ürəyimcə keçirə bilməmişəm. Bu il isə…

Gəncəbasara qatarla getdim. Vaqon bələdçisi Əli kişinin səmimiliyi, gecə rahatlığı üçün sakitliyin yaradılması, şirin-şirin, mışıl-mışıl yatan sərnişinlərin zövqüncə idi. Paravozun fit səsinə ayıldım Gəncədə. Ömrümün yeddi qönçə illərini yaşadığım, çiynimdə tələbəlik yüklərini daşıdığım Gəncədə, 46 il yaddaşımda saxladığım Vaqif küçəsindəki 181 nömrəli evi icra nümayəndəsi Qələndər kişinin köməkliyi ilə rahat tapdım. Lakin ünvan sahibləri həmin ünvanda olmadıqlarından yenə də Qələndər kişi köməyimə çatdı. Babayevlər ailəsini nümayəndəsi Xalidə müəlliməni başqa ünvanda tapdım. Tələbə yoldaşım Zemfiranın bacısı Xalidə müəllimə o vaxtlar bizdən 2 kurs yuxarıda oxuyurdu. Xalidə müəllimədən xəbər tutanda ki, Zemfira müəllimə Oğuzda ailə qurub, işləyib 3-4 il əvvəl rəhmətə gedib. Çox təəssüfləndim. Bunu hiss edən Xalidə müəllimə keçən keçib, olan olub deyərək, məni xəyaldan ayırdı. Xalidə müəllimənin Texnologiya Universitetində dərs deyən həyat yoldaşı Emin müəllim evdə olmadığından görüşə bilmədim. Yanımda olan kitablardan Xalidə müəlliməyə və onun qonşusu tibb bacısı Nailə xanıma hədiyyə verib, çay süfrəsindən sonra ayrıldım. 2 gün Gəncəni eninə-boyuna doyunca gəzdim. Nizami məqbərəsini ziyarət etdim. Hacıkənddə, Göygöldə, Avtomobil, alüminium zavodlarında oldum. 3-cü kursdan müəllim işlədiyim 6 nömrəli məktəbdə xatirələr çözələndi. Küçələrdə içməli su kranları, güllü-çiçəkli, səliqə-səhman sakinlərin zövqunə oxşayır, rahatlığını təmin edir. Gəncə DPU-nə gedib rektorun köməkçisi İlqar müəllimlə görüşdüm. Məqsədim bizimlə qurtaran məzunların görüş tədbirini keçirmək olduğunu dedikdə “45 illik ayrılıqdan sonrakı görüş maraqlı olar” deyib məmnun oldu. Avadanlıqla təchiz olunmuş auditoriyalar acılı-şirinli xatirələr yaratdı. Bu xatirələr “Gəldim, lal kimidi”, “Gözəl” və s. adlı şeirlərə çevrildi. O vaxtkı tələbə yoldaşım Quliyev Əliqulunun bu universitetin informatika fakultəsində kafedra müdiri işlədiyini eşitmişdim. Evlərinə zəng edəndə nəvəsi Respublikadan kənara səfər etdiyini dedi. Görüşərik inşallah. Taylı tayını tapar deyiblər. İkicə gündə Bəxtiyar, Elman Eloğlu, Mətləb Həsənli, Həsən Kərimov kimi müəllim və qəzet işçiləri ilə çoxdanın tanışları kimi səmimiləşdik. “Turan evi” qəzetində mənim haqqımda qısa arayış verildi, şeirlər dərc olundu. “Mən sizi axtarıram” başlığı ilə mənlə ali məktəbi qurataran məzunların siyahıları dərc olunmaq üzrədir. Daşkəsənin Qaraqulular kəndində V.Müzadilin, A.Səməndərin məzarlarına ziyarət etdim, “Daşkəsən” qəzetində onların vəfatına həsr etdiyim “Sənə ölüm olsun ölüm”, “İrəvana gedərik” şeirlərim dərc olundu. Daşkəsənin abu-havası dincliyə, rahatlığıma səbəb oldu. 30 ilə yaxın kolxoz sədri işləmiş Əliş Mehdiyev, poçt işçisi Ələstun Abbasov, Daşkəsən rayon XTŞT-nin müdiri Nazim Verdiyev, müəllim Müzakir Verdiyev, mədənlərdə 1950-ci illərdə mühəndis işləyən qohum Mustafa Hüseynovla görüşlər xoş ovqat yaratdı. Azərbaycanın Uralı adlanan Daşkəsən mədənlərinin tam gücü ilə işlə salınacağını dedi Mustafa kişi. Bu isə on minlərlə adamın işə düzəlməsi deməkdir. Olduğum yerlərdə əkin-biçin işlərinə kömək edir, ov ovlayır, səfalı gəzintilərdən zövq alırdım. Murovda, Qoşqarda çoxlu sayda mal-qara, qoyun-quzu sürüsü bu yerlərin adamlarını əkin-biçinlə, maldarlıqla məşğul olmasından xəbər verirdi. Az-çox bacarığı olan bu bərəkətli torpaqda kasıb ola bilməyəcəyinə əmin oldum. Əliş Mehdiyevin 40-50 maşın otu olacaq biçənəyində olarkən, əslən Cəbrayıldan olan qaçqın kimi Biləsuvarda məskunlaşan Əli həkimin on iki nəfərlik dəstəsi ilə çadır qurub dincəldiyini biləndə onlarla səmimi görüşdük. Əli həkimgil Cəbrayılın Sirik kəndindən idi. Ziyarətin ətəyində yerləşən Sirik kəndi də səfalı, təmiz havalı kəndddir. O da bədnam düşmən nəzarətindədir. Daşkəsəndə Əliş Mehdiyevin, Ələstun Abbasovun nəvələrinin toylarında dost-tanışlarla söz dedim, oynadım. Sumqayıtlı qonaq kimi təzə şeirlərlə bəy və gəlinləri təbrik etdim. Xınayaxdıların xınalarında da mən sovqat etdim. Xoş təəsüratla Daşkəsəndən Gəncəyə qayıdanda “Turan evi”, “Haqq naminə” qəzetlərinin kollektivi məni səmimi şəkildə oradan Moskvaya yola saldılar. Moskva elə Moskvadır. Bacıoğlu İslamın dəvəti ilə bir həftəlik gəzintidən sonra düz xətt kimi uzanan dəmir yolla şütüyən qatarla Petroqrada çatdım. Qardaşoğlu Zabit məni Petroqradın görməli yerləri ilə tanış etdi. Nəhayət, Sumqayıta döndüm. 4-5 gün Sumqayıtın dənizkənarı istirahət və gəzinti yerimə çevrildi. Günəş vannası qəbul etdim. Mərhum tələbə yoldaşım qısa, lakin mənalı ömür yaşamış Müzadil Verdiyev haqqında düşüncələrimə dəniz coşğunluğu qarışdı. Məzuniyyət vaxtımdan qalırdı hələ. Təbrizli dostum Yaqub məni qızının toyuna dəvət etdi. Bir gün sonra Arazın o tayındakı Lərican kəndində idim. Ləricanın yanındakı dağa çıxıb Arazın biz tərəfindəki 1 hektara 20 sot həyətyanı sahəsi olan 4 otaqlı, kürsülü, aynəbəndli evimə baxdım durbinlə. Ağaclarımızın üstündə meyvələri gördüm. Ərik ağacının budağında ərik saplaqdan üzülüb yerə düşəndə elə bil urəyim üzülüb içimə düşdü. Kövrəldiyimi görən yoldaşım Şəmistan qoluma girib məni aşağı düşürüb maşına əyləşdirdi. Xudafərin bəndində maşından düşüb biz tərəfdəki xaraba qalmış Xudafərin kəndinə, onun müəllimsiz, şagirdsiz, uçuq, sökük məktəbinə, Aşıq Qurbaninin qara raşotkalı məzarına baxdıqca qəlbimdən qara qanlar keçirdi. Bəndin yuxarı hissəsində möhtəşəm, böyük su anbarı yaradılıb. Bu anbar Həkəri, Bərgüşad çaylarını görüş məsafəsindən uzaqlaşdırıb. Bənddə bizim mühəndislərin işləməsi torpaqlarımızın mütləq qaytarılacağına inamımı artırdı. Bunu o taylı Azərbaycanlılar da təsdiqləyirdi. Dəryaçanın hər iki tərəfində kanallar çəkilmək üzrədir. Aynalı meşəsinə gedib Ləricana qayıtdıq. Növbəti gün Şəmistanla Təbrizə yollandıq. Abu-havası, qonaqpərvər adamları, qədimliliyi ilə nəzərəçarpan gözəl Təbriz şəhərində Şəhriyar türbəsini, Qacar muzeyini, Eynalı məscidini, Ev gölünü, Bağlar bağını, Təyyarə meydanını, Metro tikintisini, Urmiya gölünü çox heyranlıqla dolandım. Ürəkaçan təəsüratlar yeni misralara çevrildi. “Şeir-şəbədənin məscidində olub”, “Salam Təbriz şəhəri” poemasından oxuduğum bir parça rəğbətlə qarşılananda qəlbən sevindim. İran ustadlarının yanında söz demək çətin iş idi axı. Dostum Yaqub məni Marağa şəhərinə gətirdi. N.Tusinin tikdirdiyi rəsədxana heyranedici idi. Satirik şair Əli Kərimi ilə görüşlərimiz maraqlı keçdi. Hər ikimiz cəmiyyətdə, bəşəriyyətdə olan eyni dərdlərin ağrı-acısını yaşayırdıq. Etiraf edim ki,  mən şəhərlərdə olarkən adamların işə, əməyə alışmasını, pul qazana və xərcləyə bilməsinin şahidi oldum. Orada kişilər günlərinin çoxunu boş-boşuna çayxanalarda keçirmirlər. Ailəvi gəzinti onlar üçün adət halını alıb. Əməkhaqları da deyim ki, bizdən çox olur. Bu günlərdə bizdə büdcə işçilərinin əməkhaqlarının və pensiyalarının artması vaxtında görülən dövlət tədbiri oldu. Təbrizdə yazarların, aşıqların cümlələrinin mübtədası bizim Qarabağ dərdimizdir. “Acizsiniz”, “Zəiflik göstərirsiniz ” deyənlərin iradlarına cavab tapmaqda çətinlik çəkirdim. 20 gecə dostum Yaqubun talvarında gecələr çırağı ayla, saysız-hesabsız ulduzlarla az qala dan sökülənə qədər ünsiyyətdə oldum. Əsəblərim rahatlandı. Özümü gümrah hiss edirdim. Aylı gecələr, narın-narın yağan qar əzəldən mənim zövqümü oxşayan təbiət hadisələridir. Yəni sanatoriya putyovkası olmadan gəzinti, səfalı yerlər, mehriban adamlar əhatəsində də əsəblikdən xilas olmaq mümkün olduğunu yəqin etdim. Davasız-dərmansız, iynəsi- filansız da o taylı, bu taylı Azərbaycan təbiəti elə əsl loğman imiş vallah. Bir gün Şəhriyar türbəsinin yanında təsadüfən Aşıq Ələsgərin qız nəvəsi ilə tanış oldum. 70-75 yaş aralığında olan bu nurani kişi maraqlı söhbətləri ilə məni məftun etdi. Yaqubla tezdən Təbrizdən çıxanda şəhərin Əhər tərəfindəki dağların zirvəsindəki dumanlıq nəhəng göy okeanında nahamar, əriməyə başlayan böyük buz parçasını xatırladı. Kələheybər yollarında qatı dumana düşdük avqustun axırlarında. Həmin gün Kələheybər dağlarında 3-4 qəza hadisəsi olmuşdu, xoşbəxtlikdən həlak olan olmamışdı. Ləricana çatıb yenidən biz tərəfdəki evimizə həsədlə baxdım. Od vurub yandırdılar bağları-bağatları. Yanğının sönməmiş qolu Ləricanda sifətimə toxundu. Diksindim. “Yandır erməni yandır” şeirim yarandı, Yaqubla qucaqlaşıb ayrıldıq. Şəmistan məni öz maşını ilə Biləsuvar kömrük məntəqəsinə gətirdi. O tayda Araz boyu kəndlərin bolluca tərəvəz, bostan əkməsi ümumi halda bolluq və ucuzluq         yaradır. Bu baxımdan bizim özümüzdə olan rayonların əkin-biçin adamlarının iri şəhərlərə üz tutması təəssüf doğurur. Belə halda, “Sən ağa, mən ağa, inəkləri kim sağa” məsəli yada düşür. Günortaya yaxın ömrümün yarısını yaşadığım Sumqayıta – evimizə çatdım. Həzin bir bayatı düşdü yadıma:

Əzizim vətən yaxşı,

Köynəyi kətan yaxşı.

Gəzməyə qərib ölkə,

Ölməyə vətən yaxşı.

Ancaq o taylı, bu taylı Azərbaycan mənim üçün qərib deyildi. Yaxşısı da, pisi də, varlısı da, kasıbı da, işsizi də, işlisi də özümün olan doğma diyarlarımdır. Səhəri gün iş yerimə – 22 saylı orta məktəbə yollananda təzə abu-hava gördüm. Tahirə xanım Səfərova yeni direktor təyin edilmişdi. Müəllimlərin öz hesabına siniflər, dəhlizlər təmir edilmiş, həyətdə abadlıq işləri aparılmış, kol-kos basmış hasar təmizlənib rənglənmiş, dam örtüyü yenidən tikilməyə başlamışdır. Ən əsası odur ki, işçi və qulluqçular arasındakı qəsdən yaradılan gərginlik pedaqoji münasibətlərlə, pedaqoji yanaşmalarla təzələnmişdir. Dərs deyəcəyimiz sinifi həmkarlarım Təranə və Müzəyya müəllimələrlə birlikdə təmir edib səliqəyə saldıq. Dincəlmək istərkən 10-cu mikrorayondan Saray tərəfə gəzişərkən bircə stol belə gözümə dəymədi. Ayaqüstu gəzişə-gəzişə dediyim bayatılar oldu təsəllim:

Dövrəmdə dəniz ola,

Suyu aybəniz ola.

Zibil, çirkab azala,

Sahil tərtəmiz ola.

Sumqayıtda MİS-ləri,

Görsəz 10-dan o yanda.

Deyin sovqat olacaq,

Oturacaq qoyanda.

Tralleybus, tramvayı,

Kimlər yoxa çıxardı.

Maşınların tüstüsü,

Axı dərddi, azardı.

Təbiətin əşrəfi,

Sayılır insan axı.

Təbiətin qəsdinə,

Nədəndir durur çoxu.

Getsəydim, Maralyana,

Getməz idim heç yana.

İki taylı diyarım,

Həm atadır, həm ana.

Beləliklə, yayda istirahət etdiyim 50-cə gün beləcə başa çatdı. Sonrakı məzuniyyətimi gözəllər-gözəli Qarabağımızda kiçik radiuslu gəzintilərlə istirahət edərəm, inşallah.

Rüstəm Cəbrayıllı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər