İlham Əliyev: “Bu il Sumqayıtda böyük gübrə zavodu fəaliyyətə başlayacaq”

512

“İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatıb. Yəni, pambığın yığımını altı dəfə artıra bilmişik. Bu da son hədd deyil”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bərdədəki Mədəniyyət Mərkəzində keçirilmiş pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

“Biz dövlət xətti ilə böyük həcmdə müasir texnika almışıq, – 500-ə yaxın pambıqyığan kombayn, – onların böyük hissəsi artıq alınıb. Digər texnika – Azərbaycanda istehsal olunan traktorlar, eyni zamanda, xarici texnika, qoşqular. Dünən mən Bərdədə də texnikanın bir hissəsi ilə tanış olmuşam. Bu məqsədlər üçün böyük vəsait ayrılır. Gübrə ilə təminat yaxşılaşır. Azərbaycan dövləti bu sahəni də demək olar ki, öz üzərinə götürüb, 70% güzəştlə gübrələr verilir. Bu sahədə əldə edilmiş uğurlara baxmayaraq, biz daha da ciddi işləməliyik. Gübrələrin keyfiyyəti daha yaxşı olmalıdır, bu sahəyə də böyük diqqət göstərilir.

Son illərdə meliorasiya sahəsində böyük layihələr icra edilib. On minlərlə hektar torpaqda meliorativ tədbirlər görülüb. O cümlədən, Bərdə rayonunda və digər rayonlarda bu sahəyə də çox böyük vəsait ayrılıbr və digər kompleks tədbirlər görülüb. Pambıqçılığın inkişafı ilə bağlı mərkəzləşdirilmiş idarəetmə sistemi yaradılıb. Prezident Administrasiyası, yerli icra orqanları, şirkətlər, fermerlər, zəhmətkeşlər artıq bir nöqtəyə vuraraq yaxşı nəticələrə imza atıblar. İki il ərzində əldə edilmiş rəqəmlər bunun ən yaxşı göstəricisidir”, – o qeyd edib.

Bundan başqa, dövlət başçısının sözlərinə görə, Azərbaycanda pambıqçılığın inkişafı ilə bağlı on minlərlə yeni iş yeri yaradılıb: “Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır. Bu insanların böyük əksəriyyəti işləmirdi, ancaq bu gün işlə təmin olunurlar. Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir. Mən əvvəlki çıxışlarımda da bunu qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm, bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır. İş yerlərinin yaradılması əsas vəzifəmizdir, biz buna da nail ola bilmişik”.

“Eyni zamanda, pambıqçılıq çox gəlirli sahədir və yaxşı gəlir gətirir. Pambıqçılıq ixracyönümlü sahədir. İxrac üçün bazarları axtarmağa ehtiyac qalmır, birjalarda satılır. Pambıqçılıq emal sənayesinə böyük təkan verir. İndi pambıqtəmizləmə zavodları işləyir. Onların əlbəttə ki, daha da böyük səmərə ilə işləməsi haqqında danışacağıq. Ancaq bu sahəyə də təkan verildi. Eyni zamanda, bunun yerli istehsala böyük dəstəyi oldu. Çünki biz indi özümüz həm pestisid istehsal edirik, Azərbaycanda heç vaxt pestisid istehsal olunmurdu. Keçən ildən başlayaraq pestisid istehsal etməyə başlamışıq. Bu il Sumqayıtda böyük gübrə zavodu fəaliyyətə başlayacaq. Özümüzü gübrələrlə təmin edəcəyik. Artıq Azərbaycanda suvarma texnikasının istehsalı təşkil olunub. Bu texnikanın istifadəsi nəticəsində biz məhsuldarlığı artıra bilərik. Mingəçevir şəhərində Yüngül Sənaye Parkı yaradılıb. Mən bu barədə əvvəlki müşavirələrdə öz sözlərimi demişəm, fikirlərimi bildirmişəm. Bütün lazımi tapşırıqlar verilib. Bu ilin fevral ayında Mingəçevirdə Yüngül Sənaye Parkının iki yeni müəssisəsi fəaliyyətə başlayb. O müəssisələrdə 700-dən çox insan işləyir və 20 min ton iplik istehsal olunacaq. Bu da əvvəlki dövrdə istehsal olunan ipliyin demək olar ki, yarısıdır. Əgər Azərbaycanda pambıqçılıq sürətlə inkişaf etməsəydi, bu müəssisələrə də ehtiyac qalmazdı. Çünki bu fabriklər ancaq daxili xammal əsasında uğurla fəaliyyət göstərə bilər”, – İ.Əliyev əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər