Heydər Əliyev ideyaları Sumqayıtın inkişafının və quruculuğunun əsas zəminidir

2343

Bu günlərdə ölkəmizin hər yerində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi böyük təntənə ilə qeyd edilir. Hər birimiz üçün əziz olan ulu öndərin doğum günündə bu böyük dühanın Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinə nəzər yetirməklə həm də bu böyük şəxsiyyətin xatirəsinə öz ehtiramımızı ifadə edirik.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi iki, lakin bir-birindən tamamilə fərqli ictimai-siyasi mühitdə ölkəmiz yüksək zirvələrə qalxa bilmişdir. Heydər Əliyev birinci dəfə ölkəmizə rəhbərliyə gələndə iqtisadi və mədəni tənəzzül dövrünü yaşayan Azərbaycan sovet məkanında geridə qalmış respublikalardan biri idi. Məhz ulu öndərin sayəsində o illərdə Azərbaycan keçmiş ittifaqda ən qabaqcıl yerlərə çıxmış, sənaye respublikasına çevrilmişdi. O dövrdə yaradılmış potensial Azərbaycan üçün böyük imkanlar açmış və bu gün də müstəqil dövlətimizə xidmət göstərir.
Bu gün öz intibahının yeni mərhələsini yaşayan Sumqayıtın da sovet hakimiyyəti dövründə inkişafı və nəinki keçmiş SSRİ-də, bütün dünyada tanınması Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə Heydər Əliyevin böyük qayğısı sayəsində şəhər tarixinin əlamətdar səhifələri yazılıb. Sumqayıtlılar ulu öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Şəhərin sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində bu dahi insanın əvəzsiz xidmətləri danılmaz bir faktdır. Ölkəmizə rəhbərliyi müddətində 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi yazılıb.
Sumqayıt ötən əsrin 30-cu illərinin sonunda salınsa da, məhz ulu öndər Heydər Əliyevin birinci dəfə ölkəmizə rəhbərliyi illərində ona yeni nəfəs verildi. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin ediləndə Sumqayıtda əsas etibarilə metallurgiya və kimya müəssisələri var idi. Qısa müddətdə məhz Heydər Əliyevin təşəbbüsü ilə yüngül sənaye müəssisələri və sənayenin digər sahələri inkişaf etdirildi, yeni istehsal sahələri istismara verildi. 1970-ci illərin əvvəllərində əhalinin məişət kimyası mallarına olan tələbatını maksimum ödəmək məqsədilə Cənubi Qafqazda ilk dəfə Sumqayıt Məişət Kimyası Zavodu yaradıldı, superfosfat zavodunda yüksək texnologiya əsasında inşa edilərək dənəvər superfosfat gübrəsi istehsalatı işə salındı. 1970-1973-cü illərdə üzvi sintez zavodunda bir-birinin ardınca qliserin, benzol, izobutilen və poliizobutilen, həmçinin xlor və diafraqma üsulu ilə kaustik soda istehsalı sexləri fəaliyyətə başladı, 1974-cü ildə sintetik kauçuk zavodunda yüksək markalı kauçuk istehsal edən sexin yenidən qurulması ilə onun istehsal gücü xeyli artırıldı.
1974-cü ildə Sumqayıtın yaradılmasının 25 illik yubiley tədbirində çıxış edən Heydər Əliyev kimyaçıların heç də asan olmayan, gərgin, fədakar əməyini, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı, kimya sənayesinin prioritet inkişaf istiqamətləri barədə fikirlərini söyləyərək qarşıda duran vəzifələrlə bağlı kimyaçılara gələcək üçün fəaliyyət proqramı ola biləcək dəyərli tövsiyələrini də vermişdi. Bundan sonra, 1975-1976-cı illərdə Heydər Əliyev Sumqayıtın neft-kimya kompleksi üçün yeni texnologiyalar əsasında yaradılmış, Almaniya və Çexoslovakiya istehsalı olan EP-300 qurğusunun – layihə gücü etilenə görə 300 min, propilenə görə isə 138 min ton olan həmin nadir kompleksin əldə edilməsi üçün Moskvaya müraciət etmişdi. Çox keçmədən ittifaq rəhbərliyi Heydər Əliyevin təklifini nəzərə alaraq xaricdən böyük həcmdə valyuta ilə alınan EP-300 texnoloji kompleksinin Sumqayıtda inşasına qərar verdi. Artıq 1981-ci ildə həmin müasir texnoloji kompleksin Azərbaycana gətirilərək Sumqayıtda inşasına başlanılması Heydər Əliyev dühasının, onun müdrik iqtisadi siyasətinin böyük qələbəsi idi.
1969-1982-ci illərdə ulu öndərin rəhbərliyi altında Sumqayıtda digər müəssisələr istifadəyə verilmişdi. Bunlardan kompressorlar zavodunu, üst trikotaj və xovlu iplik fabriklərini, süd və yeyinti məhsulları kombinatlarını, 20-dən çox orta məktəbi, uşaq bağçalarını, Ü.Hacıbəyov adına “Kimyaçılar” mədəniyyət sarayını və başqa obyektləri misal göstərmək olar.
1970-1980-ci illərdə Sumqayıt öz iqtisadi potensialına görə SSRİ məkanında tanınmağa başladı. Onun istehsal etdiyi məhsullar ölkənin 700 şəhərinə ixrac olunurdu. Bütün bunlar ulu öndərin Sumqayıta olan münasibətini nümayiş etdirirdi. Azərbaycan imperiya tərkibində olmasına baxmayaraq, hərtərəfli inkişaf edirdi. Ən əsası, respublika rəhbərinin diqqət və qayğısı sayəsində şəhər əhalisinin rifahı durmadan yüksəlirdi. Adamlar yaradıcı əməkləri ilə şöhrət qazanır, ucalırdılar. Sumqayıt keçmiş Sovetlər birliyində dostluq, qardaşlıq, metallurqlar, kimyaçılar, energetiklər, inşaatçılar, əmək qəhrəmanları şəhəri kimi şöhrət qazanmışdı.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də, əvvəlki kimi, Sumqayıta daim diqqət və qayğısını əsirgəmirdi. Bu qayğının nəticəsində Sumqayıt yenidən özünün dirçəliş dövrünə qədəm qoydu. 1993-cü il dekabrın 18-də ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi ilk dəfə Sumqayıta gəlmiş, şəhərimizdə quraşdırılmış yeni telefon stansiyasının açılışında iştirak etmiş, Tarix Muzeyində olmuş, “Şəhidlər xiyabanı” kompleksini ziyarət etmiş, icra hakimiyyətinin işçiləri ilə görüşərək tapşırıq və tövsiyələrini vermişdi. Ulu öndərin uzaqgörən siyasəti, verdiyi tövsiyə və tapşırıqlar şəhərin sosial-iqtisadi inkişafına böyük təkan vermişdi. Müstəqillik illərində Heydər Əliyev 6 dəfə Sumqayıtda olmuş, müxtəlif tədbirlərdə iştirak etmiş, şəhər ictimaiyyəti ilə görüşmüşdü. Bütün bunlar ulu öndərin Sumqayıta və sumqayıtlılara xüsusi diqqətinin təzahürü idi.
Məhz ümummilli liderin müdrik və uzaqgörən iqtisadi inkişaf modelinin nəticəsi olaraq ötən əsrin 90-cı illərində Sumqayıtın yeni ictimai-iqtisadi münasibətlər sisteminə adaptasiyası sürətləndi. Şəhərin sənaye potensialının bərpası, mövcud müəssisələrin modernləşdirilməsi, elmi innovasiyaların tətbiqinin sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər tez bir zamanda müsbət nəticələrini göstərməyə başladı. Həmin vaxt ulu öndərin şəxsi dəstəyi ilə xarici investisiya cəlb edilməklə Sumqayıtda iri layihə həyata vəsiqə qazandı: kimya sənayesinin gələcək inkişafında əvəzsiz rol oynayacaq buxar-generator qurğusu inşa edildi.
Ulu öndərin təşəbbüsü ilə 2001-ci ildə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universitetinin, Politexnik Texnikumunun bazasında isə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının yaradılması şəhər təhsilinin həyatında əlamətdar hadisələrdir.

Ümummilli liderin şəhərlə bağlı qarşıya qoyduğu vəzifə belə idi ki, Sumqayıt yenidən ənənəvi sənaye kompleksi kimi bərpa edilsin, yerli kadr potensialına söykənərək müasir müəssisələr açılsın. Ən vacibi isə, Sumqayıtda insanların rahat yaşamaları üçün müvafiq şərait yaradılsın və yeni iş yerləri açılsın, bununla da Sumqayıt yenidən seçilən bir şəhərə çevrilsin.
Sumqayıt bu gün ümummilli liderin layiqli davamçısı İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunub. Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ulu öndərin vaxtilə qarşıya qoyduğu hədəflərə yaxınlaşılaraq möhtəşəm nailiyyətlər əldə edilib. Regionların sosial-iqtisadi inkişafına dair birinci, ikinci və üçüncü dövlət proqramlarının icrası Sumqayıt şəhərini inkişaf yoluna çıxarıb. Nəticə etibarilə ötən 15 ildə ölkənin makroiqtisadi göstəricilərində şəhərin xüsusi çəkisi yüksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılıb. Xüsusən iqtisadi siyasətin mühüm tərkib hissəsi olan sənayeləşmənin həyata keçirilməsi nəticəsində son illər Sumqayıt şəhərində yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac potensialı yüksəlib.
Əminliklə deyə bilərik ki, Sumqayıt nəinki Azərbaycanın, bütün Qafqazın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud olan ağır sənaye müəssisələrinin əksəriyyəti müasir texnologiya əsasında yenidən qurulub. Konkret ifadə etsək, artıq Sumqayıtda 200-dən çox sənayeyönümlü müasir texnologiya əsasında işləyən müəssisə fəaliyyət göstərir. Ən önəmlisi odur ki, bu müəssisələrin əksəriyyəti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyir.
Sumqayıt Texnologiyalar Parkında Azgüntex zavodunda iki istehsal xətti – Günəş modulları və LED lampaları, “Azərsun” Holdinqin kağız və karton emalı və yağ istehsalı fabrikləri, mis emalı zavodu, “Gilan” Tekstil Parkı, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan “Sağlam-qida” Aqrar-Sənaye Kompleksi, mühərrik yağları istehsalı müəssisəsi olan Texnoil MMC, Kimya Sənaye Parkına daxil olan “Azərtexnolayn” MMC-nin boru istehsalı və texniki avadanlıqlar zavodu, illik istehsal gücü 100 min dəst müxtəlif uniformalar olan “Alyans Textil” MMC, illik istehsal gücü 140 min metr müxtəlif diametrli beton boru və 500 kvadratmetr beton döşəmə daşı olan “Azkontakt” MMC yaradılıb. Bunlardan başqa, Sumqayıt Kimya Sənaye Parkında “Alco Lubricant Company” MMC tərəfindən yüksəkkeyfiyyətli sintetik və yarısintetik sürtkü yağlarının istehsalı, “STDC” MMC tərəfindən məlumatların (datanın) emalı, qeydə alınması, ötürülməsi və “Aqrokimya Azərbaycan” MMC tərəfindən pestisidlər istehsalı müəssisələri istifadəyə verilib.
Bu il isə Sumqayıtda ümumi dəyəri 895 mln. ABŞ dolları olan, illik istehsal gücü isə 1 milyon ton ammonyak və 650 min ton karbamid olacaq karbamid zavodu, ümumi dəyəri 398 mln. ABŞ dolları və illik istehsal gücü 180 min ton olacaq polipropilen zavodu, ümumi dəyəri 420 milyon ABŞ dolları və illik istehsal gücü 120 min ton olacaq yüksək sıxlıqlı polietilen zavodu istifadəyə veriləcək. AzərFlot QSC tərəfindən şüşə lövhələr istehsalı, Azərbaycan Fibro Sement MMC tərəfindən fibro sement lövhələr istehsalı, Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu tərəfindən ferrosilikomanqan istehsalı, “SİKA” MMC tərəfindən tikinti qatqısı istehsalı müəssisələrinin, tütün, yunəyirici-boyaq fabriklərinin də tikintisi davam etdirilir.
Bütün bunların nəticəsində son 15 ildə şəhərdə ümumi məhsul buraxılışı 9,5 dəfə, sənaye məhsulunun həcmi 9,1 dəfə artıb. 2003-2017-ci illər ərzində SKMF tərəfindən Sumqayıta sərmayə yatıran sahibkarlara 145,5 milyon manat kredit verilib. Beləliklə, bu illərdə şəhərdə əsas kapitala yönəldilmiş vəsait 20 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 20 dəfə çoxalıb. 2003-2017-ci illər ərzində 61 min 880-i daimi olmaqla 78 min 620 yeni iş yeri açılıb.
Təkcə 2018-ci ilin birinci rübü ərzində şəhər üzrə ümumi daxili məhsul istehsalı və xidmətlərin həcmi 424,4 milyon manat və ya 151 faiz təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 133,4 milyon manat və ya 51 faiz çoxdur. Sənaye məhsullarının istehsalı isə ötən ilin eyni dövrü ilə müqayisədə 46,2 faiz artaraq 296 milyon manat təşkil edib, məhsul istehsalı 94 milyon manatdan çox artıb. Ümumi daxili məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 85 faizdən çox olub. Bu ilin ötən dövründə ayrı-ayrı sahələrin inkişafına 44,4 milyon manat vəsait yönəldilib, 1320 yeni iş yeri açılıb.
Ötən ilin dekabr ayında Sumqayıtda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev şəhərin inkişafına bundan sonra da dəstək veriləcəyini bəyan etdi: “Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir. Burada yaradılan sənaye müəssisələri ən yüksək standartlara cavab verir. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Mənə verilən məlumata görə, hazırda Kimya Sənaye Parkında 8 mindən çox insan işləyir – həm tikintidə, həm də müəssisələrin idarə olunmasında. Gələcəkdə bu rəqəm daha da artacaq. Deməli, Sumqayıtda işsizliklə bağlı bütün məsələlər öz həllini tapacaq. Biz gələcəkdə də Sumqayıtın hərtərəfli inkişafı üçün öz dəstəyimizi verəcəyik”.
Prezident İlham Əliyev 18 dəfə Sumqayıta səfər edib. Ölkə rəhbərinin Sumqayıta hər səfəri zamanı verdiyi tövsiyə və tapşırıqların, sərəncamların icrası və həyata keçirilən genişmiqyaslı tədbirlər sənayedə olduğu kimi, həm də tikinti, abadlıq və quruculuq sahəsində əsaslı dönüş yaradıb. Ölkə rəhbərinin tövsiyələri, tapşırıqları və dəstəyi sayəsində Sumqayıtda abadlıq, quruculuq, yaşıllaşdırma işləri, yeni sosial obyektlərin tikintisi və təmiri, şəhərin memarlıq və dizayn baxımından müasir görkəmini saxlamaq şərti ilə irimiqyaslı layihələr icra olunub. Prezident İlham Əliyevin tapşırığı və qayğısı sayəsində şəhərdə 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərindən başlayaraq abadlıq, quruculuq, yaşıllaşdırma sahəsində irimiqyaslı ünvanlı layihələrin icrasına başlanılıb və qısa müddətdə uğurla başa çatdırılıb. Bunlardan biri – şəhərin əsas giriş yolu olan Sülh küçəsi 4,2 kilometr məsafədə hər iki tərəfə genişləndirilərək 90 min kvadratmetrə çatdırılmasıdır. Sumqayıtın ikinci giriş yolu olan Sahil küçəsi də 7,5 kilometr uzunluğunda yenidən qurulub, yolun eni 13 metrə çatdırılıb. Burada Corat qəsəbəsindən keçən hissədə sakinlərin istirahəti üçün park salınıb.
Sumqayıt Dövlət Dram Teatrı əsaslı təmirdən sonra istifadəyə verilmiş, müasir avadanlıqlarla təchiz edilmiş, 500 yerlik tamaşa, 100 yerlik akt zalları, iş otaqları, işıqlandırma sistemi müasir üslubda yenidən qurulmuş binanın qarşısındakı meydana 15 min kvadratmetr qranit daş döşənmiş, iki fəvvarə və monitor quraşdırılmışdır.
Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda yenidənqurma işləri aparılıb, ərazisi 8 hektardan 10 hektara qədər genişləndirilib, əhalinin istirahəti üçün hər cür şərait yaradılıb. Burada yeni yaşıllıq zolağı salınıb, rəngli fəvvarələr kompleksi və Bayraq meydanı tikilib və uşaqlar üçün əyləncə mərkəzi inşa olunub.
Heydər parkında sahəsi 5 min kvadratmetr olan dördmərtəbəli Heydər Əliyev Mərkəzi inşa edilib, önündə ulu öndərin ağ mərmərdən heykəli ucaldılıb. Mərkəzdə onun həyat və fəaliyyətini əks etdirən muzey, 420 yerlik iclas, 50 yerlik konfrans, rəqs, sərgi və kompüter zalları, elektron kitabxana, xalçaçılıq dərnəyi, rəsm və linqafon otaqları, smart sinfi, foto və videostudiya, gənclər üçün diskussiya zalları fəaliyyət göstərir.

Parkda müasir memarlıq üslubunda sahəsi 2950 kvadratmetr olan 735 yerlik üçmərtəbəli Uşaq İncəsənət Məktəbi də tikilib. Məktəbdə 60 sinif otağı fəaliyyət göstərir. Burada 700-dən çox şagird təhsil alır və 200-dən artıq müəllim çalışır. Yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 1000 kvadratmetr olan ikimərtəbəli Şahmat məktəbi də tikilib və müasir avadanlıqla təchiz edilib.
Sumqayıt dəniz sahilində yerləşsə də, burada heç vaxt bulvar olmayıb. Şəhərdə son illərdə reallaşan möhtəşəm layihələrdən biri də Xəzərin sahilində uzunluğu 4,2 kilometr, sahəsi 106 hektar olan, əhalinin istirahəti üçün bütün şərait yaradılan, müasir tələblərə cavab verən Dənizkənarı bulvardır. Ötən il Madriddə keçirilən “Global Trade Leaders Club”un XXIV Beynəlxalq üstünlük və liderlik forumunda Sumqayıtın yeni salınmış bulvarı “International Award for Excellence & Leadership” mükafatına layiq görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır.
Şahmat məktəbi, Yeni Azərbaycan Partiyasının Sumqayıt təşkilatının inzibati binası, Bayraq Muzeyi, Mərkəzi Bankın Ehtiyat Sistemi binası, 500 metr uzunluğunda tərsanə, şəhərin əsas giriş yolunda Bayraq meydanı şəhərimizin son illərdəki yeni ünvanlarıdır. Bunlardan başqa, Sumqayıtın Tarix Muzeyi, Cümə məscidi və 300 çarpayılıq Sumqayıt Şəhər Mərkəzi Xəstəxanası əsaslı təmir edilib, “Azərikimya” İB-in müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Həmçinin əlillərin bərpa mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası tikilib, 400-dən artıq çoxmənzilli yaşayış binasının dam örtükləri dəyişdirilib, 1660 şagirdlik 5 məktəb binası, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin tədris korpusu tikilib. “Kimyaçılar” Mədəniyyət Sarayı, 7650 şagirdlik 8 məktəb binası və 1 saylı Uşaq-Gənclər İdman məktəbi, General M.Əsədov adına 1176 şagird yerlik gimnaziya əsaslı təmir edilib.
Hazırda şəhər prokurorluğunun, Məhkəmə Kompleksinin, Sumqayıt Sərnişin Stansiyasının yeni inzibati binasının və müasir tipli körpələr evi-uşaq bağçasının, Bakı-Quba avtomobil yolundan başlayaraq 4 kilometr uzunluğunda metallurq Yəhya Məmmədov küçəsinin təmiri və “Acı Dərə” kanalının məcrasının dəyişdirilməsi ilə əlaqədar yeni suötürücü kanalizasiya xəttinin çəkilişi davam edir.
Bu gün Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində şəhərimizin inkişafı təmin olunub, Sumqayıt sənaye mərkəzi kimi vaxtilə qazandığı şöhrətini yenidən bərpa edib. Sumqayıtın bugünkü inkişafı göstərir ki, ulu öndər Heydər Əliyevin arzuları reallaşır, ideyaları həyata vəsiqə qazanır. Şəhər ictimaiyyətinin hər bir nümayəndəsi bu inkişafın daha da vüsət almasına töhfə verməyi ulu öndərin xatirəsinə ehtiram nümunəsi olaraq mənəvi borc sayır.

Zakir FƏRƏCOV,
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər