İcbari tibbi sığortadan vətəndaşlar necə yararlana bilər? – MÜŞFİQ MƏMMƏDLİ DETALLARI AÇIQLADI

239

“Azərbaycanda icbari tibbi sığorta artıq 2020-ci ilin aprel ayından bütün ölkə üzrə tətbiq olunmaqdadır. Bu da öz müsbət nəticəsini verir. İcbari tibbi sığorta ilk vaxtlar pilot bölgələrdə yəni Yevlaxda və Mingəçevirdə tətbiq olundu”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, bu, həmin bölgələrdə uğur qazandıqdan sonra bütün ölkə üzrə mərhələ-mərhələ tətbiq olunmağa başladı: “İcbari tibbi sığortanın əsas prinsipi ondan ibarətdir ki, insanların böyük bir qisminin dövlət tərəfindən sığorta haqları ödənilir. 18 yaşına qədər olan uşaqlar, 23 yaşına qədər olan tələbələr, hamilə qadınlar, pensiya yaşına çatmış, əlilliyi olan şəxslərin icbari tibbi sığortası dövlət tərəfindən ödənilir. Digər əmək fəaliyyəti ilə məşğul olan əhali isə öz maaşından müəyyən ayrılmalar hesabına icbari tibbi sığortanın fonduna vəsait köçürür. Bu da sağlam bir insanın müəyyən vəsait köçürərək həmrəylik prinsipləri hesabına digər xəstə insanların sağlamlığının qorunmasında yardımçı olur. Bundan əlavə dövlətin verdiyi dəstək hesabına da digər əhali qrupları bu istiqamətdə artıq sağlamlıqlarını sığorta altına almış olurlar. Burada konkret olaraq şəxsiyyət vəsiqəsini təqdim edən şəxs tibb müəssisəsinə müraciət etdikdə artıq sığorta çərçivələri altında olur. İlk vaxtlar prosesin oturması sistemin qurulmasında təbii ki, müəyyən çətinliklər, problemlər olur. Amma biz bunları mərhələ-mərhələ tətbiq etməklə müsbət nəticə əldə edəcəyik”.

Müşfiq Məmmədli sözlərinə davam edərək həmçinin qeyd edib ki, icbari tibbi sığortanın fəlsəfəsi həmrəylik prinsipi, dövlətin həm birbaşa, həm dolayı yolla dəstək olmasında ibarətdir: “Yəni xəstəxanaların saxlanma xərci hesabına, xəstəxanalarda müəyyən infrastrukturun ilk öncələr qurulması hesabına, cənab Prezidentin bu istiqamətdə fəaliyyəti nəticəsində həm bölgələrimizdə, həm mərkəzdə olan xəstəxanalar yenidən quruldu, yeni xəstəxanalar tikildi. Bu da dövlət tərəfindən dolaylı dəstək sayıla bilər. Çünki infrastrukturun qurulması da özü çox böyük vəsaitlər tələb edir və bu infrastruktur olmadan da səhiyyə sisteminin inkişafı da mümkün deyil. Bundan başqa Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə xaricdə oxumuş Azərbaycan vətəndaşı olan tibb mütəxəssislərinin dövlət sektorunda işə cəlb olunması, onların müxtəlif ölkələrdə dövlət hesabına fəaliyyət göstərməsi insan sağlamlığına dövlət tərəfindən verilmiş böyük bir dəstəyin nümunəsidir. İkinci bir məsələ ondan ibarətdir ki, sağlam insan xəstə insanın müalicəsinin maliyyələşdirilməsinin müəyyən hissəsində fəaliyyət göstərir. Həmin insan xəstələndikdə isə həmrəylik prinsipinə uyğun olaraq digər insanların ayırdığı sığorta vəsaitləri və dövlətin ayırdığı vəsaitlər hesabına müalicəsi, müayinəsi təşkil olunur. Bu sistemin tədricən tətbiqi ilə biz daha böyük uğurlara şahid olacağıq. Artıq bilirik ki, icbari tibbi sığorta tətbiq olunduqdan sonra səhiyyə büdcəsi 2 milyarda yaxın bir vəsaitlə təmin olunacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər