İki əməkdaşımızın “cəhənnəm” xatirələri: “Yanımda bir qadının ürəyi getdi…”

1315

Məlum olduğu kimi Mingəçevir İES-dəki qəza səbəbindən Bakı Metropolitenində də dəhşətli anlar yaşanıb. İyulun 3-ü axşam saatlarında işıqlar söndüyündən qatarların hərəkəti dayanıb, minlərlə sərnişin bir saatdan artıq havasız tunellərdə qalıb.

Bu məsələyə prezident İlham Əliyev ötən gün ölkənin enerji sistemində yaranmış vəziyyətlə bağlı keçirdiyi xüsusi müşavirədə toxundu. Məlum oldu ki, Bakı Metropoliteninin ehtiyat güc generatorları olmadığından tunellərdə qalan qatarları qısa zamanda çıxarmaq mümkün olmayıb. Prezident bu məsələnin araşdırılmasını və həll edilməsini tapşırdı.

Həmin gün isə sərnişinlərin əksəriyyəti qaranlıq metro tunellərindən stansiyalara doğru piyada çıxıblar. Bir yandan sərnişin sıxlığı, digər tərəfdən havasızlıq sərnişinlər arasında təşvişə səbəb olub. Həyəcandan qışqıranlar, ağlayanlar, huşunu itirənlər, ürəyi gedənlər də olub, sakitcə dayanıb baş verənləri seyr edənlər də, hətta yaranmış vəziyyəti qeyri-ciddi qəbul edənlər də.

İki əməkdaşımız-İnarə Rafiqqızı və Gülnar Əliyeva da iyulun 3-də metroda qalanlar arasında idi. Hadisə baş verən zaman virtualaz.org-un əməkdaşları da “28 May” stansiyasından üzü “Dərnəgül” və “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarlarda olublar. Onlar vaqonda yaşlı və xəstələrin, həmçinin azyaşlıların olduğunu, sərnişinlər arasında həyəcan yarandığını, onlarla sərnişinin halının pisləşdiyini, ürəyi getdiyini deyirlər.

Gülnar Əliyeva həmin vaxt gördüklərini belə nəql edir: “28 May” stansiyasından saat təxminən 18:43-də çıxan qatar “Nizami” stansiyasına yaxınlaşanda qəfildən dayandı. Digər qatara yol vermək üçün yarım dəqiqəlik belə fasilə olduğunu düşündük. Amma sonra bu yarım dəqiqə 10, 20 dəqiqəyə, bir saata qədər uzandı. Partlayış, yanğın qorxusu sərnişinlər arasında təşviş və həyəcan yaratmışdı. Vaqonda kondisioner olmadığından sərnişinlərin halı get-gedə pisləşirdi. Ürəyi gedənlər də var idi, vaqonların aralarındakı daxili qapıları açaraq dərman axtarırdılar.

Hətta bəziləri vaqonun qapılarını təpikləyir, maşinistdən tezliklə qatarı işə salmasını istəyirdilər. Maşinistlər əvvəlcə qatarın dayanması ilə bağlı heç bir məlumat verməsə də, sonradan texniki problem yarandığını və sərnişinlərdən sakitliyə riayət etmələrini xahiş etdilər. Sakinləri nisbətən sakitləşdirən vaqonun içərisində elektrikin kəsilməməsi idi. Amma maşinistin xəbərdarlığına baxmayaraq sərnişinlər çətinliklə qapıları açdılar və içəri az da olsa hava gəldi. Yanımda əyləşən qadının çantasında xeyli dəftər var idi və hamısını yelpik kimi istifadə etmək üçün sərnişinlərə payladı. Bir saatdan artıq vaqonda qaldıqdan sonra təxminən saat 20:00-da bizi təxliyə etdilər”.

Əməkdaşımız nəql edir ki, tuneldə bu qədər uzun müddət qalmanın səbəbini Metropoliten əməkdaşları qatarların növbə ilə boşaldılması ilə izah ediblər. Əraziyə metropoliten işçiləri ilə yanaşı polis əməkdaşları da cəlb olunub. Yüzlərlə sərnişini təxminən 500 metrə qədər uzunluğu olan qaranlıq tuneldən telefonların işığı və əl fənərlərinin köməyi ilə çıxarıblar.

Sərnişinlərin təxliyəsində polis əməkdaşlarının daha çox köməyi dəyib. Hətta ürəyi gedən şəxsləri polislər qucaqlarında daşıyaraq yerin altından çıxarıblar.

“Bir yandan isti, bir yandan da qorxu və həyəcan xeyli adamın halının pisləşməsinə səbəb olmuşdu. Yanımda bir qadının ürəyi getdi. Sakinlərdən biri çantasından su çıxardı, yaxınlıqdakı polis əməkdaşları ona ilk yardım göstərdilər. Polis əməkdaşı onu bütün tunel boyu qucağında daşıdı. Tez-tez yüksək səslə suallar verir, adını, halını soruşurdu ki, huşu itməsin”-əməkdaşımız deyir.

Əməkdaşımız İnarə Rafiqqızı bildirir ki, boğucu istidə tuneldə təmkinli olmağa, özünü ələ almağa çalışsa da, ümumi gərginlik, ətrafda yaşananlar ona da təsirsiz ötüşməyib: “Pik vaxtı olduğundan metroda sərnişin də çox idi. Maşinistin “panikaya düşməyin, işıq hər yerdə sönüb, indi yanacaq” deməsi arxayınçılıq yaratsa da uzun sürmədi. Beş dəqiqə keçməmiş qatarda panika yarandı, sərnişinlər qışqırmağa, səs-küy salmağa başladılar. Getdikcə hava tükənir, nəfəs almaq olmurdu, boğulurduq. Bu vəziyyət haradasa, 40 -50 dəqiqəyə kimi davam etdi. Düzü məndə xof yarandı ki, dözülməz istidən, havasızlıqdan boğulacam. Təkcə məndə yox, bir çox sərnişinlərdə belə xof yaranmışdı. Amma xilas olduq…”

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, iyulun 2-də baş vermiş hadisə nəticəsində hərəkətdə olan 18 sərnişin qatarı (9 –u stansiyalarda, 9 –u tunellərdə) dayanıb. Birinci gün 154 sərnişin təxliyə edilib, xəsarət alan olmayıb. İyulun 3-də ölkədə yenidən elektrik enerjisinin verilişində yaranmış problemlə əlaqədar yenə də analoji fəsadlar yaranıb. Hadisə pik saata təsadüf etdiyindən 30 min sərnişin evakuasiya olunub. Ötən gün günorta saatlarında metro yenidən öz işini bərpa edib.

Virtualaz.org

İki əməkdaşımızın “cəhənnəm” xatirələri: “Yanımda bir qadının ürəyi getdi…”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər