İmtahanlarda yüksək nəticə göstərən rayon və şəhərlər – SUMQAYIT BİRİNCİDİR

7122

2019-cu ildə qəbul imtahanları zamanı fənlər üzrə ən yüksək nəticə birbaşa Təhsil Nazirliyinin tabeliyində olan lisey və özəl liseylərə məxsus olub. İmtahan fənləri üzrə bütövlükdə müqayisə apardıqda, bu il (TN tabeli liseylərə və özəl liseylər istisna olmaqla) Azərbaycan bölməsində Sumqayıt şəhəri, rus bölməsində isə Abşeron rayonu ən yüksək nəticə göstərib.
Bu barədə Azvision.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Fənlər üzrə şəhər və rayon təhsil şöbələrinin göstəricilərinin təhlilindən aydın olur ki, rayonların bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır.

“Belə rayonlara misal olaraq Qəbələ, İsmayıllı, Neftçala, Qax, Şəki və Oğuz rayonlarını göstərmək olar. Bunun obyektiv səbəblərindən biri kimi qəbul imtahanlarında bu şəhərlərin məzunlarının daha çox hissəsinin, rayonların isə yalnız hazırlıqlı məzunlarının iştirak etməsini göstərmək olar. Məsələn, ötən il Bakı şəhəri üzrə məzunların 86.15%-i, Sumqayıt şəhəri üzrə 91.01%-i qəbul imtahanlarında iştirak edib.

Yüksək göstəricili rayonlar üzrə isə məzunların ən yaxşı halda 62–79%-i ali təhsil müəssisələrinə sənəd verib. Azərbaycan bölməsində ana dili, ədəbiyyat və biologiya fənləri üzrə Mingəçevir şəhərinin, coğrafiya fənni üzrə Sumqayıt şəhərinin, riyaziyyat fənni üzrə Qax rayonunun, fizika fənni üzrə İmişli rayonunun, kimya fənni üzrə Naxçıvan şəhəri, tarix fənni üzrə Neftçala rayonunun abituriyentləri üstünlük əldə edib.

Rus bölməsi abituriyentlərinin böyük əksəriyyətini Bakı, Sumqayıt və Gəncə şəhərlərinin məzunları təşkil etdiyindən yüksək göstəricilər də bu şəhərlər arasında paylanıb”.

Məlumatda qeyd edilib ki, müəyyən bölgələrin ayrı-ayrı fənlər üzrə qəbul imtahanlarındakı yüksək göstəriciləri artıq ənənə halını alıb: “Məsələn, Azərbaycan bölməsi üzrə ana dili fənnindən Qəbələ rayonu, riyaziyyat fənnindən Sumqayıt şəhəri və Qax rayonu, kimyadan Şəki və Neftçala rayonları, fizikadan Qax və Şəki rayonları, biologiyadan Şəki rayonu, tarixdən Sumqayıt şəhəri, coğrafiyadan Qəbələ rayonu bütün illərdə ən yüksək göstəricili bölgələr sırasındadır. Şübhəsiz, bu göstəricilər müvafiq şəhər və rayonların təhsil orqanları və müəssisələrinin səmərəli fəaliyyətinin nəticəsidir”, – deyə DİM-in məlumatında qeyd olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər