İkinci gəncliyinə qovuşan şəhər - SUMQAYIT 70

3140

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri, 7 mart 2019

Məlum olduğu kimi, bu ilin noyabrında Azərbaycanın ikinci böyük sənaye mərkəzi sayılan Sumqayıtın yaradılmasının 70 illiyi tamam olur. Dövlətimizin başçısı İlham Əliyev yubileyin geniş qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Bu, Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında Sumqayıtın xüsusi rol oynadığını bir daha göstərir. Sumqayıtlılar bunu ölkə rəhbərinin onların doğma şəhərinə xüsusi münasibəti kimi dəyərləndirirlər. 

Ulu öndər Heydər Əliyev vaxtilə Sumqayıtı kiçik Azərbaycan adlandırıb. Burada ölkəmizin bütün rayonlarından gəlmiş adamlar yurd-yuva qurublar, öz əlləri ilə yaratdıqları gözəlliklərlə fəxr edirlər. Yeni əsrin əvvəllərindən Sumqayıt daha müasir şəhərə çevrilməyə başlayıb. Son üç-dörd ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı, diqqəti sayəsində şəhərin siması daha da dəyişib, yeni, parlaq naxışlarla zənginləşib və Avropa dəyərlərinə inteqrasiya edib.
Son üç ildə Sumqayıtın iqtisadiyyatına milyardlarla manatlıq vəsait qoyulub. Ötən ay cənab İlham Əliyevin Sumqayıta növbəti səfəri zamanı daha bir müəssisənin – SOCAR Polimerin yüksək sıxlıqlı Polietilen zavodunun açılışını edib. Sonra şəhər bulvarına gələrək sakinlərlə səmimi görüşüb. Bu, xalqla iqtidar birliyinin, xalqın öz rəhbərinə güclü dəstəyinin, böyük sevgisinin əsl nümayişinə çevrildi. Həmin görüşdə yaşanan iftixar dolu anların təəssüratları sumqayıtlıların qəlbində silinməz izlər buraxdı.
Görüşdə iştirak etmiş qocaman müəllim Əvəz Mahmud Lələdağın bu barədə dedikləri:
– O gün möhtərəm ­Prezidentimizin möcüzə adlandırdığı bulvarda nəvəmlə gəzintiyə çıxmışdıq. Bir də eşitdik ki, İlham Əliyev bulvara gəlir. Onun əlini sıxıb salamlamaq mənə də qismət oldu. Dedim ki, 70 yaşlı gənclər şəhərinə xoş gəlmisiniz. Bu gözəl şəraiti, bu firavan həyatı bizə Siz bəxş etmisiniz. Azərbaycan xalqı çox xoşbəxtdir ki, Sizin kimi rəhbəri var. Daimi qayğınızın nəticəsidir ki, ölkəmizdə yoxsulluq minimum səviyyədədir, əhalinin bütün təbəqələrinin sosial müdafiəsi təmin olunur. Tikilən məktəblər, idman kompleksləri, çəkilən yollar, abadlaşan şəhərlər və daha çox yenilikləri saymaq olar ki, bunlar Azərbaycanın son illərdə əldə etdiyi gerçək uğurlardır. Xalqın ümidini doğruldan kadrların yerində olması da fərəh doğurur. On illər boyu Sumqayıtda belə bir bulvarın olacağını xatirimə belə gətirmirdim. Bu gün İspaniyada, Fransada keçirilən beynəlxalq sərgilərdə mükafatlara layiq görülən park-bulvar kompleksimizin olması, doğrudan da, bir möcüzədir.
Prezidentimiz öz mehribanlığı, sadəliyi ilə hamımızı heyran qoydu. Hər kəslə ayrıca görüşdü, uşaqları qucağına alıb öpdü, şəxsi telefonlarla xatirə şəkilləri çəkdirdi. Biz ölkə rəhbərinə şəhərimizin 70 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzaladığına görə dərin minnətdarlığımızı bildirdik. Azərbaycan xalqının rifahı naminə fəaliyyətində daha böyük nailiyyətlər arzuladıq. Prezidentimizin üzündəki nur, xeyirxahlıq, sadəlik mənim kimi insanların yaddaşında həmişəlik qalacaq.
Sumqayıt Dövlət Universitetinin tələbəsi Rəmayə Mustafayevanın dediyinə görə isə, həmin unudulmaz görüş zamanı dövlət başçısına tələbələrin təqaüdünü artırdığına görə minnətdarlıq edib. Prezidentin böyük səmimiyyəti onları yataqxana məsələsindən da danışmağa ürəkləndirib. Cənab İlham Əliyev müvafiq tapşırıqlarını verərək bildirib ki, bu günlərdə yeni mənzillərə köçürülən qaçqınların məskunlaşdığı yataqxanalar təmir edilərək tələbələrin ixtiyarına veriləcək.
Xəzərin sahilində möhtəşəm bir qala kimi ucalan Sumqayıtın belə xoş anları, unudulmaz günləri çox olub. Dövlət başçısının 15 ildə Sumqayıta 20 dəfədən artıq səfər etməsi, xüsusilə də son illərdə bu səfərləri daha da intensivləşdirməsi və gənclər şəhərinin sosial-iqtisadi inkişafıyla bağlı ard-arda göstərişlər verməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanıb. Elə fevralın 18-də Sumqayıta gələn Azərbaycan rəhbəri şəhərdə quruculuq işlərinin davam etdirilməsi ilə bağlı yeni bir sərəncam da imzalayıb.
Sumqayıtın əsas giriş hissəsində dalğavari şəkildə üst-üstə qoyulan tikinti bloklarının zirvəsində qanad açmış “Qağayı” abidəsi ucalır. O, bu gün də tikilən-qurulan şəhərin rəmzi sayılır. Buradan başlanan “Sülh” küçəsi göz oxşayır. Şəhər haqqında ilkin təəssürat yaradır. “Sülh” küçəsindən sağa dönən yollar modern sənaye zonasına aparır, irəliyə və sola yollarsa qonaqları müasir şəhər gözəlliklərinə qovuşdurur. Bu küçə 4,2 kilometr məsafədə hər iki tərəfə xeyli genişləndirilib, 100 min kvadratmetr sahəyə yaşıl örtük salınıb və təkcə bu ərazidə 120 mindən çox ağac və dekorativ kollar əkilib. Burada yeni, qəşəng inzibati binalar, ofislər, xidmət sahələri pərvəriş tapıb. Qısa müddətdə Sumqayıtın ikinci giriş yolu hesab olunan Sahil küçəsi də yenidən qurulub, dəniz kənarı ilə Novxanı istiqamətində 7,5 kilometr uzunluğunda yol əsaslı təmir olunub, abadlaşdırılıb. Şəhərin ərazisinin get-gedə böyüməsi də inkişafın tələbidir.
Sumqayıtda inşaat işlərinə ötən əsrin 30-cu illərindən başlanmışdır. O vaxt bir neçə sənaye obyektinin tikintisinə start verilmişdi, onların ətrafında isə kazarma tipli baraklardan ibarət fəhlə qəsəbəsi salınırdı. Amma İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar tikinti işlərinə fasilə verildi. Yalnız müharibədən sonra Sumqayıt şəhəri yenidən salınmağa başladı. Nəhayət,1949-cu il noyabırın 22-də Sumqayıta şəhər statusu verildi. Burada sənayenin tikintisi ilə yanaşı, şəhər də vüqarla boy göstərməyə başladı, ev-ev, küçə-küçə, məhəllə-məhəllə böyüdü, zəruri infrastruktur yaradıldı.
Təəssüf ki, SSRİ-nin süqutundan sonrakı böhran dövründə bu şəhərin də infrastrukturu köhnəlmiş, kommunikasiyalarının bərpasına ehtiyac yaranmışdı. Doxsanıncı illərdə ulu öndər Sumqayıtın inkişafı üçün mühüm addımlar atdı. Sumqayıtda ötənlərin əgər-əskiyi, kəm-kəsiri bir-bir aradan qaldırıldı, müasir tələblərə cavab verən həyat şəraiti formalaşdırıldı. Elə o vaxtdan ölkə rəhbərliyinin bir əli elə hey Sumqayıtın üstündədir. Cənab İlham Əliyev ənənəni uğurla davam etdirir. Genişmiqyaslı abadlıq-quruculuq işləri, yeni tərəqqi proqramlarının tətbiqi hazırda şəhəri ikinci gəncliyinə qovuşdurmaqdadır.
Bu gün 70 yaşını qeyd etməyə hazırlaşan Sumqayıtda dövrün ən möhtəşəm layihələri həyata vəsiqə alır. Gənclər şəhəri təkcə respublikanın deyil, Avropanın sayılıb-seçilən şəhərlərindən birinə çevrilib. Əldə edilən uğurların kökündə dövlət tərəfindən düzgün müəyyənləşdirilən davamlı sosial-iqtisadi siyasət durur. Ölkəmizdə akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri son illərdə Sumqayıta ciddi maraq göstərirlər. Avropa və Asiya ölkələrindən neçə-neçə şəhərlə Sumqayıtın qardaşlıq əlaqələri yaradılıb. Yanvarın sonunda Bakıdakı səfirliklərin və beynəlxalq təşkilatların 60-dan çox nümayəndəsinin Sumqayıta səfəri təşkil edilib. Şəhərin inkişafı ilə yaxından tanış olmaq məqsədi güdən həmin səfər zamanı diplomatlar Sumqayıt Kimya Sənaye Parkında olublar. “SOCAR Polymer” layihəsinin təqdimatı nümayiş olunub. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov diplomatlara sənayedə görülən işlər barədə məlumat verib. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyri-neft sektorunun inkişafından danışıb. Diplomatlar yeni müəssisələrə baxıblar. Sumqayıt Dövlət Dram Teatrına gediblər. Zakir Fərəcov əhalinin sosial rifahın, mədəni həyatı barədə danışıb. O, Sumqayıtın dünyanın 19 şəhəri ilə qardaşlaşdığını da qeyd edib. Sumqayıtın dotasiyasız yaşayan şəhər olduğunu qonaqların diqqətinə çatdırıb. Səfər çərçivəsində diplomatlar, həmçinin Lüdviqshafen parkında, “Kimyaçı” Mədəniyyət Sarayında, Heydər Əliyev Parkında, Heydər Əliyev Mərkəzində, Bayraq Meydanında, Bayraq Muzeyində və dənizkənarı bulvarda olublar.
Ötən hər gün yeni uğurların əsasını qoyur və növbəti zəfərlərə zəmin yaradır. Elə bu günlərdə Sumqayıt Texnologiyalar Parkının mexaniki emal detalları və metalkonstruksiya çeşidlərindən ibarət məhsullarının ilk dəfə Avropa sənayesinin lokomotivi sayılan Almaniyaya ixracı həyata keçirilib. Əsas hədəflərdən biri Azərbaycanı keyfiyyətli məhsulları və xidmətləri ilə Avropa və Yaxın Şərq ölkələrində uğurla təmsil etməkdir. Neft-kimya kompleksinin əsas müəssisələrinin modernləşdirilməsinə paralel olaraq, Sumqayıt Kimya Sənaye Parkında yeni və daha perspektivli müəssisələr yaradılır. Parkda mövcud olan 18 rezident üzrə layihələrin investisiya dəyəri 3,5 milyard ABŞ dolları həcmindədir. Həmin vəsaitin 3 milyard dolları artıq layihələrə sərf edilib. Orada fəaliyyət göstərən müəssisələrin sayı isə 11-ə çatıb. Təkcə “SOCAR Polymer” layihəsi çərçivəsində tikilmiş polipropilen zavodu il ərzində ölkəyə 350 milyon dollar gəlir gətirəcək. Daha bir maraqlı fakt: yeni Karbamid zavodu xam qazı gübrəyə çevirir. Azərbaycan hər il mineral gübrəyə təqribən 100 milyon dollaradək vəsait xərcləyirdi, ancaq indi həm daxili tələbat ödəniləcək, həm də mineral gübrələrin ixracından 150 milyon dollaradək gəlir götürüləcək.
Regional inkişaf üzrə Dövlət proqramları üzrə reallaşdırılan tədbirlər Sumqayıtın timsalında daha aşkar görünür. Şəhərin yeni rəhbərliyi məhz bu istiqamətdə yorulmaz səylər göstərir. Sənayenin dirçəldilməsi, sosial sferanın təzələnməsi, abadlıq və quruculuq tədbirləri “bütün cəbhə boyu” aparılır.
Keçən il Sumqayıtın ümumdaxili məhsul istehsalı əvvəlki ilə nisbətən 35 faiz artaraq, 2 milyard manatdan çox olub. Sənaye müəssisələrində 1 milyard 300 milyon manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki dövrlə müqayisədə 20 faiz artım deməkdir. Təkcə ötən il 7 min nəfər daimi işlə təmin olunub. Bu ilin əvvəlindən keçən qısa müddətdə daha min nəfərin çalışacağı yeni iş yerləri yaradılıb. Prezident əlavə olaraq göstəriş verib ki, hələlik iş tapa bilməyən vətəndaşlar üçün daha 2 mindən artıq ödənişli ictimai iş açılsın.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun tərcümeyi-halında Sumqayıt mühüm yer tutur. Gənc yaşlarından o, arzularının arxasınca məhz bu şəhərə üz tutub. Sumqayıt çoxları kimi onun da tale şəhəridir. Kommunal müəssisələr birliyinə rəhbərlik edib, Sumqayıtın ilk bələdiyyə sədri, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olub və bir neçə il öncə yenidən Sumqayıta qayıdıb. Bu dəfə şəhərin rəhbəri vəzifəsinə təyin edilib və hazırda yüksək etimadı layiqincə doğrultmaqdadır. 2012-ci ildə “Şöhrət” ordeni, 2016-cı ildəsə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Sumqayıtlılar idarəetmə sahəsində böyük təcrübəsi olan həmyerlilərinin şəhərə rəhbərlik etməsindən çox ­razıdırlar.
Şəhər rəhbərliyinin iş üslubunda ərazilərdə səyyar qəbullar, görüşlər keçirib canlı dialoqlar vasitəsilə, arzu və tələbləri nəzərə almaq şərtilə fəaliyyət konturlarını dəqiqləşdirmək, prioritetləri müəyyənləşdirmək mühüm yer tutur. Belədə istəyə nail olmaq, sözsüz ki, xeyli asanlaşır.
…Xatırlayıram ki, şəhər tədbirlərindən birində Zakir müəllim demişdi: “Bu gözəl bulvarı da, parkları da özümüz üçün yaradırıq. Pensiyaya çıxandan sonra bura gəlib dincələcəyik, elə etməliyik ki, gələcək nəsillərdən utanmayaq”.
Möhtəşəm Park-Bulvar Kompleksi “Global Trade Leaders Club”un forumlarında “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülüb. Heydər Əliyev Mərkəzinin yeni əzəmətli binası, Dövlət Dram teatrı binasının, Kimyaçılar sarayının yenidən qurulması və qarşısındakı meydanın əsaslı təmiri gözəlliyin təzələnməsi baxımından önəmlidir. Son üç ildə Bayraq muzeyi, Şahmat və Uşaq İncəsənət məktəbləri, YAP-ın yeni binası gözəllik ünvanları sırasına qatılıb. O cümlədən, şəhərdə yüksək standartlara cavab verən hotellər tikilərək istifadəyə verilib. Bakı kəndləri istiqamətindən Sumqayıta qədər yeni müasir avtomobil yolu çəkilib. Heydər Əliyev Parkında, Nəsimi parkında, Şəhidlər xiyabanında, küçə və meydanlarda abadlıq işlərinin aparılması daimi xarakter daşıyır. Bu və digər obyektlər şəhərin görünüşünə yeni çalar, əlavə gözəllik qatır. Başlıca məram Sumqayıtı daha modern, müasir, zövq oxşayan şəhərə çevirməkdir.
Son 3 il ərzində Sumqayıtda 2,8 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənib. Şəhər icra hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqrama əsasən, prospekt və küçələr, eləcə də mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur. Üç il ərzində Sumqayıtda ümumilikdə 37 prospekt və küçədə uzunluğu 85 kilometr olmaqla 1,3 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənilib. 26 məhəllə və mikrorayon ərazisində isə ümumilikdə 1,5 milyon kvadratmetr əraziyə asfalt vurulub. Son illər şəhərdə mövcud yolların təmir olunması ilə yanaşı, yeni yollar da salınıb. Şəhər ərazisində uzunluğu 7 kilometr olan 4 yeni yol tikilib. Bu il də yol infrastrukturunun inkişafı ilə bağlı tədbirlər planı hazırlanıb. İl ərzində 50 kilometr uzunluğunda şəhərdaxili və qəsəbələrdə küçə və yolların, 1,5 milyon kvadratmetr məhəllədaxili ərazidə yeni asfalt örtüyünün salınması nəzərdə tutulur. Üç ildə dam örtükləri əsaslı təmir olunmuş yaşayış binalarının ümumi sayı isə 650-dən çoxdur.
Artıq Sumqayıtın özünəməxsus ekoloji standartları formalaşır. Şəhərdə yaşıllaşdırma işləri müntəzəm aparılır. Son 5-6 ildə burada 100 minlərlə yeni ağac əkilib. 16 hektardan artıq ərazini əhatə edən parklar, xiyabanlar salınıb və yenidən qurulur. Şəhərdə hər adambaşına düşən yaşıllıq sahəsi 26 kvadratmetr təşkil edir ki, bu da respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir. Şairlər əbəs yerə Sumqayıtı “Xəzərin zümrüd boyunbağısı” adlandırmayıblar.
Müasir şəhərsalma tələblərinə uyğun görkəmı formalaşan Sumqayıt coğrafi relyef baxımından da əlverişli məkandır. Regionun ən böyük sənaye mərkəzlərindən biri olmaqla bərabər, Sumqayıt artıq perspektivli turizm şəhəri adlanmağa da iddialıdır. Onun Xəzərin sahilində yerləşməsi, möhtəşəm dənizkənarı bulvarının olması, infrastrukturunun tam yenilənməsi, yeni dəmir yolu vağzalının tikilməsi, “Nizami” kinoteatrının bərpası və digər tədbirlər bu hədəfin tezliklə reallaşacağını göstərir.
Xəzərin ləpədöyənində bulvarın yaradıldığı ərazinin sahəsi 106 hektar, uzunluğu isə 4,2 kilometrdir. Burada fərəh yaradan məqamlar çoxdur. Sumqayıt bulvarı öz böyüklüyü ilə yanaşı, çimərliyə birbaşa çıxışının olması ilə də fərqlənir və buna görə də onu Gürcüstanın məşhur turizm şəhəri olan Batumiyə çox bənzədirlər. Sumqayıta gələn çoxsaylı əcnəbi turistlər bulvarı da bəyənirlər, bulvarın lap yaxınlığında ucaldılan gözəl “göydələn” binaları, onlar üçün tikilən müasir otelləri də. Buradakı faytonlar, kiçik ölçülü gəzinti avtobusları, avtomobillər, velosipedlər də sahil boyunca 3 metr enində xüsusi hərəkət zolağı ilə gəzmək, Xəzərin seyrinə dalmaq və zövq almaq üçündür. Bulvardaki kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, uşaqlar üçün əyləncə mərkəzləri və ən əsası axşam düşər-düşməz sayrışan müasir işıqlandırma sistemi, bir mahnıda oxunduğu kimi, burada hər qarış çölün canlanmasından, elin xariqələr yaratmasından soraq verir.
Son üç il ərzində Sumqayıtda 650-dən çox binanın dam örtüyü yenilənib. Ölkə başçısının müvafiq sərəncamları əsasında çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi məqsədilə ayrılan vəsait hesabına bu il daha 260 binanın dam örtüyünün təzələnməsi nəzərdə tutulub. Son 3 ildə Sumqayıtda 367 lift dəyişdirilib, bu, ümumi lift parkının 62 faizini təşkil edir. Həmçinin 18 çoxmənzilli binadakı istismara yararsız 62 liftin yenilənməsi üçün vəsait ayrılıb. Yeri gəlmişkən, Sumqayıtın lift təsərrüfatında Qafqazda ilk dəfə olaraq intellektual onlayn idarəetməsi tətbiq olunur.
Ölkə başçısının diqqət və qayğısı, Heydər Əliyev Fondunun dəstəyi ilə 2000-dən artıq qaçqın-köçkün ailəsi üçün Sumqayıtda və Sumqayıt stansiyası massivində yeni yaşayış komplekslərinin tikintisi başa çatıb və doğma yurdlarından didərgin düşmüş həmvətənlərimiz artıq yeni mənzillərə köçürlər. Bununla həm də onların vaxtilə məcburən şəhərin müxtəlif yerlərində inzibati binalarını, ərazilərini zəbt etdikləri təşkilatların öz fəaliyyətlərini bərpa etməsinə, əlavə iş yerlərinin açılmasına imkan yaranacaq. Mehdi Hüseynzadə adına stadionun bərpası, şəhərdə Muğam Mərkəzinin yaradılması da yaxın perspektivə aid məsələlərdir. Artıq 2 nömrəli şəhər xəstəxanasının əsaslı təmiri, 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı Prezident sərəncamlarının icrasına başlanıb.
Sumqayıt ziyalıları da doğma şəhərin tərəqqisindən hədsiz məmnundurlar. Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Camaləddin:
– Elə özü də böyük, gözəl bir zəhmət abidəsi olan Sumqayıtın günbəgün gözəlləşməsi qəlbimizi riqqətə gətirir. Burada tez-tez müxtəlif maraqlı mədəni tədbirlər gerçəkləşdirilir. Biz də həm şəhərin yubileyini, həm də “Nəsimi ili”ni layiqincə keçirməyi düşünürük. Şəhər rəhbərliyi tərəfindən bütün təşəbbüslərimiz dəstəklənir, sənət adamlarına yüksək dəyər verilir ki, bu da yaradıcılıq əzmimizi artırır. Ötən ay bölməmiz tərəfindən tərtib edilərək çap olunan “Bizdən sizə qalan sözdür” adlı kitabda Sumqayıtda yaşayan şairlərin yaradıcılığından nümunələr toplanıb. Almanax şəhərimizin yubileyinə və “Nəsimi ili”nə ilk töhfəmizidir. Şəhər rəhbərliyinin təşkilatçılığı ilə “Sumqayıt-70” adlı nəfis dizaynda suvenir nəşrin və sənədli filmin hazırlanmaqda olması da diqqətəlayiqdir.
Sumqayıt bulvarında sakinlərlə görüşünün sonunda Prezident İlham Əliyev bildirdi ki, qarşıda daha yaxşı günlər olacaq: “Mən həmişə demişəm ki, Sumqayıt inkişaf baxımından paytaxt şəhərinə yaxın olmalıdır və bu gün biz bunu görürük. Düzdür, Bakı son illər çox gözəlləşib, abadlaşıb, ancaq Sumqayıt kimi gözəl şəhərdə insanların istirahəti üçün mütləq bulvar olmalı idi və biz bir il, hətta bir ildən tez bir vaxtda 4 kilometr uzunluğunda bulvar yaratdıq. İndi bura Sumqayıtın əsas istirahət zonasıdır, görün, nə qədər gözəlləşib. Siz burada dəfələrlə olmusunuz, mən də dəfələrlə olmuşam. Əvvəlki mənzərə əlbəttə ki, çox acınacaqlı idi. Amma bu gün yeni yollar salınır, yeni binalar tikilir, ictimai yerlər yaradılır. Yəni, Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir”.
Bəli, əsasən dəniz kənarında yerləşən şəhərlərin dünyanın ən gözəl yerləri olması bir aksiomdur. Fərəhlidir ki, bu baxımdan Bakı ilə yanaşı, Sumqayıt da artıq həmin gözəl şəhərlərin sırasında durur. Qocaman Xəzərin aynasında “bəzənən” gənclər şəhəri özünün gerçək intibah dövrünü yaşayır. Vaxtilə burada məskən salan insanların indi övladları, nəvələri, nəticələri burada yaşayır, təhsil alır, ailə qurur və özlərini fəxrlə sumqayıtlı adlandırırlar. Son bir neçə ildə şəhərdə xüsusilə çox qürurverici yeniliklər baş verib… Bu şəhərin öz universiteti, öz televiziyası, öz Poeziya evi, öz bulvarı, öz estetikasına, öz mədəni aurası var. Dəniz gəzintisi də nəzərdə tutulur. Bir sözlə, şəhər indi özünün daha çevik inkişaf və tərəqqi mərhələsini yaşayır. Sabahı daha gözəl olacaq.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər