Gəncədə terrora hazırlaşan iki nəfər məhv edildi

1274

DTX-nin zərərsizləşdirdiyi adamların iyulun əvvəlində şəhərdə terror törədən ekstremist qruplaşmaya bağlı olduqları ehtimal edilir…

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabrın 4-də Gəncədə anti-terror əməliyyatı keçirib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Musavat.com qurumun ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla məlumat verir ki, radikal dini ekstremist qrupun üzvləri Ələkbərov Famil Fazil oğlu və Rzayev Rüstəm Rafael oğlunun silah-sursat və partlayıcı maddələr əldə etmələri, ölkə ərazisində terror aktı planlaşdırdıqları barədə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təxirəsalınmaz tədbirlər həyata  keçirilib.

Məlumatda daha sonra qeyd olunur: “2018-ci il noyabrın 4-də Gəncə şəhərində tərkisilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı Rüstəm Rzayevin və Famil Ələkbərovun olduğu və sonuncunun idarə etdiyi avtomobil saxlanılmışdır. Lakin həmin şəxslər odlu silahdan atəş açıb silahlı müqavimət göstərmişlər. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq Famil Ələkbərov və Rüstəm Rzayev məhv edilmişlər. Hadisə yerindən 1 ədəd ”Kalaşnikov” avtomatı, həmin silaha aid sursat, 1 ədəd “F1″ əl qumbarası, Famil Ələkbərova məxsus avtomobilə baxış zamanı partlayıcı maddə olan 3 ədəd 200 qramlıq trotil şaşkası və onları işə salmaq üçün 3 ədəd elektrodetonator aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Faktla bağlı cinayət işi başlanılmış, əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

Yunis Səfərov ile ilgili görsel sonucu

Musavat.com xatırladır ki, 2018-ci il iyulun 3-də həmin vaxt Gəncə şəhər icra hakimiyyətinin başçısı olan Elmar Vəliyevə qarşı terror həyata keçirilib. Belə ki, Gəncə şəhərində anadan olmuş Yunis Səfərov 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hüquq-mühafizə orqanlarının yaydığı açıqlamada qeyd edilirdi ki, Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır.

O da bəyan edilib ki, Yunis Səfərov 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib.

Ä°lgili resim

İyulun 10-da axşam saatlarında isə Gəncədə iğtişaş törətməyə cəhd edən bir qrup dini-radikal yönümlü şəxslər  şəhər icra hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi pozmağa cəhd göstərmişdi.

Rəsmi məlumatda bildirilirdi ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov kəsici-deşici alətlərlə yetirilmiş zərbələr nəticəsində öldürülüb…

Bu hadisələrdə iştirakçı olan xeyli sayda şəxs həbs edilib. Həmçinin, ötən müddətdə məlum terror və iğtişaş cəhdlərində iştirak edən şəxslər onların tutulması ilə bağlı keçirilən əməliyyatlarda silahlı müqavimət göstərdikləri üçün məhv edilib.

Ölkədə növbəti terror planlaşdıran və noyabrın 4-də Gəncədə anti-terror tədbiri zamanı məhv edilən Rüstəm Rzayevin və Famil Ələkbərovun iyulun 3-də və 10-da törədilmiş terror və təxribatlarda iştirakçı olub-olmamaları da maraq doğurur. Hələlik bu barədə rəsmi açıqlama olmasa da, onların Yunis Səfərovun və məlum olaylarda iştirak edən digərlərinin bağlı olduğu radikal cərəyana aid olduqlarını da ehtimal etmək olar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər