İlk dərs günü nələr oldu – övladı bu il məktəbə gedən tanınmışlardan açıqlama

363

“Uşaqlarımızın məktəbdən kənar qalması onların gələcəyi üçün çox ciddi fəsadlar deməkdir”

Sentyabrın 15-dən artıq orta məktəblərdə dərslərə start verilib. Bu il də hər il olduğu kimi birinci sinfə gedənlər arasında tanınmış şəxslərin də övladları var. “Yeni Müsavat”ın əməkdaşı onlardan övladlarının ilk dərs günü ilə bağlı təəssüratlarını öyrənib.

“Təhsil Nazirliyi doğru qərar verib”

“Builki dərs ili tamam fərqli şərtlərlə başladı”, deyən “Teleqraf  holdinq”in rəhbəri  Aynur Camalın qızı Dəniz də birinci sinfə gedib: “Heç vaxt alışmadığımız bir vəziyyətdir. Pandemiya dönəmidir, karantin rejimidir, təbii, əvvəlki sevinci yaşamaq çox çətindir. Əvvəllər orta məktəblərin həyətində əsl bayram ovqatı olurdu. Bu il isə nəinki kütləvi tədbir, müəllimlərə gül almaq icazəmiz belə yox idi. Uşaqlar ağzı maskalı, hamının çantasına spirt, salfet qoyulub. Təbii ki, qorunmalıyıq, çətin vəziyyətdir. Sözün açığı, məktəbə getməməyi də çıxış yolu saymıram. Ona görə də düşünürəm ki, Təhsil Nazirliyinin verdiyi qərar doğrudur. Artıq koronavirusun üzərinə getməliyik.

Bundan gizlənməklə, evdə oturmaqla vəziyyətdən çıxmaq mümkün deyil. Uşaqlarımızın məktəbdən kənar qalması onların gələcəyi üçün çox ciddi fəsadlar deməkdir. İnanın, mən ötənilki tədris ilini uşaqlarım üçün itirilmiş il hesab edirəm. O baxımdan da düşünürəm ki, uşaqların dərsə başlaması çox müsbət haldır. İstər məktəb rəhbərliyi, müəllimlər, istərsə də valideynlər uşaqların bu təhlükəli virusdan qorunması üçün birgə mübarizə aparmalıdırlar. Mövcud şəraitdə uşaqlar təhsillərini davam etdirməlidir. Vaksin tapılana qədər biz bu cür yaşamağa alışmalıyıq”.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev də oğlu Vaqifi bu il birinci sinfə yola salıb. O, fikirlərini bizimlə bölüşüb: “Sözsüz ki, övladını ilk dəfə məktəbə yola salan hər bir valideyn kimi 15 sentyabr mənim üçün də əlamətdar, sevincli bir gün oldu. Düzdür istəməzdik ki, belə bir dövrə-pandemiya şəraitinə təsadüf etsin, ancaq həyat davam edir, bu şəraitə uyğunlaşmaq və qəbul etmək lazımdır. Övladım təhsilinə Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində başladı. Digər təhsil müəssisələrində olduğu kimi, burada da qəbul olunmuş bütün qaydalara ciddi şəkildə əməl olunduğunun şahidi olduq. Ümumiyyətlə, istər təşkilatçılıq, istərsə də təhsilin təşkili baxımından ilk günkü  təəssüratım müsbət oldu. Bu il birinci sinfə qədəm qoyan bütün şagirdləri, onların valideynlərini təbrik edirəm, gələcək həyatlarında uğurlar arzulayıram”.

“Məzunlar üçün ”Son zəng”, 1-cilər üçün də ilk dərs zəngi…”

LAF TV-nin təsisçisi Afət Telmanqızının oğlu Ülvi də bu il birinci sinfə gedib: “15 sentyabr Ülvi üçün ikiqat bayram idi. Elə bizim üçün də. Həmin gün Ülvinin həm ad günü, həm də ilk dərs günü idi. Çox həvəslə, həm də maraqla dərsə getdi. Sualı o oldu ki, müəllimə və sinif yoldaşlarım dəyişməyib ki? Çünki bir il əvvəl məktəbə hazırlığa getmişdi. Məktəb həyatı ilə artıq tanış idi. İlk dərs günü ilə bağlı təəssüratları zəngin idi. Keçdikləri dərsdən danışdı. Hərf təkrar etdiklərini dedi. Həvəslə başlayıb. Görək sonrası necə olacaq.

Bu dərs ili fərqli oldu. Valideynlər də məsafəli oldu. Uşaqlar gül-çiçəksiz, zəngsiz, təmtəraqdan uzaq məktəbə qədəm qoydular. Amma neyləmək olar? Qaydalara əməl etməliyik. Görünür, builki uşaqların alın yazısı imiş, “Bilik günü” sadə, təmtəraqsız keçsin. Necə ki, orta məktəbi bitirən məzunlar üçün “Son zəng” çalınmadı, birincilərin də ilk dərs günü zəngsiz, gülsüz, təmtəraqsız keçdi”.

İlk dərs ilində şagirdlərdən daha çox valideynlərin qaydaları pozduğunu deyən jurnalist Ziya Babayevin də övladı bu il birinci sinfə gedib: “Hər kəs kimi mən də çox sevincliyəm, övladım 298 saylı məktəbdə birinci sinifdə oxuyacaq. İlk dərs günü baxmayaraq ki fərqli idi, amma hər şey qaydasında oldu. Təhsil Nazirliyinin ”Məktəblinin dostu” layihəsi çərçivəsində könüllülər uşaqlara kömək etdilər. Bu çox müsbət haldır. Məktəbdə uşaqlara kitablar verildi. Hərarətləri ölçüldü. Uşaqlar da nizam-intizama riayət etdilər. Sadəcə olaraq, valideynlər məktəbin həyətində basabas yaradırlar. Maska taxmırlar. Burada təhsildə deyil, cəmiyyətimizdə çatışmazlıqlar var”.

“Şagirdlərdən gördüyümüz intizamı valideynlərdən gözləyirik…”

Təhsil Nazirliyinin ümumi və məktəbəqədər Təhsil şöbəsinin əməkdaşı Gülarə Xuduyeva bizimlə söhbətdə orta məktəblərdə ilk dərs günündə yaşananlar barədə məlumat verdi: “Builki tədris ili fərqli bir formatda başladı. Ona görə də məktəblər bu il yalnız əyani formada ibtidai sinif şagirdlərini qəbul edə biliblər. Ölkədə 600 minə yaxın ibtidai sinif şagirdi var və dünəndən etibarən onların bir qismi əyani tədrisə başlayıb. İbtidai təhsillə yanaşı, digər şagirdlər onlayn qaydada təhsilə qoşuldu. Əyani formada tədrisə başlamaq bizi çox sevindirir. Həm şagirdlər, həm də müəllimlər darıxmışdı. Valideynlər məktəbin binasına buraxılmır. Məktəblərin həyətyanı sahəsinə valideynlərin daxil olması arzuolunan deyil. Şagirdlərin xeyli intizamlı olduğunun şahidi olduq. Bizim əməkdaşlarımız məktəblərdə oldular, dəyərləndirmə apardılar. Müşahidələrimiz onu deməyə əsas verir ki, kiçik yaşlı şagirdlərimiz sosial məsafəyə diqqət edirlər, müəllimlərin texniki heyətinin nəzarəti altında tədris prosesini həyata keçirmək mümkün olur”.

Nazirlik nümayəndəsi valideynləri qınadı: “Şagirdlərdən gördüyümüz intizamı valideynlərdən də gözləyirik. Bəzi hallarda valideynlərin sosial məsafəni saxlamadıqlarıının şahidi oluruq. Ona görə bir daha valideynlərdən xahiş edirik ki, öz sağlamlıqları üçün, şagirdlərin sağlamlıqları üçün sosial məsafəni qorusunlar və maska taxsınlar.  Ilk növbədə məktəblərdə tədris prosesini qurarkən ən vacib məsələ şagirdlərin, müəllimlərin təhlükəsizliyini qorumaqdır.  Hər bir məktəbin daxilində məsul şəxslər ayrılıb, məktəbin girişində şagirdlərin hərarəti ölçülür, əllər dezinfeksiya olunduqdan sonra sinif müəllimləri ilə, ayrılmış digər şəxslərlə sinif otaqlarına göndərilir. Bütün məktəblərimiz termometrlə təchiz olunub, dezinfeksiyaedici məhlullarla təmin olunub. Bundan sonra daha çox ehtiyatlı olmalıyıq. Təhsil Nazirliyi buna  diqqət edir. Səhiyyə Nazirliyi və TƏBİB bizimlə birlikdə nəzarət mexanizmini həyata keçirirlər. Məktəbdə yoluxma halı aşkarlanarsa, siniflərin, məktəblərin qapanması halları mümkündür. Ona görə də daha çox diqqətli olmalıyıq”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər