Hümbət Quliyev "Statusman" kitabını təqdim etdi - SUMQAYITDA İLK

271

Bu gün (17.02.2018) 12-00-da Sumqayıt Poeziya evində virtual məkan istifadəçilərinin çoxdan gözlədiyi “Statusman” kitabının təqdimatı keçirildi. Bu haqda kitabın redaktoru Vüsal Hətəmov xeberlent.az saytına bildirdi ki, əsasən, müdrik sözlər, hekayə və esselərlə ehtiva olunan “Statusman” kitabı  ideya cəhətdən dünyada İLK sayıla bilər.

Qeyd edək ki, kitabın müəllifi ixtisasca göz həkimi olan, yazar-publisist Hümbət Quliyevdir. Kitab uzun müddətdir ki, sosial şəbəkədə Hümbət Quliyevin statuslarını izləyən sosial şəbəkə istifadəçilərinin arzusu idi.

Yazarın fikirlərində həyata, insana, ictimai münasibətlərə ümumilikdə fəlsəfi, eyni zamanda güclü bir pozitiv-optimist yanaşma var. Kitabın ideya cəhətdən bir özəllliyi də var: Sosial şəbəkə istifadəçiləri tərəfindən böyük zövqlə oxunan statusların print-kitab formatında ərsəyə gəlməsi digər yazar-“statusman”lara da stimul verəcək.

Qeyd edək ki, müəllifin dili çox sadədir. Eyni zamanda maraqlı ibarələrlə ifadə olunub. Statuslarda bol-bol həyat sevgisi, pozitiv ruh, optimizm, gündəlik həyatın ən xırda elementlərindən böyük estetik zövq alma həvəsi var. Müəllif statuslarında estetika, pedaqogika, etika, dilçilik, sosiologiya, psixologiya, fəlsəfə, təbabət, ekologiya, ailə dəyərləri və sair bu kimi vacib mövzulara toxunur. Vətənpərvərlik, xalqsevərlik, azərbaycançılıq hisslərinə köklənmiş statuslar isə kitaba xüsusi dəyər bəxş edir.

Məlumat üçün qeyd edək ki, ixtisasca göz həkimi olan Quliyev Hümbət Həsən oğlu Moskva vilayəti, Noqinsk şəhəri, Kosmik Fəzaya Nəzarət Mərkəzinin poliklinikasında həkim, baş həkim, Leninqrad Hərbi-tibbi Akademiyasının göz xəstəlikləri kafedrasında həkim, Almaniyanın Toypits şəhərində, Sovet Hərbi Hospitalında göz xəstəlikləri şöbəsinin müdiri vəzifəsində çalışıb. Sonradan ikinci ixtisas kimi Berlin biznes məktəbini bitirən Doktor Hümbət Quliyev uzun illər Sumqayıt Biznes Mərkəzinin təsisçisi və prezidenti olub.

Hümbət Quliyev Türkiyə, İspaniya, ABŞ, Braziliya, Rusiya, Qazaxıstan və digər ölkələrdə sahibkarlığın müxtəlif problemlərinə həsr olunmuş tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişdir.

Tədbirdə şair-yazarlar, ictimai xadimlər, jurnalistlər və QHT fəalları iştirak etdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər
Bənzər Xəbərlər