İLHAMƏ MƏHƏMMƏDQIZINDAN NÖVBƏTİ MƏNSUR ŞEİRLƏR

1027

DÜNYA

Dünya al-ver dünyasıdı, satanı çox, alanı az. Dünya döyüş meydanıdı, namərdi çox, mərdi az. Dünya rənglər dünyasıdı, qarası çox, ağı az. Dünya yaman dünyadı, yananı çox, qananı az. Hər kəsin bu dünyada öz qisməti, alın yazısı var. Kimə az pay düşür, kimə çox. Kimi razı qalır, kimi narazı. Çörək var ki, dünya ona yağ çəkir, çörəksizin ürəyinə dağ çəkir. Bir əliylə kəbin yazır, bir əliylə qəbir qazır. Bu dünyanın Arazı var, bazarı var. Bu dünyanın Afrikası, Tiflisi var, başı taclı iblisi var. Gecəsi var, gündüzü var. Demək, iki cür üzü var. İkiüzlülük elə bir libasdır ki, onun altından altındakı görünür. İnsan dünyaya gələndə bilmir havası nə, suyu nə. Ancaq qəbul edir özünə. Sonralar isə dərk edir ki, onlarsız yaşamaq heç nə. Bəs bu dünyaya insanın hədiyyəsi nə? Gülmür üzüm, çıxmır tüstüm, məni bu dünyaya anam dərd doğub. Tənhalıq çiləyib qəlbimə nisgili, hicranı. Həsrətlə gözləyirəm şirin sevdanı. Tikanlı baxışlar qara oxlar tək sancılır ürəyimə. Mənə bu əzablar verilir niyə? Üz tuturam dərgahına o böyük Yaradanın. Deyirəm, səbri, dözümü dərdi-sərlə qoşa ver. Bu dünyada yaşamaq üçün bir az da xoş anlar ver. Unudum olanları, yandırıb-yaxan xatirələri, unudum yalan, yaman dünyanı, namərdə qalan dünyanı.

SADƏLİK

Sadəlik – bunu kimi yaxşı dərk edir, kimi yaman. Yuxarıdan baxırlar sadəyə çox zaman. Sadənin gözü, sözü ösündən əzizdir, qəlbi güzgüdən təmizdir. Sadəlik adi olmaqla, bəzən də bir yükdür. Onun həyata, insanlara sevgisi böyükdür.
Sadəni sınaqlardan, imtahanlardan keçirir zaman. Ondan “ayaqlar” yer də alır, “dayaqlar” yurd da salır. Qüruru qəlbində, qanında, canında olan sadə hər addımbaşı gözə girmir. Onun anlamayan hər nadandan, naşıdan umacağı yoxdur.
Sadəlik – Gözəllikdir! Gözəlliksə başa bəladır. Lakin Şekspir deyir: “Gözəllik danışmağa başlayanda bütün natiqlər susur.” Deməli, gözəllik – sadəlik hünər çələngi, təkrarolunmaz möcüzə, mənəvi kamillikdir. Deməli, sadəlik – qeyri-adilikdir, alilikdir!

İNAMIM, ÜMİDİM, QÜRURUM MƏNİM

Seyrə çıxıram xəyal dənizimi. Bəzən coşub-çağlayan, bəzən də lal-dinməz görünən şıltaq dənizimi. Məni qoynuna səsləyən dənizimi.
Mavi ləpələr xoş dəqiqələr bəxş edir mənə. Sevinc qarışıq nur ələnir çöhrəmə. Həzin bir musiqi dinləyirəm. Dəniz mehli, həyat eşqli musiqi.
Musiqi təranələri altında xəyal dənizimin ayna donuna tamaşa edirəm və sənin əksini görürəm. Günəşin zərrin şəfəqləri dalğın saçlarının bəzəyidir, mənim mavi gözlü qonağım. İlıq nəfəsin gəlir. Gözlərim gözlərinə dikilir…
Heyran edir məni sadəliyin, təvazökarlığın. Aydınlığa aparır bütün varlığın. İti baxışların qəlbimi pərvazlandırır. Şirin söhbətlərin inamımı, ümidimi artırır, qürurum mənim.
Ayrıla bilmirəm xəyal dənizimdən. Bir daha, bir daha seyrə çıxmaq istəyirəm. İnamımı, ümidimi, qürurumu görmək üçün baş vurmaq istəyirəm xəyal dənizimə. Məni qoynuna səsləyən dənizimə. Çünki orada mən səninlə görüşürəm. Sən və dəniz – hər ikiniz ayrılmazsınız, əzizsiniz mənim üçün…

NƏ OLA BİR DAHA GÖRÜŞÜM SƏNLƏ

Sahilə can atan dalğalar kimi sənə can atıram, gülüm, bil sənə. Günəşə boylanan yarpaqlar təki sənə boylanıram, gülüm, bil sənə. Qəlbimə yaz ətri gətirən sənsən. Ömür çəmənzarında ətirli gülsən. Nəğməli bülbüləm, mənə gərəksən. Nə ola bir daha görüşüm sənlə. Qıyma ümidimə yağış, qar yağa. Baxıram gümanla sola və sağa. Qoyma yollarıma sədd və qadağa. Dözmərəm hicrana, bu böyük dağa. Nə ola bir daha görüşüm sənlə. Ayrılığa yoxdur tabım, dözümüm. Sənə var neçə sözüm, çözümüm. Qarasısan, nurusan iki gözümün. Nə ola bir daha görüşüm sənlə, nə ola bir daha görüşüm sənlə.

ƏLVİDA

Sevgi dənizimdə vaxtsız-vədəsiz qasırğa qopdu. Sevdalı dəqiqələrim batdı. Məhvərindən çıxdı dünyalı dünyam. İşığım zülmətin içindən keçdi. Bu yalançı, talançı dövran heç demə bir heçdi. Özümdən də, sözümdən də, közümdən də gen düşdüm. Axşam-səhər ruhumuzla görüşdüm. Bundan yer də sevindi, göy də. Gözə görünməyən ən böyük ucalığım, həyanım – Tanrım, ümidim ətəyinə bağlayıram, əllərimi uzalı qaldırıram: mənə çox görmə şirin sevdanı. Mənə qismət, qanad ver, uçum, uçum, hey uçum. Həsrət yolum qalsın tamam uzaqda. Əzabıma, hicranıma, düşmənin qarğışına, ömrün qarına, qışına söyləyim: Əlvida, əlvida!

BİL Kİ, MƏNƏM

Nigaran bir gül görsən, bil ki, mənəm. Dilsiz, lal, ümidsiz, gümansız bir gül. Bülbülünün təranəsi susmuş bir çiçək.
Heç olmazsa könül səsimi duyaydın. Durnaların qanadında olaydım. Soyuğuna dözməyib uçaydım kaş. Üzüləydim yerdən. Uca-uca dağların başına qalxaydım. Ayın yalnızlıq qəminə, tənhalıq dərdinə şərik olaydım. Geniş göy, təmiz səma uzadaydı ömrümü. Unudaydım kədərimi, qəmimi…
Nigaran bir gül görsən, bil ki, mənəm. Dilsiz, lal, ümidsiz, gümansız bir gül. Bülbülünün təranəsi susmuş bir çiçək…

GÖZ YAŞIMI NİYƏ SİLMƏDİN?

“Ayrılıq” sözünə ağladı göylər,
Yolu dəyişməmiş yolumu azdım.
Şirin olmasaydı sevgi bu qədər,
Ona acı-acı mən ağlamazdım!
B. Vahabzadə.

Məhəbbətim üzümə ağladı, ağladım. Göz yaşımı niyə silmədin?
İşığına tələsdiyim, sevincimi axtardığım günlərin yoxluğuna yandım, külə dönə-dönə.
Qəlbimin billur çeşməsi isti göz yaşıyla çağladıqca hərarətli nəfəsin uzaqlaşdı, yadlaşdı…
Çilikləndirdiyim yaddaş pəncərəmdən baxa-baxa axıtdığım sellər hicran baxışlarımı ümmantək dərinləşdirdi…
Təklənib qəribsəyən ürəyim çənli dağa döndü…
Sənsizlik qəmini çəkən könlüm son baharına ağladı, ağladım. Göz yaşımı niyə silmədin?!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər