“İnter” Azərbaycan futboluna lazımdır?

993

Bu dəfə toxunacağımız mövzu başqadır. Cari mövsümün ən yaddaqalan olaylarından biri də “Simurq”un tarixi ərzində ilk dəfə “İnter”iməğlub etməsi oldu. Məlum məsələdir ki, heç kim bu oyunun nəticəsini şəffaf qəbul etmədi. Uşaq da bilir ki, bu mümkün deyil. “Simurq”un 1:0-lıq qələbəsdinən sonra da hamı bir nəfər kimi iddia etdi ki, bu oyunu “Simurq” udmayıb, “İnter” özü yuxarının tapşırığı ilə uduzub. Bu gedişat nə vaxta kimi davam edəcək? Onsuz məlumdur ki, nə vaxta qədər “İnter”lə “Simurq” eyni anda mövcud olub Premyer Liqada oynayacaqlar, bu iki komanda arasında şəffaf oyun olmayacaq. Hamı da indiyə kimi necə düşünüb, bundan sonra da o cür düşünəcək. Qalır tək variant o da iki klubdan birinin fəaliyyətinə xitam verilməsidir. “Simurq”un fəaliyyətinə son qoyulmasını heç kimistəməz. Baxmayaraq ki, süni meydançada oynayırlar, amma əsas odur ki, bölgə klubudur. Bugün isə Azərbaycanda futbolun inkişafı və kütləviliyi baxımından bölgə klublarının mövcudluğuna şiddətli ehtiyac var. Ancaq “İnter”in mövcudluğu…

Bu sual ətrafında həqiqətən də fikirləşmək lazımdır, özü də ciddi. Doğrudan da hazırkı strategiyanın sahibi olan “İnter” bizə, yəni Azərbaycan futboluna lazımdırmı? Məsələn, “Xəzər Lənkəran” məğlub olanda da ciddi tənqidlərə məruz qaldı. Elə mən özüm də bu haqda yazmışam. Amma düşünürəm ki, “Xəzər Lənkəran” kimi komanda Azərbaycan futboluna lazımdır. Hətta bu komanda məğlub durumda olarkən, azarkeşlər “istefa” şüarlarını səsləndirəndə, ürəyimə qorxu dolu bir narahatlıq gəlir ki, birdən Mübariz Mənsimov bezib klubu buraxar. Bu zaman Azərbaycan futbolu çox şey itirəcək. İlk növbədə o boyda cənub bölgəsi futbolsuz, stadion, baza boş qalacaq. Eyni sözləri “Qarabağ”, “Qəbələ”, “Simurq” haqqında da demək olar. Allah eləməmiş, bu klublardan biri dağılsa, Azərbaycan futbolu çox şey itirəcək. Amma “İnter” olmasa, mənim fikrimcə, Azərbaycan futbolu heç nə itirməyəcək. Axı, niyə də itirməlidir? Bazası icarə, stadionu süni, azarkeşi, Azərbaycan futboluna fayda verəcək strategiyası yox. Deyək ki, 5-10 ildən sonra klubun “Şəfa” ilə icarə müqaviləsinin də müddəti başa çatdı və həmin arena daha sərfəli qiymətə başqasına ya satıldı, ya da icarəyə verildi. Arenanın yeni sahibi isə “İnter”lə yeni müqavilə bağlamadı. O zaman nə olacaq? Komanda küçədə qalacaq? Bu gün “Xəzər Lənkəran”, “Bakı”, “Qəbələ”, “Neftçi” kimi klubların özlərinə məxsus bazaları var. Amma “İnter”in şəxsi bazası yoxdur. Bu fakt da artıq öz təsdiqini tapdı ki, Azərbaycanda heç kim “İnter”ə azarkeşlik etmək istəmir. Bu komanda ölkənin ən iddialı, ən varlı, 2 dəfə çempion adını qazanan klubudur. Amma yenə də azarkeş toplaya bilmir. Elə “Asteras”la oyun göstərdi ki, heç avrokubok yarışlarında da “bankirlər”in oyununa gələn yoxdur. Deyə bilərsiniz ki, oyun “Dalğa Arena”da idi. O zaman ötən il “Lex”lə Bakıdakı oyunu xatırlayın. Onda da tribunaların yarıdan çoxu boş idi. Baxmayaraq ki, giriş pulsuz idi. Əslində, bütün bunları başa düşmək elə də çətin deyil. Axı, azarkeş gəlib kimə baxsın? 11 legionerə? Artıq dəfələrlə səslənib ki, böyük əksəriyyət “İnter”i heç Azərbaycan klubu kimi qəbul etmir. Adından tutmuş, heyətinə qədər. Klubun adı əcnəbi, prezidenti əcnəbi, baş məşqçisi əcnəbi, seleksiyaçı məşqçisi əcnəbi, futbolçuları əcnəbi, texniki heyəti əcnəbi. Hətta yadımdadır, o vaxt “Turan”ın sabiq baş məşqçisi Naci Şensoy “İnter”i əcnəbi komanda adlandırarkən bu klubun o vaxtkı baş məşqçisi Anatoli Konkova replika ilə “Konkov Ukraynadan qayınanasını da gətirsin, o da aşpaz işləsin” ifadəsini işlətmişdi. Sizcə, Azərbaycan azarkeşi bu komandanın nəyinə azarkeşlik etməlidir? Əgər meydançaya çıxan 11 nəfərin hamısı qeyri-azərbaycanlıdırsa, mən o komandanın nəyinə azarkeşlik etməliyəm? Bəzən “İnter”in start heyətinə fikir verirəm: Georgi Lomaya, İlie Kandelaki, Valeriy Abramidze, Georgi Adamiya, Baçana Sxadadze. Bu nə deməkdir? “İnter” məgər Gürcüstan yığmasıdır?

Onsuz da Bakını təmsil edən “Neftçi” və “Bakı” kimi klublar var və bu da kifayət edir. Əgər bir klubda, həmin klubun təmsil etdiyi ölkənin vətəndaşı özünü əcnəbi kimi hiss edirsə, o komanda mənim üçün elə əcnəbi klubdur. Əgər Azərbaycan futboluna fayda vermək istəyirsinizsə istiqamətinizi, tutduğunuz yolu dəyişin. O qədər xərc çəkib uşaq komandalarını xaricə turnirlərə göndərib, sonra onlara əsas heyətdə yer verməyəcəksinizsə və həmin uşaqlar da futbolu atacaqsa, o zaman bizə də belə xeyir lazım deyil.

 

Anar Xanlarov, sportinfo.az 


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər