Hazırda Azərbaycanda epidemioloji vəziyyət stabildir – Müşfiq Məmmədli

772

Koronavirus (COVID-19) iki ildən çoxdur ki, dünyanın diqqətini özünə cəlb edən çox ciddi pandemiyadır. Bu müddət ərzində aydın gördük ki, pandemiya sosial-iqtisadi, tibbi, psixoloji çətinliklər yaradan problemdir. Bütün dünya ölkələri o cümlədən də Azərbaycan dövlət səviyyəsində sözügedən məsələ ilə ciddi şəkildə mübarizə aparır. Bəs, hal-hazırda ölkəmizdə vəziyyət necədi? Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət qənaətbəxşdirmi?

Mövzu ilə bağlı “İki sahil”in suallarını Milli Məclisin deputatı Müşfiq Məmmədli cavablandırdı.

Müsahibimiz söhbətə həm qlobal məkanda, həm də Azərbaycandakı epidemioloji vəziyyəti analiz etməklə başladı. M.Məmmədli bildirdi ki, dünyanın müxtəlif ölkələrində səhiyyə sisteminin inkişafı, eyni zamanda, dövlət strukturlarının səhiyyə strukturları ilə əlaqəli fəaliyyətinin epidemioloji vəziyyətə təsiri çox vacibdir: “Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyə sahəsinə diqqəti yönəltməsi və əhalinin sağlamlığının qorunması istiqamətində çox mühüm addımlar atmaları bizim səhiyyə sistemimizi həm yükdən qorudu, həm də insanların sağlamlığını ön plana çıxardı. Vaxtında atılmış addımlar bizi digər risklərlə və təhlükələrlə qarşı-qarşıya qoymadı”.

Deputat hazırda Azərbaycanda epidemioloji vəziyyətin stabil olduğunu diqqətə çatdıraraq vurğuladı ki, Azərbaycan vaksinasiya olunmuş vətəndaşlarının sayına görə digər ölkələrlə, hətta aparıcı dövlətlərlə müqayisədə çox öndədir: “Xeyli müddətdir ki, Azərbaycan MDB məkanında vaksinasiyanın sayına və faizinə görə öz birinciliyini heç bir ölkə ilə bölüşmür. Bununla da biz epidemioloji vəziyyətimizi kafi qiymətləndirə bilərik. Səhiyyə sisteminin fəaliyyəti, adekvat reaksiyası, ölkə rəhbərliyinin bu sahəni daim diqqətdə saxlaması bizə nikbin proqnozlar verməyə əsas verir. Ancaq əlbəttə Azərbaycan təcrid olunmuş vəziyyətdə yaşaya bilməz. Qonşu ölkələrdə, xaricdə cərəyan edən proseslər Azərbaycana da təsirsiz ötüşmür. Bu baxımdan Prezident İlham Əliyev istər Qoşulmama Hərəkatı çərçivəsində, istər BMT-nin Xüsusi Sessiyasında və digər beynəlxalq platformalarda davamlı şəkildə məhz bu məsələyə toxunurdu. Ölkə başçısı dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyir ki, ancaq birlikdə bu bəla ilə mübarizə apardıqda uğur qazana bilərik. Doğrudur, digər ölkələr də xüsusən pandemiya dövründə öz vətəndaşlarının sağlamlığına həssaslıqla yanaşsa onlar da atılan addımların müsbət nəticəsini görərlər. Ancaq gəlin etiraf edək ki, daxili qarşıdurmalarla səhiyyə sistemi darmadağın olmuş, iqtisadi cəhətdən geri qalmaqla yanaşı həm də siyasi sistemi dayanıqsız olan ölkələrdə bu proseslər xarici müdaxilə və xaricdən yardım almadan normal istiqamətə yönəldilə bilmir. Bu baxımdan orada gedən proseslər, xəstəliyin ağırlaşması, müxtəlif mutasiyaların meydana çıxması kimi hallar başqa ölkələr öz sərhədləri daxilində nə qədər pandemiya ilə mübarizə aparsa da təəssüflər olsun ki, onlara da təsir edir. Yəni risk faktorları var. Qonşu ölkələrdə baş verənlərə də diqqət yetirsək bunu görə bilərik. Məsələn, qardaş Türkiyədə yoluxma sayı yüksəkdir. Vaksinasiyanın da səviyyəsi kifayət qədər deyil. Bunu ölkə rəsmiləri də etiraf edirlər. Eyni zamanda, super, regional güc olan Rusiyada da vəziyyət ürəkaçan deyil. Orada da vaksinasiyanın səviyyəsi aşağıdır. Əlbəttə bütün bunlar bizim üçün risk faktorlarıdır. Amma biz bu risk faktorları ilə mübarizə aparırıq”.

“ÜST başçısı Tedros Qebreyesus təşkilatın xüsusi sessiyasının açılışında çıxış edərkən söyləyib ki, çoxlu mutasiyaları olan “Omicron” variantının əmələ gəlməsi COVID-19 üzərində qələbəyə hələ ki, nail olmamağımız barədə daha bir xəbərdarlıqdır. Bu sahənin mütəxəssisi kimi nə deyə bilərsiniz, yeni yaranan ştamm nə dərəcədə təhlükəlidir” sualına cavab olaraq müsahibimiz bildirdi ki, ümumi istiqamət, strategiya düzgün, doğru seçildiyinə görə Azərbaycanda ən azından yaxın zamanlarda hansısa dalğalanmaların, təhlükələrin olma riski müşahidə olunmayacaq: “Fikrimcə, “Omicron” ştammı ətrafında çox ojiataj yaradıldı. Gəlin, əvvəlcə buradakı prosesin mexanizmini açıqlayaq. Koronavirusun ilk dəfə Cənubi Afrikada – Botsvanada peyda olan “Omicron” ştammı getdikcə daha çox ölkədə üzə çıxır. Bilirsiniz ki, Cənubi Afrika ölkələrində səhiyyə infrastrukturunun yetərsizliyi, iqtisadi çətinliklər və s. insan immun çatışmazlığı virusunun yayılması üçün çox münbit şərait yaratmışdır. Həmin bölgədə QİÇS-ə yoluxmuş xəstələrin sayı da kifayət qədərdir. Koronavirus da pandemiya şəklində sözügedən bölgədə yayıldığına görə insan immun çatışmazlığının daşıyıcısı olan şəxsdə hansısa ştammların biri ilə yoluxma baş verdi. Xəstəliyi keçirən insan fərqli virusun da daşıyıcısı olduğuna görə onun immun sistemi koronovirus infeksiyası ilə mübarizə apara bilməyib. Bunun nəticəsində də virus davamlı şəkildə insan orqanizminə adaptasiya olunmaq üçün mutasiyalar keçirir. İmmun çatışmazlığı virusunun daşıyıcısı olan insanda fərqli şəkildə – bir neçə mutasiya  baş verib. Koronavirusun elektron mikroskop görüntüsü var: dairə görünür və həmin dairədə tikanlı çıxıntılar var ki, o spayk-protein olan hissədir. O insan orqanizmində bir növ açar, qıfıl rolunu oynayır. Yəni virus həmin hissə hesabına insan hüceyrələrinə daxil ola bilir. Həmin hissədə də bir neçə mutasiyanın bir arada olduğu aşkar olunmuşdur. Ona görə də bu ştammın adını “Omicron” kimi qiymətləndiriblər. Bu da yunan əlifbasından iki hərfin birləşməsidir. Yəni “Omicron” qeyri-adi bir şey deyil. Sadəcə tibb elmində adlandırmalar var. Bu ştamm da belə adlandırılıb. Bu fərqli bir neçə mutasiyanın bir arada, xüsusən spayk-protein olan hissədə olmasını göstərən virusdur. Bu baxımdan digər ştamlardan fərqlidir. Mutasiyanın mikrobioloji baxımından molekulyar səviyyədəki qısa izahı bu cürdür”.

Yeni ştammla yoluxmanın simptomlarını və xəstəliyin davametmə müddəti haqqında danışan M.Məmmədli söylədi ki, “Omicron” ştammında əlamətlər 2-3 gün ərzində meydana çıxır: “Xəstəlik özünü daha tez büruzə verir. Çox qısa müddət ərzində əgər bir şəxs yoluxubsa bütün ailə üzvləri yoluxur. Qoxu, iybilmə hissiyyatının çox az itməsi müşahidə olunur. Elmi ədəbiyyatlarda qeyd olunur ki, virusa yoluxmuş insanlarda bu əlamətlərin ağırlaşması müşahidə olunmur. Əlbəttə bunlar ilkin məlumatlar və fikirlərdir. Çünki ştamm yeni aşkar olunub. İndi bir neçə ölkə bu istiqamətdə paralel araşdırmalar aparır. Bu araşdırmaların ilkin nəticələri onu göstərir ki, prosesin gedişi sürətli, qısa müddətlidir. Kütləvi yoluxma baş verməklə yanaşı xəstəliyin gedişi o qədər də ağır olmur. Türkiyə səhiyyə naziri öz açıqlamasında dedi ki, aşkar olunmuş “Omicron” ştamlı xəstələrin vəziyyəti demək olar ki, xəstəxanada yatmadan müalicə olunacaq səviyyədədir. Yenə təkrarlayıram ki, bu ilkin açıqlamalardır. Bununla yanlış tablo yaratmaq istəmirəm. Amma hələlik rəsmi açıqlamalar bu istiqamətdədir. Hal-hazırda sözügedən ştamm Azərbaycanda aşkar olunmamışdır. Aşkar olunmamaq o demək deyil ki, “Omicron” ştammı yoxdur. Çünki aşkarlanma üçün konkret müayinə lazımdır. Virusdan qorunmaq üçün tələb olunan qaydalara əməl etməliyik və vaksinasiya prosesində öz üzərimizə düşən məsələləri icra etməliyik”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər