“İdrak” liseyində Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbir keçirilib – FOTOLAR

1802

Sumqayıt şəhərində “İdrak” liseyində Nəsimin 650 illik yubileyi ilə əlaqədar olaraq maraqlı tədbir keçirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin nümayəndələri, şəhər ziyalıları, məktəblilər və müəllimlər, elm və mədəniyyət xadimləri,  iştirak edib.

Tədbirin açılışında Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığından bəhs edən sənədli film təqdim edilib. Filmdə Nəsiminin ədəbi yaradıcılığı, fəlsəfi baxışları ilə bağlı maraqlı məsələlərə toxunulub, onun ideyalarının istər o dövrdəki, istərsə də müasir dövrdəki önəminə diqqət çəkilib.

Nəsimi qəzəlləri ilə süslənən muğam

Daha sonra gənc muğam ifaçısı Almaxanım Əhmədli Nəsiminin qəzəllərini ifa edib. A.Əhmədlinin təqdimatında səslənən qəzəllər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

A.Əhmədlinin ifasından sonra ədəbi tənqidçi Əsəd Cahangir Nəsiminin Azərbaycan və dünya ədəbiyyatındakı roluna diqqət çəkib, onun fəlsəfi baxışlarını təhlil edib. Ölkə başçısının göstərişi ilə bu ilin “Nəsimi ili” elan edilməsini yüksək qiymətləndirdiyini bildirən ədəbi tənqidçi, bunu İ.Nəsimi yaradıcılığının, onun ədəbi-fəlsəfi baxışlarının daha dərindən təhlili baxımından fürsət kimi dəyərləndirib.

“Nəsimi ədəbiyyatımızın əsas sütunlarından biridir”

Ə.Cahagir Nəsiminin Azərbyacan ədəbiyaytında mühüm yer tutduğunu, onun Nizami, Füzuli və digər klassiklər kimi ədəbiyyatımızın əsas sütunlarından birini təşkil etdiyini bildirib. Nəsiminin yalnız yazılı ədəbiyata deyil, həm də aşıq ədəbiyyatına, aşıq yaradıcılığına ciddi təsir göstərdiyini vurğulayan Ə.Cahangir, onun adına dastanların yaradılmasını da məhz bununla izah edib. Ə.Cahangir onu da qeyd edib ki, Nəsimi yaradıcılığı yalnız Azərbaycanda deyil, Türkiyə və Orta Asiya yazıçılarının, aşıqlarının yaradıcılığına da ciddi təsir edib.

“Nəsimi” filmi ilə bağlı ssenarini mənə xəstəxanada təqdim etdilər”

Daha sonra çıxış edən xalq artisti, “Nəsimi” rolunun ifaçısı Rasim Balayev “Nəsimi” filmi ilə bağlı xatirələrini dilə gətirib: “Nəsimi” filmi ilə bağlı ssenarini mənə xəstəxanada təqdim etdilər. Həmin vaxt xəstəxanada müalicə olunurdum. Bu vaxta qədər isə 4-5 fimlə bağlı təqdimata dəvət alsam da, məni həmin filmlərə çəkməkdən imtina etmişdilər. Hansı ki, bu, məndə ruh düşgünlüyü yaratmılşdı. Odur ki, mənə “Nəsimi” filmi ilə bağlı ssenarini gətirəndə bunu könülsüz qarşıladım. Çünki inamırdım ki, məni filmə, özü də belə bir filmə çəksinlər”.

“Yalandan dedim ki, ssenarini oxumuşam, halbuki, açıb baxmamışdım”

R.Balayevin sözlərinə görə, filmə çəkiləcəyinə inanmadığı üçün ssenarini oxumayıb:

“Mənə ssenari təqdim ediləndən 3-4 gün sonra yenə yanıma gəldilər. Soruşdular ki, ssenarini oxumuşam, ya yox. Mən ssenarini oxumasam da, yalandan oxuduğumu söylədim. Həmçinin, qeyd etdim ki, mənə bu məsələdə çox da ümid bağlamasınlar. Çünki səhhətim yaxşı deyil və ola bilsin ki, yenidən ayağa durmaq mənə nəsib olmadı”.

“Elə bildim ki, məni yandırmağa aparırlar”

R.Balayevin sözlərinə görə, onun öz sağlamlıq durumu haqqında dediyi sözlər səhiyyə naziri səviyyəsində əks-sədaya səbəb olub:

“Mənim  öz səhhətimlə bağlı səsləndirdiyim ümidsiz fikirləri filmin rejissoru Həsən Seyidbəyliyə çatdıranda o, vəziyyətimin nə dərəcədə ciddi olduğunu bilmək üçün səhiyyə naziri ilə əlaqə saxllayıb. Mənim isə təbii ki, bundan xəbərim yox idi. Bir də gördüm ki, böyük bir həkim heyəti palatama daxil oldu. Mən onları görəndə qorxuya düşdüm. Dedim ki, görəsən məndə nə tapıblar ki, belə heyətlə məni müayinə etməyə, mənimlə maraqlanmağa gəliblər. Düşündüm ki, taunam, vəbayam nəyəm? Elə bildim ki, məni yandırmağa aparırlar”.

Xalq artistinin sözlərinə görə, onu müəytinə edən həkimlər ciddi bir xəstəliyimin olmadığı haqında rəy verəndən sonra onu xəstəxanadan çıxarıblar”.

“Ümidsizliyim qorxuya çevrildi”

R.Balayevin sözlərinə görə, filmə çəkiləcəyini yəqinləşdirəndən sorna içindəki ümidsizlik qorxu ilə əvəzlənib:

“Əmin olanda ki, yox, bu dəfə filmə çəkiləcəm, bu günə qədərki ümidsizliyim qorxu ilə əvəz olundu. Düşündüm ki, görəsən bu işin öhdəsindən gələ biləcəyəmmi? Bunu bacarmaq mənə nəsib olavaqmı? Filmdə yer alan böyük aktyorlarla tərəf müqabili olmağı bacaracammı?

Lakin zaman keçdikcə bu qorxu da ortadan qalxdı. Həmin filmdə yer alan böyük aktyorlarımız mənə dəstək olur, bütün lazımi köməklikləri göstərirdilər. “Nəsimi” filmində çəkildiyim anlar həyatımın ən xoşbəxt anları olub. Mən o filmi, həmin filmlə bağlı çəkilişləri xatırlayanda da özümü xoşbəxt hiss edirəm”.

“Nəsimi yeganə tarixi filmdir ki, orada heç bir süni dekorasiyadan istifadə edilməyib”

Xalq artisti “Nəsimi” filmi ilə bağlı digər maraqlı məqamlara da aydınlıq gətirib:

“Nəsimi” filmi yeganə tarixi filmdir ki, orada heç bir süni dekorasiyadan istifadə edilməyib. Filmdə yer alan bütün dekorasiyalar təbiidir və film tarixi yerlərdə çəkilib”.

R.Balayev Təhsil Nazirliyinə xitabən də maraqlı təkliflə çıxış edib: “Mən çox istərdim ki, Təhsil Nazirliyi Nəsimini, onun ədəbi-fəlsəfi baxışlarını şagirdlərə daha dərindən izah etsin, bunun üçün dərsliklərdə Nəsimiyə, onun baxışlarına daha çox yer ayırsın, bunu şagirdlərə daha aydın və dərindən izah etsin. Çünki Nəsimi həqiqətən də böyük şair, böyük mütəfəkirdir. Onun qəzəlləri müqəddəs Qurani-Kərimdəki ayələrlə bilavasitə bağlıdır. Şagirdlərə, gənclərə məhz bunları izah etmək lazımdır”.

R.Balayevin çıxışının sonunda “İdrak” liseyi adından xalq artistinə liseyin  təsisçisi, professor Mövsüm Alışov tərəfindən xatirə hədiyyəsi təqdim edilib.

Sumqayıt teatrından maraqlı səhnəcik: “Səhranın bəyaz çiçəyi”

Daha sonra Sumqayıt Dövlət Dram Teatrı maraqlı səhnə ilə çıxış edib. Nəsimiyə həsr edilən “Səhranın bəyaz çiçəyi” tamaşasından ifa edilən səhnəcik tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin sonunda istedadlı müğənnilərin ifasında Nəsimi qəzəlləri ilə bağlı daha bir neçə mahnı ifa olunub.

“Nəsiminin yubileyi hər il təntənə ilə keçirilməlidir, çünki o, buna layiqdir”

Tədbirin sonunda çıxış edən liseyin təsisçisi, professor M.Alışov tədbir iştirakçılarına öz təşəkkürünü bildirib, Nəsimi ədəbi irsinin böyülüyünə diqqət çəkib:

“Nəsimi Azərbahycan xalqının böyük ədəbi klassiklərindən biridir. Onun ədəbi-fəlsəfi baxışları həddindən artıq dərindir. Hesab edirəm ki, Nəsimiyə, onun ədəbi yaradıcılığa diqqət yalnız bu cür yuvarlaq yubiley günlərində deyil, hər zaman göstərilməlidir. Nəsiminin yubileyi hər il təntənəli şəkildə qeyd edilməlidir. Çünki o, sözün bütün mənalarında buna layiqdir”.

Seymur ƏLİYEV

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər