İLHAMƏ MƏHƏMMƏDQIZININ TƏQDİMATINDA MƏNSUR ŞERLƏR

1256

İTİRİRİKMİ ÖZÜMÜZÜ, TAPIRIQMI

Qəribə talelər var bu dünyada. Yarımçıq ömürlər var bu dünyada. İnsanlığını itirənlər, mənəviyyatsızlar, çürük fikirlilər var bu dünyada. Şəxsiyyətini qiymətləndirənlər, uca tutanlar, sevilənlər, sevənlər var bu dünyada. Təəssüflənənlər, təəccüblənənlər, təsirlənənlər var bu dünyada. Haqlılar, haqsızlar var bu dünyada…

Axı bu dünyada insanları iki qüvvə idarə edir?: – Xeyir və Şər qüvvəsi! Kimidə xeyir çox qalib gəlir. Kimidə şər. Biz bu az-çoxluğu ömrümüz boyu ölçürük, taleyə, qismətə çəkirik. Umuruq, küsürük, gileylənirik, yaxud razılaşırıq, “şükür!” deyirik, sevinirik. Bir vaxt gəlir ki, ruhumuzu yaşatmaqla əzəli-əbədi, gəlimli-gedimli dünya ilə cismən vidalaşırıq. İtiririkmi özümüzü, tapırıqmı?

SƏHV GƏLMİŞƏM BU DÜNYAYA

“Məndə bir mən vardır məndən içəri”

Yunus İmrə.

“Mən”imi önümə qoyuram, diqqətlə baxıram, düşünürəm: “Səhv gəlmişəm bu dünyaya…”

Fikrimi mənalı baxışlar, düzgün anlamışlar da təsdiqləyir: “Bəli, səhv gəlmişsən bu dünyaya…”

Yanıram, acıyıram özümə, sözümə. Baxa bilmirəm insanların təmiz olmayan gözünə. Qaçıram, uzaqlaşıram, təkləşirəm, özümlə dərdləşirəm, sakitləşirəm…

Sonra “mən”imi məzəmmətləyir, qınayır, danlayıram. Lakin xeyri olmayır. Laqeydlik, biganəlik, haqsızlıq və yalan görəndə bacarmıram, razılaşmıram, barışmıram. Uşaq sadəlövhlüyü, inamı ilə baxdığım bu dünyaya müdriklik gözümü qısqanıram. Adi baxışlarımla belə görürəm ki, təmiz olmaq mümkün olmur bu dünyada…

SƏNSİZ SƏNİNLƏ

… Ömrün gənclik payına düşən günlərimi yaşayıram, sənsiz, səninlə.

Üzücü, yorucu günlərimi itgim hesab edirəm və buna yas saxlayıram, sənsiz, səbrlə.

Qüssə, giley dolu ürəyimlə söhbət edirəm, təsəlli axtarıram, səssiz, səninlə.

Əllərimi ümid çırağına uzadıram, sənsiz, təmkinlə.

Xəyalımda canlandırdığım xoşbəxt, sevincli günlərimin gerçəkliyinə, həqiqətinə inanmaq istəyirəm, sözsüz, səninlə.

Qəlbim intizarlı gələcəyin eşqiylə çırpınır sənsiz, səninlə.

EŞQİNDİR YAŞADAN MƏNİ

Mənim deyiləsi sözüm sənə budur: sənin eşqin yaşadır məni. Həsrət adasının sərhəddində olsam da, iztirab çəksəm də, məyus qalsam da sevgi nəğməmi hər zaman eşidəcəksən. Sən bu eşqi həyəcanla döyünən qəlbimə hansı qüvvəylə gətirmisən? Qış günümə gün işığı saçan təbəssümünlə, sükutumun dərinliklərinə aparan izinlə, qayğı dolu mehriban baxışınla, saflığından doğan sadə pıçıltınla mənə səni sevməyi öyrətmisən! Könlüm sevgi nəğmələrinin dalğalarıyla düşüncələr sahilinə çatır. Ötən illərin ağrıları içimdə yuva tiksə də qəlbim dar libasını dəyişərək sənin xəyalına bürünür, sonsuz, ülvi arzularla döyünür. Görünür, qismətimə yağan həm şıdırğı, həm narın yağışlar sevgi selinə çevrilərək məni sənin yollarına səmt edir, bu yollarsa inam, ümid göyərdərək gözəlləşir, çiçəkləşir, şirinləşir…

Qoy sənə deyiləsi yeganə, son sözüm də elə bu olsun: Sənin eşqindir yaşadan məni.

DÖN ŞİRİN SEVDAYA

Düşüncələrimi qar lopaları tək yollarına səpələyirəm. Qaranlığın qucağında, həsrətinlə yana-yana ulduz-ulduz parlayır ürəyimdən keçənlər. Bir də dönəcəksənmi şirin sevdaya?

Bu gecə yarısı bağlı pəncərənin o üzündən ağappaq ləçəklər yanırlar oduma. Hardasa ləngiyən ümidim birdən-birə qəfil sönür elə bil. Yox, yox! Yenidən işıq ol, parla, yan, alış. Sonu yaxşı olan nağıllar danış. Sevinim açılan gülə sevinən daş tək. Axı, sevgi qəlbimizin yaraşığıdı?!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • ilqar
    Aprel 27, 2010 - 10:28

    çox gözəl. bəyənilsin.İlhamə xanım ümüdlərin işıqlı,qəlbin yaraşıqlı olsun

  • Turkan
    İyul 15, 2012 - 23:45

    Ilhame xanim size ugurler. Necede xoshdur seirlerini gormek. Hormetle Sizin en yaxin refiqelerinizden biri olan Metanet xanimin qiz.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər