İlham Zəkiyev eyni VİDEOda

398

Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təqdimat xarakterli reportaj hazırlayıb. Çəkilişlər Azərbaycanın müxtəlif bölgələrində, xüsusən də Bakı və Sumqayıtda aparılıb. Reportajda Yay Olimpiya Oyunlarının qalibləri – Nazim Hüseynovla Elnur Məmmədlinin, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin və yeniyetmələr arasında Avropa çempionu Şahanə Hacıyevanın fikirlərinə yer verilib.

1992-ci il Barselona olimpiadasında birinci yeri tutmaqla, Azərbaycanın ilk olimpiya çempionu kimi tarixə düşən N.Hüseynov onu uğura aparan yoldan söz açıb. O, özü üçün əlamətdar gündə qızıl medal qazandığını vurğulayıb: “Azərbaycan çox gözəl ölkədir, Odlar Yurdudur. Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Bu gün deyə bilərəm ki, Azərbaycan cüdosu çox sürətlə inkişaf edir. Azərbaycan Xəzərin sahilində yerləşir, gözəl dağları, meşələri var. Cüdo uşaqlar və gənclər üçün nizam-intizam deməkdir. Kiminsə xətrinə dəysələr, cüdoçu onda kömək edə bilər. Yəni, zəifləri müdafiə edərlər. Nailiyyət göstərmək istəyilə 11 yaşımda cüdoya gəldim, 13 yaşımda qolum sındı. Artıq 15 yaşımda yeniyetmələr arasında Bakı, Respublika çempionu oldum. Bundan sonra yığmaya daxil oldum, təlim-məşq toplanışlarına cəlb olundum. Əlamətdar gündə – 1992-ci il avqustun 2-də öz ad günümdə olimpiya çempionu adını qazandım. 1992-ci ildə – çətin vaxtlarda Azərbaycanı heç kim tanımırdı. Mən Barselonaya gedib, Yay Olimpiya Oyunların ilk qızıl medalını gətirəndən sonra ölkəni tanımağa başladılar”.

“Barselona Yay Olimpiya Oyunlarında Nazim Hüseynovun qələbəsi hələ də gözümün qabağındadır”, İ.Zəkiyev söhbətə bu cür başlayır. O, fikirlərinə həqiqi hərbi xidmətdə olduğu zaman Ermənistan snayperinin açdığı atəş nəticəsində yaralanmasından sonra görmə qabiliyyətini itirməsi ilə davam edir: “Cüdoya başlayandan qısa müddət sonra Respublika daxilinda uğurlarım oldu. Amma 1998-ci ildə həqiqi hərbi xidmətə çağırıldım və Vətənə borcumu verməyə getdim. 1999-cu il fevralın 4-də döyüş tapşırığını yerinə yetirən zaman düşmən snayperinin gülləsinə tuş gəldim. Güllə sol gicgahımdan daxil olub, sağ gicgahımdan çıxdı. Beş gün koma vəziyyətində yatdım. Hətta həkimlər deyirdi ki, öləcək, qalmayacaq. Nəticədə görmə qabiliyyətimi tamam itirdim. İdmana qayıdışım real görünmürdü. Təzədən cüdoya qayıtmağım fantastik ola bilərdi. İlk günlər tatamidə bu vəziyyətə alışmaq çətin idi. Amma bu gün tatamidə özümü “suda balıq” kimi hiss edirəm. Rəqibi görməsəm də, hiss edirəm. Hara baxdığını, hansı fəndə cəhd etdiyini duyuram. Yaralandıqdan sonra idmana, məhz cüdoya qayıtmağımla həyatımda yeni səhifə açıldı. Bundan sonra cüdonu daha çox sevdim. çünki cüdo həyat tərzimə çevrilib, mənim işimdir. Deyərdim ki, cüdo mənim həyatımdır. Beynəlxalq Cüdo Federasiyasının dünya çempionatının ölkəmizdə keçirilməsinə etimad göstərməsi Azərbaycanda bu idman növsünün inkişafından irəli gəlir. Burada dünya çempionatı keçiriləcək və bütün cüdosevərlər bu bayramı yaşayacaqlar”.

2015-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında Avropa çempionatının qalibi olan Ş.Hacıyeva Azərbaycan cüdoçularının dünya çempionatında uğurlu çıxış edəcəklərinə inamını ifadə edib. Cəbrayıl rayonunun 25 avqust 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilməsindən sonra Sumqayıt şəhərində məskunlaşan məcburi köçkün ailəsinin üzvü idmana valideynlərinin istəyi ilə gəldiyini deyib: “Valideynlərimin idmana böyük həvəsi vardı və məni də idmana qoymaq istəyirdilər. Bir-iki növü məsləhət gördülər. Mən isə cüdonu seçdim. Ailəm Cəbrayıldan məcburi köçkün düşüb. Cəbrayıl 1993-cü ildə işğal olunduğu üçün məcburi köçkün kimi Sumqayıtda məskunlaşmışıq. Qaçqın olmaq, kasıbçılıq şəraiti sadəcə, bir bəhanədir. İnsanın qarşısında məqsədi, özünə inamı varsa, hər bir şeyə nail ola bilər. Dünya çempionatına çox güclü hazırlaşırıq və inanırıq ki, çempion olub, olimpiadaya lisenziyanı təmin edəcəyik”.

2008-ci il Pekin olimpiadasının qalibi olan E.Məmmədli 1992-ci ildə Nazim Hüseynovun olimpiya çempionu olmasından sonra cüdoya həvəsinin yarandığını söyləyib. O, gənclərə tövsiyələrini də çatdırıb: “2008-ci il avqustun 11-i mənim üçün unudulmaz gündür. Həmin gün həyatıma ağ zolaq yazıldı. Arxaya baxmaq istəmirsən. Deyirsən ki, bu çətinliyi keçməyim nə yaxşı oldu. Rahat nəfəs ala bilirsən. Xalqımın məni çox istəməsi, öz qəhrəmanı ilə qürur duyması özümü də çox sevindirirdi. Bu, gözəl hisslərdir. Bütün gənclərə üzümü tutub deyirəm ki, narkomaniyadan uzaq olsunlar, sağlam həyat tərzi keçirsinlər. Fərqi yoxdur – peşəkar və ya həvəskar. Əsas odur ki, idmanla məşğul olursan və içindəki divi idman yolu ilə çıxardırsan”.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 – 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər