ZAKİR FƏRƏCOV: İlham Əliyevin qayğısı Sumqayıtın yeni inkişaf mərhələsinin əsas zəminidir

1603

Son 14 ildə böyük inkişaf yolu qət edən Azərbaycan Respublikası həm də beynəlxalq miqyasda güclü nüfuza və yüksək imicə malik bir ölkə kimi özünü tam təsdiq edib. Əldə edilmiş uğurlarımız göstərir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin davamı isə bütün Azərbaycan xalqının istəyidir. Bu mənada 2003-cü, 2008-ci və 2013-cü illərin prezident seçkilərinin nəticələri göstərdi ki, Heydər Əliyevin siyasi kursunun alternativi yoxdur. Azərbaycan vətəndaşlarının seçimi məhz ümummilli liderin ideyalarının davam etdirilməsi üzərində köklənib.

Fəxarət hissi doğuran digər mühüm məqam ondan ibarətdir ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən cənab İlham Əliyev həm də geopolitik məkanda siyasi-iqtisadi proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən liderə çevrilib. Bütün sahələrdə qazandığımız möhtəşəm nailiyyətlər dövlət başçısının siyasi prioritetinə yeni ştrixlər əlavə edib. Cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxformatlı əlaqələrinin daim genişlənməsi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasi kurs milli mənafelərimizi layiqincə təmin edir.

Ulu öndərin inkişaf yoluna çıxardığı Sumqayıt

İndi istənilən şəhər və rayonumuzun timsalında Azərbaycanın yüksəlişini görmək mümkündür. Ölkəmizin ümumi tərəqqisinə hər birinin böyük töhfəsi olan şəhərlərimizin sırasında Sumqayıtın yeri tamamilə başqadır. Çünki hələ sovet dövründə Azərbaycanın əsas sənaye mərkəzi statusuna sahib olan Sumqayıt indi bu şərəfli adı daha da layiqincə daşıyır. Son illər şəhərdə yeni istehsal müəssisələrinin yaradılması, bir sıra ənənəvi istehsal sahələrinin fəaliyyətinin canlandırılması, aparılan möhtəşəm abadlıq və quruculuq işləri bunu təsdiq edir. Bu mənada Sumqayıt bir çox istiqamətlər üzrə qazandığı nailiyyətlərlə fərqlənir.

Sumqayıtın inkişaf tarixində bir sıra əlamətdar hadisələr var. Bu sırada şəhərin müəyyən dövrlərdə əsl tikinti meydanını xatırlatması xüsusilə diqqəti çəkir. Sumqayıt ötən əsrin 40-cı illərində salınsa da, məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illərində inkişafa başlayıb və şəhərə yeni nəfəs verilib. Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərliyə gələndə Sumqayıtda əsas etibarilə metallurgiya və kimya müəssisələri var idi. Bir il sonra məhz ulu öndərin təşəbbüsü ilə yüngül sənaye müəssisələri və sənayenin digər sahələri inkişaf etdirildi, yeni istehsal sahələri istismara verildi. Bunlardan kompressorlar zavodunu, üst trikotaj və xovlu iplik fabriklərini, süd və yeyinti məhsulları kombinatlarını, 20-dən çox orta məktəbi, uşaq bağçalarını, Ü.Hacıbəyov adına “Kimyaçılar” mədəniyyət sarayını və başqa obyektləri misal göstərmək olar.
1970-80-ci illərdə Sumqayıt iqtisadi potensialına görə SSRİ məkanında tanınmağa başladı. Onun istehsal etdiyi məhsullar ölkənin 700 şəhərinə ixrac olunurdu. Lakin Sovet İttifaqı dağıldıqdan sonra iqtisadi əlaqələrin qırılması, xammal və satış bazarının olmaması, eləcə də zavod və fabriklərdəki avadanlıqların fiziki və mənəvi surətdə köhnəlməsi səbəbindən demək olar ki, əksər zavod və fabriklər fəaliyyətini dayandırmış və ya az güclə işləməyə başlamışdı. Bu proses əhalinin sosial durumunun aşağı düşməsinə gətirib çıxarmışdı. Ancaq ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə digər sahələrdə olduğu kimi, Sumqayıt sənayesi də özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli liderin bu şəhərlə bağlı qarşıya qoyduğu vəzifə belə idi ki, Sumqayıt yenidən ənənəvi sənaye kompleksi kimi bərpa edilsin, şəhərdə yerli kadr potensialına söykənərək müasir müəssisələr açılsın. Ən vacibi isə Sumqayıtda insanların rahat yaşamaları üçün müvafiq şərait yaradılsın və yeni iş yerləri açılsın, bununla da Sumqayıt yenidən iqtisadi və kadr potensialı ilə seçilən bir şəhərə çevrilsin.

Şöhrətini bərpa edən şəhər

Son 14 ildə Prezident İlham Əliyevin uğurlu iqtisadi və sosial siyasətinin nəticəsində Sumqayıtda bu məqsədə addım-addım yaxınlaşaraq möhtəşəm nailiyyətlər əldə etdi. Regionların sosial-iqtisadi inkişafına dair birinci və ikinci dövlət proqramlarının uğurla icrası, habelə üçüncü dövlət proqramı çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması Sumqayıt şəhərini də dinamik inkişaf yoluna çıxartdı. Ölkənin makroiqtisadi göstəricilərində bu şəhərin xüsusi çəkisi yüksəldi, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanıldı.
Hazırda Sumqayıt müəyyən dövrdə itirdiyi sənaye şəhəri adını özünə qaytarır və bu işlərdə inamla irəliləyir. Əminliklə deyə bilərik ki, Sumqayıt Azərbaycanın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Konkret ifadə etsək, artıq Sumqayıtda 200-dən çox sənaye yönümlü müasir texnologiya əsasında işləyən müəssisə fəaliyyət göstərir. Ən önəmlisi odur ki, bu müəssisələrin əksəriyyəti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyir.
Sumqayıtda sənayenin inkişafı istiqamətində diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, vaxtilə xəyal görünən, dumanlı təsir bağışlayan layihələr bu gün məhz Prezident İlham Əliyevin dolğun, aydın, konkret fəaliyyət prioritetləri çərçivəsində əzmlə, inadla, fədakarlıqla həyata keçirilir. Artıq 15 rezidenti və 5700 nəfər işçisi olan Sumqayıt Kimya Sənaye Parkında hazırda sənaye sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün müasir tipli peşə tədris mərkəzi, 5 rezident tərəfindən müxtəlif məhsullar, o cümlədədn polipropilen, yüksək sıxlıqlı polietilen tikinti materialları üçün qatqı, ferroərintilər, yüksək təzyiqə davamlı birləşdiricilər və kənd təsərrüfatında ziyanvericilərə qarşı pesdisidlər istehsal ediləcək müəssisələrin tikintisi davam etdirilir. 4 rezident isə yeni istehsal sahələrinin yaradılması üçün layihələndirmə işlərinə başlamışdır. “Baku Steel Company” və İtaliyanın “Danieli” şirkətləri arasında dəyəri 1,2 milyard avro olan müqaviləyə əsasən “Azərboru” ASC-nin ərazisində tikiləcək 5 müəssisədən ibarət metallurgiya kompleksinin təməlinin qoyulmasına hazırlıq işləri aparılır.
Yuxarıda qeyd olunan müəsisələrin tikintisinə təqribən 2,3 milyard ABŞ dolları investisiya qoyulucaq. Burada 2 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. İstehsal olunacaq məhsullar bu gün respublikamıza bütünlüklə xaricdən idxal olunur. Əminliklə deyə bilərik ki, yaxın gələcəkdə Sumqayıtın ixrac məhsullarının istehsalı, yeni istehsal sahələrinin yaradılması və ölkənin qeyri-neft sektorunun inkişafı istiqamətində xüsusi rolu və çəkisi olacaq. Sənaye parkında istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixrac ediləcək.

Beynəlxalq miqyasda qiymətləndirilən abadlıq və quruculuq işləri

Sumqayıt son illər əsaslı tikinti və quruculuq meydanına çevrilib. Xüsusilə, Prezident İlham Əliyevin tapşırığı və qayğısı sayəsində şəhərdə 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərindən abadlıq-quruculuq, yaşıllaşdırma sahəsində irimiqyaslı ünvanlı layihələrin icrasına başlanılmış və qısa müddətdə uğurla başa çatdırılmışdır. Bunlardan biri şəhərin əsas giriş yolu olan Sülh küçəsi 4,2 kilometr məsafədə hər iki tərəfə genişləndirilərək 90 min kvadratmetrə çatdırılmışdır. Sumqayıtın ikinci giriş yolu olan Sahil küçəsi də 7,5 kilometr uzunluğunda yenidən qurulmuş, yolun eni 13 metrə çatdırılmışdır. Burada Corat qəsəbəsindən keçən hissədə sakinlərin istirahəti üçün park salınmışdır.
Sumqayıt Dövlət Dram Teatrı əsaslı təmirdən sonra istifadəyə verilmiş, müasir avadanlıqlarla təchiz edilmiş, 500 yerlik tamaşa, 100 yerlik akt zalları, iş otaqları, işıqlandırma sistemi müasir üslubda yenidən qurulmuş, binanın qarşısındakı meydana 15 min kvadratmetr qranit daş döşənmiş, burada iki fəvvarə və monitor quraşdırılmışdır.
Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda yenidənqurma işləri aparılmış, ərazi 8 hektardan 10 hektara qədər genişləndirilmiş, müasir işıqlandırma sistemi qurulmuş, əhalinin istirahəti üçün şərait yaradılmış, yeni ağaclar əkilmiş, yaşıllıq zolağı salınmış, geniş həcmdə abadlıq işləri aparılmış, rəngli fəvvarələr kompleksi və Bayraq meydanı tikilmiş, uşaqlar üçün əyləncə mərkəzi inşa olunmuşdur.
Heydər Parkında sahəsi 5 min kvadratmetr olan 4 mərtəbəli Heydər Əliyev Mərkəzi inşa edilmiş, önündə ulu öndərin ağ mərmərdən heykəli ucaldılmışdır. Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən muzey, 420 yerlik iclas, 50 yerlik konfrans, rəqs, sərgi və kompüter zalları, elektron kitabxana, xalçaçılıq dərnəyi, rəsm və linqafon otaqları, smart sinfi, foto və videostudiya, gənclər üçün diskussiya zalları fəaliyyət göstərir. Nikah evi burada yerləşdirilib.
Heydər Parkında müasir memarlıq üslubunda sahəsi 2950 kvadratmetr olan 735 yerlik 3 mərtəbəli Uşaq incəsənət məktəbi də tikilmişdir. Məktəbdə 60 sinif otağı fəaliyyət göstərir. Burada 700-dən çox şagird təhsil alır və 200-dən artıq müəllim çalışır. Yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 1000 kvadratmetr olan ikimərtəbəli şahmat məktəbi də tikilmiş və müasir avadanlıqla təchiz edilmişdir.
Sumqayıt dəniz sahilində yerləşsə də, burada əvvəllər bulvar olmayıb. Sumqayıtda reallaşan ən möhtəşəm layihələrdən biri də Xəzərin sahilində uzunluğu 4,2 kilometr, sahəsi 106 hektar olan, əhalinin istirahəti üçün bütün şərait yaradılan, müasir tələblərə cavab verən Dənizkənarı bulvarın salınmasıdır. Bu ilin iyul ayında İspaniyanın paytaxtı Madriddə keçirilən “Global Trade Leaders Club”un XXIV Beynəlxalq üstünlük və liderlik forumunda isə Sumqayıtın yeni salınmış bulvarı “İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülüb. Xatırladaq ki, “Global Trade Leaders Club” dünya biznesini araşdıran üç ən böyük beynəlxalq təsisatdan biridir. İspaniyanın hökumət nümayəndələrinin, müxtəlif ölkələrin səfirlik və konsulluq əməkdaşlarının, dünyanın tanınmış biznes strukturları rəhbərlərinin qatıldığı mərasimdə Sumqayıt bulvarının təqdimatı zamanı cəmi 8 ayda yaradılan və şəhər sakinlərinin ən çox üz tutduqları, sevimli istirahət məkanına çevrilən bulvarın monitorda əks olunan möhtəşəm görüntüləri tədbir iştirakçılarını heyrətləndirib. Sumqayıt şəhəri, xüsusilə də bulvarı barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır.

18-ci səfər

009

Prezident İlham Əliyevin dekabrın 15-də Sumqayıta etdiyi səfər bu şəhərin inkişafına olan yüksək diqqətinin növbəti təzahürü kimi tarixə düşdü. Bu, Prezidentin indiyədək Sumqayıta sayca 18-ci səfəri idi. Bu səfər bir daha göstərdi ki, Sumqayıt davamlı inkişaf yolundadır.
Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edən dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış oldu. Prezident İlham Əliyev parkın ərazisində “AzerFloat” Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yunəyrici-boyaq fabrikinin təməlinin qoyuluşunda, “Aqrokimya Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin və “STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin layihəsi olan məmulatların emalı, qeydə alınması və ötürülməsi mərkəzinin açılışında iştirak etdi.
Burada Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev şəhərin inkişafına bundan sonra da dəstək veriləcəyini bəyan etdi: “Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir. Burada yaradılan sənaye müəssisələri ən yüksək standartlara cavab verir. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Mənə verilən məlumata görə, hazırda Kimya Sənaye Parkında 8 mindən çox insan işləyir – həm tikintidə, həm də müəssisələrin idarə olunmasında. Gələcəkdə bu rəqəm daha da artacaq. Deməli, Sumqayıtda işsizliklə bağlı bütün məsələlər öz həllini tapacaq. Biz gələcəkdə də Sumqayıtın hərtərəfli inkişafı üçün öz dəstəyimizi verəcəyik”.
Sumqayıtda həyata keçirilən abadlıq və quruculuq işləri şərəfli dövlətçilik tariximizin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda formalaşması kimi məsələləri də əhatə edir. Prezident İlham Əliyevin Sumqayıtda açılışında iştirak etdiyi Bayraq muzeyi də bu istiqamətdə reallaşan mühüm layihələrdən biridir.
Dənizkənarı bulvarın ərazisində yerləşən muzeyin binasının inşasına 2017-ci ilin fevralında başlanıldı və sentyabr ayında tikinti işləri başa çatdırıldı. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər nümayiş olunur. Muzeyin eksponatları arasında XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar var. Ekspozisiyalarda müxtəlif illərə aid poçt markaları, orden və medallar da nümayiş olunur.
Son illər Sumqayıt şəhərində sosial təyinatlı infrastruktur obyektləri və inzibati binalar tikilərək istifadəyə verilib. Onlardan biri də Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasıdır. Prezident İlham Əliyevin bu şəhərə səfəri zamanı istifadəyə verilən bina həm də Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə 26 mindən artıq üzvü olan YAP Sumqayıt şəhər təşkilatına verilən böyük hədiyyədir. Üçmərtəbəli binanın foyesində Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin büstü qoyulub, Heydər Əliyev guşəsi yaradılıb. Binada inzibati otaqlar, həmçinin deputat otağı, 300 yerlik iclas zalı var. İclas zalında YAP-ın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərin, seminarların və konfransların yüksək səviyyədə keçirilməsi mümkündür. Burada eyni zamanda, şəhərin həyatında baş verən əlamətdar günlərlə bağlı tədbirlər keçiriləcək. Binada müxtəlif xidmət otaqları da fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış oldu. 2013-cü ildən başlanan əsaslı təmir işləri bu ilin sentyabr ayında tam başa çatdırılıb. Sarayın yenidən qurulması işləri yüksək keyfiyyət və müasir dizaynla yerinə yetirilib. Saraydakı 750 tamaşaçı yerlik konsert zalı yüksək səviyyədə qurulub. Zalın yenidən qurulması zamanı müasir akustik sistemlərdən istifadə olunub. Həmçinin binada qonaq, qrim və rejissor otaqları yaradılıb. Sahəsi 270 kvadratmetr olan rəqs zalı, kafe və dərnək otaqları da mədəniyyətsevərlərin ixtiyarına verilib.
Sumqayıtda 9-cu mikrorayonda yerləşən Lüdviqshafen parkı da müasir səviyyədə yenidən qurulub. Bu istirahət məkanı Sumqayıt şəhəri ilə qardaşlaşmış Almaniyanın Lüdviqshafen şəhərinin şərəfinə salınıb. Əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev görülən işlərdən razılığını ifadə etdi.
“Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodu da şəhərimizin sənaye müəssisələrindəndir. 2016-cı ilin oktyabr ayında “Baku Steel Company” MMC-nin oksigen zavodunun açılışı zamanı Prezident İlham Əliyev Sumqayıt boruyayma zavodunun əsaslı yenidən qurulması və fəaliyyətə başlaması barədə tapşırıqlar vermişdi. Həmin tapşırıqlar əsasında zavod qısa müddət ərzində yenidən quruldu və fəaliyyətə başlaması üçün tam hazır vəziyyətə gətirildi. Bu səfər zamanı isə dövlət başçısı zavodu işə saldı.
Bu gün Sumqayıt özünün yeni inkişaf mərhəsini yaşayır. Son illərdə şəhərimizin inkişafı təmin olunub, siması gözəlləşib və modernləşib, Sumqayıt sənaye mərkəzi kimi vaxtilə qazandığı şöhrətini yenidən bərpa edib. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin qayğısı Sumqayıtın yeni inkişaf mərhələsinin əsas zəminidir. Eyni zamanda, uğurla həyata keçirilən inkişaf strategiyasının nəticəsi olaraq Sumqayıt nəinki respublikamızın, Avropanın və dünaynın gözəl diyarlarından birinə çevrilib.
Dekabrın 20-də Prezident İlham Əliyev Sumqayıtın sosial-iqtisadi inkişafında əməyi olan bir qrup şəxsi ali mükafatlarla təltif etdi. Fəaliyyətimizin qiymətləndirilməsinə görə dövlət başçısına Sumqayıt şəhər ictimaiyyəti adından təşəkkürümüzü bildiririk. Cənab Prezidentin diqqəti bizi daha məsuliyyətlə və fədakarlıqla fəaliyyətə sövq edir. Sumqayıt şəhər ictimaiyyəti bu xoş gündə dövlətimizin başçısını bir daha əmin edir ki, bundan sonra da qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirmək üçün əlindən gələni əsirgəməyəcək.

Zakir FƏRƏCOV,
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər
Bənzər Xəbərlər