Gənclik şəhərinin bayram ovqatı - XALQ QƏZETİ SUMQAYITDAN YAZIR

2781

Prezident İlham Əliyevin sərəncamı ilə noyabr ­ayında 70 illik yubileyi geniş qeyd ediləcək Sumqayıt   Azərbaycanın ikinci böyük sənaye mərkəzi, yüz minlərlə sakinin burada yaşaması ilə qürur duyduğu, çoxsaylı qonaqların böyük həvəslə üz tutduğu bir şəhərdir. Yeni əsrin əvvəllərindən Sumqayıt daha müasir şəhərə çevrilməyə başlayıb. Son illərdə isə dövlət başçısının qayğısı, diqqəti sayəsində şəhərin siması xeyli dəyişib, yeni, parlaq naxışlarla zənginləşib və ­Avropaya sürətlə inteqrasiya edir.

Sumqayıtda anadan olan, həyatını bu şəhərdən kənarda təsəvvür edə bilməyən bir sakin kimi çox sevinirəm ki, bəxtimə düşən bu məkan hazırda dünya şöhrətli bir ünvana çevrilib. Sənayesi, mədəniyyəti, sosial tərəqqisi, özünəməxsus aurası, sanbalı və ənənələri ilə tanınır.
…20 ildən bəri Londonda yaşayan dostum Rauf Sumqayıta ötən səfərində buradakı sürətli tərəqqiyə heyranlığını qısaca belə ifadə elədi: “Sanki şəhəri söküb təzədən qurublar! Bu, nə böyük sevgidir, necə yüksək zövqdür!”
Raufla bir həyətdə böyümüş, bir məktəbdə oxumuşuq. Bacarıqlı mühəndisdir, Moskvada aspirantura təhsili alıb, İngiltərədə sənaye sahəsində çalışır. O, həm də gözəl şeirlər müəllifidir. İnişil Sumqayıtdakı “Azəri” nəşriyyatında “77 şeir” adlı kitabı çap olunub. Söhbətlərimiz zamanı həmişə şairanə tərzdə deyir ki, ildə bir dəfə buraya yurd havası udmağa gəlməsə, rahat yaşaya bilməz.
Bizim Sumqayıtın, bax, belə qeyri-adi, inanılmaz cazibəsi var!
Sumqayıtın 70 ildə keçdiyi yol miqyasına görə ölçüyəgəlməzdir. Qurub-yaradan insanların fədakar zəhməti ilə Xəzərin sahilində, səhrada gözəl, işıqlı bir şəhər ucaldılıb. İstilik-elektrik mərkəzinin yanındakı kiçik yaşayış məntəqəsindən başlanan Sumqayıt artıq böyük bir mərkəzə çevrilib. Ümummilli lider Heydər Əliyevin yüksək qayğısını gənclər şəhəri həm sovet dönəmində, həm də müstəqillik illərində daim hiss edib. Sumqayıtın inkişafının ilk parlaq səhifələri məhz ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərə aiddir. Unudulmaz böyük şəxsiyyət hakimiyyətdə olduğu vaxtlarda 16 dəfə Sumqayıta səfər edib. Dahi rəhbərin dəmir iradəsi, gərgin səyləri sayəsində şəhərdə çoxlu sayda yeni müəssisələr istifadəyə verilib, yaşayış massivləri və sosial təyinatlı obyektlər inşa olunub.
Yaşlı sumqayıtlılar 1974-cü ilin noyabrında doğma şəhərlərinin 25 illik yubileyini yaxşı xatırlayırlar. Hələ o zaman Səməd Vurğun adına Mədəniyyət Sarayında keçirilən təntənəli mərasimdə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev gənc şəhərin önəmini yüksək qiymətləndirmişdi: “Sumqayıtda ən mütərəqqi, ən perspektivli ağır sənaye sahələrinin müəssisələri yaradılmışdır və bunlar elmi-texniki tərəqqini daha da genişləndirmək üçün yaxşı bünövrədir. Sumqayıtın yaranması Azərbaycan iqtisadiyyatında yeni sənaye sahələrinin – qara və əlvan metallurgiyanın, kimya sənayesinin və başqa sənaye sahələrinin yaranıb inkişaf etməsi deməkdir”.
Prezident İlham Əliyevin də Sumqayıta diqqəti daimidir. 2003-cü ildən bəri gənclər şəhərinə 23 dəfə səfər edən dövlət başçısı onun inkişafı üçün onlarla sərəncam imzalayıb, ehtiyat fondundan on milyonlarla manatlıq vəsait ayrılmasına qərar verib. Dövlət başçısının şəhərin yubileyini geniş qeyd etməklə bağlı imzaladığı sərəncamsa sumqayıtlıları daha böyük şövqlə qurub-yaratmağa, nailiyyətləri artırmağa ruhlandırıb.

Ölkəmizdə sənayeləşmə prosesini sürətləndirmək məqsədilə 2015-2020-ci illəri əhatə edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olunub. Həmin sənədlə sənayenin inkişaf perspektivləri müəyyən edilib. Sənayeləşmədə ölkədə yaradılan texnoparkların da rolu böyükdür. Bu parklara daxil olan müəssisələr yüksək keyfiyyətli məhsul hazırlamaq qabiliyyətinə malikdir. On il əvvəl Sumqayıt Texnologiyalar Parkı, 2011-ci ildə isə Kimya Sənaye Parkı yaradılıb. Məqsəd dünya bazarına əla məhsul çıxarmaqdır.
STP-də istehsal olunan məhsullara elektrik avadanlıqları, kabellər, maşınqayırma, polimer məhsulları, polad istehsalı, sandviç panelləri, ventilyasiya sistemləri, polivinilxlorid pəncərələri, qaynar sinkləmə, texniki kasalar, günəş paneli və toz örtükləri daxildir. Sumqayıt Kimya Sənaye Parkınında kimya, tikinti və digər sənaye sahələri üzrə müəssisələrin fəaliyyəti göstərir. Rezidentlər mövcud layihələri üzrə parka 3 milyard dollara qədər investisiya qoyub, 5 mindən çox daimi iş yeri açıblar. Bununla bərabər, 2015-ci ildə yaradılan Qaradağ və Mingəçevir, 2016-cı ildə yaradılan Pirallahı Sənaye parklarının da idarəedici təşkilatı “Sumqayıt Kimya Sənaye parkı” MMC-dir.
Əvvəllər park deyiləndə yaşıllıqlara bürünmüş istirahət və əyləncə guşələri yada düşürdü. İndi isə həm də son texnoloji nailiyyətlərin innovativ şəkildə qovuşduğu zavodlar kompleksi göz önündə canlanır. Bu komplekslər artıq nəhəng hörümçək torunu xatırladan hisli-paslı “qurğular meşəsi” deyil, ərazilərində yaşıllıqlar salınan, təmiz ekoloji mühit yaradılan sənaye zonalarıdır.

Özünün ilkin mənasında anlaşılan parklarsa Sumqayıtda daha da artıb və genişlənib. Heydər Əliyev Parkı, Nəsimi adına mədəniyyət və istirahət parkı, “Global Trade Leaders Club”un forumlarında “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülmüş Dənizkənarı Park-Bulvar Kompleksi, Bələdiyyə parkı, Şəhidlər xiyabanı, Lüdviqshafen parkı, şəhərin giriş hissəsindəki “Qağayı” abidəsinin ətrafı, ayrı-ayrı ərazilərdə yaradılmış mini-parklar, abad meydanlar göz-könül oxşayır.
Yeri gəlmişkən, Dənizkənarı Park–Bulvar Kompleksi son aylarda şimala doğru daha bir kilometr uzadılır. Həmin ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində avtomobil yolu və yaşıllıq zolağı salınacaq. Hazırda 106 hektar olan bulvarın ərazisi daha 32 hektar genişləndirilir. Ərazidə uşaq əyləncə mərkəzlərinin, müxtəlif attraksionların, fəvvarənin quraşdırılması nəzərdə tutulub. Yeni ərazidə restoranlar tikiləcək, çimərlik zonası salınacaq, 300-ədək istirahət otağı inşa ediləcək. Uzadılmaqda olan Sahil küçəsi Səməd Vurğun küçəsinə birləşəcək. Ümumilikdə, bulvar ərazisinin genişlənməsi işləri noyabr ayında 70 illik yubiley ərəfəsində başa çatacaq.
Beləcə, Sumqayıt onu sevənlərin, qoynunda pərvəriş tapanların əlləri ilə böyüyür, gözəlləşir, müasirləşir. Dörd il əvvəl bu şəhərin yetirməsi Zakir Fərəcovun icra başçısı təyin edilməsi sumqayıtlıların ürəyindən xəbər verib. İlk əmək fəaliyyətinə superfosfat zavodunda başlayan Zakir müəllim sonra şəhərin mənzil kommunal təsərrufatı birliyində müxtəlif vəzifələrdə çalışıb, baş direktor olub. Sumqayıt bələdiyyəsinin ilk sədri kimi şəhərdə fəaliyyət göstərib, on il Abşeron Rayon İcra Hakimiyyətinə başçılıq edib. “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülüb.
2016-cı ilin sentyabrında Sumqayıtda həyata keçirilən layihələrlə tanış olan Prezident İlham Əliyev şəhər ictimaiyyəti ilə görüşü zamanı burada görülən işləri yüksək qiymətləndirib: “Sumqayıt sovet vaxtında kimya sənayesi mərkəzi idi. Kimin ağlına gələ bilərdi ki, Sumqayıt belə gözəl, ekoloji cəhətdən təmiz şəhərə çevriləcək. İndi Sumqayıtın havası çox təmizdir. Sumqayıtda ekoloji problemlər öz həllini tapıb. Şəhərin abadlaşdırılması işi böyük zövqlə və böyük məhəbbətlə aparılır. Küçələr salınır, Sumqayıta giriş küçəsində abadlıq işləri aparılır, yaşıllıq zolaqları yaradılır, ağaclar əkilir”.
Dövlət başçısının yeni salınan park–bulvar kompleksini möcüzə adlandırdığı həmin səfərdən sonra cənab İlham Əliyev daha 7 dəfə Sumqayıtda olub, şəhərin sosial-iqtisadi inkişafı ilə bağlı neçə-neçə sərəncam imzalayıb.
Bu ilin fevral ayında cənab İlham Əliyev Sumqayıta növbəti səfəri zamanı daha bir müəssisənin – SOCAR Polimerin yüksək sıxlıqlı Polietilen zavodunun açılışını edib. Sonra şəhər bulvarına gələrək sakinlərlə görüşüb. Bu, xalqla iqtidar birliyinin, xalqın öz rəhbərinə böyük sevgisinin, güclü dəstəyinin əsl nümayişi idi. Həmin görüşdə yaşanan iftixar dolu anların təəssüratları sumqayıtlıların qəlbində silinməz izlər buraxıb.
“Sumqayıt” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qüdrət Məlikov:
– Möhtərəm Prezidentimiz mehribanlığı, sadəliyi, qayğıkeşliyi ilə hamımızı bir daha heyran qoydu. Hər kəslə ayrıca görüşdü, uşaqları qucağına alıb öpdü, sakinlərin şəxsi telefonları ilə xatirə şəkilləri çəkdirdi. Hamımız ölkə rəhbərinə şəhərimizin 70 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzaladığına görə sonsuz razılığımızı bildirdik. Azərbaycan xalqının rifahı naminə fəaliyyətində ona daha böyük nailiyyətlər arzuladıq. Prezidentimizin üzündəki nur, xeyirxahlıq, sadəlik insanların yaddaşında həmişəlik qalacaq.
Bəli, dövlət başçısının Sumqayıta ardıcıl səfərlər etməsi, xüsusilə də son illərdə bu səfərləri daha da intensivləşdirməsi və gənclər şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı ard-arda göstərişlər verməsi sakinlər tərəfindən böyük məmnunluqla qarşılanıb. Elə bu il fevralın 18-də Sumqayıta gələn Azərbaycan rəhbəri şəhərdə quruculuq işlərinin davam etdirilməsi ilə bağlı yeni bir sərəncam da imzalayıb.
Sumqayıtın əsas giriş hissəsində dalğavari şəkildə üst-üstə qoyulan tikinti bloklarının zirvəsində qanad açmış “Qağayı” abidəsi ucalır. O, bu gün də tikilən-qurulan şəhərin rəmzi sayılır. Buradan başlanan “Sülh” küçəsi göz oxşayır. Şəhər haqqında ilkin təəssürat yaradan həmin küçədən sağa dönən yollar modern sənaye zonasına aparır, irəliyə və sola aparan yollarsa qonaqları müasir şəhər gözəlliklərinə qovuşdurur. Bu küçə 4,2 kilometr məsafədə hər iki tərəfə xeyli genişləndirilib, 100 min kvadratmetr sahəyə yaşıl örtük salınıb və təkcə bu ərazidə 120 mindən çox ağac və dekorativ kollar əkilib. Burada yeni, qəşəng inzibati binalar, ofislər, xidmət sahələri yaradılıb. Qısa müddətdə Sumqayıtın ikinci giriş yolu hesab olunan Sahil küçəsi də yenidən qurulub, dəniz kənarı ilə Novxanı istiqamətində 7,5 kilometr uzunluğunda yol əsaslı təmir olunub, abadlaşdırılıb. Şəhərin ərazisinin get-gedə böyüməsi inkişafın tələbidir.
Yol infrastrukturunun inkişafı ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində küçələrin əsaslı və cari təmiri davam etdirilir. Son 6 ay ərzində “Sülh”, “Azərbaycan” prospektlərində və Səməd Vurğun küçəsində yeni asfalt örtüyü salınıb. Metallurq Yəhya Məmmədov küçəsinin əsaslı təmiri başa çatdırılıb, Heydər Əliyev, Ü.Hacıbəyov, N.Nərimanov, M.Hüseynzadə, Niyazi, Mehmandarov, Bakı, “20 Yanvar” və Məzahir Abdullayev küçələrində əsaslı təmir işləri gedir. Mikrorayon və məhəllələrin, Hacı Zeynalabdin və Corat qəsəbələrinin daxili ərazilərinə 120 min kvadratmetrdən artıq asfalt örtüyü döşənib. Şəhər rəhbərliyi qısa müddət ərzində Sumqayıtda yol infrastrukturunun tamamilə yenilənəcəyini, asfaltsız ərazinin qalmayacağını bildirib.
Şəhərin prospekt və küçə ərazilərinin daim səliqə-sahmanlı olması “Təmizlik” departamenti”nin üzərinə düşür. Departamentə Sumqayıt Dövlət Universitetinin məzunu, ixtisasca iqtisadçı olan Atəş Rüstəmov rəhbərlik edir. Sumqayıtda onun adı çəkiləndə ilk növbədə 2006-cı ildə başına gələn bir hadisə xatırlanır. Rusiyanın İrkutsk şəhəri üzərində A-310 təyyarəsi qəzaya uğramış və həlak olanların siyahısında A.Rüstəmovun adı yazılsa da, o, nəinki sağ qalmış, üstəlik təyyarənin qəza lükünü açaraq neçə-neçə sərnişinin çıxmasına da köməklik göstərmişdir. Yalnız bundan sonra hava gəmisi alovlanmışdır. İnsanlara kömək edən həmyerlimiz Rusiya rəhbərliyi tərəfindən mükafatlandırılmış, səfir Polad Bülbüloğlu tərəfindən qəbul edilmiş, ona İrkutsk şəhərinin fəxri vətəndaşlığı və “Sibir” aviaşirkəti vasitəsilə ildə bir dəfə pulsuz uçuş imtiyazı verilmişdir… Bugünkü işinin öhdəsindən də layiqincə gəlir.
“Təmizlik” departamenti” MMC-nin baş direktoru Atəş Rüstəmov:
– Yubilyar şəhərimizin rəhbərliyi təmizlik, abadlıq tədbirlərini gündəlik olaraq ciddi nəzarətdə saxlayır. Departamentimizdə çalışan 1000-ə yaxın işçi 5,4 milyon kvadratmetr əraziyə xidmət göstərir. Tullantılar vaxtlı-vaxtında yığılıb daşınır, şəhərin ideal təmizliyi hər vasitə ilə qorunub saxlanır. Hər bir sumqayıtlı kimi biz də yubileyə öz layiqli töhfələrimizi vermək əzmindəyik.

Sumqayıt şəhər rəhbərliyinin iş üslubunda ərazilərdə səyyar qəbullar keçirib, canlı dialoqlar vasitəsilə, arzu və tələbləri nəzərə almaq şərtilə fəaliyyət konturlarını dəqiqləşdirmək, prioritetləri müəyyənləşdirmək mühüm yer tutur. Bu yolla istəyə nail olmaq, sözsüz ki, xeyli asanlaşır. Son aylar ərzində şəhərin bir sıra mikrorayonunda sakinlərlə belə görüş-qəbullar keçirilib. Avqustun sonunda təşkil olunan qəbulda Prezident Administrasiyasının məsul əməkdaşı Vəfadar Bağırov da iştirak edib. Sakinlər şəhərin abadlaşdırılması, 40-dan artıq küçədə 50 kilometr uzunluğunda yolların təmiri, çoxmərtəbəli binalarda 452 liftin dəyişdirilməsi, 900 binanın dam örtüyünün təzələnməsi, zirzəmilərin qurudulması, fasadların yeni görkəm alması, məcburi köçkünlər üçün şəhərcik salınması, bulvarın tikintisi, Bakı-Sumqayıt sürət qatarının xəttə buraxılması və digər sosial layihələrin icrasını bəyəndiklərini söyləyib, eyni zamanda şəxsi məsələlərini dilə gətiriblər. Bildirilib ki, əmək bazarında aktivliyi artırmaq məqsədilə ölkə rəhbərinin tapşırığına əsasən Sumqayıtda 3090 haqqı ödənilən ictimai iş yeri açılıb. Son 6 ay ərzində ekoloji mühitin daha da sağlamlaşdırılması, yaşıllıqlarının artırılması üçün 23 min ağac, 18 min dekorativ, 93 min mövsümi gül və 60 min ədəd bəzək kolu əkilib. Bundan başqa, 2420 ədəd quru və təhlükə yaradan ağac kəsilib, 1780 ədəd ağac budanıb. Səyyar qəbullarda vətəndaşların şəxsi xahişlərinə də imkan daxilində əməl edilib.
Son 5 ildə Sumqayıtda 6 milyard 422 milyon manatlıq ümumi məhsul istehsal edilib və xidmətlər göstərilib. Bütövlükdə şəhərin inkişafı və ayrı-ayrı infrastruktur layihələrinin icrasına 2 milyard 500 milyon dollar investisiya qoyulub, 32819 yeni iş yeri, 2955 kiçik, orta və iri sahibkarlıq subyekti yaradılıb. Bütün bunlar çox sanballı rəqəmlər olmaqla, sürətli tərəqqinin, yüksəlişin faktiki göstəriciləridir.
Hazırda icra olunan yubileyqabağı layihələrdən “Nizami” kinoteatrının yenidən qurulması və Muğam Mərkəzinin inşası xüsusi qeyd edilməlidir. Ötən əsrin 60-cı illərində şəhərin Nərimanov küçəsində tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş “Nizami” kinoteatrı yenidən qurulduqdan sonra ən müasir kino texnologiyası ilə təchiz ediləcək. Üç zaldan ibarət olacaq kinoteatr ilin sonuna kinosevərlərin ixtiyarına veriləcək.
Dənizkənarı bulvar ərazisində tikilən Muğam Mərkəzində isə işlər artıq yekunlaşmaq üzrədir. Zakir Fərəcov digər mühüm obyektlər kimi, buraya da tez-tez baş çəkir, işlərin gedişi ilə maraqlanır. Muğam Mərkəzi iki mərtəbədən ibarətdir. Konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hər cür şərait yaradılacaq. Burada qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar fəaliyyət göstərəcək. Mərkəzdə gənclərin muğamın sirlərinə yiyələnmələri üçün 14 sinif otağı nəzərdə tutulur.
Bu barədə danışarkən qeyd etmək lazımdır ki, Sumqayıtda muğam sənətinə böyük maraq var. Muğam ustalarının şəhərə hər gəlişi sevinclə qarşılanır.

Xalq artisti, “Şöhrət” ordenli xanəndə Mənsum İbrahimov:
– Bugünlərdə Sumqayıtdakı “Göyərçin” abidəsinin qarşısından İctimai televiziyanın canlı yayımında çıxış etdik. Oraya xeyli sakin toplaşmışdı. Aparıcının Sumqayıtla bağlı sualına həvəslə cavab verərək dedim ki, bu şəhər durmadan gözəlləşir, yenilənir. Adamların üzü gülür. Ötən il Sumqayıtda solo konsertim uğurla keçib. Sənət dostlarımla bu şəhərə hər zaman böyük həvəslə, sevə-sevə gəlirik. İki aydan sonra 70 yaşı qeyd olunacaq Sumqayıtı və sumqayıtlıları ürəkdən təbrik edirəm!
Sumqayıt dünyanın onlarla şəhəri ilə dostluq əlaqələri saxlayır. Artıq bu sıraya Çinin Sian şəhəri də əlavə olunub. İyul ayında Sumqayıtın Sianla qardaşlıq münasibətlərinin qurulması barədə niyyət protokolu imzalanıb və vurğulanıb ki, bu əməkdaşlıq inkişafa, tərəqqiyə, son nəticədə “Bir kəmər, bir yol” layihəsinin uğurlu icrasına ciddi töhfə verəcək.
Bu ay Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sian şəhərində keçirilən İpək Yolu İqtisadi Kəməri boyunca yerləşən şəhərlərin 7-ci Beynəlxalq Birgə Konfransında, “2019: Avro-Asiya İqtisadi Forumu”nunda iştirak etmək üçün Çinə yollanıb. Səfər çərçivəsində o, Sian şəhəri ilə əlaqələrin daha da inkişaf etdirilməsi üzrə sənədlərin və dost şəhər münasibətlərinin yaradılması üzrə Sazişin imzalanması mərasimlərinə qatılacaq. Həmçinin qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri, investisiya imkanları, yeni layihələrin həyata keçirilməsi yolları müzakirə olunacaq. Üç ay öncə Zakir müəllim Almaniyanın Lüdviqshafen şəhərində keçirilən 27-ci festival tədbirlərində də iştirak etmişdi.

Sumqayıt Regional Mədəniyyət İdarəsi şəhərin yubileyi münasibətilə yay fəsli boyunca hər şənbə və bazar günləri şəhər bulvarında bədii kollektivlərin silsilə konsertlərini təşkil edib. Hazırda idarədə daha böyük konsert proqramlarının, yubiley sərgilərinin təqdimatına, kitab yarmarkasına hazırlıq işləri görülür.
Şəhərdə “Nəsimi ili” çərçivəsində möhtəşəm tədbirlər həyata keçirilib. Bundan başqa, C.Cabbarlının 120, C.Məmmədquluzadənin 150 illik yubileyləri də qeyd olunur. Xatırlatmaq yerinə düşər ki, illərdən bəri Sumqayıtda həm Nəsiminin, həm də C.Cabbarlı ilə C.Məmmədquluzadənin abidələri qoyulub. Başqa sözlə desək, gənclik şəhəri mədəni irsə yüksək ziyalı münasibəti ilə daim seçilir.
Sumqayıt Dövlət Dram Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov:
– Bir ildən artıqdır ki, bu vəzifədə çalışıram. İlk gündən Sumqayıtı sevdim, gözəlliklərinə vuruldum. Burada möhtəşəm işlər gedir. Şəhər əsl intibah dövrünü yaşayır. Ötən il teatrımızın 50 illiyi təntənə ilə qeyd olundu. Həmin ərəfədə teatrımızın binası əsaslı təmir edildi. Yubiley münasibətilə aktyorlarımıza fəxri adlar, dövlət təltifləri verildi. İndi şəhərin 70 illiyinə hazırlaşırıq. İcra hakimiyyəti ilə birlikdə böyük bayram tədbirimiz olacaq. Eyni zamanda yubilyar klassiklərimiz C.Cabbarlının “Solğun çiçəklər”, C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” pyeslərini teatrsevərlərə təqdim edəcəyik. Yubileyə həsr olunan tamaşa kimi isə dramaturq Əli Əmirlinin “Sevgilim Sumqayıt” pyesini də səhnələşdiririk.
Beləcə, yetmiş illik yubiley ərəfəsində gənclik şəhərində yüksək bayram ovqatı yaşanır.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər