Reklam

Reklam

Reklam

I qrupun birincisi Əbil Şəfiyev seçimini etdi (FOTO)

3438

Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Dövlət İmtahan Mərkəzinin (DİM) 1 – ci ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarında 697,1 balla ən yüksək nəticə göstərən və BANM-i seçən Əbil Şəfiyev və ailə üzvlərini qəbul edib. I qrupun liderini təbrik edən rektor ona gələcək ali təhsil həyatında uğurlar arzulayıb. Elmar Qasımov Əbil Şəfiyevin valideynləri və təhsil aldığı Sumqayıt şəhər 11 saylı tam orta məktəbin direktor və müəllim heyətinə təşəkkürünü ifadə edib. BANM-in rektoru Elmar Qasımov bildirib ki, Sumqayıt şəhər məktəbləri yüksək keyfiyyətli təhsili ilə fərqlənir və hər il qəbul imtahanlarında yüksək nəticələr göstərir. Rektor Elmar Qasımov Əbil Şəfiyevə BANM-in döş nişanını hədiyyə edib.

Əbil Şəfiyev 2004-cü il, mart ayının 29-da Sumqayıt şəhərinə anadan olub. Ailəsi 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndindən məcburi köçkün kimi Sumqayıt şəhərində mehmanxanalardan birində məskunlaşıb. Əbil Şəfiyev Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə 1-ci sinfə gedib və həmin məktəbdən əla qiymətlərlə məzun olub.

I qrupun 1 – cisi Əbil Şəfiyev ilə müsahibəni təqdim edirik:

Orta məktəbdə oxuduğunuz zaman hansı peşəni seçəcəyinizi müəyyən etmişdiniz?

Xeyr, etməmişdim. Amma yüksək bal toplamaq və nüfuzlu universitetə daxil olmaq üçün dərslərimi yaxşı oxumağın yeganə yol olduğunu bilirdim. Bunlar isə gələcəkdə uğurlu karyera, iş sahibi olmaq üçün önəmlidir. Ona görə də çox çalışırdım. 2019 – cu ildə cənab Prezident İlham Əliyev Sumqayıtda məcburi köçkünlər üçün salınmış qəsəbədə bizə mənzil verdi. Mənzil şəraitimizin yaxşılaşması da mənim dərslərimə hazırlaşmağıma kömək oldu.

Oxuduğunuz müddətdə ən yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbini seçməyi qarşınıza hədəf qoymuşdunuz?

Orta məktəbi fərqlənmə attestatı ilə bitirdim. Attestatı mənə şəhid generalımız Polad Həşimovun anası Səmayə ana təqdim etdi. Bu, ali məktəbə qəbul imtahanında ən yüksək balı toplamağımda mənə böyük motivasiya oldu. Səmayə ana mənə Dövlətimiz, Azərbaycan üçün xeyirli övlad olmağı və hər zaman valideynlərimin başını uca tutmağı arzuladı. Mən də bunu gerçəkləşdirməyə çalışacağam. 10-cu sinifdə oxuyanda Bakı Ali Neft Məktəbində təhsil almağı qarşıma hədəf qoymuşdum. Bu hədəfimə çatmağa da nail oldum. BANM-in beynəlxalq əlaqələri, əsasən də təhsilin ingilis dilində olması mənim bu Ali Məktəbi seçməyim üçün önəmli faktorlardan biri idi.

BANM-də hansı ixtisas üzrə təhsil almaq istəyirsiniz?

Bu barədə hələ tam qərar verməmişəm. Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi və İnformasiya təhlükəsizliyi ixtisaslarını düşünürəm. Seçimim bu ixtisaslardan biri olacaq.

I qrup ixtisası üzrə qəbul imtahanlarında ən yüksək bal toplayıb lider oldunuz. Yüksək bal toplamaq istəyən abituriyentlərə nə məsləhət görürsünüz?

Mən ev tapşırıqlarını hər zaman tam yerinə yetirirdim. Sınaq imtahanlarında çox iştirak edirdim. Yüksək bal toplayan abituriyentlərə BANM-ni seçməyi məsləhət görürəm. BANM Azərbaycanın ən yaxşı təhsil verən lider universitetlərindən biridir.

Burada ali təhsil aldıqdan sonra təhsili xaricdə davam etdirmək və ya Azərbaycanda uğurlu karyera sahibi olmaq şansı çoxdur.

Bakı Ali Neft Məktəbi ilə tanışlığınız necə oldu?

BANM haqqında ilk dəfə məlumatı abituriyent jurnalından almışdım. Sonra araşdırdım və həqiqətən də çox yaxşı universitet olduğunu öyrəndim.

Qəbul imtahanı necə keçdi, həyəcan var idi?

Mən tapşırıqları sürətlə yerinə yetirirəm. Qəbul imtahanında bütün sualları 1 saat yarıma cavablandırmışdım. Sonra cavabları bir neçə dəfə yoxladım. Sınaq imtahanlarım da hər zaman uğurlu olub. Təcrübələrim göstərir ki, sadəcə bütün diqqəti test suallarına cəmləyərək həyəcana qalib gəlmək olar. Abituriyentlərə çox çalışmağı və dərslərinə yaxşı hazırlaşmağı məsləhət görürəm.

Əlavə məşğuliyyətiniz, hobbiləriniz varmı?

Boş vaxtlarımda filmlərə baxıram, dostlarımla onlayn oyunlar oynayıram, futbol oynayıram və şahmatla maraqlanıram. 4 il Fizika fənni üzrə olimpiadalarda iştirak etmişəm. Eyni zamanda, intellektual oyunlara maraq göstərirəm. İTV-nin “Əlaçı” proqramının qalibi olmuşam. Ondan əvvəl “Əlaçı” verilişində ikinci yeri tutmuşdum. Növbəti il isə “Əlaçı”nın qalibi olmaq arzum yerinə yetdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər